“Xanımlar ailə qurarkən rəsmi nikah tələb etməlidirlər”

 

XƏYALƏ SADIQOVA,

 

Ailə kiçik dövlətdir deyirlər. Bu cür ciddi müəssisənin qurulması böyük məsuliyyət tələb edir. Ailə qurularkən hərtərəfli düşünülməli, araşdırılmalı və ondan sonra qərar verilməlidir. Lakin bu gün bu kimi halların nəzərə alınmaması və ya qeyri-ciddi yanaşılması qurulan ailələrin dağılmasına və çoxsaylı boşanmalara gətirib çıxarmaqdadır. Budəfəki yazımızda biz boşanma prosesinin hüquqi tərəflərini işıqlandırmağa çalışdıq. Boşanma zamanı qadınların hansı hüquqlarının olduğunu qarşı tərəfdən nələri tələb etməsi və s. məsələlər haqda suallarımızı hüquqşünas Araz Yusifov cavablandırdı.

 

“Tərəflərin zorla evləndirilməsi boşanmanın səbəblərindəndir”

 

Yuxarıda sadaladığımız problemlər və bu kimi problemlərin həlli yolları ilə əlaqədar “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən “Legal AN” hüquq şirkətinin direktoru, hüquqşünas Araz Yusifov boşanma prosesində qadının hansı hüquqlarının olduğunu, aliment və əmlak problemləri ilə bağlı məsələlərin hüquqi həllinə aydınlıq gətirdi: “Acı bir həqiqətdir ki, hal-hazırda məhkəmələrimizdə ən çox baxılan mübahisələrdən biri də məhz boşanmadır və bunun bir çox səbəbləri vardır. Belə ki, erkən yaşlarda qızlarımızın ərə verilməsi, gənclərin məcburi olaraq evləndirilməsi və ya gənclərin tamamilə öz istəklərinə buraxılması, onlara bu məsələdə heç bir köməklik  göstərilməməsi və onlara istiqamət verilməməsi, tərəflərin xarakterlərinin uyğun gəlməməsi, savadsızlıq və cahillik üzərində ailələrin qurulması, xəyanət, həmçinin uşaqların olmaması və s. kimi hallar sonradan boşanmalara gətirib çıxarır. Qanunvericiliyimiz nikaha daxil olmaq üçün yaş həddi müəyyənləşdirmişdir. Ailə Məcəlləsinə görə, həm kişi, həm də qadın üçün nikaha daxil olmağın yaş həddi 18 yaşdır. Lakin qızlarımızın erkən yaşda ərə verilməsi və ya oğlanların erkən yaşda evləndirilməsi qanun baxımından yolverilməzdir. Çünki evlilik gəncləri maddi və mənəvi cəhətdən hazırlıqlı olmasını, eləcə də müəyyən qədər həyat təcrübəsinə malik olmasını tələb edən ciddi bir institutdur. Lakin əfsuslar olsun ki, bu kimi önəmli xüsuslara bəzən əməl edilmir və bu da cəmiyyətdə mənfi nəticələrə səbəb olmaqdadır”. A. Yusifov ailədə uşağın olmamasının da boşanmaya səbəb olduğunu vurğuladı: “Boşanmanın səbəblərindən biri də tərəflərin zorla evləndirilməsidir. Bu zaman gənclərin seçim imkanı məhdudlaşdırılır və gələcəkdə onlar arasında yaranan fikir ayrılığı ailənin dağılmasına gətirib çıxarır. Yaxud evlənən gənclərin tamamilə öz seçimlərinə buraxılması, onlara belə bir ciddi məsələdə yardım göstərilməməsi, nəyin doğru, nəyin yanlış olduğunun izah edilməməsi sonradan yanlış seçimlərə və arzuolunmaz sonluqla nəticələnməsinə səbəb olur. Bunlardan əlavə, boşanmaya səbəb olan hallardan xarakterlərin bir-birinə uyğun gəlməməsi, gəlin-qayınana münaqişələri, xəyanət (bu həm kişi, həm də qadın tərəfindən yol verilən haldır) və ailədə uşağın dünyaya gəlməməsidir”.

