Ədalət mülkün təməlidir

 

Nə qədər ağır da olsa etiraf etməliyik ki, müsəlman dünyası ədalətin gücünü əsrlərdir itirmişdir və bu böyük itkinin məntiqi nəticəsi kimi də zillət içindədir.

 

Düşünəndə heyrət etməyə bilmirsən: Həqiqətən də Allah-Təala bu dünyada çalışanın əlini boş qoymur. İstər müsəlman olsun, istər qeyri dinlərdən, istərsə də lap dinsiz olsun, insan bir şey əldə etmək üçün lazım olan bütün şərtləri yerinə yetirirsə, nəsibsiz qalmır. İslam aləmi təkcə ədalətini deyil, təşəbbüsünü, çalışqanlığını da itirdiyi üçün hər şeyin kənardan hazır gəlməsini gözləməyə məhkum hala gəlmişdir. “Ədalət mülkün təməlidir” həqiqətinin gücünü bir daha anlamış oluruq və onu da anlayırıq ki, ədalət əslində sadəcə mülkün deyil, hər cür inkişafın, tərəqqinin, səmimiyyətin, rifahın da təməlidir. Bəli, ədalətini itirdiyi üçündür ki, bu gün müsəlman ölkələri zülm, isdibdad içindədir, cəhalətin pəncəsində can çəkişir, qan gölünə dönür, belinə bomba bağlayan bir zavallı məsum körpələrin içinə girib, özünü də, onları da ölümün əllərinə ata bilir və bu dəhşətli zülmü də haqq üçün işlədiyini zənn edir. Çünki anlayış yanlışdır, həyata baxış yanlışdır, Allah haqqında bildikləri yanlışdır, Peyğəmbərindən xəbərsizdir...

 

Halbuki, İslam dini haqsız yerə bir insanın canına qıymağı bütün bəşəriyyəti öldürmək qədər ağır bir cinayət sayır. İndi beləsinə nə deyəsən?! Məsum uşaqların canına qıyır, kimdənsə qisas almaq niyyətiylə “uf” belə demədən hələ buluğ yaşına yetişməmiş körpələrin gül qoxuyan canlarını güllələrə nişangah edir, sonra da bütün bunları din ilə bağlamağa çalışır. Bizim üçün ədalətin qaynağı Allah-Təalanın (c.c.) göndərdiyi Kitab, yəni Qurani-Kərim və onu ən gözəl şəkildə həyata tətbiq edən müəllim, yəni Həzrəti Məhəmmədin (s.ə.s.) həyatıdır. Quranın onlarla ayəsində ədalətli olmaq əmr olunur. Hətta belə söyləyirlər ki, bir sabah sevimli Peyğəmbərimizi fikirli görən səhabələr bu durumun səbəbini soruşurlar və aldıqları cavab çox düşündürücü olur:

 

- Allah-Təalanın buyurduğı “Sənə əmr olunduğu kimi dosdoğru ol” ayəsi məni bu hala salıb.

 

İndi hər kəs özü düşünsün ki, Onun ədalətinə kimsə şübhə eləməyib, tarix Onun kimi ədalətli bir insan görməyib, amma o belə Allah-Təalanın bu əmri qarşısında nə qədər həyəcanlı, nə qədər təqvalıdır.

 

Başqa bir ayədə Allah-Təala (c.c.) “Bu bir həqiqətdir ki, Allah sizə əmanətləri (və işləri) mütləq əhlinə (İslama görə əxlaqı gözəl olana, o işə layiq olana, onu ən gözəl şəkildə yerinə yetirənə bilənə) vermənizi, insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edər. (Nisa surəsi- 58). “Bir başqa ayədə isə “Ey iman edənlər! Allah üçün ədaləti (haqqı) ayaqda tutan (hakimlər), ədalət timsalı şahidlər olun. Bir qövmə qarşı hiss elədiyiniz kin sizi ədalətdən sapmağa sövq etməsin. Adil davranın, təqvaya daha yaxın olan budur.” (Maidə surəsi-8) - buyuran Rəbbimiz (c.c.) ədalət amilinin həyatımızda nə qədər mühüm faktor olduğunu göstərir. Ədalət təkcə mülkün deyil, gücün də qaynağıdır. Ədalətli olan güclü olur, ədalətini itirən gücünü də itirir. Ədalət həyatımızın mərkəzində dayanan elə bir sütundur ki, o əyilərsə, heç bir şey öz yerində doğru-düzgün dayanmaz, yəni ədalətin əyilməyi həyatımızda hər şeyin əyilməyi anlamına gəlir. “Osmanlı kimi möhtəşəm bir dövlət və zaman tənəzzül etməyə başladı?” soruşarsanız, verəcəyimiz cavab qısa və dəqiq olar: “Ədaləti itirməyə başladığı andan”. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində belə buyurmaqdadır: “Ədalət boynuna endirilən qılınc belə olsa, başını uzatmaqdan çəkinmə!” Nə qədər möhtəşəm deyilib, elə deyilmi? Ədalət hardadırsa, xeyir ordadır, o ədalət qılınc olub başımızı bədənimizdən ayırsa belə.

