Cümhuriyyətimizin fədailəri - Yusif Camal bəy (Camal Paşa) və silahdaşları

 

 

Yusif Camal bəy 1918-ci ildə Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olub. Onun Astara rayonu Pensər kəndindəki Hacı Teymur məscidinin həyətində dəfn olunması tarixi bir gerçəklikdir. Qəbirüstü başdaşı indiyə qədər qalmaqdadır.

 Yusif Camal bəy 1918-ci ildə Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olub. O, 1918-ci il mart qırğınları dönəmində əhalinin müraciətindən sonra Lənkəran qəzasına gəlmiş, burada özünə iqamətgah quraraq, rus-erməni vəhşiliklərinin qarşısını almaq üçün yerli silahdaşları ilə birgə düşmənlərə qarşı vuruşmuşdur. 1920-ci ildə Sovet hökuməti qurulduqdan sonra həbs edilərək Bakıya aparılmış, lakin həbsdən çıxaraq Lənkərana geri qayıtmış və mübarizəsini davam etdirmişdir. 1920-ci ilin sonlarında Astara ərazisində şəhid edilmişdir. Onun qəbrinin Astara rayonunun Pensər kəndindəki Hacı Teymur məscidinin həyətindəki məzarlardan biri olduğu ehtimal edilir. Qeyd edək ki, yerli əhali onu “Camal Paşa” adlandırıb və elə bu gün də insanlar onu məhz Camal Paşa kimi xatırlayırlar. Lakin onun rütbəcə yarbay, yəni polkovnik olması ehtimal edilir. Təbii ki, bütün bunların tarixçilər tərəfindən daha geniş və dəqiq araşdırılmasına ehtiyac var.

“Onlar əqidəli insanlar olublar”

Filologiya elmlər namizədi, alim Mirhaşım Talışlı deyir ki, onun atasının (Mirmurtuza Talışlı) Astaranın Şahağac kəndində Əhməd adlı bir dostu olub: “Əhməd Camal Paşanı görübmüş. Mən onun və Lənkəranın Gərmətük kəndində Əbülqasım müəllimin danışdıqlarından öyrənmişəm ki, Camal Paşa Astarada, Lənkəranda törədilən qırğınların qarşısını almaq, xalqa kömək üçün bura gəlibmiş. Düzdür, onları düz başa düşməyənlər də olub. Onlar hamısı əqidəli insanlar olublar. Allaha, Peyğəmbərə (s.ə.s) inanan adamlar olublar”.

Lənkəran rayonu Gərmətük kənd sakini, qocaman tarix müəllimi Əlibala Nurullayev deyir ki, Yusif Camal həm də ağsaqqallara qulaq asan adam olub: “O, kommunistlərə düşmən idi. İslamı müdafiə edirdi. Bölgədə harada qırğın olurdusa, Camal Paşa oraya gedir, qırğının qarşısını alırdı”.

Astara və Lənkərandan olan insanlar da Camal Paşaya kömək üçün müraciət etmişdilər: “Camal Paşa qorxmaz adam olub. Özü də öndə, qabaqda gedirmiş. İgid adam olub. Yaşlı insanların eşitdiklərinə görə, o, döyüşlərə mahnı oxuya-oxuya gedirmiş. Hətta onun oxuduğu mahnının bəzi sözlərini indi də əzbər bilənlər var:

- Türk oğluyam mən,

Ölmək istərəm,

Məkanım tikanlı olsun,

Canım halal olsun - Azərbaycana”.

Camal Paşa çox qüvvətli adam imiş. O, həm də oğrulara qarşı çox sərt olub. Əgər əsgərlər oğurluq etsəydilər, onlara güzəşt etməzmiş”.

Əlibala müəllimin sözlərinə görə, Camal Paşanın qərargahı Gərmətük kəndində (Lənkəran) olub. Sonradan həmin yer yandırılıb. Onun qərargahı Güləli Cabbar oğlunun evində yerləşib. Sonralar Yusif Camalın qaldığı evin sahibəsinə “Qızı Paşa” deyə ləqəb qoyublar. Bu da Paşanın onun evində qalması ilə əlaqədar olmuşdur”.

