“Tvitter”də, “Google”da çalışan soydaşımız - Tural Bədirxanlı

 

Tural Bədirxanlı 2002-ci ildə İndoneziyada keçirilən dünya fənn olimpiadasının fizika fənni üzrə qızıl mükafatçısıdır. Həmin il ölkəmizə 3 qızıl, 1 gümüş medal gəlmişdi və ümummilli lider Heydər Əliyev bu qələbəni “əfsanəvi qələbə” adlandırmışdı.

Bir müddət əvvəl Azərbaycan mediasının gündəmində yer alan mövzulardan biri də azərbaycanlı gənc Tural Bədirxanlının da təsisçisi olduğu “Namomedia” şirkətinin “Tvitter” şirkəti tərəfindən alınması xəbəri idi. Bu hər bir azərbaycanlı üçün qürur mənbəyi sayılacaq hadisədir. İşinin çoxluğuna baxmayaraq, bu yaxınlarda onunla əlaqə saxlayıb söhbətləşdik. Qeyd edək ki, Tural Bədirxanlı 2002-ci ildə İndoneziyada keçirilən dünya fənn olimpiadasının fizika fənni üzrə qızıl mükafatçısıdır. Həmin il ölkəmizə 3 qızıl, 1 gümüş medal gəlmişdi və ümummilli lider Heydər Əliyev bu qələbəni “əfsanəvi qələbə” adlandırmışdı.

- Tural bəy, təbrik edirik. Uğurunuza keçməmişdən əvvəl istərdik ki, oxucularımız səni daha yaxından tanısınlar.

- Təşəkkür edirəm hər bir kəsə. Quba rayonunda müəllim ailəsində anadan olmuşam. İlk təhsilimə Quba rayon 3 saylı orta məktəbdə başlamışam. Daha sonra təhsilimi həyatımın dönüş mərhələsi sayılan Quba Özəl Türk Liseyində davam etdirmişəm. 2002-ci ildə oranı bitirmişəm.

- 2002-ci il xüsusi əlamətdarlığı ilə xatırlanır...

- Doğrudur (gülür). Həmin il İndoneziyada keçirilən fizika fənni üzrə beynəlxalq olimpiadada ölkəmizə 3 qızıl, 1 gümüş medal qazandırılıb. Mənimlə bərabər, Quba Özəl Türk Liseyinin şagirdləri 2 qızıl, bir gümüş medal qazanmışdılar. Digər qızıl medal sahibi isə Dədə Qorqud Liseyinin şagirdi idi. Həmin il XI sinfi bitirirdim. Həm olimpiadaya, həm də ali məktəbə hazırlıq bir qədər yorucu idi. Universitetə daxil olmaq isə daha vacib idi. Xaricdə oxumaq istəyirdim. Universitetlər haqqında liseyin yuxarı sinif şagirdləri ilə, eləcə də məzunlarla söhbət edirdik, məsləhət alırdım. Nəticədə “Boğaziçi” universitetinin fizika fakültəsinə qəbul oldum, hərçənd ki, bilgisayar mühəndisliyini istəyirdim. “Boğaziçi” universiteti daha fərqli bir məkan və mühitdir. Qubadan çıxıb ora getmək daha fərqli imkanlar, fürsətlər demək idi.

- Qızıl medal həyatının növbəti mərhələsinə necə təsir etdi?

- Medalın üstünlüyü bir müddət sonra özünü göstərdi. Tələbə yoldaşlarımın birindən Massaçusets Texnologiya İnstitutu haqqında eşitmişdim. Düşündüm ki, ora qəbul olmaq realdır. Bu barədə Qazaxıstandan olan tələbə yoldaşım mənə çox dəstək oldu. (O da Qazaxıstanda fəaliyyət göstərən türk liseylərindən birinin məzunu, həm də dünya fənn olimpiadasının qalibi olub). Olimpiada nailiyyəti və digər şərtləri də əsas götürərək, daha yüksək təhsil verən universitetlərdə oxuya biləcəyim inandırıcı görünürdü. Universitetləri araşdırdım, təqaüd verən Harvard, Massaçusets Texnologiya İnstitutu kimi bir neçə universitetə sənəd göndərdim. Bu tip universitetlər seçim edərkən maddiyyatı ikinci planda tuturlar. Bir neçə mərhələdən sonra universitetə qəbul edirlər. Çox şükür ki, gözləmədiyim halda II kursda oxuyarkən Massaçusets Texnologiya İnstitutuna qəbul oldum.

- Massaçusets Texnologiya İnstitutunda mühit necə idi? Nə ilə fərqlənirdi?

