Yer kürəsinin dərdləri bu dünyanı fəlakətə aparır
SƏMƏD MƏLIKZADƏ,
22 aprel - Beynəlxalq
Yer Kürəsi Günü ABŞ-ın
Nebraska ştatının sakini
olmuş Corc Sterlinq Mortonanın adı və xeyirxah fəaliyyəti ilə bağlıdır.
Belə ki, Mortona XIX əsrin 70-ci illərində
yaşadığı ştatın
yaşıllaşdırılması üçün əhaliyə
müraciət etmiş,
özü və ailəsi ilk olaraq, ağac əkib-becərmişdir. Bu təşəbbüs qısa
müddətdə geniş
yayılmışdır. 1882-ci ildə Mortonanın
şərəfinə 22 aprel
(onun doğum günü) ştatın bayramı elan edilmişdir. Əvvəllər “Ağac günü” kimi qeyd edilən
bu tarix 1970-ci ildə Beynəlxalq Yer Kürəsi Günü adlandırılmışdır.
Sonralar hərəkat dünyada təbii sərvətlərin
qorunması, sənayenin
ətraf mühitə
vurduğu zərərin
azaldılması, müharibələrin
qarşısının alınması
və sair məsələləri əhatə
etmişdir. Hazırda
dünyanın əksər
ölkələrində “Yer
günü” qeyd
edilir.
Yer kürəsi
bütün insanların
vahid evidir. Buna görə də Yerin sağlamlığı
bütün bəşəriyyətin
işıqlı sabahı
üçün təminat
deməkdir. Təəssüf ki, əsrlərdir ki, insanlar daha
çox Yerin sərvətlərini talamaqla
məşğuldurlar.
XX əsrin ikinci
yarısından başlayaraq,
dünyada əhalinin sürətlə artması
və elmi-texniki inqilabın baş verməsi Yer kürəsinə daha ciddi zərbələr vurmuşdur. Məlumat üçün deyək ki, ötən əsrin əvvəlində
Yer kürəsində
əhalinin sayı 1,5
milyard nəfər,
1950-ci ildə 2,5 milyard
nəfər, əsrin
sonunda isə 6 milyard nəfər olmuşdur. Müharibələr, lokal qarşıdurmalar,
kosmik tədqiqatlar, sənaye tullantıları,
kənd təsərrüfatında
işlədilən zəhərli
kimyəvi maddələr
planetimizdə ekoloji tarazlığı pozmuşdur.
Bu təsirlər ölkəmizin ekologiyasından
da yan keçməmişdir.
Səhralaşma
bir qədər intensivləşib
Respublikamızın ərazisinin 60 faizi arid zonadır və bu gün Azərbaycanın
bəzi ərazilərində
müəyyən qədər
su qıtlığı
yaşanır. Deməli, quraqlaşma getdikcə həmin problem bir az da dərinləşəcək. Buna
görə də ölkəmizdə su ehtiyatlarının yaradılması
üçün ehtiyat
tədbirləri görülür
- yeni dəryaçalar,
su anbarları yaradılır, yeni kanallar çəkilir.
Xüsusilə, son onilliklərdə bu sahədə geniş layihələr həyata keçirilir və geniş elmi-tədqiqatlar aparılır.
35 min kvadratkilometr ərazidə aparılan tədqiqatların nəticələrindən
məlum olub ki, ümumi arealda səhralaşma artmayıb. Yəni tədqiqatdan əvvəl
35 min kvadratkilometrin 40 faizi
səhralaşmaya məruz
qalmışdısa, indi
də ümumi vəziyyət eynidir.
Amma səhralaşma prosesi intensivləşib.
Abşeron yarımadası öz təbiəti və iqlimi etibarı ilə digər bölgələrimizdən bir
qədər fərqlənir. Əhalimizin yarıdan
çoxu hazırda burada cəmləşib, ölkənin əsas sənaye potensialı da Abşeron yarımadasındadır. Abşeronda səhralaşmaya
əsas səbəb texnogen hadisələrdir.
Yəni həmin problemi neft və qaz
hasilatı, böyük
sənaye obyektlərinin
fəaliyyəti doğurur.
