“Mən aza qane olan insanam”

QVAMİ MƏHƏBBƏTOĞLU ,

Artıq neçə ildir ki, onun sorağı həm Azərbaycan Qızıl Aypara Cəmiyyətindən, həm də Milli Məclisdən gəlir. O, mahnıları ilə də hər gün ürəklərə yol tapır. Beləliklə, həmsöhbətimiz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı, bir çox sevilən mahnıların müəllifi Novruz Aslandır.

 - Novruz müəllim, söhbətimizə belə bir sualla başlamaq istəyirəm: artıq kifayət qədər tanınmış bugünkü Novruz Aslanla dünənki Novruz Aslan arasında hansı fərqlər var?

- 2005-ci ilə qədərki Novruz Aslanla sonrakı Novruz Aslan arasında çox böyük fərqlər var. Lakin mən dünənki Novruz Aslana qayıtmaq, ondan daha ətraflı söz açmaq istəmirəm. Niyə görə? Çünki o, mənim üçün artıq çevrilmiş səhifədir. Mən elə bugünkü Novruz Aslandan danışmaq fikrindəyəm.

- Təəssüflə yada salınacaq günləriniz, illəriniz olub?

- Xeyr. Mən, ümumiyyətlə, öz həyatımdan çox razıyam. Amma hesab edirəm ki, 2005-ci ilə qədərki fəaliyyətim daha da yaxşı ola bilərdi. Ona görə bir az heyifislənirəm.

- Novruz müəllim necə bir insandır?

- Adətən, mən bu cür suallara cavab verəndə heç zaman demirəm ki, yaxşı insanam, yaxud əla insanam. Sadəcə deyirəm ki, mən pis insan deyiləm.

 “Allahım, mənə nə verirsənsə...”

 - Novruz müəllimə deputat məvacibi bəs edirmi? Məndə olan məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətində könüllü kimi fəaliyyət göstərirsiniz. Başqa fəaliyyət sahəniz varmı? Yeri gəlmişkən, əvvəllər adınız biznes sahəsində də hallanırdı... Başqa fəaliyyət növü olmadan zəmanə ilə ayaqlaşmaq sizin üçün  çətin deyil ki?

- Azərbaycan Qızıl Aypara Cəmiyyətindən öncə biznes sahəsində çalışmışam. Daha doğrusu, “Azərağackağız” Səhmdar Cəmiyyətinin prezidenti olmuşam  bu gün də həmin qurumun müşahidə şurasının sədriyəm. Bəli, mən Azərbaycan Qızıl Aypara Cəmiyyətində artıq neçə ildir ki, fəaliyyətimə görə maaş almıram. (Bu, dünya ölkələrinin humanitar qurumları üçün də çox böyük nümunədir). Amma bu heç də o demək deyil ki, mənim pula ehtiyacım yoxdur. Düşünürəm ki, bu, mənim rəhbərlik etdiyim cəmiyyətə bir ianəmdir. O ki qaldı, deputat məvacibimə... Mən aza qane olan  insanam. Onu da qeyd edim ki, hər dəfə Allaha müraciət edərkən deyirəm: “Allahım, mənə nə verirsənsə, əskik eləmə və hər şeyi - sevgini, ruzini... qədərində ver”. Çünki bir şey çox olanda o, narahatlığa gətirib çıxarda bilər.

- Yeri gəlmişkən, dini baxışlarınız barədə nə deyə bilərsiniz?

- Bu sahədə baxışlarım yazdığım kitablarda öz əksini tapıb. Buna rəğmən, qeyd edim ki, hər bir səmavi kitaba hörmətlə yanaşıram.

 “Dünyanı mərhəmət xilas edəcək”

- Novruz müəllim, sizcə, rəhbərlik etdiyiniz Qızıl Aypara Cəmiyyəti cəmiyyətdə öz sözünü deyə bilibmi?

