“Gülyazla mən hamı tərəfindən
məhəbbətlə “bacılar” kimi
çağırıldıq
ƏZIZ MUSTAFA,
Müsahibimiz Azərbaycanın Əməkdar
artisti, sevilən müğənni Gülyanaq Məmmədovadır.
- Gülyanaq xanım, səhnəyə
ilk gəlişinizi necə xatırlayırsınız?
- Təbii
ki, səhnəyə gəlişim kiçik yaşlarımdan
olub. İlk dəfə Əlifba bayramında səhnədə
həvəslə “Nargilə” mahnısını ifa elədim.
Bu ifam çox yaxşı
qarşılandığından məndə oxumağa həvəs
daha da artdı. Daha sonra 8 yaşım olanda bacım Gülyazla səhnədə
birgə “Azərbaycan gəncləri” mahnısını
oxuduq. Elə həmin ildə dövlət
televiziyasının “Şəlalə” Xalq Çalğı
Alətləri Ansamblı ilə
çıxışımız oldu. Yadımdadır,
onda diktor Xalidə Gözəl idi. Bu, mənim
televiziyada ilk çıxışım idi. Gülyazdan əlavə, böyük bacım Rəhimə
də muğamlarımızı, xalq
mahnılarımızı çox gözəl, məlahətli
səslə oxuyurdu. Mən də onlar kimi
oxumaq istəyirdim, amma deyirdilər ki, oxuma, sən hələ
yaxşı oxuya bilmirsən. Amma məndə oxumaq həvəsi
çox güclü idi və ona görə də harada gəldi
oxuyurdum. Rayonda tədbirlər olanda Rəhimə
və Gülyazı da dəvət edirdilər. Mən də zorla onlarla gedir, tədbirlərdə
oxuyurdum. Mənim ilk səhnəm fermalar,
kiçik müsabiqələr, müxtəlif tədbirlər
olub.
Mən xoşbəxtəm
ki, ilk səhnəm fermalar, tamaşaçılarım isə
sadə insanlar olublar. O vaxtlar rayonlararası musiqi
müsabiqələri keçirilərdi və bu müsabiqələrdə
münsif kimi iştirak etmək üçün Bakıdan
tanınmış müğənnilər gələrdilər.
Əlibaba Məmmədov, Nəriman Əliyev,
İslam Rzayev, Şövkət Ələkbərova kimi ustad sənətkarlar
qarşısında çıxış etmək
böyük cəsarət tələb edirdi. Onlar bəyəndikləri istedadlı uşaqları
Bakıya gətirirdilər. Məni də
belə müsabiqələrdən birində yaxşı
oxuyan kimi Bakıya gətirdilər. Müsabiqədə
“Azərbaycan gəncləri” mahnısını oxudum və
qalib adını qazandım. Onda mənim cəmisi
9 yaşım vardı. Bununla bağlı
“Azərbaycan gəncləri” qəzetində haqqımda “9
yaşlı qalib” adlı məqalə çıxdı.
Onu da deyim ki, ilk dəfə əlimdən tutub,
məni səhnəyə çıxaran Əlikram müəllim
olub. Müğənni Xavər
Yusifovanın bacısı Sədaqət xanım kənd
klubunda işləyirdi. Onun, həmçinin
qarmonçalan qardaşım Atəşin bizim üzərimizdə
böyük zəhməti olub.
- Kənddə
o vaxtlar sizin ailənizi müğənnilər ailəsi kimi
tanıyıblar. Hətta nənənizin də yaxşı səsi
olduğunu və irsən siz bacıların da ona
oxşadığınızı deyirlər...
- Mənim həm ana, həm də ata
tərəfim yaxşı oxuyanlar olublar. Rəhmətlik
nənəmin də yaxşı səsi olub, eyni zamanda ana tərəfimdən
də gözəl səsi olanlar var. Nənəmdən əlavə,
atam da kənddə zurnaçalan olub. Anamın
da yaxşı səsi var. Anam bizim ilk musiqi müəlliməmiz
olub. O, biz bacılara mahnıları necə
oxumağı, səhnədə necə hərəkət etməyi
öyrədib. Anam bizə, bacılarım Kinayətə, Rəhiməyə,
Gülyaza və mənə ara
mahnılarını oxumağa icazə verməz, ancaq xalq
mahnılarını oxumağı məsləhət görərdi.
Ona görə də biz 4 bacının xalq
mahnılarından ibarət repertuarı vardı.
