“Teatrımızın
sabahını düşünürüksə...”
QVAMI MƏHƏBBƏTOĞLU,
İlham
Namiq Kamal... İncəsənət aləmində ifa etdiyi rolları ilə öz sözünü demiş bu
insanı kim tanımır ki? Odur ki, onu geniş təqdim
etməyə ehtiyac duymadıq.
Beləliklə, bu dəfəki həmsöhbətimiz “Şöhrət” ordenli, Qızıl Dərviş
mükafatçısı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra
müdiri, professor İlham Namiq Kamal oğlu Əhmədovdur.
- İlham müəllim, bu yaxınlarda 65
yaşınız tamam oldu. Ötən illər bu sənətə
olan marağınıza hansı yeni çalarlar əlavə edib?
- Mən 20 yaşımda teatra məbədgah, aktyorluğa isə müqəddəs peşə kimi baxmışam, elə indi də bu fikirdəyəm. Mənim aləmimdə hətta aktyor sənəti o qədər müqəddəsdir ki, onun sevgisini içində daşıyan adam heç kimin qabağında əyilməməlidir. Çünki aktyorun
qüruru ölərsə, ondan aktyor olmaz... Mən bu çətin
işdə öz
qürurumu həmişə qorumağa
çalışmışam. Bütün
bunlara rəğmən, onu da deyim ki, istər rejissor, istərsə də
aktyor kimi potensialımın 35 faizini ortaya qoya bilmişəm.
- Hansı illəriniz, yaxud
rollarınızı korrektə etmək istərdiniz?
- Mən ötən illərimə xor baxa bilmərəm. Çünki
o illəri
yaşamışam. Bu sözləri
oynadığım rollar haqqında da deyə bilərəm. Onları da sevə-sevə zərgər
dəqiqliyi ilə
tamaşaçılara təqdim
etmişəm.
Heç: “Kaş belə edəydim”, - ifadəsini də işlətməmişəm.
- Yorğunluğunuzu hiss edirsiniz?
- Hələ ki yox... Bu yerdə ustadım Rza Təhmasibin bir fikrini
söyləmək istərdim. O deyərdi ki, nə qədər aktyorun plastikası, səsi yerindədir o,
tamaşaçının qarşısına
çıxmalıdır. Çıxmasa,
çox böyük günaha yol verər.
- Xor
dirijoru, Dadaşbala, Pşa Pşayeviç... Siz
tamaşaçıların yaddaşında bu obrazlarla
qalmısınız. Lakin mənə elə
gəlir ki, son illər həmin obrazlar
qalereyanıza sanki başqa bir obraz əlavə olunmur.
- Niyə ki? Onlardan
başqa mənim qalereyamda
kifayət qədər yeni obrazlar var. Lakin sizinlə razıyam ki, onlar
qeyd etdikləriniz qədər populyar deyil. Bilirsinizmi,
bunun səbəbi nədir? Son illər
hazırlanan tamaşaların ekranlarda nümayiş etdirilməməsi. Bir də indi teatrlar istəmir ki, hazırladığı
tamaşanı ekranlarda nümayiş etdirsin. Axı onda sabah teatra gəlib həmin tamaşaya baxan olmayacaq. Bir də o
vaxtlar teatrlardan aldığı tamaşaların pulunu ödənilirdi. İndi
belə şey
yoxdur axı...
- Son illər seriallarda görünmürsünüz Niyə
uzaq düşmüsünüz?
-
Doğrudur, seriallar çəkilir. Amma orada aktyorlara elə zəhməthaqqı verirlər ki... Bəzən bir seriyaya görə 50 manat... Amma
etiraf edək ki,
öz işini bilən
aktyorların çəkildikləri seriallar daha
maraqlı alınır. Məsələn,
mənim
qardaşım Cəfər Namiq Kamal
“Üç bacı” serialında Maarif rolundadır. Çox maraqlı obraz oynayır. Bunu ona görə
demirəm ki, mənim
qardaşımdır, həqiqətən, elədir.
