Vətəndaş cəmiyyətinin formalaşmasında uşaq hüquqlarının rolu

 

 

“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilib. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın Prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”. 

 Uşaqlara qayğı hüquqi dövlətin təməl prinsiplərindəndir

Uşaqlar hər bir millətin başlıca sərvəti və gələcəyidir. Buna görə də uşaqlara qayğı göstərmək, onları qorumaq, müdafiə etmək dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur. Hər bir dövlətin demokratiya yolu ilə inkişafı  vətəndaş cəmiyyətinin qurulmasından keçir. Bu isə insanlara, xüsusilə yetişməkdə olan nəslə hərtərəfli qayğı çox vacib məsələdir. Çünki uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, sağlam böyüməsi, yaxşı təhsil alması cəmiyyətin mənəvi, sosial-iqtisadi inkişafının əsas göstəricilərindəndir.

Azərbaycanın ikinci dəfə müstəqillik qazanması respublikamızın və xalqımızın həyatında köklü dəyişikliklər yaratdı. Bu dəyişikliklərdən biri də uşaqlara qayğı ilə bağlıdır. Öncə qeyd edək ki, bu istiqamətdə ən müasir tələblərə cavab verən qanunvericilik bazası işlənib hazırlanmışdır. Hər şeydən əvvəl, 2008-ci il martın 18-də keçirilmiş ümumxalq səsverməsi yolu Azərbaycan Konstitusiyasına edilmiş digər dəyişikliklərlə yanaşı, uşaq hüquqları ilə bağlı bir sıra əlavələr olunub. Bu mövzu Konstitusiyamızın II fəslinin 17-ci maddəsində ( “Ailə, uşaqlar və dövlət” ) daha ətraflı verilmişdir: “ ...Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.  Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlət himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar  işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”.

Ağrılı təzadlar

Yəqin şəhərdə yaşayanlar onbeş-iyirmi il əvvəl dəfələrlə bu mənzərənin şahidi olublar: paytaxtın mərkəzi küçələrində bir qrup uşaq və yeniyetmə əllərindəki əsgi parçaları və kimyəvi maddələrlə qırmızı işıqda dayanmış avtomobillərin şüşələrini silir və sürücülərdən pul istəyirlər. Bəzi sürücülər onların bu hərəkətlərindən bezib onları təhqir edirlər...

Başqa bir misal: Yeməkxanalarda mətbəxdəki tullantıları zibilliyə daşıyan kimsəsiz yeniyetmə elə oradakı artıqlarla qidalanır və  həmin yerdə gecələyirdi. Amma hamının tez-tez rastlaşdığı bu oğlanın gələcək taleyi heç kəsi maraqlandırmırdı. Yaxud orta məktəbdən yayınan yeniyetmə guya atasına kömək məqsədilə kolxozun sürüsünü otarır və elə uşaq yaşlarından ağır günlər keçirirdi. Amma onun da sabahkı taleyi nəinki imkansızlıq ucbatından övladını bu işə cəlb edən valideynləri, eləcə də ictimaiyyətin nümayəndələrini az maraqlandırırdı. Çünki ictimai mülkiyyətin insanın hüquqlarından yüksəkdə dayandığı cəmiyyətdə belə olayların baş verməsi adi hal kimi qarşılanırdı. Böyük fransız yazıçısı Viktor Hüqo “Səfillər” romanındakı balaca Qavroşa bənzəyən  uşaqlar yetmiş ildən çox bir hissəsi olduğumuz cəmiyyətdə də az deyildi. Sovet cəmiyyətində insan həyatına lazımınca qiymət verilməməsi, çox şeylərin görüntü xatirinə edilməsi müəyyən  vətəndaş mövqeli görkəmli qələm sahiblərinin əsərlərində əksini tapırdı. Məsələn, xalq şairi Rəsul Rza “Sarı dana və balaca qız” şeiri buna çox gözəl nümunədir. Şeirin məzmunu çox sadədir. Belə ki, Göytəpə kəndində sağıcı Gülxaranın kolxozun fermasında bəslədiyi sarı dana azarlayır. Bu xəbər qısa müddətdə bütün kolxoz rəhbərliyini təşvişə salır. Baytar, briqadir, mühasib, kolxoz sədri və başqaları sarı dananı sağaltmaq üçün hər cür qayğı göstərməyə çalışırlar. Sarı dananın yanından bir anda ayrılmayan Gülxara isə, necə deyərlər, iki od arasında vurnuxur - həm evdə qoyub gəldiyi balaca xəstə qızını, eyni zamanda sarı dananı fikirləşir. Ancaq göstəriş belədir: “Sarı dana ölməməlidir!” Buna görə də Gülxara üç gün sarı dananın yanından uzaqlaşmadan ona qayğı göstərir. Nəhayət, sarı dana  sağalır, amma:

