Hüquqi dövlət quruculuğu yeni zirvələrə
daşınır
Bəşəriyyətin yeni inkişaf dövrünə
qədəm qoyduğu XXI əsrdə də hər bir ölkənin
sivil, demokratik inkişafı, ilk növbədə, onun insan
hüquq və azadlıqlarına necə əməl etməsindən,
demokratik dəyərlərə sadiqliyindən
asılıdır. Bu müstəvidə də müasir
dünyanın ictimai-siyasi və sosial-iqtisadi
inkişafının əsasında insan hüquqlarının
yüksək səviyyədə təmin edilməsi
dayanır. Bütün bunları nəzərə
alaraq, dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan
da demokratik inkişaf yolu ilə irəlilədiyini bəyan
etmiş, insan hüquq və azadlıqlarının yüksək
səviyyədə təminatı məsələsini
özünün mühüm vəzifələrindən biri
elan etmişdir.
Azərbaycanda insan
hüquqlarının qorunması, qanunların hamı
üçün aliliyinin təmin edilməsinin əsası
Heydər Əliyevin ötən əsrin 60-cı illərinin
sonlarında Azərbaycana rəhbərlik etməyə
başlamasından sonra qoyuldu. Ulu öndər
Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən
sonra bütün diqqətini ölkədəki qanun
pozuntularının qarşısının alınmasına,
insan hüquqlarının qorunmasına yönəltdi.
Heydər Əliyevin o dövrdəki insan
hüquqlarının qorunmasına və qanunçuluğun
möhkəmləndirilməsinə yönəldilən fəaliyyəti
ilə əlaqədar bir önəmli və tarixi faktı xatırlatmaq istəyirik:
1969-cu il avqust ayının 5-i Bakıda Azərbaycan
KP MK-nın plenumu keçirilir. Çıxış
üçün söz Azərbaycan KP MK-nın I katibi
Heydər Əliyevə verilir. Ulu öndər
çıxışında Azərbaycanın gələcəyinin
ölkədə qanunların aliliyinin və insan
hüquqlarının yüksək səviyyədə təmin
edilməsindən asılı olacağına diqqəti cəlb
edərək:
“Biz ayrı-ayrı vəzifəli
şəxslərin davranışlarında özünü
büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə
göz yuma bilmərik. Mənəviyyat, əxlaq
bizim işimizə nüfuz etməlidir. Kadrları
açıq-aşkar kütlələrin gözü
qabağında seçmək, onlar haqqında kollektivin,
iş yoldaşlarının rəyini nəzərə almaq
lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi
və yerləşdirilməsindəki bir çox səhvlərin
qarşısını almaq, həmin sahədə işimizin
səviyyəsini xeyli yüksəltmək olar”,-dedi.
Zaldan alqış sədaları qopur. Bu da əsassız
deyildi. Çünki Heydər Əliyevə
kimi ölkəni idarə edənlərin heç biri sosializm
sisteminin əsas dayaqlarından biri olan hüquq-mühafizə
orqanlarının və digər idarəetmə
strukturlarının fəaliyyətini belə kəskin şəkildə
tənqid etməyə özündə cəsarət tapa bilməmişdi.
Amma Heydər Əliyev cəsarətlə idarəetmə
strukturları və hüquq-mühafizə orqanlarının
bəzi yüksək səviyyəli rəsmilərinin
insanların hüquqlarının kobud şəkildə
pozulmasına yol açan fəaliyyətlərini tənqid
etdi. Bununla da Heydər Əliyev ölkəmizdə
insan hüquqlarının müdafiəsi qanunlarının
aliliyinin qorunması məsələsini dövlətçilik
fəaliyyətinin əsas prioritet sahələrindən birinə
çevirmiş oldu. Qanunların aliliyinin və insanların
hüquqlarının daha yüksək səviyyədə təmini
məqsədi ilə Heydər Əliyev ötən əsrin 70-ci illərində,
hələ imperiyanın qılıncının
qabağının da, dalının da kəsdiyi bir vaxtda “Qoy ədalət zəfər
çalsın!” şüarını irəli sürdü. Həmin dövrdə SSRİ-də sistemdən
narazı insanlar arasında dissident hərəkatı get-gedə
güclənməkdə idi. Belə bir
vaxtda “Qoy ədalət zəfər çalsın!”
