“Saza da, aşığa da dil öyrətmək lazımdır”

 

Aşıq Əhliman Rəhimov aşıq sənətimizin tanınmış nümayəndələrindən biridir. Uşaq vaxtlarından 72 havanın sehrinə düşmüş Aşıq Əhliman bu gün də bu sənətin ən gözəl ənənələrini yaşadır və inkişaf etdirir, onun sirlərini gənclərə öyrədir. Bu günlərdə onunla görüşüb, bizi maraqlandıran sualları cavablandırmasını xahiş etdik. Beləliklə, həmsöhbətimiz Mədəniyyət və İncəsənət Universitetinin Aşıq kafedrasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət xadimi Aşıq Əhliman Rəhimovdur.

 - Əhliman müəllim, bəlkə söhbətimizə bu sənətə gəlişinizdən başlayaq?

- Orta məktəb illərindən musiqi alətlərinə böyük marağım olub (Onu da deyim ki, bütün sahələrdə, o cümlədən sənət aləmində maraq mühüm əhəmiyyət kəsb edir). Hələ altıncı sinifdə oxuyarkən kənd klubunun pəncərəsini qırıb, oradan tar oğurlamışdım. Buna görə klub müdiri məndən şikayət də etmişdi. Ələsgər adlı sahə müvəkkili məktəb müəllimlərinin iştirakı ilə bu məsələni müzakirə edəndə direktorumuza dedi ki, bəs bu uşağın sənətə böyük marağı var, lakin siz onu duymaqda çətinlik çəkirsiniz, nə olar, adama bir-iki manat pul toplayıb ona bir tar alanda... Uzun sözün qısası, bu hadisədən sonra müəllimlərim mənə tar aldılar. Oğurladığım iki simdən ibarət tarı  isə klubun müdirinə qaytardım. 

- Sizin bu hərəkətinizə məktəb yoldaşlarınız necə reaksiya verdilər? Yəni adınızın qarşısına hansısa bir epitet qoymadılar ki?

- Yox, əksinə, mənim bu hərəkətim uşaqlara  ləzzət eləmişdi.

- Bəs saza məhəbbətiniz necə baş qaldırdı?

- O tarı üç aya yaxın dilləndirəndən sonra ondan üz çevirdim. Bunun da bir səbəbi var. Belə ki, o zamanlar kənd yerlərində keçirilən toylara tarzənlərdən çox, aşıqlar dəvət olunardılar. Mən də onlara maraqla qulaq asardım. Az sonra saza olan maraq məni onun sehrinə saldı. İnandırım sizi, ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Aşıq Məmmədağa çalıb-oxuyurdusa o məclisə özümü yetirərdim. Bu yerdə bir məsələyə toxunmaq istərdim. O zamanlar adlarını çəkdiyim həmin aşıqlar öz şirin söhbətləri, hazırcavablıqları, mimika və jestləri ilə məclislərə elə bəzək vurardılar ki, elə ədəb-ərkan göstərərdilər ki, camaat istər-istəməz onların sehrinə düşürdü. Bir sözlə, onların iştirakı ilə keçirilən hər toy ədəb-ərkan məclisinə, bayrama çevrilərdi. Hətta belə məclislərdən sonra camaat günlərlə onlardan danışardı. Mən də camaata belə bayramları yaşatmaq sevdasına düşdüm.

- Yəqin kəndinizdə aşıq var idi...

- Yox, mən elə kənddə (Ucarın 40 kilometrliyində yerləşən Bərgüşad kəndində) böyümüşəm ki, orada aşıq olmayıb. Məlumat üçün qeyd edim ki, məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan və Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış Həbibi məhz bu kənddə anadan olub.

- İlk sazınız yadınıza gəlir?           

- Hə, düşdüyüm sevdadan anamı hali elədim və ondan mənə saz almasını xahiş etdim. İndiki kimi yadımdadır: o günlərdə də camışımızı satmışdıq. Anam (atam Rəhim kişi 1962-ci ildə Haqq dünyasına qovuşub, rəhmətlik yuxu kimi yadıma gəlir. Ailədə 3 qardaş, iki bacı olmuşuq) satdığı camışın pulundan mənə yüz manat verib dedi ki, madam ki, saza vurulmusan, get al (O zaman bu qiymətə babat saz almaq olurdu). Mən də pulu götürüb cumdum Bərdə şəhərindəki sazbənd Bəhmən kişinin yanına. Bəhmən kişi (Allah rəhmət eləsin) saza dəlicəsinə vurulduğumu görcək dedi ki, bəs sazı sənə yüz manata deyil, səksən manata verəcəyəm. İndi də o kişini rəhmətlə yad edirəm. Nə xoşbəxtdir bu dünyada rəhmət qazanan insanlar. Bilirsinizmi, Şücaət belə kişilər haqqında nə deyib? O deyib:

Şücaətəm çox nəğmələr qoşaram,

Mahnılarda çağlayaram coşaram,

Bir anlıq ömrümü elə yaşaram

Dünyadan köçəndə söyülmərəm mən.

- Sazın, həqiqi mənada, nə olduğunu nə vaxt dərk etmisiniz?

