Xəstə uşaqları cəmiyyətə
qazandırmaq vətəndaşlıq borcudur
Autizm üç
yaşından əvvəl
başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə
və ünsiyyətə
zərər verən,
məhdud və təkrarlanan davranışlara
gətirib çıxaran
beyinin inkişafına
maneə törədən
bir xəstəlikdir. Autizm beyinin
bir çox qisminə təsir edir, amma bu
təsirin necə inkişaf etdiyi məlum deyil. Autizmin çarəsi yoxdur.
Rəsmi
məlumatlara görə,
dünyada 70 mindən
çox insan autizmdən əziyyət çəkir. Aytən
Eynalova autizm xəstəsi olan bir ana, həm
də “Sağlam və Birgə” İctimai Birliyinin sədridir.
Bu xanım həyatını
təkcə öz övladına deyil, bu xəstəlikdən əziyyət çəkən
bütün uşaqlara
yardıma həsr edib.
- Aytən xanım, rəhbərlik etdiyiniz Birlikdə hansı işlər görülür?
- Birliyimizdə autizm xəstəliyindən əziyyət
çəkən uşaqlara
psixoloji dəstək göstərilir və onları cəmiyyətə
qazandırmaq üçün
müəyyən işlər
həyata keçirilir.
- Necə oldu ki, belə bir
sahəyə maraq göstərdiniz?
- Bu sahəyə yönəlməyimdə
əsas amil oğlumun xəstəliyi oldu. Hansı ki, biz bu xəstəlikdən tamamilə
xəbərsiz idik.
Həkimlər uzun müddət
müayinə etsələr
də, diaqnoz qoya bilmirdilər. Mən özüm bir ana kimi övladımın
həkimi oldum. Araşdırmalar apardım və
oğlumun autizm xəstəsi olduğunu müəyyən etdim.
Daha sonra biz Türkiyəyə
getdik və cəmi on dəqiqə ərzində oğlumun diaqnozu qoyuldu. Nəticə: autizm.
- Oğlunuzda bu xəstəliyin hansı ilkin əlamətlərini
müşahidə etdiniz?
- Oğlum tam sağlam doğulmuşdu və yaşına uyğun inkişaf edirdi. Təxminən bir yaşı olanda onda geriləmə hiss etdik. Yavaş-yavaş danışmağa başlayan uşağın
birdən-birə nitqi
tamamilə itdi. Yəni irəliləyiş
olduğu halda, qısa müddətdə
geriləmə baş
verdi. Adı ilə
çağırdığımız halda, heç bir reaksiya yox
idi, sanki eşitmirdi. Oyuncaqlarla heç
bir funksional münasibəti yox idi. Göz kontanktı qurmurdu.
Araşdırdığım zaman bütün
bu əlamətlərin
autizmin əsas göstəriciləri olduğunu
öyrəndim. Lakin bu fikri heç kəsə qəbul etdirə bilmədim.
- Övladınızın autizm
xəstəsi olduğunu
öyrəndiyinizdə nə
hisslər yaşadınız?
- Elə bildim ki, bütün dünya başıma çökdü. Çünki bu xəstəlik haqqında heç nə bilmirdim və internetdə onun ən ağır
formaları barədə
oxuduğum vaxt başa düşdüm ki, artıq geriyə yol yoxdur. Övladıma diaqnozun qoyulduğu
günü çox yaxşı xatırlayıram.
Atası
ilə oğlumu başqa bir yerə göndərdim və evdə qışqıra-qışqıra ağladım. Çox çarəsiz
idim. Bu bir
valideyn, bir ana üçün olduqca ağır bir haldır. “Niyə mən?”,
“niyə mənim övladım” suallarının
içində, çarəsiz
bir halda çırpınırdım.
- Çıxış yolunu
necə tapdınız?
- Önümdə iki yol var idi.
Ya bütün həyatımı
ağlayaraq keçirməli
və ya özümü ələ
alaraq nə edəcəyimlə bağlı
planlar qurmalı idim. Birinci yolla getsəydim,
zərərdən başqa
heç nə əldə etməyəcəkdim.
Amma ikinci yol daha faydalı
ola bilərdi.
Bunun bir sınaq olduğunu düşünərək
ikinci yolu seçdim. Elə həmin gün
də autizmlə bağlı kiçik işlərə başladım.
- Autizm həyatınızda
nələri dəyişdi?
- Xəstəlik müəyyən
olunduqdan sonra biz Türkiyəyə getməli
olduq. Autizmdə erkən müdaxilə çox önəmlidir və bunun üçün
də reabilitasiya mərkəzlərinə ehtiyac
var. Həmin dövrdə
Azərbaycanda belə
bir şərait olmadığı üçün
biz beş il Türkiyədə yaşamalı olduq. Autizmli bir övlada sahib olmaq olduqca çətindir.