Hərdən deyirəm ki, kaş həmin serialın
adı “Üç bacı və
Maarif müəllim”
olaydı. Yəni
digər seriallarda da
Cəfər səviyyəsində aktyorlar olsa, onlara
maraqla baxarlar? Bir də mən elə bir peşəkar rejissor tanımıram ki, o, hazırda serialla məşğul olsun... Amma mənə elə gəlir ki, yaxın illərdə serial sahəsində də hər
şey yoluna düşəcək. Unutmayaq ki, bu hələ
başlanğıcdır. Yeri gəlmişkən, ölkə
başçısı da bu sahənin
inkişafına vəsait
ayırıb. O ki qaldı mənə... İnşallah,
qismət olarsa,
görərsiniz.
Görünür, indiyədək rejissorlar çəkdikləri seriallarda mənə uyğun rol görməyiblər. Uyğun rol görsəydilər, yəqin, dəvət edərdilər.
“Ümidsiz
olmaq lazım deyil”
- Ötən ilin yayında siz
“Şöhrət” ordeninə layiq görüldünüz..
- Bəri başdan deyim ki, ölkəmizdə sənət adamları, eləcə də sənət ocaqları diqqət mərkəzindədir. Baxın, son illər neçə teatr ocağımız yenidən qurulub... Hətta mən deyərdim ki, yenidən tikilib e... Onların
maddi-texniki bazaları müasir avadanlıqlarla təmin olunub. Təbii
ki, bütün bu işlər
ölkə
başçısı cənab
İlham Əliyevin sayəsində baş tutub. O
ki qaldı mənim təltifimə, təbii ki, bu təqdimat məni daha çox işləməyə sövq edir.
- “Şöhrət”in sevincini necə yaşadınız?
-
Sözün düzü, bu sənətə gələndə Əməkdar artist, daha sonra Xalq artisti adına layiq görüləcəyimi
düşünmürdüm. Görünür
mənim də qismətimdə fəxri adlar, üstəlik, “Şöhrət” ordeni də
varmış. Amma nə
gizlədim. “Şöhrət”in
sevinci məni daha
çox silkələdi. Onu da deyim ki, bu yalnız İlham Namiq Kamalın
deyil, bütövlükdə
sənət aləmimizə - teatrımıza mənim simamda verilən bir töhfə idi.
- Sənət adamları ifadəniz Nəsibə xanım Zeynalovanın sizin
haqqınızda dediyi bu sözləri yadıma saldı: ... “Qaynana” filimində
İlham oğlumun dostu İlqar rolunda mənlə
tərəf-müqabili oldu.
İnsafən,
o, bu rolu o qədər gözəl oynadı ki, hərdən çaşıb İlham əvəzinə
ona İlqar deyirəm”.
Onun dediklərindən belə anlaşılır
ki, o zamanın sənət adamları gəncləri həvəsləndirməkdə maraqlı idilər.
- Bəli, Ağasadıq Gəraybəyli, Əlağa Ağayev,
İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Leyla Bədirbəyli kimi sənətkarlar yeni nəslin yetişməsində çox maraqlı idilər. Obrazlı
şəkildə desək, bu cür
istedadlı insanların özlərindən yaşca kiçik
istedadlar üçün ürəkləri gedirdi. Mən də onlar kimi hərəkət
etməyə
çalışıram. Yəni harada istedadlı
insan görsəm,
onları sənət aləminə cəlb etməyə səy göstərirəm. Fikrimcə,
bugünkü sənət adamı tək özünü
yox, teatrımızın sabahını da düşünməlidir. Yəni gəncləri sevməli, onlara etimad
göstərməklə yanaşı, kömək etməlidir. Kömək
edə bilmirsə, onlara mane
olmamalıdır.
- Son illər bir çox korifey sənətkarlarımızı itirdik.
Sizə elə gəlmirmi, əgər belə demək mümkünsə, teatr kisəmiz boşalır?
- Vəfa Fətullayeva, Əlabbas Qədirov, Səməndər Rzayev, Yaşar Nuri, Telman
Adıgözəlov... Həqiqətən, onların hər biri teatrımızın bir
sütunu idi. Amma ümidsiz olmaq lazım
deyil. Düşünürəm ki, xalqımız
indiyədək müxtəlif sahələr üzrə
çoxlu istedad yetişdirir. Bu istedadlar
bizim sahədə də yenidən
peyda olacaqlar. Yəni demək istəyirəm ki, teatrımız dünən var idi, bu gün də var, sabah
da olacaq.
- Amma
etiraf edək ki, bu sənətin çətinlikləri nədənsə səngimək bilmir ki, bilmir...