Alimlərin fikrincə, torpağı qorumaq və sağlamlaşdırmaq üçün
birinci növbədə
atmosferi, eləcə də torpağı çirkləndirməmək lazımdır. Təbii ki,
buna tam nail olmaq çətindir, amma azaltmaq olar. Abşeron üçün vacib məsələlərdən biri
həm maye, həm də bərk tullantılar üçün emal müəssisələrinin tikilməsi
idi. Son illər ölkəmizdə, xüsusilə
Abşeronda bu sahədə ciddi addımlar atılmaqdadır.
Bir neçə ildə Dənizkanarı Milli Parkın Bibiheybətədək
uzadılması Bakının
ekologiyasının qorunması
və yaxşılaşdırılması
istiqamətində yeni
mərhələ deməkdir.
Bu ərazilərdəki köhnə
zavodların və emal müəssisələrinin
sökülərək, paytaxtdan
kənarda müasir texnologiyalar əsasında
inşa edilməsi, “Qaraşəhər” adlanan
ərazidə
şəhərsalmanın bütün uğurlarını
özündə birləşdirən
“Ağşəhər” layihəsinin
həyata keçirilməsinə
başlanması, Balaxanıda
dünya standartları
səviyyəsində məişət
tullantılarıni emal
edən müəssisənin
istifadəyə verilməsi,
geniş yaşıllıq
zolaqlarının və
bütün yaşayış
məskənlərini birləşdirən
müasir yol infrastrukturunun yaradılması
eyni zamanda Abşeronun ekologiyasına böyük qayğıdır.
Aran da eyni problemdən
əziyyət çəkir
Aran Azərbaycanın ən iri iqtisadi rayonudur,
tərkibinə 16 kənd
rayonu (Yevlax, Ağdaş, Ucar, Göyçay, Salyan, Beyləqan, Zərdab, Kürdəmir, Hacıqabul,
Bərdə, Ağcabədi,
İmişli, Biləsuvar,
Neftçala, Saatlı
və Sabirabad rayonları) və respublika tabeli Mingəçevir, Şirvan
və Yevlax şəhərləri daxildir.
Aran Azərbaycanın ən çox respublika tabeli şəhəri olan iqtisadi rayonudur.
Aran iqtisadi rayonu çox əlverişli coğrafi mövqeyə malikdir. O, şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik
Qafqaz, cənubda Lənkəran coğrafi rayonları ilə, şərqdə Xəzər
dənizi ilə həmsərhəddir. Bu iqtisadi rayonun əsas problemləri torpaqların şoranlaşması,
səhralaşma, quraqlıq,
Xəzərsahili ərazilərin
su altında qalması. Rayonda əsən ağ
və qara yel təsərrüfatın
inkişafına mənfi
təsir göstərir.
Xəzərin çirklənmə mənbələri
çoxdur
Xəzər unikal, zəngin təbii hövzədir. Burada olan
heyvanların, balıqların
bir hissəsinə heç yerdə təsadüf olunmur.
Hərdən deyirlər ki,
Xəzərin nefti, qazı boldur bəsimizdir, nərə balığı olmasa da olar. Yox, nərənin olmaması əslində böyük
fəlakətdir. Biz çalışmalıyıq ki,
mövcud biomüxtəliflik
qorunsun. Təbiətdə adi bir böcəyin
nəslinin kəsilməsi
insana da pis təsir edir. Çünki təbiətdə bir harmoniya, bir “zəncir” var. O “zəncir”in bir həlqəsi qırılanda
harmoniya pozulur. Xəzərin sərvətləri, gözəllikləri çoxdur.
Eyni zamanda problemləri də var. Problemlər həm təbiidir, həm də antropogen. Təbii problem dənizin səviyyəsinin
dəyişməsi - qalxıb-enməsidir.
Bu da həm
ekoloji, sosioloji, həm də iqtisadi problemlər yaradır.
Antropogen çirklənmə də yeni problemlər
doğurur. Çirklənmə mənbələri çoxdur.