 

- Məlumat üçün bildirim ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Aypara Cəmiyyətinə dövlət yardımı göstərilməsi barədə qərar verib. Lakin 70 illik sovet hakimiyyəti illərində bu təşkilata heç bir qayğı və diqqət göstərilməyib. Tarixdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanda “Qızıl Aypara”ya dövlətin yenidən böyük diqqət və qayğısı olub. Bunu dövlət tərəfindən imzalanan sənədlər də sübut edir. Yeri gəlmişkən, 2007-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə bağlı qanun qəbul olunub. Elə bu cür diqqət sayəsində 2008-ci ilə qədər donor ölkələrindən asılı olan cəmiyyətimiz özü donor cəmiyyətə çevrilib. (Bizim qurum MDB-də yeganə cəmiyyətdir ki, donor cəmiyyətə çevrilib). Hətta vaxtilə ölkəmizə yardım etmiş ölkələrə yardım göndərir və öz proqramlarımızı həyata keçiririk. Gördüyümüz işlər Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası tərəfindən çox yüksək qiymətləndirilir. Məsələn, Türkiyə və İranda baş vermiş zəlzələlərdən zərəəkmişlərə, həmçinin Türkiyədə sığınacaq tapmış Suriya qaçqınlarına yardım kampaniyaları təşkil etmişik. Onu da deyim ki, məhz biz Azərbaycan Qızıl Aypara cəmiyyətinin tarixində xaricə maddi yardım göstərmək ənənəsinin əsasını qoymuşuq. MDB məkanında belə bir addım atan yeganə ölkəyik. Bir sözlə, biz inkişafa doğru gedən milli cəmiyyətik. Nə gizlədim, bütün bunlarla qürur duyuruq. Bir daha vurğulamaq istəyirəm ki, bu kimi işlərdə həmişə dövlətimizin qayğısını hiss edirik.

- Dünyanın hansı ölkələrinin bu kimi qurumları ilə əməkdaşlıq edirsiniz?

- Bizim əsas tərəfdaşımız Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasıdır. Bu federasiyaya 189 ölkə daxildir. Azərbaycan 1995-ci ildən bu qurumun üzvüdür. Beynəlxalq Qızıl Xaç Komitəsi və digər milli cəmiyyətlərlə, o cümlədən Türkiyənin “Qızıl Ay”ı, İranın “Hilal Əhmər”i ilə, həmçinin ərəb ölkələri ilə əməkdaşlıq edirik. Bu yaxınlarda İngiltərənin Qızıl Xaçı ilə iqtisadi təhlükəsizlik sahəsində layihə gerçəkləşdirdik.

- Cəmiyyətin qarşılaşdığı ən böyük problem hansıdır?

- Maliyyə problemi... Maliyyə imkanlarımız çox olsa, biz daha çox insana yardımçı ola bilərik. Daha çox layihələr həyata keçirə bilərik. Biz öz strateji planımızda maliyyə resurslarımızın artırılmasına diqqət yönəltmişik. Belə ki, əlavə gəlirlərin toplanmasına, həmçinin hüquqi və fiziki şəxslərin humanitar layihələrə cəlb olunmasına çalışırıq.

- Bəs iş adamları, adi insanlar bu sahəyə kömək göstərmirlər?

- Göstərirlər, amma onlar o qədər də fəal deyillər. Yəni bizdə belə bir psixologiya hələ formalaşmayıb. Halbuki Türkiyədə, İranda bu sahədə insanlar çox aktivdirlər. Hansısa bir fəlakət baş verəndə bu məmləkətlərin insanları milli cəmiyyətlərinə öz yardımlarını (kimi paltar, kimi vəsait) göndərirlər. Necə deyərlər, onlarda insanlara yardım sanki ənənəyə çevrilib. Çalışırıq ki, bizdə də belə bir ənənə formalaşsın. Onu da demək istəyirəm ki, bizim cəmiyyətə edilən hər yardım qeydə alınır, hara xərcləndiyi göstərilir. Bununla da şəffaflıq gözlənilir.

- Ümumiyyətlə, bu cəmiyyətin missiyası nədir?

- Əsas hədəfiniz insanlar və insanlığa yardım etməkdir.

 - Deyirlər, dünyanı gözəllik xilas edəcək...

- Mən bu fikirdəyəm ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. Zənnimcə, insanlığın əsas amalı mərhəmətdir. Mərhəmətin içində bütün xeyirxah niyyətlər öz əksini tapıb. Üstəlik, bütün xoş məfhumlar onda birləşir. İnsan mərhəmətli olmalıdır.

 

 “Biz bu nümunədən niyə yararlanmayaq?”

- Novruz müəllim, 86 saylı İsmayıllı seçki dairəsindən seçilmiş deputat kimi seçicilərinizə kifayət qədər vaxt ayıra bilirsinizmi?