- Mühit çox fərqli idi. Üstəlik, burada tələbələrlə çalışma metodları çox fərqli: rəngarəng, zövqlü və əyləncəli idi. Sanki bir yarış atmosferində həftəlik tapşırıqlar olurdu. Bunun əsasında qiymətlər verilirdi. Bu sistem praktiki cəhətdən daha da öyrədici xarakter daşıyırdı. Bu minvalla magistraturanı da burada oxudum.

- Belə görünür ki, buranı bitirənlərə iş imkanları daha geniş olur?

- Bir o qədər də yox. Təhsilimi bitirdiyim illər - 2008-2009 mövsümü iqtisadi böhranla üst-üstə düşmüşdü. İş üçün müraciət etdiyim şirkətlər rəsmi olaraq nəsə dəqiq bir söz demirdilər. İş axtarmaq prosesim təxminən 4-5 ay çəkdi. Orada qalmaq üçün mütləq iş tapmalıydım. Əks təqdirdə, Amerikanı müəyyən bir müddətdən sonra tərk etmək məcburiyyətində qalacaqdım. Elə oldu ki, Nyu-Yorkda iş tapdım. Daha sonra kiçik bir şirkətdən təklif aldım.

- Beləliklə, iş həyatına qədəm qoydun. Növbəti gedişat necə oldu?

- Bizim “start-up” (biznes plana görə böyümə və perspektivi olan şirkətlər) olan “Add-mob” şirkəti “Apple”-android proqramına uyğun olaraq reklamlar yerləşdirirdi. İşin prinsipi belə idi: doğru adama, doğru ünvanda, doğru reklamı təqdim etmək. Bir mühəndis olaraq yazılan hər hansı bir proqram üzrə reklam yerləşdirirdik. Bu mobil bazarda yenilik idi. Elə oldu ki, bizim şirkəti 2009-cu ilin noyabr ayında “Google” şirkəti böyük məbləğə satın aldı. Burada artıq daha da təkmilləşdirici işlər həyata keçirildi. Şirkət daha da böyüməyə başladı, mobil reklam departamenti daha da inkişaf etdirildi. Şirkət kifayət qədər gəlir götürürdü.

- Dünyaca məşhur bir şirkətdə azərbaycanlı proqramçı... Bu, artıq ölkəmizin tanıdılması üçün də uğur sayılırdı.

- Buralara gəlib çatmışıqsa, əlbəttə ki, ölkəmizi təmsil etmək ön planda olan məsələyə çevrilir istər-istəməz. Məndən əvvəl də həmyerlilərimiz var idi “Google”da. Məndən sonra Bakı Özəl Türk Liseyinin məzunu bu şirkətə staja gəlirdi. Sözügedən şirkətin London ofisində də həmyerlimiz var idi.

 - Silikon vadisinin üstünlüyü nədən ibarətdir? Fərqləndirici xüsusiyyətlər nələrdir?

- Burada geniş imkanlar var. Resurslar, insan potensialı, beyin potensialı mövcuddur. Kimliyindən asılı olmayaraq, hər bir kəs üçün yaxşı ideyasını reallaşdırmaq imkanı var. Hərtərəfli dəstək var, lazımi köməklik göstərilir. Burada böyük şirkətlərin ofisləri yerləşir. 10-15 milyon əhalisi var. Yenilik axtaranlar şəhəridir. Orada yerində saymaq yoxdur. Bildiyimiz kimi, Lütfizadənin professsoru olduğu Berkley Universiteti, “Google”un qurucularının məzun olduğu Standford Univesiteti də burada yerləşir.

- Oranın mühitində özünü qərib hiss etmirsən ki?

- Demək olar ki, yox. Çünki sadə, səmimi mühitdir. Təvazökar, yardımsevər insanlar çoxdur. Bunlar insanlıq üçün üstün keyfiyyətlərdir. Oranın bir növ xüsusi ab-havası var. Bu da işimizə müsbət təsir edir.

- Maraqlıdır, geriyə baxanda, xüsusən orta məktəb - lisey həyatını göz önünə gətirəndə nəyə daha çox həsrət duyursan?

- İnsan həyatında özünəməxsusluğu olur məktəb illərinin. Ümumiyyətlə, o illəri xatırladıqca istər-istər istəməz kövrəlirəm, duyğulanıram. Sən özün də xatırlayarsan, Quba Özəl Türk Liseyinin “domik”lərini. Həddən artıq məhdud və çətin şərait idi. O mühit, uşaqlıq illəri, sinif yoldaşları yaddan çıxmaz bir ömür.

- İndi bir anlıq o illəri yada saldıqdan sonra qayıdaq elə indiki vəziyyətə. “Tvitter” “Nanomedia” aldı.  Artıq Azərbaycanda səni tanımayan az adam var. Şirkətiniz haqqında qısa da olsa məlumat verərdin.