 

Bəs boşanma prosedurası özü necə həyata keçirilir? Bu zaman hansı orqana müraciət olunmalıdır? Hüquqşünas Araz Yusifov bildirdi ki, ancaq rəsmi olaraq dövlət qeydiyyatına alınmış nikahlara məhkəmə qaydasında və ya məhkəmədənkənar qaydada xitam verilə bilər: “Bu gün Azərbaycanda həm dini nikah, həm də vətəndaş nikahı formaları mövcuddur. Lakin nikaha daxil olan zaman rəsmi nikahın bağlanması çox önəmlidir. Belə ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Buna görə də qanunvericiliyimizdə dini qaydada bağlanmış nikahlar, yəni kəbin rəsmi nikah kimi tanınmır və dini nikahlar heç bir hüquqi nəticələr doğurmur. Ona görə də tərəflər nikaha daxil olarkən mütləq şəkildə buna diqqət etməli, yəni nikahı dövlət qeydiyyatına aldırmalıdırlar. Həm məhkəmə qaydasında, həm də məhkəmədənkənar boşanmada məhz vətəndaş nikahının mövcudluğu halında mümkündür. Belə ki, qanunvericiliyin tələbinə görə, əgər tərəflərin uşaqları yoxdursa və tərəflər hər ikisi nikahın pozulmasına razıdırlarsa, bu zaman nikahın pozulması sadə prosedura ilə həyata keçirilir. Qeydiyyat orqanına müraciət edilir və həmin orqan da hər iki tərəfin razılığı ilə nikaha xitam verir. Lakin əgər tərəflərdən biri nikahın pozulmasında razı deyilsə və ya himayələrində yetkinlik yaşına çatmayan birgə uşaqları varsa, tərəflər arasındakı nikaha yalnız məhkəmə qaydasında xitam verilə bilər. Tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda və məhkəmə tərəfindən verilmiş barışıq müddətində onlar barışmadıqda və boşanmaq üçün müraciət edən tərəf nikahın pozulmasında təkid etdikdə məhkəmə nikaha xitam verir. Lakin himayəsində yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər və ya arvadın hər ikisi nikahın pozulmasına razıdırsa, məhkəmə tərəflərə müddət vermədən nikaha xitam verə bilər. Ailə Məcəlləsinə görə, əgər ər və arvadın himayəsində yetkinlik yaşına çatmayan birgə uşaqları olarsa, nikaha xitam verən zaman mütləq şəkildə uşaqların valideynlərinin hansının yanında qalması məsələsi də həll olunmalıdır və qanunvericilik bunu məhkəmənin üzərinə vəzifə kimi qoymuşdur”.

 

Boşanma zamanı meydana çıxan problemlərdən biri də uşaqlar və onların sonrakı maddi təminat məsələsidir. Bu barədə fikirlərini bizimlə bölüşən hüquqşünas qeyd etdi ki, ailələrdə baş verən münaqişələr və bunun son nəticəsi kimi boşanma halları uşaqlara dərin mənəvi sarsıntılar yaşatmaqla yanaşı, həmçinin uşaqların sonrakı maddi təminatları, onların ehtiyaclarının qarşılanması və s. kimi problemlər meydana gətirir. Lakin qanunvericilikdə bu məsələ də öz həllini tapmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaqları himayə edən valideynin xeyrinə digər valideyn tərəfindən aliment verilməsi müəyyən edilmişdir (aliment yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün valideynlərdən tutulan pul məbləğdir) və bu, valideynlərin maddi vəziyyətindən, iş yerinin və ya gəlir mənbəyinin olub-olmamasından asılı deyildir: “Ər və arvad arasında rəsmi nikah olmasa da, ananın uşağın saxlanılmasına görə atadan aliment tələb etmək hüququ vardır. Ananın aliment tələb etməsi üçün uşağın doğum haqqında şəhadətnaməsində bioloji atanın adının yazılması kifayət edir. Həmin sənəd əsasında məhkəməyə müraciət edilərək atadan aliment alınması mümkündür. Bəzən də elə olur ki, ata qeyri-rəsmi nikahdan doğulan uşağın doğum haqqında şəhadətnaməsinə adının yazılmasını istəmir və uşağın atası olduğunu inkar edir. Belə olan halda, qadın ilk öncə məhkəməyə atalığın tanınması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Əgər kişi uşağın olmasını etiraf etməzsə, o zaman məhkəmə tərəfindən ekspertiza təyin edilir və genetik-ekspertiza keçirilərək ananın iddia etdiyi şəxsin, həqiqətən də, bioloji ata olub-olmadığı müəyyənləşdirilir. Ekspertiza rəyinə əsasən, məhkəmə tərəfindən qərar qəbul edilir. Məhkəmə qərarı ilə uşağın bioloji atası müəyyən edildikdən sonra uşağın doğum qeydində dəyişikliklər aparılaraq, doğum haqqında şəhadətnamədə məhkəmə qərarı ilə müəyyən edilmiş şəxs uşağın atası kimi yazılır. Bundan sonra isə ana yuxarda qeyd etdiyimiz qaydada aliment tələbi ilə məhkəməyə müraciət edə bilər”.

