“Hüquqi maariflənmə ilə
bağlı konsepsiya hazırlanmalıdır”
ELVIN ƏLIYEV ,
Heydər
Əliyev: “Bizim Konstitusiyamız daimi olmalıdır. Mən demirəm ki, əbədi olmalıdır.
Amma insanların bir neçə nəslinə
xidmət edəcək Konstitusiya olmalıdır. Dövlət vəzifəsi tutan, dövlət
orqanlarında çalışan, cəmiyyət tərəfindən
seçilərək önə çəkilən adamlar
Konstitusiyanı təbliğ etməlidirlər. Mən bu
gün təəssüf hissi ilə deyirəm ki, nəinki
siravi insanların arasında, hətta bu Milli Məclisin
deputatlarının da arasında Konstitusiyamızı
yaxşı bilməyənlər var”
Azərbaycan müstəqillik qazandıqdan sonra hüquqi
dövlət quruculuğu istiqamətində ciddi uğurlar əldə
edib. Bu istiqamətdə ölkə rəhbərliyinin
uğurla apardığı siyasət hazırda da davam edir.
Buna görə də ölkə vətəndaşlarının
hüquqi maariflənməsi çox böyük əhəmiyyət
kəsb edir. Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Dövlət quruculuğu və hüquq
kafedrasının müdiri Fəxrəddin Nağıyevlə
söhbətimiz də elə bu barədə oldu.
Müsahibimiz bildirdi ki, hüquqi maariflənmə
günümüzün çox aktual məsələsidir: “Cəmiyyəti,
dövləti dəyişdirməyin və dövləti,
sözün əsl mənasında, cəmiyyətin xidmətçisi
etməyin ən optimal yolu maarifçilikdir. Hüquqi
maarifçiliyin əsas məqsədi isə dövlət
siyasətinin vətəndaşlara
çatdırılmasıdır. Belə olan halda cəmiyyətin
hər bir üzvü dövlətin fəaliyyəti
üçün özündə məsuliyyət hiss edir. Amma onu da təəssüflə qeyd etmək istəyirəm
ki, bizim cəmiyyətimiz hələ öz
inkişafının bu mərhələsinə
çatmayıb”. Söhbətimiz əsnasında
ölkəmizdə aparılan hüquqi maarifləndirmə
işlərinə də toxunan F. Nağıyev qeyd etdi ki, son
zamanlar bu istiqamətdə görülən işlərdə
bir canlanma müşahidə olunur. Onun
sözlərinə görə, artıq insanlar
özünü nəinki cəmiyyətin adi üzvü, həm
də aparıcı üzvü hiss edir. Buna
görə də cəmiyyətdə daha fəal mövqe
tutmağa çalışırlar. Bütün
bunlar istənilən halda hələ hər şey demək
deyil. F. Nağıyev xüsusilə vurğuladı ki,
maarifçilik sonu olmayan prosesdir: “Bu istiqamətdə
görülən işlər gələcək illər
üçün hesablanmalıdır. Ümummilli lider Heydər
Əliyevin bir sitatını xatırlatmaq istəyirəm:
“Bizim Konstitusiyamız daimi olmalıdır. Mən
demirəm ki, əbədi olmalıdır. Amma
insanların bir neçə nəslinə xidmət edəcək
Konstitusiya olmalıdır”. Bax bu fikir
ümummilli liderin məhz dövlət xadimi olduğuna dəlalət
edir. Maarifçilik də bu günə,
yaxud sabaha yox, gələcək illərə hesablanmalıdır”.
Həmsöhbətimiz hüquqi maariflənmə işlərinin
istənilən səviyyədə aparılmasına mane olan cəhətlər
haqqında da danışdı: “İnsanın özündə
fikir söyləyəcəyi predmet haqqında aydın fikir
olmalıdır. Bu gün fikir
daşıyıcılarının özündə aydın
mövqe yoxdur və ya zəifdir. Yenə də Heydər
Əliyevin fikrinə istinad etmək istəyirəm: “Dövlət
vəzifəsi tutan, dövlət orqanlarında
çalışan, cəmiyyət tərəfindən
seçilərək önə çəkilən adamlar
Konstitusiyanı təbliğ etməlidirlər. Mən
bu gün təəssüf hissi ilə deyirəm ki, nəinki
siravi insanların arasında, hətta Milli Məclisin
deputatları arasında da Konstitusiyamızı yaxşı
bilməyənlər var”.