- Bəli, bu gün bu aləmə gələnlər 120-150 manat maaşa işləmək məcburiyyətindədirlər. Onlar başqa işlə də məşğul ola
bilmirlər. Axı saat 11.00-dan 14.00-a qədər tamaşa, 14.00-dan 16.00-a qədər rəqs, 16:00-dan 18:00-a qədər orkestrlə məşqdə olan insan hara üz tuta bilər? Saat 19:00-da tamaşa
başlanır. Halbuki savadsız bir qabyuyan
restoranda 500 manatdan aşağı maaşa qab yumur. Yaxud elə
bir kababçı yoxdur ki, o, 900 manatdan aşağı
maaşa restoranda kabab çəksin?
Mənim
yetişdirdiyim tələbə isə sənət aləmində 120-150 manata
işləyir. Belə
vəziyyətdə aktyor necə
yaşasın, özünə
necə ailə qursun?
Onların heç olmasa minimum yaşayış stimulu
olmalıdır da... İndi çoxları
övladlarının bizim universitetə
gəlmələrini belə
istəmirlər. Bu məsələdə
valideynləri
qınamaq fikrində
deyiləm.
Çünki onlar da istəyirlər ki, övladları sabah ailələrini təmin edə bilsinlər. Odur ki, indi
çoxu övladlarını tibb, gömrük və digər sahələrdə
görmək istəyir. Sözün düzü, bu problem məni çox
düşündürür. Teatrımızın
sabahını düşünürüksə, bu gənclər barədə də
düşünməliyik.
Mənə elə gəlir ki, prezidentimizin teatra olan diqqəti bu kimi məsələləri də yoluna qoyacaq.
- Teatr bu
sahənin fədailərinin sayəsində inkişaf edir. İlham
müəllim, ola bisin ki, bu sahə üzrə istedadlı gənclərimiz kifayət qədərdir. Bəlkə də,
elə bu səbəbdən
bu sahəyə üz tutmurlar.
- Ola bilər yox, bu həqiqətən belədir.
- İlham müəllim hərdən Milli Dram Teatrdan da gileylənir... Niyə?
- Əslində bu, giley deyil. Bilirsinizmi, teatrda əsas
sima baş rejissordur. Son vaxtlar bəzi teatrlarda baş
rejissorların kənarda
qalması məni
narahat edir. Deyə bilərlər ki, aktyorsan, get işinlə məşğul ol da. Amma unutmayaq ki, bizdə teatrlar həmişə baş rejissorların: məsələn, Zəfər Nemətovun, Tofiq Kazımovun, Şəmsi Bədəlbəylinin, Hüseynağa
Atakişiyevin adı ilə bağlı olub. Mənə elə gəlir ki, bu ənənə davam etdirilməlidir. Kim bilir, bəlkə də,
bu gün belə məsləhətdir.
Amma zaman gələcək, bu, bərpa
olunacaq. Çünki bu gün
bütün dünyadakı sənət ocaqlarında
baş rejissorun öz yeri var.
- Teatr islahatlarının tərkib hissəsi kimi əcnəbi rejissorlar bizim sənət ocaqlarında tamaşalar
qoyurlar. Effekti necə
olur?
- Mənə elə gəlir ki, öz gənclərimizi yetişdirməliyik. Lazım
gələrsə, öz istedadlı gənclərimizi xaricə göndərməliyik. O gələnlərin hələ ki, mən bir perspektivli
tamaşasını görməmişəm. Axı
onların qoyduğu hansı tamaşa 3-4 ay maraqla izlənilib? Əgər mədəniyyətimizə öz töhfəsini vermiş Tuqanov kimi rejissorlar gələrlərsə, nəyə isə nail olmaq olar. Amma bu gələnlər...
“Nəzarət altında saxlanılan
şagirdlərdən biridir”
- Bu
yaxınlarda sizin haqqınızda Vaqif Yusiflinin
yazdığı “İstedad” yazısını oxudum. Sizi
aktyor, pedaqoq kimi xarakterizə edən müəllif yazır: “Hər aktyorun içində bir rejissor mürgüləyir”. Və sizin bu sahənizdəki fəaliyyətinizdən də söz
açır. İçinizdə daha nələr mürgüləyir?
- Qismət olsa, gördüyüm,
ünsiyyətdə olduğum müqtədir sənətkarlar haqqında xatirələr yazmaq fikrindəyəm.
