“Ana dilini
bilməyən şəxsiyyət yaxşı vətəndaş
ola bilməz”
Sovet dövründə
rus dilini bilmək günün bir tələbi idi. Bu, rus hegemoniyasının
ən bariz nümunəsi sayılırdı.
Təhsilini davam etdirmək,
hər hansı bir işdə uğur qazanmaq istəyirdinsə, rus dilini bilməli idin. Ancaq müstəqillik qazandığımızdan sonra
bu qayda tamamilə ortadan qalxdı. Artıq Azərbaycan dilində oxuyub təhsil almaq, iş, karyera qurmaq mümkündür. Ancaq nədənsə
hələ də bir çox ailələr övladlarının
rus dilində təhsil almasına səy göstərir.
Hətta
həmin ailələr
evdə rus dilində danışmağa
da üstünlük verirlər. Bu rus sevgisi nədən
irəli gəlir?
Məhz bu suala cavab
tapmaq üçün
tanınmış, ziyalı,
ictimai xadimlərin fikirlərini öyrəndik.
“Ana dilini biləndən sonra neçə dil istəyirsən öyrən”
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri,
millət vəkili Nizami Cəfərov insanların rus dilini beynəlxalq dil kimi öyrənməyə
çalışdığını bildirdi: “Onda da sual oluna
bilər, niyə ingilis dili yox,
rus dili? Ona görə ki, ingilis dili bizdən
bir xeyli aralıdır. Praktik olaraq
ingilis dili yeni-yeni Azərbaycanda formalaşır, oturaqlaşır.
Rus dilinin isə təcrübəsi var. Daha
çox bununla bağlıdır; beynəlxalq
miqyasa çıxma ehtiyacı ilə bağlıdır. Bütün hallarda
rus dilində informasiya, televiziya, mətbuat daha genişdir. Biz dilimizi nə qədər tərifləsək
də, inkişaf səviyyəsi, dildə olan məlumat, intellektual səviyyə rus dilindəki qədər deyil. Məsələn, Türkiyə türkcəsinə
də bizdə meyil oldu. Bu gün də
var. Amma Türkiyə
türkcəsi də beynəlxalq dil deyil”. N.Cəfərov rus dilini ana dili
ilə əvəzlənməsini
isə böyük bir təhlükə olduğunu vurğuladı:
“Ana dilinin hesabına rus dilini öyrənib,
rus mühitinə düşmək olmaz. Bu, təhlükəlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, bizim uşaqlarımız,
övladlarımız orta
təhsili mümkün
qədər ana dilində almalıdırlar.
Çünki ana dili orta təhsil səviyyəsində şəxsiyyəti
formalaşdırır”. Millət vəkili istər bağçalarda,
istərsə də orta məktəbdə uşaqların rus dilində oxudulmasına marağın artmasının
yaxşı hal olmadığını bildirdi:
“Bu o deməkdir ki, yəni mənim dilim yaramır. Əgər ailədə, idarədə,
müəssisədə rusca
danışılırsa, bu
o deməkdir ki, biz dilimizi bəyənmirik”.
Elə insanlar var ki,
təhsilini rusca bitirib, amma kifayət
qədər milli bir insandır. Millətini sevir, onun uğrunda
mübarizə aparır
və bu mübarizəsini rus dilində beynəlxalq miqyasda davam etdirir. Amma bu,kütləvi deyil. Ana dilini, dövlət dilini bilməyən şəxsiyyət
yaxşı vətəndaş
ola bilməz.
Ana dilini biləndən
sonra neçə dil istəyirsən öyrən”.
“Məni Azərbaycan sektorlarındakı təhsil
qane etmir”
Şən və Hazırcavablar
Klubunun tanınmış
siması, aktyor Bəhram Bağırzadə
insanların rus təmayülünə üstünlük
verməsini məktəblərdəki
təhsilin səviyyəsi
ilə əlaqələndirdi:
“Bu tamamilə insanların
seçimləri ilə
bağlıdır. Məsələn, mənim övladlarım rus dilində təhsil alırlar. Bu seçimi mən
etmişəm. Çünki Azərbaycan sektorlarındakı
təhsilin səviyyəsi
məni qane etmir. Ancaq biz evdə Azərbaycan
dilində danışırıq”.