şüarını irəli sürmək əslində rejimə
qarşı çıxanları, onların SSRİ-də
insan hüquqlarının kobud şəkildə pozulması
ilə bağlı dediklərini dəstəkləmək demək
idi. Heydər Əliyev Moskvanın buna sərt reaksiya verəcəyini
bilsə də, heç nədən çəkinmədən
“Qoy ədalət zəfər çalsın!”
şüarını irəli sürərək, haqqın və
ədalətin bərpasını, insan hüquqlarının
qorunmasını özünün ali və müqəddəs
vəzifələrindən birinə çevirdi.
Heydər Əliyevin Azərbaycanda insan
hüquqlarının qorunması, ədalətli cəmiyyət
uğrunda apardığı mübarizəsini həmin
dövrdə hüquq fakültəsinə qəbulla
bağlı qəbul etdiyi müdrik və uzaqgörən qərar
da sübut edir. Xatırladaq ki, 70-ci illərdə bəzi
vəzifəli şəxslər Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq,
Tarix və Şərqşünaslıq fakültələrini
öz monopoliyalarına alaraq, ora imkansız ailələrdən
çıxan gənclərin daxil olmasına imkan vermirdilər.
Bunu görən Heydər Əliyev sadə, zəhmətkeş
ailələrdən çıxan istedadlı gənclərin
hüquq, şərqşünaslıq və tarix fakültələrinə
qəbuluna imkan yaratmaq üçün vəzifəli şəxslərin
övladlarının adları çəkilən
fakültələrə qəbuluna qadağa qoydu. Bu isə, öz növbəsində, cəmiyyətimizdə
böyük sevinclə qarşılanaraq, yüzlərlə
istedadlı, ancaq imkansız gəncin adıçəkilən
fakültələrə qəbul olunmasına və onların
pozulmuş hüquqlarının bərpasına yol
açdı.
Üstündən
illər ötəndən sonra, 2000-ci il
iyun ayının 22-də Azərbaycan mətbuatının
yaradılmasının 125 illiyi ilə bağlı
keçirilən yubiley toplantısındakı
çıxışında ulu öndər o illəri
xatırlayaraq: “70-ci illərdə hüquq fakültəsinə
hər il 50 nəfər qəbul olunurdu. Mən
bir dəfə baxıb gördüm ki, hüquq fakültəsinə
qəbul olunanların 95 faizi prokurorun, məhkəmə sədrinin,
nazirin oğludur və sairə. Yaxşı,
belə çıxır ki, atası prokuror, sonra oğlu,
sonra da nəvəsi prokuror olacaq. Bəs
başqa ailələrdən olan istedadlı gənclər necə
olsun? Bəzilərinin heç atası
yoxdur, bəs o, hüquq fakültəsinə necə daxil
olsun? O vaxt hüquq, tarix, şərqşünaslıq fakültələri çox
modda idi. Mən vəzifədə olan şəxslərin,
xüsusən hüquq-mühafizə orqanlarında - milisdə,
prokurorluqda və sairədə çalışan şəxslərin
uşaqlarının bu fakültələrə qəbul
olunmasını qadağan etdim. Bu, cəmiyyətdə
çox böyük əhvali-ruhiyyə yaratdı. Mən bunu millətimizə görə
etdim”,-demişdi.
Bütün bunları isə Heydər Əliyevin o
dövrdə insan hüquqlarının qorunması və
qanunların aliliyinin təmin edilməsi sahəsində
apardığı şərəf dolu mübarizəsinin zirvəsi
hesab etmək olar.
Bir
sözlə, həmin dövrdə ümummilli lider dərin zəkası,
qeyri-adi idarəçilik keyfiyyətləri ilə qanunçuluğu, insan
hüquqlarının qorunmasını təmin etmək və
bu yolla dövlətçilik ənənələrini yeni zirvələrə
qaldırmaqla, Azərbaycanın gələcəkdə
müstəqilliyi üçün zəruri hüquqi baza
formalaşdırmış oldu.
Azərbaycan
Şərqdə ölüm hökmünü qadağan edən
ilk dövlət kimi tarixə düşdü
1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə
yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin həyata
keçirdiyi ilk tədbirlərdən biri Azərbaycanda
qanunçuluğun pozulmasının qarşısının
alınması və insan hüquqlarının bərpası
oldu.