- Bəlkə onlardan birini bizim
oxucularımıza nəql edəsiniz?
- Yəqin, Əlağa Ağayevin
dünyadan necə köçməsi barədə məlumatınız var. İnsanlara həmişə gülüş bəxş edən sənətkar məclislərin birində bir lətifə danışıb. Və məclis əhli ilə birgə söylədiyi lətifəyə ürəkdən güləndə dünyasını dəyişib. Mən
dünyasını belə
dəyişən sənətkara rast gəlməmişəm. İndiyədək mən belə bir suala cavab axtarıram:
“Niyə o
gülə-gülə getdi?”
- Yəqin ki, həmin kitabda özünüzlə bağlı maraqlı əhvalatlar da yer alacaq?
- Hə, yaxşı yadıma
saldın. Bizim bir müəllim
var idi - Əliheydər
Qasımzadə.
(Allah rəhmət eləsin!) Sinif rəhbərimiz idi. O vaxt
hər il sinifdən-sinifə keçəndə mənim haqqımda yazardı: “Əhmədov İlham Kamal oğlu dərslərində davamiyyətlidir, qiymətləri 4-5-dir. Yoldaşları
arasında böyük hörməti var, intizamlıdır. Məktəbdə keçirilən tədbirlərdə fəal
iştirak edir”. Dalınca isə əlavə edirdi: “Nəzarət altında saxlanılan
şagirdlərdən biridir”. İndi də Əliheydər müəllimin həmin qeydləri yadıma düşəndə məni elə gülmək tutur ki...
- Yəqin, şuluq uşaq olmusunuz
da...
- Bir o qədər də yox. O zaman müəllimlərə çox suallar verərdim. Sual demişkən, 9-cu sinifdə oxuyanda tarix müəlliminə belə bir sual verdim: “Müəllim, konfransla konqresin fərqi nədədir?” Müəllim cavab verə bilmədi. Məni
artıq-əskik
sual verməkdə
günahlandıraraq başladı ağlamağa. Bu zaman direktor da gəlib
çıxdı. Həmin rüb mənə “nizam -intizamı
pozduğuma görə”
əxlaqdan “2”
yazdılar. Bir-iki aydan sonra başa
düşdülər
ki, mənim heç
bir təqsirim
yoxmuş.
- Hansı müəlliminizi
fəxrlə
xatırlayırsınız?
- İbtidai sinif müəlliməm Sitarə müəllimə olub. Onu həmişə fəxrlə
xatırlayıram. Bir də
Əlağa Heydərlini
- ədəbiyyat müəllimimizi. Bir dəfə, daha doğrusu, 1964-cü ildə o, bizim sinfi Pavlik
Morozova həsr
olunmuş tamaşaya gətirdi.
Həmin tamaşada
belə bir epizod var.
Deməli, Pavlik
atası tərəfindən zirzəmidə gizlədilmiş
taxılın yerini gələn adamlara nişan
verir. Bu zaman zalda Əlağa müəllimin
səsi eşidildi:
“Bizim uşaqlar, durun ayağa”. Biz də
bir nəfər kimi bayıra
çıxdıq. Məktəbə çatan kimi o, bizə dedi: “Atasını
satan uşaq bizim millətə xas ola bilməz. Ataya həmişə hörmət-izzət göstərmək lazımdır”. Sovetlərin asıb-kəsən vaxtında belə hərəkət etmək
xüsusi cəsarət tələb edirdi. Yeri gəlmişkən,
o illərdə teatrlara tez-tez
üz tutardıq. O vaxtlar hər
məktəbdə dram dərnəyi var idi. Amma indi
hansı məktəbimizdə belə bir dərnək var? İndi hamı deyir futbol
klubları açaq, əla...
Amma biz istəyiriksə, incəsənət
inkişaf etsin, o dərnəkləri bərpa
etməliyik. Yeri gəlmişkən, mən bununla bağlı
müvafiq qurumlara da müraciət
etmişəm.
- Xoşbəxtsinizmi?
- Xoşbəxtəm ki, Azərbaycan
xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin
imzası, dəst-xətti ilə Xalq artisti, möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə və Prezident təqaüdünə layiq
görülmüşəm.
Zaman.-2014.-8 fevral.-S.7.