Milli adət və ənənələr mənəvi
dəyərlər sistemində
Hər bir milləti dünyada tanıdan və onu digər
xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən
biri onun adət və ənənələri və bu müstəvidə
yüksək mənəvi dəyərlər sisteminə malik
olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr
və onun əsasında
formalaşdırılan yüksək mənəvi dəyərlər
sistemi hər bir millətin mənəvi, mədəni
simasını göstərir.
Dünyanın ən qədim
xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi
və mənəvi dəyərlər sistemi ilə bəşər
sivilizasiyasına əvəzsiz töhfələr verərək
özünəbənzər adət və ənənələri,
yüksək mənəvyyatı ilə diqqəti cəlb
edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək
mənəvi dəyərlərə malik olduğunu göstərən
təkraredilməz adət və ənənələr millətimizin
keçmişi ilə bu günü və gələcəyi
arasında sarsılmaz bir mənəvi körpü rolunu
oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin
hər bir millətin həyatında oynadığı əvəzsiz
rolunun yüksək qiymətləndirən Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev: “Milli adət
və ənənələr hər bir xalqın milli mədəniyyətinin
zənginliyindən, qədim tarixi kökə malik
olmasından xəbər verir”, -deyib.
Təbii ki, bütün dövrlərdə mütərəqqi
adət və ənənələrin yaradıcısı,
eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək
nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri,
toy, yas mərasimləri, islam dininin bəşəri
hissləri təbliğ edən dəyərləri
xalqımızın milli-mənəvi simasının
aynası hesab edilir. Bu müstəvidə də
zəngin adət-ənənələrimizi özündə cəmləşdirən
milli mənəvi dəyərlər sistemində Novruz
bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin
zənginliyini göstərir. Belə ki,
çərşənbələrdə, istərsə də
Novruz axşamında süfrədə milli xörəklərimiz,
ən başlıcası isə plov olmalıdır. Şəkərbura,
paxlava, şəkər çörəyi və digər
şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış
yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə
olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə
ailə üzvlərinin hər birinin adına
şam yandırılır. Bu bayramda kimsəsizlərə,
ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək,
onlara bayram sovqatı vermək savab hesab edilir.
Azərbaycanda toy şənlikləri də qədim və
zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin
kökləri vardır. Əgər qız və
oğlan bir-birini bəyənib, talelərini nikah vasitəsilə
birləşdirmək arzusundadırlarsa, onlar, ilk növbədə,
valideynlərinin razılığını
almalıdırlar.
Yas mərasimləri ilə bağlı da azərbaycanlıların
bir maraqlı adət və ənənələri var.
Qadınlar zinət əşyaları taxmır, qara paltar
geyinir, qara yaylıq bağlayırlar. Kişilər üzlərini
qırxmırlar. Bu günlər ərzində
qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində
çalmamalıdırlar. Yas günlərində
mərhumun yaxınları özgə toylarına, şənliklərə
və hətta təqdimat mərasimlərinə belə getmirlər.
Əgər
gənclər nişanlıdırlarsa, evlənmək
üçün onlar bir il, yəni yas
müddəti bitənədək gözləməlidirlər.
Nəhayət, adət və ənənələrin
milli mənəvi dəyərlər sistemində
oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin
müəyyən əxlaqi məna daşıması ilə
bağlıdır. Belə ki, adət və ənənələrimiz
hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri
qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi
çıxış edir.
Milli adət-ənənələrimiz
və güclü dövlətçilik
Adət-ənənələrimiz
və onların formalaşdırdığı milli dəyərlər
sistemi ilə güclü dövlətçilik quruculuğu
arasında sıx vəhdət var. Belə ki, hər bir
dövlətin gücü, ilk növbədə, adət və
ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik
baxımından
düzgün istiqamətə
yönəltməsindən, onları saf təməllər
üzərində tərbiyə etməsindən
asılıdır. Bu baxımdan bütün dövrlərdə
adət və ənənələr hər bir dövlətin
qüdrətli və uzunömürlü olmasında on minlərlə
əsgərin görə bilmədiyi əvəzsiz bir iş
görür. Bir sözlə, adət və ənənələr
insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi
funksiyasını yerinə yetirərək, öz lideri ətrafında
möhkəm birləşən güclü və qüdrətli
dövlətin meydana çıxmasında önəmli rol
oynayır. Məsələnin bu tərəfinə diqqəti
cəlb edən Heydər Əliyev: “Azərbaycan
xalqının milli mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Şərifdə
öz əksini tapıbdır. Ancaq bununla
yanaşı Azərbaycanın mütəfəkkir
insanları, mütərəqqi insanları Azərbaycanın
böyük şəxsiyyətləri, Azərbaycanın
hörmətli siyasi və dövlət xadimləri,
böyük elm, mədəniyyət xadimləri Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini yaradıblar.
