“Hüquqlarımızı müdafiə etmək üçün qanunları əzbər bilməyimiz kifayət etməz”

 

Hansısa sahədə hüququmuz pozulanda ya qarşı tərəfi ittiham edib, hay-küy salırıq, ya da “şirinliklə məsələni “şirinləşdirməyə” çalışırıq.

 Amma heç düşünmürük ki, bu vəziyyətin yaranmasında bizim hüququmuzu bilməməyimizin rolu heç də az deyil. Elə isə heç bu barədə düşünürükmü? Hüquqşünas İlham Məmmədov deyir ki, hər kəsin öz hüquqlarını qanunla müəyyən olunmuş çərçivədə müdafiə etmək haqqı var: “İstər dövlət, istərsə də qeyri-dövlət orqanlarında ictimai münasibətləri tənzimləyən qanunlar mövcuddur. Vətəndaşlarımızın hüquqları pozulan zaman öz haqlarını tələb etmək kimi imkanları var. Bunun üçün də, ilk növbədə, insanlar öz hüquqlarını bilməlidirlər”. Onun sözlərinə görə, öz hüquqlarını müdafiə etmək üçün, sadəcə, qanunvericiliyin bütün maddələrini əzbər bilmək kifayət etmir.

Psixoloq Hüseyn Xəlilov insanların öz hüquqlarını müdafiə edə bilməməsinin səbəblərini psixoloji aspektdən izah edərkən bildirdi ki, bəzi insanlar kompleksli olduqları üçün ictimaiyyət arasında öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər.

Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək dövlət qurumunun yaradılması gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, hazırda çoxlu sayda hüquq şirkətləri var. Amma onlar ödənişli olduğundan və hər kəsin həmin xidmətdən bəhrələnmək imkanı yoxdur: “İndiki iqtisadi inkişaf şəraitində Azərbaycan dövlətinin artıq kifayət qədər imkanı var ki, pulsuz hüquqi yardımı həyata keçirən, büdcədən maliyyələşən qurum yaradılsın, bu qurum maliyyələşdirilsin və aztəminatlı insanlar həmin o qurumdan davamlı şəkildə pulsuz hüquqi yardım ala bilsinlər”.

Bəzən fərqində olmadan dəfələrlə hüquqlarımızın pozulduğunun, yaxud da kimlərinsə haqlarını çeynədiyimizi oturub düşünsək, kim bilir, üzr istəməli olduğumuz nə qədər insan var... Bu, sadəcə, qanun qarşısında cavabdeh olduğumuz üçün deyil, insanların qəlbini qırmağa haqqımız olmadığına və bu halların yaranmaması üçün öz davranışlarımıza diqqət etməyə kifayət qədər əsas verər. Hələ XIX əsrdə Kant deyirdi ki, “İnsan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyil”. Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır. Yəni insan hüquqlarının təmin olunması və insanların xoşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır. Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunmuşdur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir.

Bəzən vətəndaşlarımız haqlarının pozulduğu halda, nədənsə öz hüquqlarını müdafiə etməkdə problem yaşayırlar. Ən bəsit örnək olaraq onu deyə bilərəm ki, hər gün istifadə etdiyimiz ictimai nəqliyyatda bəzən ya sürücü, ya da sərnişinlər haqsız yerə kobud ifadələrə məruz qalırlar. Ancaq baxırsan ki, haqlı tərəf bir kənarda qalır, digər tərəf isə ürəyini yetə-     rincə boşaldır. Çox maraqlıdır, bu kimi hallarla qarşılaşan insanlar hüquqlarını bilmədikləri üçün razılaşıb susurlar, yoxsa “yersiz” şəkildə səs-küyə səbəb olmayıb, məsələni səssiz şəkildə yola vermək üçünmü? Yaxud da millətimizə xas olan ürəyi yumuşaqlıqdan dolayı hadisənin üzərinə çox getmirlər?

Bununla bağlı qəzetimizin suallarını cavablandıran hüquqşünas İlham Məmmədov hər kəsin öz hüquqlarını qanunla müəyyən olunmuş çərçivədə müdafiə etmək haqqının olduğunu bildirdi: “İstər dövlət, istərsə də qeyri-dövlət orqanlarında ictimai münasibətləri tənzimləyən qanunlar mövcuddur. Vətəndaşlarımızın hüquqlarının pozulan zaman öz haqlarını tələb etmək kimi imkanları var. Bunun üçün də, ilk növbədə, insanlar öz hüquqlarını bilməlidirlər”.

 

Ancaq İlham Məmmədov öz hüquqlarını müdafiə etmək üçün, sadəcə, qanunvericiliyin bütün maddələrini əzbər bilməyin kifayət etmədiyini bildirdi: “Konstitusiyada ümumi müddəalar göstərildiyi üçün bunu bütün vətəndaşların əzbərləyərək doğru şəkildə istifadə edə bilmələri mümkün deyil. Buna görə də düşünürəm ki, bütün maddələri əzbərləmək, öz hüquqlarını bilib, onu müdafiə etmək anlamına gəlməz. Günlük fəaliyyət sahələrində rastlaşdıqları xoşagəlməz və onların haqlarının tapdalandığı məsələlərlə bağlı müvafiq orqanlara müraciət etməlidirlər. Bu yolla haqlı tərəfin hüquqları müdafiə olunar, eyni zamanda qarşı tərəf isə etdiyi yanlışa görə lazımi şəkildə məsuliyyətə cəlb oluna bilər. Məsələn, hər gün istifadə etdiyimiz ictimai nəqliyyatı misal göstərsək, onu deyə bilərik ki, əgər sürücü avtobusu dayanacaqda deyil, dayanacaqdan kənarda saxlayarsa və yaxud bu kimi hallarla qarşılaşarsa, sərnişinlərin rahat bir şəkildə öz haqlarını tələb etmək imkanları var. Bunun üçün həmin vətəndaşlar aidiyyəti üzrə nəqliyyatın düzgün idarə olunmaması, vətəndaşların həyati təhlükələrlə rastlaşmaları və ya hüquqlarının tapdanması ilə bağlı aidiyyəti orqanlara müraciət edə bilərlər.