 

 

 

***

 

 

 

Anlayış doğru olmayanda, Allahın səndən nəyi istədiyini bilməyəndə, əlbəttə, sənin əməllərin də doğru olmayacaq. Son dövrlərdə tez-tez eşitdiyimiz bir məsələ haqqında qısa da olsa fikirlərimizi paylaşmaq istəyirik sizinlə: Bir çox ölkələrdə, xüsusilə də müşəlman məmləkətlərində fikir və düşüncələrinə görə insanların həbsə alındığını, müxtəlif cəzalara məruz qaldığı xəbərin eşidirk. Hətta iş o yerə çatıb ki, bəzi müsəlman ölkərində dövlət rəhbəri əleyhinə söz danışmaq cinayət hesab olunur. Sadəcə bu detal bu düşüncənin İslama nə qədər zidd olduğunu ortaya qoyur. Əgər qanun hansısa haqsızlığı müdafiə edirsə, azad fikri boğursa, ən azı o ölkə müsəlman olduğunu iddia etməməlidir. Fikirlərimizə sübut kimi İslam tarixindən çox məşhur bir hadisəni, sevimli Peyğəmbərimiz (s.ə.s.) Həzrəti Məhəmmədin əmisi oğlu, kürəkəni, Sevgili Həsənimizin, Hüseynimizin atası, “Elmin qapısı” kimi möhtəşəm bir ünvana layiq görülmüş, əxlaqı, təvazökarlığı, ədaləti ilə qiyamətə qədər gələcək hər rəhbərə nümuna sayılacaq Həzrət Əlinin (r.a.) şəhid olma hadisəsini xatırlatmaq kifayətdir. Həzrət Əli xəlifədir və əyan-əşrəf ona deyirlər ki, xaricilərdən İbn Mülcəm bir həftədir ki, onu şəhid eləmək üçün fürsət axtarır, icazə versin, o zindığın tədbirini görsünlər. Həzrət Əlinin möhtəşəm ədaləti bu qədər həyatı məsələdə belə özünü bütün parlaqlığı ilə göstərir:

 

- O adam məni şəhid eləmək üçün hərəkətə keçmədi ki. Mən ona qarşı haqsız yerə cəza verə bilmərək ki...

 

Nəticədə qorxulan olur, Həzrət Əli həmin xaricinin xəncər yarası ilə şəhid olur. Amma irəlicədən bunun qarşısını ala bilmək üçün sərt tədbirlər görmək, hətta lazım gələrsə, kifayət qədər sübut, dəlil toplamaq imkanı olsa belə böyük imam hələ icraata çevrilməmiş niyyətin cinayət sayılmasını istəmir, daha doğrusu bu istiqamətdə addım atılmasına icazə vermir. Dolayısı ilə hüquqda bu yöndə qapı açılmasına imkan vermir. Bəli, icraata çevrilməmiş, yəni həyata keçirilməmiş niyyət heç bir vəchlə cinayət üçün əsas, dəlil sayıla bilməz.

 

***

 

Yaxın keçmişdə ABŞ-da baş vermiş bir cinayət hadisəsi və o hadisə ilə bağlı hökm çıxarmış hakimin məntiqi yuxarıda danışdığım hadisəni xatırladır. ABŞ-ın böyük şəhərlərindən birində qısa müddət ərzində çox sayda naməlum qadın ölümləri qeydə alınır. İş o yerə çatır ki, gecə saatlarında qadınlar küçəyə tək çıxmağa qorxurlar. Hər kəs bir-birindən şübhələnməyə başlayır. Nəhayət polis bir nəfərin izinə düşür və bir gün qəfil basqın edərək həmin şəxsi evində tutur və mənzildə cinayəti təsdiq edən çox sayda dəlil aşkarlanıb götürülür. İş məhkəməyə gəlir. Ortada 18 qadının qətli, o qətli təsdiq edən əşyayi-dəlillər var. Şübhəli şəxs də qaçılmaz faktlar qarşısında olduğunu anladığı üçün işlədiyi cinayət hadisələrini etiraf etmək ərəfəsindədir. Amma onun vəkili məhkəmədə polisin cinayətkarı aşkarlamaq üçün gördüyü işləri əsassız sayır və müvəkkilinin evinə basqın edilməsinin qanuna zidd olduğunu irəli sürür. Araşdırma nəticəsində məlum olur ki, polis o evə basqın edərkən lazımi instansiyadan hər hansı icazə almayıb. Məsələ məhkəmədə üzə çıxandan sonra hakim hər kəsin cinayətkar hesab elədiyi şübhəlini məhkəmə zalından açıb buraxır, istintaq işini də yenidən icraata qaytarır. Hər kəs hakimin bu hökmündən təəccüblənir. Səbəbini soruşurlar, aldıqları cavab çox düşündürücü olur:

 

- Mən polisin istədiyi vətəndaşın mənzilinə soxulub, orada istədiyi qanunsuzluğu həyata keçirməyə bəraət vermiş hakim kimi tarixə düşmək istəmirəm. Heç tərəddüd etmədən deyə bilərik ki, hansı dövlət daha ədalətlidirsə, o İslam qanunlarına daha yaxındır. Bir dövlət islamı əsas götürdüyünü iddia edib, əhalinin yarısıın təşkil edən qadınlara seçki hüququ vermirsə, haqlı, ya haqsız olmasından asılı olmayaraq rəhbərin işində qüsur görəni müttəhim kürsüsündə oturdursa, İslam adını dilinə gətirməsə yaxşıdır.

 

Allah-Təala bizlərə əsl ədaləti anlayan və yaşayan bəndələr olmağı nəsib eyləsin və ruhumuzu imanla şahlandırsın!

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

Əli Çərkəzoğlu

Zaman.-2014.-25 dekabr .-S.13.