“Teatr aləmində çox islahatlara ehtiyac yoxdur”

 

               

İ. Səfərova 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. Elə həmin ilin sentyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda çalışdığı müddətdə onlarca müxtəlif xarakterli obrazları sənətsevərlərə təqdim edib. O, İ. Məlikzadənin “Gəl qohum olaq” və M. Quliyevin “Qeybdən gələn səs” əsərlərinin telefilmlərində Minayə və Dilbər obrazlarını özünəməxsus ştrixlərlə yaradıb. 2008-ci ildə isə “Qanadlarıma sığal çək” filminə çəkilib. 2004-cü ildə İ. Səfərova “Tərəqqi” medalına layiq görülüb.

 Teatr tariximizdə bölgə teatrlarının da mühüm rolu var. Bu teatrlarımızın sırasında Sumqayıt Dövlət Musiqili Dram Teatrının xüsusi yeri var. Öz fəaliyyəti ilə teatr sənətimizə görkəmli sənətkarlar bəxş edən, gözəl səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələn teatr bu gün də teatrsevərləri sevindirməkdədir. Bu prosesdə İlahə Səfərovanın da kifayət qədər əməyi var. İlahə xanımla Sumqayıt Dövlət Musiqili Dram Teatrında görüşdük. O, bir qədər öncə məşqdə olduğunu bildirdi. Elə bu məlumatla da onunla söhbətə körpü saldıq.

- Hazırda Əziz Nesinin “Öldür məni, can-ciyər” əsəri üzərində son məşqlər gedir. Bu tamaşaya Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı, teatrımızın baş rejissoru Firudin Məhərrəmov quruluş verir. Həmin tamaşada mən yaşlı qadın obrazını ifa edirəm.

- Son illər sizə nədənsə yaşlı qadın obrazları həvalə olunur... “Anamın kitabı”nda Ana, “Qocanı öldürməliyik”də Pamela...

- Elədir. Bu mənim son illər oynadığım üçüncü yaşlı qadın obrazıdır. Görünür, rejissorlar məni yaşlı görürlər (gülərək). Yeri gəlmişkən, Ukraynadan dəvət olunmuş rejissor Tatyana Şevçenko “Qocanı öldürməliyik” əsərini səhnələşdirəndə mənə qoca qadın, yəni Pamela obrazını verəndə tərəddüd etdim. Hətta dedim ki, teatrımızda o rolu oynaya biləcək yaşlılar var. O mənə dedi ki, yox, bu rolu sən oynamalısan. Oynadığın tamaşalardakı rollarına baxanda sənin böyük, səmimi ürəyə malik olduğunu bir daha kəşf etmişəm. Sənə həvalə etdiyim qadın da elə belə bir ürək sahibidir. Amma mən kifayət qədər cavan obrazlar da canlandırmışam.

- İlahə xanım, əyalət teatrında çalışmağın çətinliyi varmı? Yeri gəlmişkən, Bakıdan kənarda fəaliyyət göstərən teatrlardan söz düşəndə onların qarşısında çox vaxt “əyalət” sözünü də işlədirlər. “Əyalət” məfhumu sizi qıcıqlandırmır ki?

- Artıq buna öyrəşmişəm. Bu məni əsla ruhdan salmır. Əksinə, daha şövqlə işləməyə sövq edir. Onu da deyim ki, son illər respublikamızın bölgələrində fəaliyyət göstərən teatrlara diqqət çox artıb. Yeni teatr mövsümlərinin açılışlarının Sumqayıtda, Mingəçevirdə keçirilməsi də dediklərimi təsdiq edir. Digər tərəfdən, indi qarşısında “əyalət” sözü işlətdiyimiz teatrlarda elə tamaşalar hazırlanır ki, onlar paytaxt teatrlarında hazırlanan tamaşalardan əsla geri qalmır. Məsələn, Con Patrikin “Qocanı öldürməliyik” tamaşası paytaxt teatrında da tamaşaya qoyulub, bizim teatrda da. Amma bizimki daha gözəl alınıb. Mənim fikrimcə, bütün bunlar son illər əyalət teatrlarına artan diqqətin nəticəsidir.

- İlahə xanım, həmişə birinci olmağa can atmısınız?

- Bilirsinizmi, “Mən birinciyəm, mən üstünəm” kimi sözlər mənə çatmır. Odur ki, ümumiyyətlə, birinci sözünü əsla sevmirəm. Mənim əsas iş prinsipim belədir: başını aşağı sal, işini gör, sadəcə, istedadını nümayiş etdir. Kimin neçənci olacağını isə qərar verənlər verəcəklər.

  “Külü bir yerə töksən, yaxşıdır”

- Nə vaxtsa bu teatrı tərk etmək fikrinə düşmüsünüz?