Əsası isə çaylarla
Xəzərə tökülən
tullantılardır. Çirklənmələr isə biomüxtəlifliyin
məhvinə səbəb
olur. Məsələn, 2000-ci ildə Abşeron
yarımadasının Şah
burnu deyilən ərazisindəki yasaqlıqda
3 min Xəzər suitisi
qırılmışdı. Səbəb də çirklənmə
idi. Belə hadisə Xəzərin
başqa ərazilərində
də baş vermişdi. Müəyyən edildi ki, heyvanların ölümünə
əsasən toksik maddələr səbəb
olub.
Azərbaycanın
yerüstü sərvətləri
də boldur
Münbit torpaqlar, gözəl hava, meşələr, göllər, çaylar və sair də
sərvətdir. Bu barədə ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təbiətin
ölkəmizə bəxş
etdiyi təbii sərvətlərə xüsusi
qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri
bəşəriyyətin gələcəyi
naminə qorumaq üzərimizə düşən
başlıca vəzifələrdəndir”.Təəssüf
ki, işğal altında olan torpaqlarımızda da çox zəngin guşələrimiz - nadir məşələr,
çaylar, bulaqlar, mağaralar və digər təbiət abidələri qalmışdır.
İşğal altında olan
Zəngilan, Qubadlı
məşələrinin, Çayzəmi,
Sirnuxu, Topmeşə sahələrinin yararlı
ağaclarının da
tamamilə qırılıb
xarici ölkələrə
daşındığı bildirilir. Bundan əlavə, düşmənlərimiz
həm meşə, həm də əkin və otlaq sahələrində dəfələrlə yanğın
törətmiş, həmin
bölgənin flora-faunasına
ciddi ziyan vurmuşlar.
Ölkəmizin bitki və heyvanat aləmi zəngin, rəngarəngdir. Azərbaycan müstəqillik qazandıqdan sonra havanın, suyun, bitki və heyvanat aləminin qorunmasına xüsusi qayğı göstərilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ərazisində 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı vardır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi ərazilərdir. Həmin yerlərdən təbiəti mühafizə, elmi, mədəni və digər məqsədlər üçün də istifadə olunur.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl respublikamızda milli parklar təşkil olunmamışdı. Milli parklar indi ölkə ərazisinin 3,7 %-ni təşkil edir.
Yeni milli parkların, dövlət təbiət qoruqlarının və yasaqlıqların yaradılması üçün müvafiq işlər görülür. Məsələn, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulur.
Səhralaşmaya görə hər il, orta hesabla, 10 milyon insan öz yaşayış yerini dəyişir
Yer kürəsinin əsas problemləri səhralaşma və iqlim dəyişmələridir. Hazırda Yer kürəsində yaşayan insanların 100 milyon nəfəri birbaşa səhralaşma problemi ilə üz-üzədir. 10 milyon insan isə öz yaşayış yerini hər il dəyişir. Çünki səhralaşma elə gedir ki, həmin ərazilərdə yaşamaq üçün heç nə qalmır və məcbur olub daimi məskənlərini tərk etməli olurlar. Bu problem son illər, demək olar ki, daim gündəmdədir.
Yer kürəsini qarşıda çox dəhşətli şeylər gözləyir. Bunun ilkin təzahürləri artıq özünü göstərir. Belə ki, artıq dünyada ərzaq böhranı başlayıb. Bu böhranın dərinləşməməsi üçün BMT və digər beynəlxalq qurumlar həyəcan təbili çalır, çıxış yolları axtarırlar. Məlum olduğu kimi, Afrika əhalisinin 70-80 faizi aclıq çəkir.
Qısaca desək, quraqlıq və aclıq ən ciddi problem kimi dünyanın başı üzərində dayanıb. Bütün bunların əsas səbəbi, ilk növbədə, insanların Yer kürəsinə, atmosferə vurduğu yaralardır. Buna görə də Yer kürəsini qorumasaq, sağlamlaşdırmasaq, daha dəhşətli faciələrlə üzləşəcəyik.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Səməd Məlikzadə
Zaman.-2014.-22 aprel.-S.13.