Yusif Camal bəyin silahdaşları

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında Yusif Camal bəyin 1920-ci ildəki xidmətlərindən, daha doğrusu, Sovetlərə qarşı Lənkəran üsyanı tərkibindəki fəaliyyətindən bəhs edilir. Orada deyilir: “Lənkəran üsyanı - Azərbaycanın Lənkəran-Astara bölgəsində Sovet işğalına qarşı xalq üsyanıdır. 1920-ci ilin iyununda başlanmış, həmin ilin sentyabr aylarında kütləvi xarakter almışdır. Üsyan əsasən bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılırdı. Ən böyük dəstəyə Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qalmış türk zabiti Yusif Camal bəy, Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər. Üsyançı silahlı dəstələrdəki döyüşçülərin sayının 6-10 min arasında olduğu güman edilir. Sentyabrın (1920) əvvəlində genişlənən və Astara ətrafında kütləviləşən xalq üsyanının əsas iştirakçılarından biri də Ramazan adlı bir nəfərin rəhbərlik etdiyi dəstə idi. Astaranın Şüvi kəndində yaradılan başqa bir üsyançı dəstəyə isə Qüdrət Mollaağa oğlu başçılıq edirdi. Lənkəran üsyanı (1920) Azərbaycan xalqının sovet-bolşevik işğalına qarşı mübarizəsinin ən parlaq səhifələrindən biridir”.

Həmçinin ensiklopediyada dəstə başçıları olan Rəşid xanın, Hüseynəli xanın, Şahverənin, Ataxanın, Nəcəfqulu xanın və onun qardaşı Əhməd xanın da adları keçir.

Astara rayonu Pensər kənd sakini İntizar Mürsəlov isə bizimlə söhbətində dedi ki, Camal Paşanın bir iqamətgahı da Pensər kəndində olub: “Dövrünün xeyriyyəçisi olmuş Pensər kənd sakini Hacı Teymurun oğlu Hacı Osman (mənim ulu babam) İstanbulda təhsil alıb. Elə həmin illərdə də Yusif Camalla tanış olub. Sonradan bu tanışlıq dostluğa çevrilib. Hacı Osman Vətənə qayıtdıqdan sonra Yusif Camal onu bir neçə dəfə ziyarət edib. Həmin dövrdə bizim kəndimiz Butəsər adlanıb. Mənim ulu babam Hacı Osman Camal Paşaya bələdçilik etmiş, son nəfəsinə kimi onunla birlikdə vuruşmuşdur. Əzmkar, şücaətli Camal Paşa və silahdaşı, dostu olan Hacı Osman Pensər kəndindən 2-3 kilometr aralıda yerləşən Kolatan kəndi ərazisində düşmənin top atəşinə tuş gəlirlər. Yaralı halda, qan içində olan Camal Paşa qırmancını qaldıraraq son sözünü deyir: “Mən dedim ki, kafirin gülləsi mənə dəyməz. Bizi öz içimizdən olan namərdlər satdı. Dostu Hacı Osman isə son vəsiyyətində: “Bizi atamın (Hacı Teymur-red) kəndimizdə tiktirdiyi məscidin həyətində dəfn edərsiniz”, - deyir. Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilmişdir ki, bu da hakimiyyətin tələbi idi”.

Astara rayonu Şüvi kənd sakini, Camal Paşanın silahdaşlarından biri olan Qüdrət Mollaağa oğlunun (Qüdrət xanın) nəvəsi Əsəd Ağayev isə deyir ki, atası bu hadisələr haqqında ona çox danışıb: “Camal Paşa gecə vaxtı gəlib Şüviyə. Qüdrət xan da yay evində - ləmdə yatırmış. Ailə elə bilir ki, düşmən ordusu gəlib. Qüdrət xanı oyadırlar. Camal Paşa deyir ki, biz köməyə gəlmişik, sən də qoşul bizə, kafirlərə qarşı birgə vuruşaq. Qüdrət xan da o gündən ta şəhid edilənə qədər onunla birgə vuruşur. Qüdrət xanın qəbri hal-hazırda da Şüvi kənd qəbiristanlığındadır”.

“Bəzi türk əsgərləri burada qalmış, yerli xanımlarla ailə qurmuşlar”

Lənkəran şəhər sakini, müəllim Mirsadıx Müzəffərovun sözlərinə görə, Camal Paşa şəhid edildikdən sonra bəzi türk əsgərləri burada qalmış, yerli xanımlarla ailə qurmuşlar: “Onlardan, sadəcə, Həsən adlı bir türk əsgəri haqqında bizdə məlumat var. Belə ki, onun nəvəsinin gəlini Təxmirə xanımın dediyinə görə, Həsənin bir qızı olmuşdur. Onun adı Səbiyyə Cəfərovadır (vəfat edib). Səbiyyə xanımın da 2 qızı, 1 oğlu var. Onlardan Həqiqət İsmayılova Lənkəranın Liman şəhərində, Səadət İsmayılova isə Lənkəranın Günəhir kəndində yaşayır. Oğlu Rövşən İsmayılov Lənkəran şəhərində yaşayır. Onların babaları Həsən sovet illərində sürgünə göndərilmiş və bir daha haqqında məlumat alınmamışdır. Onun nəvələri bu gün də arzu edirlər ki, Türkiyədəki qohumlarını tapsınlar və onlarla görüşsünlər”.