 

- Təxminən 18-19 yaşımda...

“Hər əlinə saz götürənə...”

- Əhliman müəllim, aşıqların hazırcavablığından söz açdınız. Sizə elə gəlmirmi meyxana aşıqların deyişmələri əsasında formalaşıb?

- Mənim fikrimcə, meyxananın kökünü elə aşıq sənətində axtarmaq lazımdır. Unutmayaq ki, aşıq sənəti daha qədimdir.

- Amma etiraf edək ki, son illər aşıq sənəti sanki öz yolundan çıxıb... Necə deyərlər, indi bəzi aşıqlar ağır oturub, batman gəlmirlər. Saz ilə elə oyunlardan çıxırlar ki...

- Aşıq sənətinin nizamnaməsini Aşıq Ələsgər yazıb:

Aşıq olub diyar-diyar gəzənin,

Əzəl başdan pürkamalı gərəkdir.

Oturub duranda ədəbin bilə

Mərifət elmində dolu gərəkdir.

Nə yazıq ki, son illər bu nizamnaməyə əməl olunmur. Mənim fikrimcə, belə şeylərin kökündə savadsızlıq durur. Onu da deyim ki, belələrinə bu gün hər bir sənət aləmində rast gəlmək mümkündür. Yeri gəlmişkən, bir dəfə məclislərin birində gördüm ki, bir titullu müğənni Səməd Vurğunun “Azərbaycan” şeirindən “Könlüm keçir Qarabağdan” başlığı ilə başlayan bəndi oxuyur. Maraq xatirinə soruşdum ki, oxuduğun bəndin müəllifinin kim olduğunu bilirsənmi? Nə desə yaxşıdır:- “Xan əmi”. Deyirəm, o deyil axı. Mənə deyir ki, ola bilməz, axı orada Xan əminin adı çəkilir. Nə isə... Bir də unutmayın ki, hər əlinə saz götürənə ustad aşıq deməzlər.

Min il də ötüşsə qohum olmaz yad,

Hər saz götürənə deməzlər ustad.

Aşığın ustadı olmalıdır. Aşıq ustad məktəbi keçməlidir. Təbii ki, məktəb keçməyən adam əlinə saz alıb səhnəyə çıxanda, aşıq sənəti nüfuzdan düşəcək. Mən ustadlar görmüşəm, ona görə Aşıq Əhliman olmuşam. Bəli, yenə deyirəm, yaxşı ki, bağbanlar var, biz necə pöhrələnərdik, yaxşı ki ustadlar var, biz kimdən bəhrələnərdik? Yaxşı ki, o ustadları biz görmüşük indi kimdən öyrənə bilərdik? Ustad görmüş aşığın sinəsi söz ilə dolu olar. Ustad görmüş aşıq həmin sözlərdən yerli-yatağında iştifadə edər. Yeri gəlmişkən, insan qəbir evinə qədər görüb-götürməlidir. Mən indi də öyrənirəm. İnandırım sizi, yeni bir fikir, yeni bir şeir eşidəndə ona elə hakim kəsilirəm ki... Bir sözlə, öyrənməyi özümə ar bilmirəm. Yox, elə bilməyin ki, alim olmağa çalışıram. Yeri gəlib qoy deyim:

Söyüdü badama calaq etdilər,

Söyüd pöhrələndi, badam olmadı.

Nadana nə qədər elm öyrətdilər

Nadan alim oldu, adam olmadı.

Yeri gəlmişkən, bu qoşmanı tədbirlərin birində tanımadığım bir adamdan eşidib, hafizəmə həkk etmişəm.

- Aşıq sənəti bizə Dədə Qorquddan yadigar qalıb. Bəs bu yadigarla elə rəftar edənlərə qarşı üsyan etmirsiniz?

- Biz aşıq sənəti ilə belə rəftar edənlərə öz iradımızı bildiririk. Amma nədənsə eşitməməzliyə vururlar. Bir də, bizdə belə bir deyim var: hər aşiqin öz dövranı var. Bunlar öz dövranlarını sürməlidirlər... Buna görə o qədər də narahat olmağa dəyməz. Bir də, hər dövranın öz tələbləri var da. Görünür, indikilərin tələbatı mənasız mahnılardır. Hər halda bu, aşıq sənətində çiçəyini, qızılcasını çıxarmış bir sənətkarın qənaətidir. Bir də unutmayın ki, elin gözü tərəzidir.

- Sizə elə gəlmirmi bu məsələdə məkan, auditoriya da müəyyən rol oynayır... Mənə elə gəlir ki, bu sənətin “cırlaşmasında” bizim itirdiyimiz torpaqlar da rol oynayıb. Yəni bizim aşıq sənətinin elə bil meydanı daralıb.

- Elədir. Hər şey torpaqdan başlayır. Əbəs yerə demirlər ki, aşığa meydan gərəkdir.

“Bu yerdə yadıma bir əhvalat düşdü”

 

- Əhliman müəllim, sizi söz oğrusu adlandırmaq olar?

