Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu

 

Bələdiyyələr vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunur. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğuna doğru uğurla addımlayan Azərbaycanın bu sahədə nailiyyətləri kifayət qədərdir.

 

İlk olaraq onu qeyd etmək yerinə düşər ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ulu öndərin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu formalaşdırıldı. Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun formalaşmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirib: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidirYerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün hər bir vətəndaş üçün çox vacibdir”.

 

Mövzumuzla bağlı suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınDövlət quruculuğu hüquqkafedrasının müdiri Fəxrəddin Nağıyev cavablandırdı. Onun sözlərinə görə dünyanın demokratik dövlətlərində vətəndaşlara özünü idarə etmə səlahiyyətləri verilir: “Yerli özünü idarə etmə orqanları qeyri-dövlət təsisatıdır. Bu yaşayış yeri üzrə hamı üçün ümumi olan problemlərin həll etmək məqsədilə vətəndaşların formaşadırdığı bir qurumdur. Yerli idarə etmənin dünya təcrübəsində bir çox formaları vardır. Azərbaycanda bunlardan ancaq biri - bələdiyyə idarəetmə forması seçilib. Ölkəmizdə Konstitusiya səviyyəsində ancaq bələdiyyələr tanınsa da, qanun çərçivəsində məhəllə komitələri, bələdiyyə assosiyaları kimi bir çox yerli özünü idarə qurumları da fəaliyyət göstərə bilər. Bunlar da mahiyyətcə bələdiyyələrə yaxın qurumlardır. Ona görə ki, dövlət orqanlarından asılı olmayaraq, əhalinin öz problemlərinin həllinə yönəlmiş təşkilatlardır”. İstənilən qurum kimi, bu qurumların da fəaliyyətlərinin qanunla tənzimləndiyinə diqqət çəkən F. Nağıyev bunları dedi: “Bizim Konstitusiyamızdakı 5 bölmədən biri yerli özünü idarə etməyə həsr edilibdir. Elə bu faktın özü onu deməyə əsas verir ki, dövlətimiz bələdiyyələrə çox böyük önəm verir”.

 

Azərbaycan hüquqi dövlət olaraq, beynəlxalq hüquq normalarına üstünlük verir

 

Müsahibimizin sözlərinə görə, bələdiyyələr ilə bağlı qanunvericilik sisteminin əsasında Konstitusiyamız dayanır: “Azərbaycan hüquqi dövlət olaraq, beynəlxalq hüquq normalarına üstünlük verir. Ölkəmizdə konstitusiyadan referendumla qəbul edilən aktlardan sonra bələdiyyə fəaliyyətini nizaman salan beynəlxalq hüquqi sənətYerli Özünü İdarəetmə haqqında Avropa Xartiyası”dır. Azərbaycan bu Xartiyaya qoşulub onun müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirib. Hansı ki, həmin Xartiya üzv dövlətərdən tələb edir ki, Konstitusiyalarında bələdiyyələrə yüksək hüquqi status verilsin”. F. Nağıyev onu da vurğuladı ki, bələdiyyələrin yerli özünü idarəetmə orqanı olması heç o demək deyil ki, onlar tamamilə dövlətdən ayrıdır ona heç bir hesabat vermirlər: “Bələdiyyələr fəaliyyətə başladığı ilk günlərdən indiyə kimi onların maliyyələşməsini həyata keçirir. Bu zaman təbii ki, bərabərlik prinsipi əsas götürülür. Məqsəd isə bələdiyyələrin özlərini doğrultmasına dəstək olmaq, onların həyata keçirmək istədikləri proqramların reallaşmasına kömək verməkdir. Təbii ki, bununla bələdiyyələrin bütün problemləri həll olunmur. Amma bələdiyyələrə dövlət tərəfindən böyük maliyyə ayrılması onun müstəqilliyini şübhə altına qoyar”.