“Azərbaycanda qanunvericilik təsərrüfatı,
demək olar ki, tamamilə yenilənib”
F.
Nağıyevin sözlərinə görə, Azərbaycanda
qanunvericilik təsərrüfatı, demək olar ki, tamamilə
yenilənib. Ölkəmizdə konkret bir sahəyə
aid ictimai münasibətlər qanunlarla tənzimlənir.
Buna örnək olaraq, bələdiyyə
qanunvericiliyini göstərmək olar. Amma
nəinki vətəndaşların, hətta o qanunları tətbiq
edən bələdiyyə işçilərinin özlərində
belə, bu qanunlar haqqında aydın təsəvvürlərinin
olmaması təəssüf hissi doğurur.
Müsahibimiz onu da vurğuladı ki, qəbul olunan
qanunların vətəndaşlara çatdırılması
çox ciddi məsələdir: “Hətta 2009-cu ildə
Konstitusiyamıza belə bir müddəa da daxil edildi ki,
yalnız dərc edilmiş normativ hüquqi aktların
icrasına görə məsuliyyət yaranır. Lap qədim zamanlardan qanuna belə bir münasibət
olub. Amma hazırkı dövrdə,
hüquqi maarifçilik işində vətəndaş cəmiyyətinin
əsas tərkib hissəsi olan QHT-lərin üzərinə
böyük vəzifə düşür. Çox sevindirici haldır ki, QHT-lər arasında
hüquqi maarifçilik işini qarşılarına məqsəd
qoyanların sayı ilbəil artır. Söhbət təkcə
say artımından getmir. Bu təşkilatların fəaliyyətlərinin
nəticələri artıq hiss olunmaqdadır. Onların
fəaliyyətlərinin nəticəsidir ki, vətəndaşlarımız
artıq başa düşürlər ki, əgər sən
hüquqlarına əməl olunmağı istəyirsənsə,
başqalarının hüquqlarına hörmətlə
yanaşmalısan və öz vəzifələrini yerinə
yetirməlisən. Bilirsiniz, dövlətin
mövqeyi insanlar tərəfindən həmişə qəbul
edilən olub. Amma dövlətin mövqeyi QHT-lər tərəfindən vətəndaşlara
çatdırılanda insanlar buna daha inamla yanaşırlar. Vətəndaşlar elə düşünmürlər
ki, bu, dövlətin mövqeyidir. Onlar
hesab edirlər ki, elə bu bizim özümüzün
mövqeyidir. Ona görə də mən
hesab edirəm ki, normativ hüquqi aktların cəmiyyətə
çatdırılmasında QHT-lərin üzərinə
böyük vəzifə düşür”.
“Bəzi verilişlər istisna
olmaqla, KİV-lərin heç birində hüquqi biliklər təbliğ
olunmur”
Hüquqi
maariflənmə işlərində KİV-lərin rolundan da
danışan F. Nağıyev bu sahədə vəziyyətin
o qədər də ürəkaçan
olmadığını dilə gətirdi: “Bir sıra
televiziya verilişləri istisna olmaqla, ölkə KİV-lərinin
heç birində məqsədli şəkildə hüquqi
biliklər təbliğ olunmur. Televiziyalarda daha
çox auditoriya toplamaq məqsədilə kriminal xronikalar
işıqlandırılır. Amma hesab
edirəm ki, bütün televiziyalarımızın hüquqi
maariflənmə işinə dəstək olmaq
üçün böyük imkanları var. Sadəcə
olaraq, bu işə müəyyən insanlar cəlb
olunmalıdırlar. Qanunun özü də
dövlətin siyasətidir. “Bu siyasət
mənə əzizdir, bu siyasəti mən qəbul edirəm”
deyən şəxslər onun cəmiyyətə
çatdırılmasına səy göstərməlidirlər.
Bu baxımdan mənim fikrimcə, TV-nin
imkanları internetin imkanlarından da yüksəkdir. Çünki evimizdə televiziyalar səhərdən
axşama kimi açıq qalır. Belə
bir böyük auditoriyadan məqsədli şəkildə
istifadə etməyin özü xüsusi yanaşma və məsuliyyət
tələb edir”.
