“Hüququnu bilən
istənilən şəxs onu müdafiə
etməyi bacarır”
Hüququnu bilməyən insan onu müdafiə edə
bilməz. Etiraf edək ki, bəzən
cəmiyyətdə bu
sahədə üzləşdiyimiz
problemlərin çoxunun
kökündə məhz
bu durur. Hüquqşünas İlham Məmmədovun fikrincə, indiki dövrdə hüququnu bilən istənilən şəxs onu müdafiə etməyi bacarır. Məlumat
üçün bildirək
ki, İ. Məmmədov
“Proqress” hüquq şirkətinin hüquqşünasıdır:
“Hüquqi və fiziki şəxslərə
hüquqi məsələlərlə
bağlı xidmət
göstəririk. Onların problemlərinin
hüquqi yolla, hüquqi sənədlərlə
həllinə köməklik
göstərməyə çalışırıq.
Təbii
ki, bura əcnəbilər də daxildirlər”.
“Sizə ən çox hansı məsələlərlə
bağlı müraciət
edilir?”, - sualımıza onun cavabı belə oldu: “Bizim şirkətimiz
daha çox hüquqi şəxslərlə
işləyir. Müqavilələrin bağlanması, araşdırma
və təhlillərin
aparılması, kadr məsələlərinin həlli,
üçüncü şəxslər
qarşısında götürülmüş
öhdəliklər, məhkəmə
mübahisələri və
digər işlərdə
köməkliyimizi əsirgəmirik.
Hüquqi şəxslər bəllidir ki, ən çox iqtisadi mübahisələrlə
üzləşirlər. Bunlarla bağlı xidmətlər
də göstəririk.
Fiziki şəxslər isə ən çox ailə, əmlak məsələləri ilə
bağlı müraciət
edirlər. Bunları
da xırdalasaq, boşanma, aliment tələbi,
atalığın müəyyən
edilməsi, anaya
aliment ayrılması, uşağın
kimdə qalması məsələlərini qeyd
etmək olar. Ailə məsələləri təkcə
boşanmadan ibarət
deyil. Digər problemlər də
var. Ailə qanunvericiliyinə
görə, tərəflər
arasında yarana biləcək hər hansı problemi həll etmək üçün nikah müqaviləsi bağlanmalıdır.
Nikah müqaviləsi tərəflərin
hüquq və öhdəliklərini müəyyən
edir. Əgər gələcəkdə hər hansı problem yaranarsa, tərəflər
bu müqavilə əsasında problemi ədalətli və hüquqi yolla həll edirlər. Təəssüf ki, xüsusən
bölgələrdə rəsmi
nikaha girmədən molla kəbini ilə ailə qururlar. Bu isə
çox böyük problemlərə səbəb
olur. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı da problemlər mövcuddur.
Bundan başqa, fiziki şəxslərin ikinci və üçüncü
şəxslər qarşısında
götürdüyü öhdəliklərin
həll olunması ilə bağlı da müraciətlər kifayət qədərdir.
Bunlar əmlak məsələləri də
ola bilər,
borc məsələləri
də ola bilər, hər hansı şəxslər
qarşısında üzərinə
götürülən zaminliklə
də bağlı ola bilər və s”.
“Hüquqşünas hüquq
sahəsində hər
şeyi bilir” demək doğru deyil”
“Müasir dövrdə vəkilə,
hüquqşünasa müraciət
nə qədər effektlidir?” sualımıza
müsahibimiz belə cavab verdi:
“Əslində bu, işə görə dəyişir. Elə məsələlər var ki, orada
tərəflər arasında
mübahisələr zamanı,
məsələn, məhkəmələrdə,
xüsusilə cinayət
işlərində - vəkilin
tutulması məcburidir.
Vəkildən (hüquqşünasdan) məsləhət alaraq fiziki və hüquqi şəxslərin
hərəkət etmələri
daha effektlidir. Elə vətəndaşlar var ki, öz hüquqlarını
bilirlər. Amma bilməyən
bir çox insanlar vəkilə, hüquqşünasa müraciət
edirlər və effektli olur. Şərt deyil ki, müraciət
edilən şəxs hüquqşünas olsun, hüququ bilən, təcrübəsi olan adamlar da məsləhət
verə və yol göstərə bilərlər. Bütün hallarda
məsləhət almağın,
məsləhətləşməyin faydaları var. Bu, Avropa ölkələrində geniş
yayılıb, Azərbaycanda
da başlamaq üzrədir. Artıq daimi
olaraq vəkillərlə
işləyən ailələr
var. Onların sayı
getdikcə artmaqdadır.
Bəzən bu məsələlər
tanışlıqla da
olur. Məsələn, elə tanışlarım
var ki, ən
azından zəng vurub mənimlə məsləhətləşirlər”.
“Hüquqşünas
hüquq sahəsində
hər şeyi bilir” demək doğru deyil. Söhbət
ondan gedir ki, hüquqşünaslar da müxtəlif sahələr üzrə ixtisaslaşa bilirlər.
Məsələn, kimisi
bank sektorunu yaxşı
bilir, kimisi əmlak sektorunu və s. Təbii ki, hüquqşünas digər vətəndaşlarla
müqayisədə bütün
sahələr üzrə
hüquq və vəzifələri daha yaxşı bilir, bunun əsasında yol göstərir, fikirlərini bildirirlər.
Hüquqşünasların işi, belə
deyək, dolaşığa
düşən bir məsələnin ədalətli
həllinə nail olmaqdır.