Çünki hər zaman
ünsiyyət qurmalı,
arxasınca qaçmalı
olduğunuz bir övladınız var. Ondan
başqa heç bir şeyə vaxt ayıra bilmirsiniz. Düşündüm ki, hər kəsin bir çətinliyi var və əgər bu sınaq mənə
verilibsə, demək ki, güclü bir insanam. Çətinlik çox oldu.
Çünki autizmli uşaq
normal davranmır. Səbəbsiz qışqırır, ağlayır,
gülür. Bu da insanların mənfi reaksiyasına səbəb olur.
- Övladınızdakı bu
xəstəlik sosial mühitdə necə qarşılandı?
- Ailəmin yaşadığı
ən böyük çətinliklərdən birincisi
də elə sosial mühitin bizi anlamaması idi. Əgər autizmli uşağınız
varsa, bilməlisiniz ki, bu, tipik
bir uşaq deyil. Onlarda çox fərqli
davranış problemləri
olur. Bu da
çox vaxt cəmiyyətdə sərt
baxışlarla, mənfi
münasibətlərlə qarşılanır. İstər ictimai
nəqliyyatda, istərsə
də, başqa bir yerdə. Mən də bu mövzuda
çox çətinlik
yaşadım. Təəssüflər olsun ki, bu
cür reaksiyalarla qarşılaşan insanlar
öz övladlarını
evlərində gizlədirlər.
O an valideynlər düşünmürlər ki,
cəmiyyətdən gizlətdikləri
övladları bir gün böyüyəcək
və onu evdə zəbt etmək daha da çətin olacaq. Amma mən qarşıma
məqsəd qoydum.
Necə ki, mən başqalarının
övladını olduğu
kimi qəbul edirəmsə, cəmiyyət
də mənim oğlumu olduğu kimi qəbul etməlidir. Kiminsə sözünə
və reaksiyasına fikir vermədən həyatıma davam etməyə başladım.
Bilirdim ki, nəqliyyatda və ya hər
hansısa ictimai yerdə 1-2 dəqiqə ərzində insanlara nə isə izah edə bilməyəcəm.
Çünki autizmdə
erkən müdaxilə
dövrü çox önəmlidir və bu müddətdə insanlara dərdimi deməklə özümü
çox incitməməyə
çalışırdım ki, oğluma faydalı ola
bilim. O çətin dövrü keçdikdən
sonra hədəfim bu xəstəlik haqqında insanları məlumatlandırmaq idi. Çünki ikisini bir yerdə etmək çətin idi.
- Bizə bir az oğlunuzdan danışın
- Oğlumun 11 yaşı
var. Adı Həmzədir.
Köməkçi müəlliməsi ilə məktəbə gedir. Əvvəllər heç kəslə
ünsiyyət qurmayan,
heç nəyə reaksiya verməyən oğlum artıq bu problemləri arxada qoyub. İndi istəklərini ifadə edə bilir. Məktəbdə yaşıdları kimi olmasa da,
öz səviyyəsinə
uyğun riyaziyyatla məşğul olur, yazmağa çalışır.
Həmzə çox gözəl
bir üzgüçüdür
və velosiped sürməyi çox sevir. Həmzə bu il Azərbaycanda autizmin siması oldu. Əgər
o, autizm olmasaydı, yəqin ki, mən bu xəstəlikdən
xəbərsiz olardım
və bütün bu fəaliyyətlər olmazdı.
- Son olaraq autizmli övlada sahib olan analara tövsiyələriniz
nə olardı?
- Autizmli övlada sahib olmaq çox çətin məsələdir.
Amma bu dünyanın sonu demək deyil. Mən hər zaman
deyirəm və həmin ailələrin də bunu düşünməsini
istəyirəm. Əgər mənim
övladım vətəninə,
millətinə, ailəsinə,
ətrafına xeyirsiz
bir insan olsaydı, bax o zaman mən buna dözə bilməyəcəkdim. Demək ki,
mən autizmli bir övlada sahib olmağı normal qarşılaya
bilirəm, nəinki xeyirsiz bir övlada
sahib olmağı. Məncə, onlar da bunu
düşünsünlər. Əslində saf və təmiz bir övlada sahib olduqları üçün şükür
etsinlər. Məntiqli bir
şəkildə qarşılarında
duran iki yoldan birini seçsinlər.
Əgər xəstəliyin ən
önəmli dövrlərində
əllərindən gələni
etsələr, çox
şey əldə edə bilərlər.
Çünki dünya araşdırmaları
göstərir ki, autizmli uşaqlardan universitet oxuyanları, hətta ailə quranları belə var. Möhkəm olsunlar, bunun bir sınaq
olduğunu düşünərək
övladları üçün
əllərindən gələni
əsirgəməsinlər.
Xəyalə Sadıqova
Zaman.-2014.-6 avqust.-S.13.