“Qanunların qəbulunda vətəndaş
mövqeyi çatışmır”
Müsahibimizin
sözlərinə görə, qanunların qəbul edilməsi
məsələsində yeganə çatışmayan cəhət
vətəndaş mövqeyidir: “Azərbaycan
Respublikasının Milli Məclisinin saytına girmək kifayətdir
ki, nəinki qəbul edilmiş, hətta qəbul edilməkdə
olan qanun layihələri ilə tanış olub, fikir bildirəsən.
Bu, çox əhəmiyyətli məsələdir.
Hazırda bizdə istənilən qanunun ictimai
müzakirəsinin aparılması üçün şərait
vardır. Sadəcə olaraq, vətəndaş
mövqeyi çatışmır”. Ölkəmizdə vətəndaş
mövqeyinin formalaşması haqqında da danışan F.
Nağıyev bunları dedi: “Qanunların qəbulu prosesində
vətəndaş mövqeyinin formalaşdırılması
sahəsində həm QHT-lərin, həm də dövlət
orqanlarının üzərinə böyük iş
düşür. Onlar birinci növbədə
insanlara hüquqa hörmət hissi
aşılamalıdırlar. Vətəndaşlar
arasında buna nail olduqdan sonra isə onlara
fəal həyat mövqeyi təbliğ olunmalıdır”. Həmsöhbətimiz
hüquqi maariflənmə işlərində təhsil
ocaqlarının üzərinə düşən vəzifələrdən
də danışdı: “Ümumiyyətlə, maariflənmə
işlərində təhsil ocaqlarının əsas rol
oynadığı danılmaz faktdır. Məlumat
üçün bildirirəm ki, ölkəmizdə fəaliyyət
göstərən bütün ali təhsil
müəssisələrində ixtisasından asılı
olmayaraq, istəyə bağlı Azərbaycan
Respublikasının Konstitusiyası və hüququn əsasları
fənni tədris olunur. Amma hesab edirəm ki, bu
fənnin tədrisinin istəyə bağlı olması
doğru deyildir. Məhz bu səbəbdən elə ixtisaslar
vardır ki, orada təhsil alan tələbələrə
bu fənn heç tədris olunmur. Məktəblərdə
isə bu fənnin tədrisini dərs saatı düzəlməyən
digər fənn müəlliminə verirlər. Bu da bumeranq kimi cəmiyyətin özünə
qayıdacaq. Ona görə də istər ali
məktəb müəllimləri, istərsə də
hüquqşünas kadrlar orta məktəblərdə
Konstitusiya fənninin tədrisinə cəlb
olunmalıdırlar”.
”Azərbaycanda hüquqi maariflənmə
ilə bağlı konsepsiya hazırlanmalıdır”
F.
Nağıyev onu da qeyd etdi ki, ölkəmizdə hüquqi
maariflənmə ilə bağlı konkret konsepsiya yoxdur. Buna görə də, birinci növbədə, Azərbaycanda
hüquqi maariflənmə ilə bağlı konkret konsepsiya
hazırlanmalıdır. Müsahibimiz bildirdi ki,
hüquqi maarifləndirmə fəaliyyətinə onun
konsepsiyasının hazırlanmasından başlanılmalıdır. Hüquqi biliklərin təbliği sahəsində
Azərbaycan dövlətinin ən böyük nailiyyəti
Ədliyyə Nazirliyi tərəfindən idarə edilən
elektron qanun portalının hazırlanıb istifadəyə
verilməsidir deyən F. Nağıyev bildirdi ki, burada 1991-ci
ildən indiyə kimi Azərbaycanın bütün sahələrə
dair qəbul edilmiş normativ hüquqi aktları toplanıb.
Müsahibimiz sonda fikirlərini bu sözlərlə
yekunlaşdırdı: “Azərbaycan Respublikasının
Konstitusiyası ölkənin bir nömrəli sənədidir.
Buna görə də ölkənin bir nömrəli
sənədinə münasibət nümunəvi
olmalıdır”.
Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı:
Elvin
Əliyev
Zaman.-2014.-26 avqust.-S.13.