- Məni öyrənmək aləmində nə adlandırırsınız adlandırın. Əslində isə sənətimin geoloquyam. Bu yerdə yadıma bir əhvalat da düşdü. Mən, ümumiyyətlə, sənətimin vurğunuyam. Saz, söz aləminə yeni qədəm qoyanda, daha doğrusu, hələ orta məktəbdə oxuyarkən birdən-birə məndə Aşıq Ələsgəri görmüş, Miskin Abdaldan bəhrələnmiş Dədə Şəmşiri, eləcə də Kəlbəcərin digər söz adamlarını görmək könlümə düşdü. Odur ki, Bərdədən Göyçaya, oradan da Kəlbəcərə yola düşdüm. Təəssüf ki, Dədə Şəmşiri görə bilmədim. Onun söhbətinə Bakıdakı sanatoriyaların birində qulaq asmaq mənə nəsib oldu.

- Aşıq var, məclislərdə yalnız aşıq nümunələri söyləməklə kifayətlənmir. Həm də yaradıcılıqla məşğul olur...

- Mənim 200-dən çox aşıq şeirim var. Yeri gəlmişkən, “Könlümlə danış, sazım” adlı kitabım da işıq üzü görüb. Yeni bir kitabım isə çap ərəfəsindədir.

- Əhliman müəllim, ailənizdə davamçılarınız var?

- Bəri başdan deyim ki, 3 övladım var, onların hər biri saz çalmağı bacarır. Hazırda Şotlandiyada təhsil alan oğlum Aşıq Ələsgərin dodaqdəyməzlərindən birini ingilis dilinə tərcümə edib. Dediyinə görə, onun bu tərcüməsi orada çox maraqla qarşılanıb. Oğlum yapon mahnılarını da sazda ifa edir.

- Bəs deyirlər, saza başqa havalar yaraşmır...

- Zənnimcə, saza da, aşığa da dil öyrətmək lazımdır. Amma sazın onurğa sütununa, şah damarına toxunmaq olmaz. Onun klassik imicini qoruyub saxlamaq lazımdır. Bu sualınız da yadıma bir əhvalat saldı: 1988-ci ildə Misirdə keçirilən ümumdünya festivalında ərəbşünas Rəcəb Əliyevdən ifa edəcəyim mahnının bir bəndini ərəb dilinə tərcümə etməsini xahiş etdim. Onun tərcüməsini 5-6 dəqiqənin ərzində əzbərləyib səhnəyə çıxdım və başladım oxumağa...Tədbirin keçirildiyi bütün stadion ayağa qalxmadımı? Onların arasında həmin ölkənin rəhbəri Hüsnü Mübarək də var idi. Ertəsi gün o, bizim qrupla şəxsən özü görüşdü. Bu məsələ ilə bağlı bir məsələyə də toxunmaq istərdim. Yəqin, fikir vermisiniz, Xalq artistimiz Zeynəb Xanlarova dünyanın müxtəlif ölkələrində çıxış edərkən həmin ölkələrin dillərində də mahnılar ifa edir. Mənim fikrimcə, o bu örnəyi Aşıq Şakirdən götürüb. Belə ki, Aşıq Şakir toy məclislərimizdə ləzgi, tat, udin dillərində də aşıq mahnıları oxuyardı.

“Arzu edirəm...”

- Əhliman müəllim, aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Ölkənin birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub. Bu sözləri muğam haqqında da demək olar. Sizə elə gəlmirmi, hazırda muğama aşıq sənətindən daha çox diqqət ayrılır?

- Muğam çox böyük, dərin sənətdir. Mən çox şadam ki, bu gün Azərbaycanda muğama belə ciddi dövlət qayğısı var. Ancaq mən saz, söz aşiqi kimi belə münasibətin aşıq sənətinə də göstərilməsini arzu edirəm. Yenə deyirəm, muğamla müqayisədə aşıq sənətinin tarixi daha qədimdir. Bu elə onların adlarında da görünür. Belə ki, adları fars sözlərindən ibarət aşıq havalarına rast gəlmək mümkün deyil. Amma muğamlarımızın adları fars sözləridir. O ki qaldı diqqətə, mənə belə gəlir ki, dövlətimiz aşıq sənətinə də öz töhfələrini verməkdədir.

- Bəs Aşıq Əhliman mağarda keçirilən toyda çıxış edərkən özünü sərbəst hesab edir, yoxsa şadlıq sarayında keçirilən toyda?

- Şadlıq sarayında olarkən elə bilirəm konsertdəyəm, mağar toyunda isə sazım da gülür, özüm də.

- Şagirdləriniz varmı?

- Çox...

- Bir qədər də fəaliyyət göstərdiyiniz təhsil ocağı barədə məlumat verməyinizi xahiş edirəm...

 

- Artıq on dörd ildir ki, Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti tədris olunur. Rəhbərlik etdiyim Aşıq sənəti  kafedrası isə 5 ildir ki fəaliyyət göstərir. İl ərzində saz ixtisası üzrə 5-7 nəfər qəbul olunur. Hazırda 22 tələbə bu sənətin sirlərinə yiyələnir.

 

 

Qvami Məhəbbətoğlu

Zaman.-2014.-5 iyul.- S. 6.