-Mən paytaxtda fəaliyyət göstərən teatrlar ilə əyalət teatrları arasında elə bir fərq görmürəm. Amma nə gizlədim, bir zamanlar bu sevdaya düşmüşdüm. O zaman Bələdiyyə Teatrına, Moskva Satira Teatrına getmək şansım yarandı. Hətta Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Həsənağa Turabovdan da dəvət aldım (O, Dram Teatrının səhnəsində oynadığımız “Qarışqa yuvası” (F. Məhərrəmovun quruluşunda) tamaşasındakı roluma baxıb, bu qənaətə gəlmişdi). Lakin son anda fikrimdən daşındım. Belə ki, teatrımızın qocaman aktrisası, Xalq artisti Svetlana Həşimova mənə dedi ki, qızım, külü bir yerə töksən yaxşıdır. Yəni hansısa teatra gedib hər şeyi sıfırdan başlamaqdansa, elə burada çalışmağın məsləhətdir. İndi də bu seçimimə görə peşman deyiləm. Çünki bu teatra, Sumqayıtın sənətsevərlərinə elə bağlanmışam ki, heç bir təklif, yaxud dəvət məni buradan ayıra bilməz. Amma o çətin illərdə teatrımızı tərk edən həmkarlarım oldu. Onları qınamıram. Axı həmin illərdə həmin teatrlarla müqayisədə bizim teatrımızın yaradıcı heyətinin maaşı olduqca az idi...

- İlahə xanım, Sumqayıt tamaşaçısı hansı janrda hazırlanmış tamaşalara üstünlük verir?

- Mənim müşahidələrimə əsasən, Sumqayıt tamaşaçısı psixoloji tamaşalara daha çox meyil göstərir.

- Artıq 20 ilə yaxındır ki, bu teatrda çalışırsınız? Hansı problemlərlə baş-başa qalmısınız?

- Mən həyatda hər şeyə öz ağlım və zəhmətimlə nail olmuşam. O qədər problemlərim olub ki... Onları həmişə tamaşaçılarımdan gizlətməyə cəhd etmişəm (Təbii ki, belə məqamlarda aktyorluğum da müəyyən rol oynayıb). Gözəl, heç bir problemi olmayan aktrisa kimi tamaşaçıların yaddaşında qalmağa çalışmışam. Bir də şikayətlənməyə nə hacət? Axı elə institutda oxuyarkan müəllimlərimiz bu sənətin çətinliyindən söz açar, bizi bu sərt imtahandan çıxmağın heç də asan olmadığını deyərdilər. Bu mənada mən özümü gözlənilən çətinliklərə hazırlamışdım. Sözün düzü, heç ad-san barədə fikirləşmirdim də... Bu yerdə teatrımızda V. Qaufun “Balacaboy, yekəburun” əsərini səhnələşdirmiş belarus rejissoru Natalya Başovanın bir kəlamını xatırlatmaq istərdim. (Həmin tamaşada mən 4 rol ifa etmişəm). O deyir ki, əsl xoşbəxtlik gözlənilmədən gələn xoşbəxtlikdir.

- İki xarici rejissordan sitatlar gətirdiniz... Ümumiyyətlə, xarici rejissorlarla işbirliyi aktyorlara nə verir?

- Nə gizlədim, xaricdən gəlmiş rejissorlarla işləmək, onlardan yeni nə isə öyrənmək mənim üçün maraqlıdır. Bir də unutmayın ki, aktyor son səhnə gününə qədər öyrənməlidir. Əks halda, o, zəmanə ilə ayaqlaşmaqda çətinlik çəkər.

“Ay qız, nə olub, rəhmətə gedənmi var?”

- Elə isə əsl xoşbəxtlik sizi nə vaxt yaxalayıb?

-2004-cü ilin qış ayı idi. Bakıdan ailəmizlə birgə toy məclisindən Sumqayıta qayıdırdıq. Gecə saat 12 radələrində Xalq artisti Valeh Kərimov mənə zəng edərək: “Səni təbrik edirəm, “Tərəqqi” medalına layiq görülmüsən”, - dedi. Bu xəbəri alan kimi elə bil dünyanı mənə bağışladılar, elə göz yaşları tökdüm ki... Anam dedi ki, ay qız, nə olub, rəhmətə gedənmi var? Dedim, yox, ay ana, mənə medal veriblər. Dedi, bala, buna görə ağlamazlar ki, sevinərlər də. Dedim, ana, elə mən də sevincdən ağlayıram.

- İlahə xanım, yəni o günədək sevincdən gözləriniz yaşarmamışdı?

- Yaşarmışdı, amma belə yox. İnandırım sizi, bu alayı göz yaşları idi.

- Bu sizin ilk mükafatınız idi?.

- Nə gizlədim, mənim səhnə fəaliyyətim şəhər rəhbərliyinin də diqqət mərkəzində olub. Elə mənzil problemimi də şəhər rəhbərliyi həll edib. Mən bu kimi işlərlə bağlı heç vaxt qapılar döyməmişəm.

- İlahə xanım, hazırda çalışdığınız teatrda vəziyyət necədir?