- “Namomedia”nın 3 nəfər təsisçisi var. Məndən başqa, digər təsisçilər Amerika, Almaniya vətəndaşlarıdır. Ümumilikdə, 6 nəfər idik. Əslində “Namomedia” olaraq uzun müddət idi “Tvitter”lə əməkdaşlıq edirdik. Komandaların bir-birinə uyğun olduğunu görüb, ortaq çalışma zərurəti yarandı. Düşündük ki, strateji olaraq irəliləyiş olar. Bu minvalla “Tvitter”lə birləşdik. İyunun 7-də “Tvitter” “Namomedia”nın alınmasını elan etdi.

- Azərbaycana gəlməyi necə, düşünürsənmi?

- Bu gedişlə yaxın 2-3 il üçün yəqin ki, Amerikada qalacağam. Belə deyim, burada olmaq daha faydalıdır bəlkə də. Burada azərbaycanlı demək olar ki, yoxdur, yaranmış bu imkanları ölkənin gələcəyi üçün dəyərləndirsin. Bu imkanlardan məqsədyönlü şəkildə yararlanmaq lazımdır.

- Belə yüksək nailiyyətlər hər adama nəsib olmur. Bunun sirri nədir?

- Çalışqan və zəhmətkeş hər bir insanın özünəməxsus uğuru olur. Əsas olan məqsədyönlü şəkildə o hədəfə doğru irəliləmək, o uğuru əldə etmək üçün həvəslə, prinsipiallıqla çalışmaqdır. Baxır uğur nəyə deyilir? Fikrimcə, özün inandığın, həyata keçirmək istədiyin hansısa bir planın uğur sayılar. Başqalarının səndən gözlədiyi yox, öz məqsədlərinə çatmaq üçün daha çox səylə çalışmağın əsas olmalıdır. Hər bir şey də insandan asılı olmaya bilər. Mən digər insanlardan fərqli deyiləm. Hədəfimə doğru irəliləməyə cəhd etmişəm, əldə etdiyim imkanlardan istifadə etmişəm. Sinif yoldaşlarım arasında məndən də zəkalılar olub. Bəlkə də məqsədimin arxasınca daha inamla və zəhmətkeşliklə getdiyimə görə bu mənə qismət oldu. Ümidsizliyə qapılmaq lazım deyil. İllər sonra öz-özümə bəzi məsələləri təhlil edirəm, məsələn, “Boğaziçi” universitetinin Bilgisayar mühəndisliyi fakültəsinə qəbul ola bilməməyim mənim üçün daha fərqli qapılar açdı. Bəlkə də mən o fakültəyə qəbul olsaydım, onunla kifayətlənəcəkdim, heç Amerikaya da gəlməzdim. Hər işin bir hikməti var deyirlər. Amerikada da diqqət etdiyim bir məsələ var idi ki, istər universitetdə olsun, istərsə də iş həyatında - çalışqan və zəhmətkeş insana daha çox önəm verirlər. Əsas olan məqsədinin arxasınca gedə bilməkdir. Elə tanınmış, yüksək nailiyyət əldə etmiş insanlar var ki, onlar tanınmış universitetin məzunları deyillər. Məhdud şəraitdə elə keyfiyyətlər əldə ediblər ki.

- O vaxt xəyallarındakı gələcəyi bu cür təsəvvür edirdinmi?

- Qətiyyən, heç təsəvvürümə belə gətirə bilməzdim. Müşahidələrimə görə, görünən odur ki, bu mərhələyə gəlib çatmaq üçün bundan əvvəl hər bir addım vacib imiş. Bəlkə də liseydə oxumasaydım, olimpiadalarda iştirak etməsəydim. “Boğaziçi”yə gələ bilməzdim, indi də burada olmazdım. Bütün bunlar zəncirvari olaraq bir-birini formalaşdıran halqalardır. Ona görə valideynlərimə, müəllimlərimə, zəhməti olan hər bir kəsə minnətdaram.

- Qəzetimiz vasitəsilə müsahibənin sonunda demək istədiyin nə isə varmı?

- Çox təəssüfləndiyim liseylərin bağlanması oldu. Düşünürəm ki, nə yaxşı ki lisey oxumuşam, hədəflərimi az-çox tutdura bilmişəm. Türk liseylərinin bağlanması, zənnimcə, Azərbaycan təhsili üçün zərbə olacaq. Liseylər başqa məktəblərin özlərini müqayisə etmələri üçün bir standard ortaya qoyurdular, həm də bir qədər sağlam rəqabət mühiti yaradırdı. Mənim bu məktəbdə təhsil almağım həyatımı müsbət yöndə dəyişdirən ən kritik qərarlardan biri olub. Ən son olaraq, bütün Azərbaycana salam deyirəm.

 

Amil Tağıyev

 

Zaman.- 2014.- 22 iyul.- S. 7.