- Mənim üçün ən böyük nümunə bizim Prezidentimizdir. O, daim hərəkətdədir: eyni gündə onun sorağı bizim hər hansı bir bölgədən, həm də dünyanın hər hansı bir ölkəsindən gəlir. O, çox sadədir. Hətta əgər yadınızdadırsa, o, öz yubileyini qaçqınlarla birgə qeyd etdi. O, ötən ilin avqustun 14-də İsmayıllıda olanda dedi ki, dövlət məmuru xalqa xidmət etməlidir, xalq onlara yox. Əgər Prezidentimiz işinə qarşı bu cür tələbkardırsa, insanlarla münasibətdə bu cür sadədirsə, biz bu nümunədən niyə yararlanmayaq? Bəli, mən də seçicilərimlə tez-tez görüşürəm. Özü də hər həftənin cümə axşamı. Bu günü seçməyim də səbəbsiz deyil. Çünki həmin gün qəbuldan sonra yas mərasimlərinə, həm də rayonda keçirilən digər tədbirlərə də qatılmağa çalışıram. Yəni yol uzaq olduğuna görə istəyirəm ki, mənim hər görüşüm daha səmərəli olsun. Yeri gəlmişkən, elə bu kimi mütəmadi görüşlərimin nəticəsidir ki, deputat kimi fəaliyyət göstərdiyim dövrdə bir nəfər seçicim belə Milli Məclisin qarşısında görünməyib. Onu da deyim ki, mən hər il gördüyüm işlər barədə hesabat hazırlayıram. Və onu bütün dövlət strukturlarına da göndərirəm. İstəyirəm ki, konkret olaraq, 86 saylı İsmayıllı seçki dairəsindən seçilən deputatın gördüyü işlər haqqında hər kəs məlumatlı olsun.

- Seçiciləriniz ən çox nədən şikayətlənirlər?

- Müraciətlərin əksəriyyəti, təxminən 70-80 faizi səhiyyə sahəsi ilə bağlı olur.

- Təbii ki, bütün seçicilərin arzularını, şikayətlərini reallaşdırmaq olmur. O zaman nələr düşünürsünüz?

- Sizə bir sirr açım: əgər əvvəllər mənə olan müraciətlərin 75-80 faizi icra olunurdusa, indi bu göstəricim 55-60 faiz təşkil edir. Belə olanda, təbii  ki, təəssüflənirəm. Bu yaxınlarda ürək ağrılarından şikayətlənən bir uşaq (Hacıatamlı kəndindən) üçün vəsait yığdıq, onu əməliyyata göndərdik. Lakin həmin uşaq əməliyyatdan salamat çıxmadı. Bu bəd xəbəri eşidəndə elə bil bütün dünya başıma fırlandı. Ona görə yox ki, yığılan pul puça çıxdı, ona görə ki, biz uşağın həyatını xilas edə bilmədik. Amma onurğa sümüyündən əziyyət çəkən Buynuz kənd sakini 12 yaşlı Amilin Türkiyədəki uğurlu əməliyyatı məni çox sevindirdi. Bu günlərdə həmin kənddə seçicilərimlə keçirdiyim görüşdə onu görəndə elə rahatlıq tapdım ki... Bu mənada sarsıntılarım da olur, rahatlığım da.

- Göstəricinin aşağı düşməsi məmurların etinasızlığından xəbər vermirmi?

- Yox, mən elə deməzdim. Şükürlər olsun ki, elə bir problem yaşamıram. Dövlət məmurlarına ünvanladığım məktublara müvafiq cavablar alıram. Yəni hər bir müraciətim imkan dairəsində icrasını tapır. Amma elə müraciətlər olur ki, onları həyata keçirmək mümkün olmur. Seçicilər bilməlidirlər ki, millət vəkili qanunverici orqanda çalışan insandır. Yəni bu gün millət vəkili nə yol çəkəndir, nə də su çəkən. Bütün bu kimi işlərlə cavabdeh olan dövlət strukturları var və onlar bu işləri icra etməlidirlər. Millət vəkili yardımçı və köməkçi ola bilər ki, məmurlar gördükləri işləri sürətləndirsin. Yəni millət vəkili dövlət strukturu ilə seçici arasında körpü rolunu oynayır. Və seçicinin döyə bilmədiyi qapını millət vəkili döyə bilir, onun müraciətini çatdıra bilir.