 

 

 

“Məhkəmə zamanı aqressiv olan qadınlar bəzən yanlış addım ataraq alimentdən imtina edirlər”

 

“Ər və ya arvad nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikləri zaman, hətta boşanmadan sonra da uşaq yetkinlik yaşına çatanadək istənilən vaxt digər tərəfdən aliment tələb edə bilər. Bəzən elə olur ki, nikah pozularkən valideyn qarşı tərəfə aqressiv münasibətinin təsiri altında olur və uşaq üçün aliment tələb etməkdən özü imtina edir. Hətta elə olur ki, qadın aliment almaqdan imtina etməsi və gələcəkdə də aliment tələb etməyəcəyi barədə ərizə yazaraq məhkəməyə təqdim edir. Bundan sonra ana elə fikirləşir ki, alimentdən imtina etməsi onun bir daha aliment tələb etmək hüququndan məhrum olmasına səbəb olmuşdur. Ona görə də bir daha alimentlə bağlı məhkəməyə müraciət etmir. İşin ən acınacaqlı tərəfi isə odur ki, bəzən bəzi hakimlər də ananın alimentdən imtina etməsini onun bu hüququnu birdəfəlik itirməsi kimi qiymətləndirirlər. Lakin bu tamamilə yanlış bir mövqedir. İlk növbədə, hamı bilməlidir ki, məhkəməyə müracit etmək hər kəsin fundamental hüququdur. Heç kəs bu hüquqdan məhrum edilə bilməz, eləcə də şəxsin gələcəkdə hər hansı iddia ilə məhkəməyə müraciət etməsindən imtina etməsi etibarlı hesab edilə bilməz. Ona görə məhkəmələr də, valideynlər də belə ərizələri aliment hüququndan məhrum edən sənəd kimi dəyərləndirməməlidirlər”,- deyən Araz Yusifov alimentin müəyyən şərtlərə görə müəyyən olunduğunu bildirdi: “Qanunvericiliyə görə, əgər aliment verməyə borclu olan şəxsin müntəzəm qazancı varsa, o zaman uşaqların sayı nəzərə alınaraq, onun gəlirlərindən müəyyən hissə tutulur. Əgər gəliri qeyri-müntəzəmdirsə, dəyişəndirsə və ya işləmirs o zaman aliment sabit pul məbləğində tutulur. Bu məbləğ isə bir qayda olaraq, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məbləğ nəzərə alınaraq müəyyən edilir. Adıçəkilən qanuna görə, 2014-cü il üçün yetkinlik yaşına çatmamış şəxslərin yaşayış minimumu  103 manat müəyyən olunmuşdur. Məhkəmələr uşağın saxlanılması üçün aliment təyin edərkən mütləq həmin il üçün qanunda göstərilən yaşayış minimumunu nəzərə almalıdırlar. Əgər uşağın saxlanılması üçün əlavə xərclər də varsa (uşağın xəstəliyinə görə müalicə xərcləri, təhsillə əlaqədar xərclər və s.), aliment tələb edən valideyn bu xərclərin mövcud olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərsə, məhkəmə həmin ehtiyacları nəzərə alaraq, daha yüksək məbləğdə aliment təyin edə bilər. Hətta valideynlər gələcəkdə uşaqlar üçün çəkilən xərclərin artmasına görə yenidən məhkəməyə müraciət edərək, aliment məbləğinin artırılmasını tələb etmək hüququna malikdirlər”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Xəyalə Sadıqova

Zaman.-2014.-27 avqust.-S.13.