“Əslində Camal Paşa buralara qərib deyil”

İntizar Mürsəlov bildirir ki, SSR-i dağılan dövrə qədər babasının qəbrinin yeri bilinmirmiş: “Sonradan Astaranın Telmanlı kəndindən olan Molla Rəhim adlı bir şəxsin (o, uzunömürlü olub) babamın dəfnində iştirak etdiyini öyrəndik. O, mənə dedi ki, məscidin günbəzinin altından 30 addım say, sonra da oraya bax. Orada baban Hacı Osmanın qəbri var. Biz onun dediyi kimi etdik və orada bir qəbir aşkarlandı. Sonradan biz orada başdaşı qoyduq”.

İ. Mürsəlov Yusif Camalın vəfatı ilə bağlı başqa bir ehtimalın da olduğunu söyləyir. Belə ki, Yusif Camalın rəhbərlik etdiyi ordu Pensər kəndi yaxınlığında rus-erməni daşnaklarına qarşı mübarizə aparıb. Döyüşlərin birində mühasirəyə düşən Yusif Camal bəy düşmən pulemyotunun qarşısında duruş gətirə bilməyən döyüşçülərinin özlərini itirdiklərini görür. O: “Türk mərmidən qorxmaz” - deyərək özünü  pulemyotdan açılan atəşin qabağına atıb. Vəsiyyətinə görə onu Hacı Osmanın yanında (həmin döyüşdə Hacı Osman da həlak olub), Hacı Teymurun tikdirdiyi məscidin həyətində gizlincə dəfn ediblər. Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparmağa gəlmiş, öz canını dost yolunda fəda etmiş Camal Paşanın (Yusif Camal bəyin) Astara rayonu Pensər kəndindəki Hacı Teymur məscidinin həyətində dəfn olunması tarixi bir gerçəklikdir. Camal Paşanın qəbirüstü başdaşı indiyə qədər qalmaqdadır.

Həmin başdaşını 1924-cü ildə Şeyx Məhəmməd Səid Nəqşibəndi tərəfindən qoyulduğu ehtimal edilir. Camaat arasında danışılan rəvayətə görə, XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Hacı Osmanı və Şeyx Məhəmməd Səid Nəqşibəndini öz yanına dəvət etmişdir. Məclisdə iştirak edənlərdən biri Şeyxi sorğu-suala tutmuş və onun böyük kəramət sahibi olduğunu görmüşdür. Hacı Zeynalabdin də onun elmini bəyənmiş və nəyə ehtiyacı olduğunu soruşmuşdur. Şeyx ondan məscidin tavanını təmir etmək üçün material istəmişdir. Qayıtdıqdan sonra Hacı Zeynalabdin Astaraya məscidin təmiri üçün xeyli inşaat materialı göndərtmişdir. Məscidin təmirindən qalan materialları Şeyx qonşu məscidlərə paylamışdır”. İ. Mürsəlov deyir ki, Yusif Camalın başdaşının üzərində onun surəti və Türkiyənin bir neçə rəmzi həkk olunmuşdur. Daş köhnə olduğundan ovulmaq üzrədir”.

“Monumental abidənin düzəldilməsi yaxşı olardı”

Qeyd olunduğu kimi, hazırda Yusif Camal bəyin qəbri yaxşı vəziyyətdə deyil. Qəbrin təmirə ehtiyacı var. Yaxşı olar ki, burada bir monumental abidə də qoyulsun. Ümid edir və inanırıq ki, bu önəmli mövzu tarixçilər tərəfindən daha dəqiq araşdırılacaq və həm Yusif Camal bəyin, həm də silahdaşlarının şərəfinə məzarı yerləşən yerdə abidələr ucaldılacaqdır.

 

 

Mərdan Qurbanov,

Həbib Əlizadə.

Zaman.-2014.-2 iyul.-S.6.