Bu, bizim adət və ənənələrimizdir”,-deyib.
Bütün
bunlar da ulu öndərin adət və ənənələrimizi,
mənəvi dəyərlərimizi təkcə milli
varlığımızın yox, həm də siyasi
varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bir daha sübut edir.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni
irsinə və mənəvi dəyərlər sisteminə
qayğı ilə yanaşan görkəmli dövlət
xadimi yaxşı başa düşürdü ki, milli
dövlətçilik və milli-mənəvi dəyərlər
sistemi ilə sıx daxili vəhdətdədir. O bu çərçivədə
də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin
dövlətimiz qarşısında ən zəruri vəzifələrdən
biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr
yetişməkdə olan gənc nəsildə güclü təsir
buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə
olunmasında əsl həyat məktəbi rolunu oynayır.
Bu adət və ənənələr mənəvi
baxımdan nə qədər zəngin olsa, həmin gənclər
də o qədər cəmiyyət üçün xeyirli
şəxs kimi yetişir və dövlətin daha da
güclü olmasına öz töhfəsini verir.
Heydər
Əliyev: Adət və ənənələrimiz və milli dəyərlərimiz
Xalqımızın ən zəngin milli mədəni
irsi olan adət və ənənələrinin və bu əsasda
formalaşdırılan milli mənəvi dəyərlər
sisteminin qorunub saxlanılmasında Heydər Əliyevin
müstəsna xidmətləri olub. Vaxtilə Heydər Əliyev cəsarətlə
Azərbaycan xalqının öz kökündən, adət və
ənənələrindən uzaqlaşdırılması
yönündə Moskva tərəfindən atılan sərt
addımların əleyhinə çıxırdı. Bu baxımdan ulu öndərin adət və ənənələrimizə
bütün varlığı ilə bağlı
olmasını onun xalqımızın ən qədim
bayramı olan Novruza olan dərin sevgisi sübut edir. Belə ki, SSRİ rəhbərliyi tərəfindən
rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq,
1967-ci ildə Azərbaycan xalqı Novruz bayramını təntənəli
şəkildə qeyd etdi.
Novruz bayramının yüksək səviyyədə
keçirilməsi isə həmin dövrdə Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik
edən Heydər Əliyevin şəxsi xeyir-duası baş
tutmuşdu. Halbuki Heydər Əliyev
Moskvanın məsələyə xoşagəlməz reaksiya
verəcəyini yaxşı bilirdi. Buna
baxmayaraq, Heydər Əliyev cəsarətlə Novruz
bayramının yüksək səviyyədə keçirilməsinə
razılıq vermişdi. Üstündən illər
ötəndən sonra Heydər Əliyev ona ünvanlanan:
“Ən çox sevdiyiniz bayram?” -sualına məhz
: “Novruz”, - deyə cavab vermişdi.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi
seçilən Heydər Əlievin həyata keçirdiyi ilk
önəmli tədbirlərdən biri milli adət və ənənələrimizin
və bu əsasda yaradılan mənəvi dəyərlər
sisteminin, milli varlığımızın əsasında
dayanan ana dilimizin qorunub saxlanılması ilə bağlı
oldu. Çünki ulu öndər yaxşı bilirdi ki, hər
bir millətin varlığını mühafizə etməsi,
adət və ənənələrini yaşatması, onun min
illər boyu yaratdığı zəngin mədəni irsini və
mənəvi dəyərlər sistemini gələcək nəsillərə
ötürə bilməsi ana dilini qoruyub saxlaya bilməsindən
asılıdır. Məhz buna görə
də Heydər Əliyev imperiyanın qılıncının
dalının da, qabağının da kəsdiyi bir vaxtda cəsarətli
bir addım atdı. O, 1978-ci ildə Azərbaycan SSR-in
yeni Konstitusiyası qəbul edilərkən sənədə
Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən
maddənin salınmasına nail oldu. O vaxt bu olduqca
böyük cəsarət hesab edilirdi.