Bəzən insanlar bu kimi situasiya qarşısında nə edəcəklərini bilmirlər. İlham Məmmədovun sözlərinə görə, bu kimi hallarla qarşılaşdıqları zaman gərək  vətəndaşlarımız səssiz qalmasınlar: “Əgər edilən haqsızlıq insanlar tərəfindən səssiz şəkildə qarşılanarsa, bu onlarda gələcəkdə narahatlığa və bu kimi halların növbəti dəfə də təkrarlanmasına zəmin yaratmış olar”. Bildiyimiz kimi, Azərbaycanda dövlət xəstəxanalarında müayinə və müalicələr pulsuzdur. Bu konkret olaraq dövlətin qoyduğu qanundur. Yox, əgər həkim ona müraciət edən vətəndaşdan zorla pul tələb edərsə, bu zaman vətəndaş həmin həkim barəsində qanunla müəyyən edilmiş formada tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət etməlidir. Əgər vətəndaşların müraciətlərinə araşdırma tələb edən bir vəziyyət olarsa, onda 30 gün müddətində, əks halda isə 15 gün müddətində baxılır”. İ. Məmmədov bir məsələni də diqqətə çatdırdı ki, bəzən həkimə müraciət edən şəxs bu kimi hallarla qarşılaşsa da, ondan tələb edilən miqdardan boyun qaçırmır: “İnsanların düşüncəsində “Pul verməsəm, həkim düzgün müalicə etməz” qorxusu var. Buna görə də haqsızlığa göz yumurlar. Əgər könüllü şəkildə həkimə pul təklif olunar və həkim də bundan imtina etməzsə, bu halda hər iki tərəf  məsuliyyət daşımış olur”.

Azərbaycanda insanlar arasında hüquqi maarifləndirmə hal-hazırda geniş vüsət alıb. İlham Məmmədov bu sahədə tədbirlər görüldüyünü vurğuladı: “Dövlətin və Qeyri-Hökumət Təşkilatlarının planlarında maarifləndirici tədbirlər nəzərdə tutulub. Bununla bağlı seminar və tədbirlərin keçirilməsi ilə yanaşı, eyni zamanda mediada bu kimi təlimlər canlandırılıb insanlara çatdırılsa, daha gözəl addım olacağını düşünürəm. İnsanların öz hüquqlarını müdafiə etməsində isə hesab edirəm ki, vətəndaş tələbkarlığı ən vacib şərtlərdən biridir”. Məlumat üçün qeyd edək ki, Təhsil və Ədliyyə nazirliklərinin təşkilatçılığı ilə Bakının 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərində hüquq dərsləri keçilir. Layihənin gələcəkdə digər tam orta məktəblərdə də keçirilməsi nəzərdə tutulur.

Psixoloq Hüseyn Xəlilov insanların öz hüquqlarını müdafiə edə bilməməsinin səbəblərini psixoloji aspektdən izah edərkən bildirdi ki, bəzi insanlar kompleksli olduqları üçün ictimaiyyət arasında öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər: “Elə insanlar var ki, toplum içərisində hər hansı bir məsələ ilə bağlı müzakirəyə qarışmaqdan belə çəkinirlər. İctimai fobiyası olan belə insanlar bu kimi hallarla qarşılaşdıqları zaman düşünürlər ki, “səsimi qaldırsam, hamı məni eşidər, ayıb olar”. Ancaq bütün bu hallara baxmayaraq, insanlar gərək öz haqlarını tələb etsinlər. Əks halda, bu düşüncə insanlarda özlərinə güvən hissinin daha da azalmasına və hər dəfə eyni hadisələrlə yenidən qarşılaşmalarına gətirib çıxarar”.

Hüseyn müəllim insanların haqlı ikən susmağı tərcih etmələrinin tək səbəbinin bu olmadığını da diqqətə çatdırdı: “Bəzi insanlar da var ki, haqlarını tələb etməyi bacarırlar, ancaq onlar da səbirli olmağa və vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Sözlərini deməkdən çəkinməsələr də, qarşı tərəfdən alacağı gözlənilməz cavabdan çəkinərək sözlərini deməyə cəsarət etmirlər. Bu tip insanlarda komplekslilik olmasa da, psixoloji gərginlik, fobiya özünü göstərir”. H. Xəlilov bütün bunları azərbaycanlılara xas olan tolerantlıq hisslərinin özünü göstərməsi ilə də əlaqələndirdi: “Bilirsiniz ki, azərbaycanlılar hər zaman bu və buna bənzər hallarda qarşısındakı şəxsə tolerant münasibət göstərirlər. Ona görə də belə vəziyyətdə insanlar mümkün qədər qarşı tərəflə empatiya qurmağa çalışırlar. Ancaq doğru olardı ki, insanlar bu vəziyyətdə gərək öz haqlarını qışqır-bağır salmadan, uyğun bir şəkildə tələb etməyi bacarsınlar”. Hüquqlarımızın pozulduğunu kiminsə dilindən eşitməklə kifayətlənməməliyik. Ən azından Konstitusiyada təsbitini tapmış normaları öyrənməliyik..

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

Zaman.-2014.-5 iyul.-S.13.