 

 “Quyruğunu qoyub belinə

qaçır, tullanır

sarı dana indi,

Ancaq  soruşan yoxdur,

yaşıl otlar içindəki

o balaca qəbir kimindir!”

Şeirin doğurduğu ağrı hissi oxucunu mövcud cəmiyyətə qarşı çevirir. Çünki onu quran, inkişaf etdirməyə, xoş həyat sürmək arzuları ilə yaşayanlara layiqincə qiymət verməyən dövlətdə insanlar heç vaxt xoşbəxt ola bilməzlər. Bunun üçün gərək ölkədə fəaliyyət  göstərən qanunlar onun vətəndaşlarına, onların hüquq və azadlıqlarının geniş şəkildə qorunmasına xidmət etsin. Əslində sovetlər dövründə də insanlarımızın, xüsusilə uşaqlarımızın hüquq və azadlıqları barədə çox cəlbedici qanunlar qəbul edilmişdi. Lakin həmin qanunlar lazımınca işləmədiyindən vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlətin formalaşması mümkün olmadı.

Hər kəsin borcu

Xalqın tələbi ilə hakimiyyətə gələn və müstəqil Azərbaycanı ağır sınaqlardan məharətlə keçirən Heydər Əliyev uşaqlara qayğını da hər zaman diqqətdə saxlayırdı. Hər şeydən əvvəl, onun rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə uşaq hüquqlarının təmin edilməsinin hüquqi mexanizmi yaradıldı və təkmilləşdirildi.

Bununla yanaşı, o, əksər görüşlərində, bölgələrdə, təhsil və məktəbəqədər təhsil müəssisələrində uşaqlarla söhbətləşir, onların qayğı və ehtiyacları ilə maraqlanırdı. H. Əliyev Qarabağ müharibəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı nəticəsində valideynlərini itirmiş, başsız qalaraq uşaq evlərində, internat məktəblərində yaşayan, təhsil alan uşaqları xüsusilə diqqətdə saxlayır, onlara hərtərəfli qayğı göstərilməsini hər kəsdən tələb edirdi. Azərbaycan ciddi problemlər qarşısında qalsa da, Heydər Əliyev tez-tez uşaq evlərinə, məktəblərə, səhiyyə ocaqlarına baş çəkir, balalarımızın sağlam, xoşbəxt böyümələrindən ötrü lazımi tapşırıqlar verirdi. Çıxışları zamanı o bildirirdi ki, birinci növbədə, şəhid olmuş insanların uşaqlarına, valideynsiz uşaqlara, çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, xəstələnmiş uşaqlara və xəstəlik nəticəsində fiziki cəhətdən zəif uşaqlara xüsusi qayğı göstərməliyik. Bunlar hamısı həm dövlətin borcudur, həm cəmiyyətin borcudur, həm də hər bir vətəndaşın borcudur.

 

 

Ardı növbəti sayımızda

 

 Səməd Məlikzadə

 Zaman.-2014.- 25 iyul.- S. 14.