Bununla
bağlı Heydər Əliyev sonralar o dövrü
xatırlayarkən belə demişdi: “Azərbaycan xalqı qədim
tarixə, zəngin adət-ənənələrə, mənəvi dəyərlərə, zəngin mədəni irsə malik
olan bir xalqdır. O dövrdə bizi kökümüzdən,
adət və ənənələrimizdən ayırmaq
üçün ana dilimizi bizə unutdurmaq istəyirdilər.
Mən buna imkan vermədim. Milli, mənəvi
dəyərlərimizin, adət-ənənələrimizin,
milli varlığımızın qorunub saxlanılması
üçün 1978-ci ildə qəbul edilən Azərbaycan
SSR-in Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili olduğunu bəyan
edən maddə saldırdım. Halbuki bilirdim
ki, buna görə mənə çox təzyiqlər olacaq.
Ancaq ana dilimizin qorunub saxlanılması naminə
buna getdim”.
Ötən əsrin 70-ci illərində Heydər
Əliyev tərəfindən adət və ənənələrimizin,
tariximizin, mənəvi dəyərlərimizin qorunub
saxlanılması yönündə atılan mühüm
addımlardan biri də rayonlarımızda
tarix-diyarşünaslıq muzeylərinin təşkil edilməsi
oldu. Bu tarix-diyarşünaslıq muzeyləri yalnız qədim
tariximizə aid nümunələri deyil, həm də əsrlər
boyu əldə edilən zəngin mədəni irsimizin, adət
və ənənələrimizin də qorunub
saxlanılması və gələcək nəsillərə
çatdırılması ilə bağlı tarixi bir
funksiyanı həyata keçirdilər.
1993-cü ildə xalqın təkidli tələbi ilə
yenidən Azərbaycana rəhbərlik etməyə
başlayan Heydər Əliyevin həyata keçirdiyi
uğurlu tədbirlər nəticəsində vaxtilə
qadağalara məruz qalan milli və dini bayramlar, adət və
ənənələr yenidən bərpa edildi.
Azərbaycanın milli-mənəvi dəyərlərinə
yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə
olunması məsələsi Heydər Əliyev tərəfindən
əsas vəzifələrdən biri kimi irəli
sürülmüşdür. Dövlət başçısı
bu məsələdən bəhs edərkən belə deyirdi:
“Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli
dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli adət və ənənələrimizi, tariximizi
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Bir
sözlə, Heydər Əliyev milli adət və ənənələrimizin
və bu müstəvidə formalaşdırılan milli dəyərlər
sisteminin qorunub
saxlanılmasında və bunun əsasında güclü və
qüdrətli dövlət qurulması istiqamətində
mühüm tədbirlər həyata keçirdi.
Azərbaycanda
adət və ənənələrin qorunub saxlanılması və
bu müstəvidə daha güclü və dövlət
quruculuğu istiqamətində həyata keçirilən tədbirlər
günümüzdə də davam etdirilir. Bunu Prezident
İlham Əliyevin iştirakı ilə hər il Novruz və digər milli
bayramlarımızın yüksək səviyyədə
keçirilməsi də sübut edir. Təsadüfi deyil ki,
İlham Əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə,
adət və ənənələrinə sadiq olmasına diqqəti
cəlb edərək: “Azərbaycan xalqı daim öz milli
köklərinə, adət və ənənələrinə
bağlı olmuşdur və bizim gələcək
uğurlarımız da məhz bu amillərlə
bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni
irsimizin əsasında müasir, güclü Azərbaycan
qururuq”,-deyib.
Beləliklə, milli adət və ənənələrimiz
və onların əsasında formalaşdırılan milli mənəvi
dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında
mühüm rol oynayaraq güclü və qüdrətli
dövlət quruculuğu prosesinə öz töhfəsini
verməkdə davam edir.
Əziz Mustafa
Zaman.-2014.-2 iyul.-S.7.