B. Bağırzadə məsələnin
maddiyyatla da bağlı olduğunu bildirdi. Aktyor qeyd etdi ki,
başqa xarici dildə yüksək səviyyədə təhsil
verən məktəblər
də var. Ancaq həmin məktəblər
hər ailənin büdcəsinə uyğun
gəlmir: “Əgər
mənim imkanım olsaydı, övladlarımı
ingilis dilində təhsil verən məktəbə qoyardım.
Orada verilən təhsil daha yüksəkdir”.
“Hələ də Azərbaycanın müstəqilliyini
ötəri qəbul edənlər var”
Milli Elmlər Akademiyasının
(AMEA) Nəsimi adına
Dilçilik İnstitutunda
Monitorinq şöbəsinin
müdiri, tanınmış
jurnalist, professor Qulu Məhərrəmli insanların
övladlarının rus
dilində təhsil almaq istəyinin iki böyük səbəbinin olduğunu
söylədi. Onun sözlərinə görə,
bir qrup valideyn övladlarının
rus dilində daha gözəl təhsil alacağına inanır: “Bunun da əsası var. Hələ sovet dövründə rus dilində təhsil alan şagirdlər
səviyyəli olurdular,
rusca çıxan qəzetlər, kitablar daha sanballı olurdu. Bu stereotiplə
indi də davranırlar. İnsanların hələ də övladlarının rus dilində yüksək səviyyədə təhsil
alacağına inanırlar.
Bu, psixoloji əsasdır”.
Q. Məhərrəmli ikinci
səbəbin bəzi
insanlarda hələ də rus dilinə
sevgisinin qaldığını
qeyd etdi: “Bunların bəzisi hələ də, hesab edir ki,
Azərbaycanın müstəqilliyi
ötəri bir şeydir. Ona görə də
özlərini rus dilinə hazırlıqlı
saxlayırlar. Birinci səbəb
başa düşüləndir.
Ancaq ikinci səbəb çox qorxulu tendensiyadır”.
“Azərbaycan dili bizim varlığımızın
ifadəsidir”
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladan Q. Məhərrəmli
Azərbaycan dilinin dövlət dili səviyyəsində hüquqlarının,
statusunun qorunmasına
ehtiyac olduğunu bildirdi: “Həmin proqramda qeyri-Azərbaycan dili məktəblərində
dövlət dilinin tətbiqi məsələsi
öz əksini tapıb. Oxusunlar rus dilində,
ancaq Azərbaycan dilini də gözəl bilsinlər, dilin statusunu qorusunlar, bunun dövlət dili olduğunu nəzərdən
qaçırtmasınlar. Bu çox vacibdir”.
Q. Məhərrəmli rus dilində təhsilin tədris olunmasının
dövlət tərəfindən
maliyyələşdirilməsinin, insanların buna stimullaşdırılmasının da yolverilməz olduğunu bildirdi: “Necə ki, insanlar
pul verib, ingilis dilində təhsil alır, rus dilində təhsil üçün
də bu sistem tətbiq edilməlidir. Hər kəs bilməlidir
ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir. Bu bizim bir namusumuzdur, varlığımızın
ifadəsidir. Bu dili sevmək bu dildə danışmaq,
hörmət etmək
lazımdır. Bunun başqa
yolu yoxdur”.
“Azərbaycan dilinin özü bir vətəndir”
Sonda məsələ
ilə bağlı Xalq şairi Fikrət Qocanın da fikrini öyrəndik. Fikrət müəllim
bildirdi ki, azərbaycanlı
qanı daşıyan hər kəs birinci
növbədə Azərbaycan dilini
öyrənməlidir: “Sonra 10 dil öyrənsin, 10 dildə
danışsın, bu
başımızın ucalığıdır. Amma birinci növbədə
Azərbaycan dilini bilsin.
Bu torpağa da ayaq basan
adam azərbaycan səsi, azərbaycan sözü eşitsin. Bu vacib şeydir.
Azərbaycan dilinin özü
bir vətəndir və hər bir azərbaycanlı hansı başqa
ölkəyə gedirsə, ora vətənin
bir parçası kimi
gedir”.
BƏYLƏR MƏCIDOV,
Zaman.-2014.-9 iyul.-S.5.