- Vallah, elə olub ki, bu teatrın səhnəsində qışda soyuqdan donmuşuq, yayda istidən bişmişik. Gizlətmirəm, belə anlarda hər cür şəraiti olan paytaxt teatrlarına həsəd aparmışam. Amma son günlər, deyəsən, teatrımızda vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Belə ki, İslam Həsənov teatrımıza direktor təyin olunan gündən bu kimi problemləri də çözməklə məşğuldur. Güman edirəm ki, o, burada yaradıcı heyət üçün normal iş şəraiti yarada biləcək. Unutmayın ki, teatrsevər bir insan kimi tanınmış İslam müəllimdə qurub-yaratmaq istəyi çox güclüdür.

- Bəlkə, konkret faktlara müraciət edəsiniz?

- Artıq səhnəmizin kombi sisteminin fəaliyyəti bərpa olunub. Axşam tamaşalarının nümayişi intensivləşib. Əsas məsələ, hazırlanmış tamaşalar bir-iki dəfə oynanılandan, bəzən də ictimai baxış və premyeralardan sonra bir daha səhnə üzü görmürdü. Məsələn, “Anamın kitabı”, “Qatil”, “Köhnə ev”, “Karıxmış sultan” belə həyat yaşamış tamaşalarımızdandır. Amma indi belə deyil. Yəni hər hazırlanmış tamaşanın uzunömürlu olmasına çalışılır. Nə gizlədim, işsizliyə vərdiş etmiş bəzi aktyorlar indi işlərinin çoxluğundan şikayətlənirlər. Amma etiraf edim ki, uşaqlar üçün hazırlanmış tamaşalar həmişə diqqət mərkəzində olub.

“Bəlkə onu çəkək?”

- İlahə xanım, bəs indiyədək hansı filmlərə çəkilmisiniz?

- İ. Məlikzadənin “Gəl qohum olaq”, M. Quliyevin “Qeybdən gələn səs” əsərlərinin telefilmlərində Minayə və Dilbər obrazlarını yaratmışam. Bir də Orxan Fikrətoğlunun ssenarisi əsasında Samir Kərimoğlunun “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində çəkdiyi “Qanadlarıma sığal çək” filminə çəkilmişəm.

- Son illər çəkilən filmlərdə, seriallarda sizi görmürük.

- Maşallah, indi o qədər aktrisa var ki... İndi yerindən duran aktrisadır. İki il əvvəl “Çarxfilm” studiyasının “Hörümçək toru” serialına çəkildim. Amma bir neçə seriyadan sonra müəyyən səbəblərdən çəkilişlərdən imtina etdim. Heç həmin səbəbləri də açıqlamaq niyyətində deyiləm. Bir sözlə, bu serial aləmində, hələlik, mənim ilk və son işimdir. Düşünürəm ki, yəqin bir vaxt kimsə deyəcək ki, bəs filan yerdə bir istedadlı aktrisa var, bəlkə onu çəkək.

- İlahə xanım, bəs aktrisa olmaq həvəsi sizdə necə yaranıb?

- Mənim Kamil adlı əmim oğlu var idi. Bir müddət xalq teatrında çalışmış Kamil gitaranı elə ustalıqla çalardı ki, elə gözəl rəqslər edərdi ki, elə gözəl rəsmlər çəkərdi ki... Mən hər yay Ordubada gedəndə o, dərslərimlə maraqlanar, məni aktrisa olmağa həvəsləndirərdi. Hətta deyirdi ki, aktrisa olsan, sənə nə istəsən alacağam (Təəssüf ki, o, 27 yaşında, mən altıncı sinifdə oxuyarkən dünyasını dəyişdi). Beləcə, onun sözünü tutaraq mehrimi bu sənətə saldım. Uşaqlıq illərimdə Amaliya Pənahovanın, Zərnigar Atakişiyevanin oynadığı rolları maraqla izləyir və onlar kimi aktisa olmağı arzulayardım.

- Heç teatrı birdəfəlik tərk etmək fikrinə düşmüsünüz?

- Mənim aləmimdə teat biz aktyorların yeganə sığınacağıdır, ümid yeridir. Mən bu məkansız özümü təsəvvür edə bilmirəm. Odur ki, heç belə fikri özümə yaxın da buraxmamışam. Nə vaxt görsəm ki, tapşırılan işin öhdəsindən gələ bilmirəm, bax o zaman astaca çıxıb gedəcəyəm. Amma nə qədər ki o, məni yaşadır, ona xəyanət edə bilmərəm.

- Elə isə hansı janrlardakı tamaşalara daha çox maraq göstərirsiniz?

- Mənim elə bir seçimim yoxdur. Tapşırılan hər rolun öhdəsindən gəlməyə çalışıram. Bir də, mənə görə, ümumiyyətlə, çətin iş yoxdur. Əsas məsələ hər əziyyətə qatlaşmaqdır.

- Hansı rolu oynamaq arzusundasınız?

- Elə bir arzum yoxdur.

- İmkanınız olsaydı, teatr aləmində hansı yeniliklərə imza atardınız?

- Mənim fikrimcə, teatr aləmində çox islahatlara ehtiyac yoxdur. Teatr elə klassik olsa yaxşıdır. Modernə çox uymaq lazım deyil, çünki onda teatr olmur ki, dönüb olur hansısa bir alayı məkan.

 

Qvami Məhəbbətoğlu

Zaman.-2014.-12 iyul.-S.6.