- Yeri gəlmişkən, Buynuzda yaşayan tanınmış şair Musa Yaqubla münasibətləriniz necədir?

- Musa Yaqub bizim fəxrimizdir. O, gözəl insan, gözəl şairdir. Onun əsərləri təkcə bu günə deyil, gələcəyə ünvanlanıb. Onunla yaxşı münasibətlərimiz var. O, həm də mənim atamın dostu olub.

 

 “Mən bir çox mahnıların müəllifiyəm”

- Bəziləri sizi şair kimi də tanıyır. Bu yanlışlıqdır, yoxsa... Mən biləni, sizin atanız Davud Aslan şair-yazıçı olub...

- İndi bəzən məni səhvən şair kimi təqdim edirlər. Amma əslində bircə şeir belə yazmamışam. Şair Davud Aslanın yolunu nəvəsi, yəni böyük qızım davam etdirir. Qızımın ilk şeir kitabı çıxanda onun 14 yaşı vardı. Bu gün o artıq ikinci kitabını hazırlayır. Bu yaxınlarda ailə həyatı qurdu. Necə deyərlər, nəslimizdəki şairlik ənənəsi qızımın timsalında davam etdirilir.

- Bəs musiqi aləminə necə düşmüsünüz?

- Məni bu sahəyə musiqini sevən atam istiqamətləndirib. Onun mənə necə həvəslə musiqi alətləri alması indi də yadımdadır. Yadımdadır, ilk dəfə o, mənə Sabunçu univermağından piano aldı. O zaman ya birinci, ya ikinci sinifdə oxuyurdum. Sonra o, Tulaya gedib mənim üçün qarmon da aldı. Nə gizlədim, mən (məndən başqa onun 4 övladı var) həmişə onun diqqət mərkəzində olmuşam. Yəqin ki, o da məndə bu sahə üzrə nəsə görmüşdü. Hətta mənə bir neçə şeir də həsr edib. Onlardan biri “Mənə mahnı çal, oğlum”dur. Sonradan bu şeirin sözlərinə mahnı bəstələdim və onu əməkdar artist Kəmalə Rəhimli ifa etdi.

- Siz həvəskar bəstəkarsınız yoxsa...

- Mən həvəskar bəstəkar ifadəsinin tərəfdarı deyiləm. Baxmayaraq ki, bu ifadəni mənim də adımın qarşısında epitet kimi işlədirdilər. Bəstəkar geniş, daha tutarlı məfhumdur. Yəni bəstəkar təkcə mahnı janrında deyil, musiqinin hər bir janrında fəaliyyət göstərən peşəkar bir insandır. Mən isə yalnız mahnı bəstələyirəm. Odur ki, özüm barədə söz düşəndə deyirəm ki, mən sadəcə, bir çox mahnıların müəllifiyəm. Onların nə dərəcədə ürəyəyatımlı olub-olmamasını isə dinləyici deyə bilər.

“Yaşın fərqi var ki...”

- “Sarı gəlin”, “Qaragilə”, “Qızıl Aypara himni”, “Bu yaş nədir?”, “Mənim illərim”, “Darıxıram”, “Aldatdı məni”, “Bu şəhərdən gedə bilərsən”, “Mübariz”, “Azərbaycan-Türkiyə”... İlhamə Quliyevadan başqa, Faiq Ağayev, Zülfiyə Xanbabayeva, Nadir Qafarzadə və s. sizin bəstələrinizi ifa ediblər? Bəs siz özünüz kimin ifasında mahnınıza qulaq asmağı sevirsiniz?

- Hər bir mahnı, zənnimcə, mənim övladımdır. Onların yaxşı, pisi yoxdur, təqdimat formaları var... Bəli, mahnılarımın elə ifaçıları olub ki, onların ifası heç də ürəyimcə olmayıb. Amma elə ifalar olub ki, daim onlara qulaq asıram. Adlarını çəkdiyiniz sənətkarların, xüsusilə, İlhamə xanımın oxuduğu mahnıları yüksək səviyyədə qəbul edirəm.... Bir var oxumaq, ifa etmək, bir də var, ürəyini musiqiyə qoymaq. İlhamə xanım o ifaçılardandır ki, hər bir mahnıya öz ürəyini verir. Xüsusi olaraq qeyd edim ki, o, mənim mahnılarıma özəl münasibət bəsləyir, onların hər birini daha gözəl təqdim etməyə çalışır.