Amma elə insanlar da var,
vəkilə müraciət
etmək üçün
maddi imkanları yoxdur”,-deyə qeyd edən müsahibimizin fikrincə, belə hallarda hüquqşünaslar
dəstəklərini əsirgəmirlər:
“Lakin hüquqşünas
da var ki,
gəlir oturur və saatı qurur ki, xidmət
pulludur, saat hesabı pulumu ödəməlisiniz. Əslində bu, qeyri-qanuni bir şey deyil,
onun haqqıdır”.
“Vətəndaşların
öz hüquqlarını
bilmələri vacibdir”
Bəs hüququ
bilməyin bir vətəndaş üçün
üstünlüyü nədir? İlham
Məmmədov deyir ki, bunun çox
böyük üstünlükləri
var: “Mənim qənaətimə görə,
indiki halda qanunu bilən insan hüququnu müdafiə edə bilir. Müəyyən çətinliklər ola bilər, ancaq əksər hallarda məsələ vətəndaşın xeyrinə
həll olur. Vətəndaşlarımız bir çox
hallarda müxtəlif
qurumlarda öz hüquqlarının tələbi
baxımından çətinliklərlə
üzləşirlər. Əgər bir vətəndaş notariusa gedib imzasını təsdiq etdirməyi bacarmırsa, çətin ki, ondan qeyri-qanuni nə isə tələb edən birinə tabe olmaya. Dünyanın
istənilən ölkəsində
qeyri-qanuni nə isə ola
bilər. Hüququn işləmədiyi yerdə heç bir müəssisə, dövlət və qeyri-dövlət təşkilatı
işləyə bilməz.
İnsanların doğru maarifləndirilməsi,
təbliğat işlərinin
aparılması lazımdır.
Hər hansı bir dövlət müəssisəsinə
yaxınlaşanda nə
ilə bağlı müraciət edirsinizsə,
işin icrası ilə məşğul olan məmurdan işin həlli ilə bağlı məsləhət almaq olar. Məmurun vətəndaşa problemin həll edilməsi üçün
səlahiyyətləri daxilində
yardım etməsi onun vəzifə borcudur. Bundan başqa, bəzi
orqanlarda (notarius,
polis, məhkəmə, vergi
və s.) aidiyyəti üzrə istənilən
sənədin yazılma
qaydası və nümunəsi olur. Həmin nümunələrdən istifadə
etməklə özünüz
sizə lazım olan sənədi doldura bilərsiniz. Vətəndaşların öz hüquqlarını
bilmələri vacibdir.
Bəzən onların məlumatsızlığından
istifadə olunur.
Bəzən bizdə çox yalnış olaraq deyirlər ki, vətəndaşlar öz
hüquqlarını bilsəydilər,
hüquqşünas olardılar. Xeyr, belə
deyil. Məsələ hüquqşünas olmaqda deyil, məsələ nəyi necə edəcəyini bilməkdədir”.
“Azərbaycan öz hüquq sistemini ildən-ilə təkmilləşdirir”
İ. Məmmədov qanunlarımızın
dilinin qəliz olduğunu deyir: “Təbii ki, ildən-ilə qanunlarımızda
dəyişikliklər olur.
Amma ümumən götürəndə
hüquq ədəbiyyatımızın
dilində çətinliklər
var. Professional hüquqşünaslar da, vəkillər də, hakimlər də müəyyən çətinliklər yaşayırlar.
Bəzən hansısa bir
maddənin müəyyən
bir işlə əlaqədar tətbiq edilməsində çətinliklər
yaranır. Bəzən yanlış
və ya tam başqa bir mənada anlaşılmalar
da olur. Bu məsələlərin həlli ilə bağlı yuxarı instansiyalara müraciət
olunur və onlar şərhlər, izahatlar verirlər. Məhz bundan sonra aşağı
instansiyalarda, inzibati orqanlarda tətbiq edilir. Məsələn, vergi qanunvericiliyi
ilə mülki qanunvericilikdə məhkəmə
mübahisələri zamanı
ziddiyyətlər yaranır.
Bunlar da dediyim kimi,
şərhlər verilməklə
aydınlaşdırılır. Təbii ki, zamanla bunlar
aradan qalxacaq. Azərbaycan gənc dövlətdir, öz hüquq sistemini ildən-ilə təkmilləşdirir. Gördüyünüz kimi, Milli Məclis
hər sessiyada qanunlara dəyişiklik edir, yeniləri qəbul olunur və s. Onu da deyim ki,
bütün dəyişikliklər
müsbətə doğrudur.
Mən bir hüquqşünas olaraq, qanunların dəyişməsi ilə
işlərin asanlaşdığını
görürəm. Çətinliyə doğru heç nə yoxdur. “Elektron hökumət”ə
keçid də çox ciddi mənada qanun pozuntularının qarşısını
alacaq. Hətta mən deyərdim
ki, biz “elektron hökumət”dən fantastik
nəticə gözləyirik.
Artıq
elektron xidmətin tətbiq olunduğu sahələrdə məmur
süründürməçiliyinin qarşısı tamamilə
alınmağa başlayıb.
Bu, insanların psixologiyasına da çox yaxşı təsir edir. Onlar xidmətdən razıdırlar və s. Yaxın gələcəkdə
ölkəmizdə bu
sahədə çox
böyük müsbət
nəticələrin şahidi
olacağımıza inanıram”.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Nicat İntiqam
Zaman.-2014.-3 iyul.-S.13.