Ulu
öndər 1994-cü il avqust
ayının 9-da “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
haqqında” tarixi fərmanını imzaladı. Bununla da Azərbaycanda insan hüquqlarının
qorunması sahəsində yeni, şərəfli bir dövr
başladı.
Heydər
Əliyevin rəhbərliyi ilə 1995-ci il
noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyasında demokratik, hüquqi dövlət
quruculuğu və insan haqlarının qorunması dövlətimizin
ali, strateji məqsədi kimi önə
çıxarılıb. İlk dəfə
olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə
bir hissəsi məhz insan hüquq və
azadlıqlarını özündə ehtiva edir. Bu Konstitusiyanı insan hüquqlarının
qorunması, qanunların aliliyinin bərpa edilməsi və
dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından Heydər Əliyevin şah əsəri
adlandırmaq olar.
Azərbaycanda insan hüquqlarının qorunması sahəsində
Heydər Əliyev tərəfindən həyata keçirilən
uğurlu tədbirlər sonrakı illərdə də davam
etdirildi. Bu
müstəvidə də ulu öndər 1998-ci il
fevral ayının 10-da Azərbaycanda ölüm hökmünün
ləğv edilməsi barədə sərəncam imzaladı.
Bununla da Şərqdə qadınlara ilk
seçki hüququ verən, ilk dəfə respublika
üsul-idarəsi quran Azərbaycan həm də Şərqdə
ölüm hökmünü qadağan edən ilk dövlət
kimi tarixə düşdü.
Ulu
öndər ölüm hökmünü ləğv etməklə
bəşəri humanizmə və beynəlxalq hüquq
normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi
deyil ki, məşhur siyasi xadim Zbiqnev Bjezinski 1998-ci ildə
etdiyi çıxışlarının birində: “Heydər
Əliyev zəngin dövlətçilik və idarəetmə
təcrübəsi əsasında qısa müddətdə
Azərbaycanda insan hüquqlarının ən yüksək səviyyədə
təmin edilməsinə nail olub”, -demişdi.
Heydər
Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə
“İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında” qanun, “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”, “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul
olundu və Avropa insan hüquqları konvensiyası təsdiq
edildi.
Heydər Əliyev ədalətli və müdrik dövlət
rəhbəri kimi yaxşı bilirdi ki, hər bir dövlətin
gələcəyi yalnız qanunların işləməsindən,
insan hüquqlarının qorunmasından asılıdır. Ona görə də Heydər
Əliyev hər bir vətəndaşın hüquq və
azadlıqlarının təmin edilməsini dövlətin ali vəzifəsinə çevirdi.
İnsan
hüquqlarının təminatı Azərbaycan dövlətinin
ali məqsədidir
Ulu öndərin layiqli davamçısı İlham
Əliyev prezident seçildiyi ilk günlərdən insan
hüquqlarının təmini ilə bağlı bir sıra
tədbirlər həyata keçirməklə hüquqi
dövlət quruculuğunun Azərbaycan dövlətinin
prioritet sahəsi olaraq qalacağını nümayiş
etdirdi.
Bu
müstəvidə də İlham Əliyevin 28 dekabr
2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı” qəbul edildi. Bu sənəd 30-dan
artıq dövlət orqanları qarşısında insan
hüquqlarının qorunması sahəsində mühüm
vəzifələr qoyub. Prezident İlham
Əliyevin digər sərəncamı ilə isə 18 iyun Azərbaycanda
İnsan Hüquqları Günü elan olundu.
Bütün bunlar da ölkəmizdə insan
hüquqlarının və azadlıqlarının yüksək
səviyyədə qorunması məsələsinin prioritet
sahəyə çevrildiyini və insan hüquqlarının
təminatı məsələsinin Azərbaycan dövlətinin
ali məqsədi olduğunu bir daha təsdiqləyir.
Bir sözlə, Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən kompleks tədbirlər nəticəsində
şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat,
vicdan azadlığı, bütün vətəndaşların
bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda
demokratik cəmiyyətin əsas atributlarına çevrilib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Əziz
Mustafa
Zaman.-2014.-2 iyul.-S.13.