- Bəs hansı bəstəkarlarımızın mahnılarına qulaq asanda rahatlıq tapırsınız?

- Milli musiqidən həzz alıram. Klassiklərimizi çox sevirəm. Tofiq Quliyev, Ələkbər Tağıyev,  Eldar Mansurov, Faiq Sücəddinov, Aygün Səmədzadə, Nailə Mirməmmədlinin bəstələri mənə əziz olan musiqilərdir. Elə hesab edirəm ki, hər bir zaman hər insanın qəlbində bir musiqi var. Hətta onun səsində, hərəkətində belə...

 

- “Yaşın nə fərqi var ki” mahnısı da sizin əməyinizin məhsuludur. Hərdən siz də fikirləşirsiniz ki, əşi yaşın nə var ki?..

- Yox, mənim aləmimdə, ümumiyyətlə, yaşın fərqi var. Mənim 20 il öncə 30 yaşım vardı, bu gün 51-in içindəyəm. Həmin mahnıda isə söhbət məhəbbətdən, sevgidən gedir. Mahnını ərsəyə gətirənlər onu demək istəyirlər ki, insan hər bir yaşda sevə bilər.

- Bəs bugünkü musiqi aləmimiz barədə nə deyə bilərsiniz?

- Bugünkü musiqi aləmini diqqətlə izləyirəm. Təbii ki, seyrçi mövqedə dayana bilmərəm. Və onun həm müsbət, həm də mənfi cəhətlərini görürəm. Əfsuslar olsun ki, mənfi cəhətləri çoxdur.

- Yeri gəlmişkən “İsmayıllı” mahnınız necə yaranıb?

- Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə İsmayıllıda  bir görüşdə idik. Orada bizə bildirdilər ki, özünüz də İsmayıllıdansız, amma İsmayıllı haqqında bir mahnı yazmamısınız. Onda biz orada söz verdik ki, İsmayıllı haqqında bir mahnı hazırlayacağıq. Sonra da bir araya gəlib, belə bir mahnını ərsəyə gətirdik və İsmayıllının səfalı yerlərində ona bir klip də çəkdik. Sevinərəm ki, İsmayıllı haqqında ilk mahnını biz yazdıq. Bizdən sonra bu rayona daha iki mahnı da ittihaf olundu.

 “Atamla məsləhətləşirəm”

- Novruz Aslan - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı, bir də mahnılar müəllifi... Prezident Novruz Aslan, deputat Novruz Aslan, mahnılar müəllifi Novruz Aslan bu müxtəlif sahələri özündə necə ehtiva edir? Onlardan hansına üstünlük verir?

- Bu gün mahnı bəstələməyim artıq arxa plandadır. Millət vəkili kimi fəaliyyətim və bu cəmiyyətə rəhbərliyim ön plandadır. Bunlardan başqa, mən idmanla, həmçinin elmi yaradıcılıqla da məşğul oluram. Yeri gəlmişkən, 10 kitab müəllifiyəm. Üstəlik, yeni bir kitab, həmçinin yeni mahnılar üzərində də işləmək niyyətindəyəm.

- Sizi bu sahələrdən hansı daha çox tanıdıb?

- Təbii ki, mahnılarım. Yəni ən az fəaliyyət göstərdiyim sahə məni daha çox tanıdıb. Sonra da tanınmağımda millət vəkili olmağım önəmli rol oynayıb.

- “Tərəqqi” medalına, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Sizə verilən qiymətdən razısınızmı?

- Yenə təkrar edirəm: mən hər şeyin qədərində olmasını istəyən bir insanam.

- Sevincinizi, dərdinizi bölüşə biləcəyiniz deputat həmkarlarınız kimlərdir?

- Mənim dostlarım çox deyil. Mən onların hamısı ilə fəxr edirəm. Lakin kədərimi, sevincimi həmişə yaxın dostum, qardaşım Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla bölüşürəm. Yeri gəlmişkən, o hətta mənim elçiliyimi də edib.

- İstirahət zamanı nələrə önəm verirsiniz?

- Musiqiyə, insanlarla ünsiyyətə... Və yaxşı işlər görməyə...Yaxşı işlər görmək həm də ən böyük xoşbəxtlikdir.

 

- Bəs ağsaqqal sözünə ehtiyac duyanda kimə üz turursunuz?