 

Azərbaycanda bələdiyyələrin inkişaf yolu

 

F. Nağıyev 1999-cu ildən indiyə kimi bələdiyyələrin keçdiyi prosesləri bələdiyyələrin inkişaf yolu kimi xarakterizə etdi: “Bələdiyyələr cəmiyyətimiz üçün doğma idarə etmə forması deyil. Azərbaycanda heç vaxt bələdiyyə və ona bənzər yerli özünü idarəetmə qurumları olmayıb. Ona görə də bələdiyyələr Azərbaycan cəmiyyəti üçün yeni bir kateqoriya idi. Buna görə də, bələdiyyələrə ilk seçkilər keçiriləndə camaat ona başqa cür münasibət bəsləyirdi. Həmin ili bütün kolxoz, sovxoz, şirkət və s. rəhbərləri bələdiyyə sədri olmağa daha çox həvəsli idilər. Onlar bələdiyyənin simasında öz hakimiyyətlərinin, işlədiyi sahələrin bərpa ediləcəyini düşünürdülər. Amma zaman göstərdi ki, bələdiyyələr tamamilə başqa qurumudur. Əhalinin bələdiyyələrdən tələbləri yüksəkdir. Ona görə də növbəti bələdiyyə seçkilərində əsl bələdiyyə fəaliyyətinə marağı olan, bu işə həvəsli adamlar fəallıq nümayiş etdirməyə başladılar”. Müsahibimizin sözlərinə görə, cəmiyyətimizin bələdiyyələrə münasibətinin müsbət mənada dəyişməsində dövlətin gördüyü işlərin böyük təsiri olub: “Bələdiyyələrin fəaliyyətə başlaması ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarında ilk olaraq bələdiyyə idarə edilməsi ixtisasları açıldı. Sözügedən müvafiq ixtisaslardan məzun olan gənclərimiz demək olar ki, peşəkar bələdiyyəçilərdirlər. Təbbi bu şəxslər bələdiyyələrə daha çox faydalı ola bilərlər”.

 

Qarşıdan gələn növbəti bələdiyyə seçkiləri haqqında da fikirlərini bizimlə bölüşən F. Nağıyev qeyd etdi ki, xalq peşəkar bələdiyyəçiləri dəstəkləyəcəkdir: “Son təhlillər göstərir ki, bələdiyyələrdə bir vakansiyaya 3-ə yaxın namizədlik irəli sürülüb. Bu əvvəlki illərlə müqayisədə çox yaxşı göstəricidir”. Bizimlə söhbət əsnasında bələdiyyə və cəmiyyət münasibətlərinə də toxunan müsahibimiz əlavə etdi ki, bu proses hələ inkişafdadır: “Azərbaycan Konstitusiyası nəzərdə tutur ki, hüquqi dövlət formalaşdırılsın. Hüquqi dövlət quruculuğuna gedən yol isə vətəndaş cəmiyyətindən keçir. Vətəndaş cəmiyyəti bir çox sahələrdə dövlətin funksiyalarının yerli qurumlara, qeyri-hökümət təşkilatlarına verilməsini nəzərdə tutur. Ölkəmizdə geniş QHT şəbəkəsinin, bələdiyyələrin yaradılması vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində görülən böyük işlərdir. İlk vaxtlarda ölkənin hər yaşayış məntəqəsində bələdiyyələr formalaşdırılmışdı. Daha sonralar bələdiyyələrin fəaliyyətlərinin təhlili göstərdi ki, kiçik bələdiyyələr zəyif olur və qarşısına böyük məqsədlər qoya bilmirlər. Məhz bu səbəbdən də ölkəmizdə kiçik bələdiyyələrin birləşdirilməsi prosesi gedir. Nəticədə də kifayət qədər dolğun, müasir tələblərə cavab verən qurumlar formalaşdırılır”.

 

Ardı növbəti sayımızda

 

 

Zaman.-2014.-20 dekabr.-S.13.