- Rəhmətə getmiş atamla xəyalən danışıram. Məhz onunla söhbət edə-edə qarşılaşdığım çətinliklərdən çıxıram. Bilirsinizmi necə? Belə çətin anlarda atamın yanımda olmasına özümü inandırıram. Onda hər bir sualıma xəyalımda elə cavablar alıram ki, sanki atam sağ olsaydı, mənə eyni ilə belə məsləhətlər verərdi. Bu həm də məndə belə bir fikir oyadıb ki, insan məhz unudulan zaman ölmüş hesab edilir.

- Yeri gəlmişkən, bir vaxtlar kiril əlifbası ilə nəşr olunmuş Davud Aslanın kitablarını latın qrafikası ilə oxuculara təqdim etmək fikriniz var?

- Yəqin ki, bu barədə fikirləşəcəyəm.

- Bu səviyyəyə çatmağınızda əlinizdən kimlər tutub? Geriyə çevrilib kimlərə “sağ ol” deyirsiniz?.

- Mənim həyatımda adlarını çəkə bildiyim iki şəxs var: onlar valideynlərimdir. Uğurlarımda rolu olan çox insanlar var ki, bu gün onların adlarını çəkə bilmirəm. Onlara həmişə minnətdarlığımı bildirirəm. Mən onlara həmişə sədaqətli olmuşam, heç vaxt onların əməyinin yerə vurulmasına imkan verməmişəm.

- Novruz müəllim,  ananızdan heç söhbət açmadınız...

- Bir neçə gündən sonra anamın 86 yaşı olacaq. O mənimlə birgə yaşayır. Hər həftə səhər tezdən rayona yola çıxanda anam yerindən qalxıb mənə xeyir-dua verir. Buna görə Allaha hər gün təşəkkür edirəm. O mənim üçün hər şeydir. O ki qaldı, konkret sualınıza... İnsan müəyyən səviyyəyə çatdığına görə qorxu hissinə çox minnətdar olmalıdır. Çünki insanda qorxu olmasaydı, o, özünü qoruya bilməzdi. Odur ki, mən qorxu hisslərinə qapılaraq, anamın adını çox çəkmirəm.

 “Mən haqsızlığı qəbul etmirəm”

- Martın 10-u  və martın 22-si tarixləri sizə nələri xatırladır?

- Martın 10-u 2008-ci ildən Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur. Biz bu günü xeyriyyə, o cümlədən qanvermə aksiyası keçirməklə qeyd edirik. Yeri gəlmişkən, mən özüm qan donoruyam. Hər il xəstə uşaqlara öz qanımı verirəm. Bu aksiyalarla biz insanlara ismarıc veririk ki, digər insanlara biganə yanaşmaq olmaz. Biganəlik dəətli bir xəstəlikdir. İnsan bu xəstəlikdən qurtulmalıdır. Martın 22-də isə mən anadan olmuşam. Bu haqda ətraflı danışmaq istəmirəm....

- Amma deyəsən, jurnalistlərlə münasibətləriniz o qədər də ürəkaçan deyil? Hətta müsahibələrinizin birində zarafatla mənə “məhkəmə Novruz”da deyirlər demisiniz...

- Bəri başdan deyim ki, mən öz hüquqlarımı, şəxsi keyfiyyətlərimi qoruyan, həm də həmişə haqqın yanında olan bir insanam. Odur ki, bu prinsipləri pozanlara, mənə qarşı mənəvi terror aparanlara qarşı mübarizəm. Bəli, mən bir çox jurnalisti məhkəməyə vermişəm və proseslərdə onları udmuşam. onların mənə 50 min manata yaxın  borcu var. Lakin mən həmin məbləği onlardan tələb etməmişəm. Onların üzr istəmələri ilə kifayətlənmişəm. (Yeri gəlmişkən, onlara qarşı olan iddialarımda göstərmişdim ki, həmin vəsait humanitar sahəyə yönələcək). Düşünmüşəm ki, onsuz da onların maddi durumu o qədər də ürəkaçan deyil. Ən əsası ölkə başçısının mətbuata,  jurnalistlərə olan müsbət münasibətini nəzərə almışam. Bir sözlə, mən haqsızlığı qəbul etmirəm. Amma həmişə demişəm, yenə də deyirəm: əgər mənim hansısa bir səhvim varsa, ondan yazsınlar, amma şər, böhtan yazmasınlar. 

Zaman.-2014.-1 fevral.-S.6.