- Bacınız Rəhimə
ərə gedəndən sonra ona səhnədə
çıxış etməyə icazə vermədilər. Buna peşman
deyil ki?
-
Bacım xoşbəxt ailə sahibidir, övladları var. Bu baxımdan
oxumadığı üçün peşman deyil.
Amma oxumaq arzusu, təbii ki, gözündə
qaldı. Ona görə də biz oxuyanda o
kövrəlir. Onun qeyri-adi səsi
vardı. 25 illik fasilədən sonra bizim həyətdə
keçirilən böyük tədbirdə bir ağız
oxuması ilə Rəhimə hamını özünə
heyran elədi. Bacım da o vaxt məşhur ustad Nəriman
Əliyevdən dərs almışdı...
- Nəriman
Əliyevdən söz düşmüşkən, o da sizin
müəlliminiz olub. Bu baxımdan Nəriman
Əliyevlə ilk görüşünüzü necə
xatırlayırsınız?
- Böyük ustadla bizim
tanışlığımız o hələ Şəkiyə
istedadlar arxasınca gələndə baş vermişdi. Nəriman müəllim Gülyazla mənim səsimi
bəyənmiş və demişdi ki, böyüyəndə
gələrsiniz yanıma. Sonra birdən
soruşdu ki, siz hansı kənddən oldunuz? Cavab verdik ki, Böyük Dəhnə kəndindən.
O da dedi ki, mənim Şəkinin Böyük Dəhnə kəndində
yaxşı oxuyan bir qız tələbəm var, III kursda
oxuyurdu, amma indi dərsə gəlmir. Onu tanıyırsınızmı?
Biz də elə bildik ki, Nəriman müəllim
bizi Rəhiməyə görə tanıyıb. Ona görə də dedik ki, bəs Rəhimə
bizim bacımızdır. Bunu eşidəndə Nəriman
müəllim əlini əsəbi halda stola vuraraq dedi ki, bəs
belə bir istedadı da boğarlar? Ona deyin dərsə gəlsin,
o, bir tapıntıdır. Biz
ona deyə bilmədik ki, həyat yoldaşı
qısqancdır, onu oxumağa qoymur. Düzdür,
üstündən illər ötəndən sonra yeznəmiz də
dəyişib. İndi o vaxt
bacımızı oxumağa qoymadığı
üçün peşman olub. Bizə
yalvarır ki, aparın bu bacınızı oxudun. Ancaq indi onun səhnəyə çıxan vaxtı
deyil.
- Bacınız Gülyazın sizin səhnəyə
çıxmağınızda, oxumağınızda
böyük rolu olub. Bu barədə nə deyə bilərsiniz?
- Həqiqətən
də, Gülyazın mənim səhnəyə gəlməyimdə,
oxumağımda böyük rolu olub. O vaxt məni oxumağa
qoymurdular. Gülyaz isə məni müdafiə
edir, oxumağıma, səhnəyə
çıxmağıma şərait yaradırdı. Qardaşım Atəş
də oxuya bilməyim üçün yardım edir,
oxumağıma razı olmayan ata-anamı dilə tuturdu.
Mən iki il dalbadal Bakıya gəlib, Asəf
Zeynallı adına Musiqi Məktəbinə sənəd
verdim. Ancaq hər dəfə də kəsildim.
Yalnız test üsulunun tətbiqindən sonra bu musiqi məktəbinə
qəbul oluna bildim. Sonralar da Gülyaz həmişə
mənə arxa, dayaq durdu. Biz səhnəyə
də birgə çıxdıq və respublikamızda
hamı tərəfindən məhəbbətlə
“bacılar” kimi çağırıldıq, bu adla da
tanındıq.
-
Heç aranızda hansınızın səsi
yaxşıdır deyə mübahisə olubmu?
- Mən Gülyazın muğam ifasına heyranam. Mən ondan
çox şey öyrənmişəm və öyrənməkdə
də davam edirəm. Hətta indinin
özündə belə, müəllim kimi çətinə
düşəndə ona müraciət edərək məsləhət
alıram. Mən ondan həmişə
güc almışam. Hərdən mənə
elə gəlir ki, biz əkizlər kimi
doğulmalıydıq. Bizim hər birimizin
oxşarlığı, eyni zamanda fərqli oxuma, ifa tərzimiz
var. Ancaq bu ifa tərzimizlə səhnədə bir-birimizi
tamamlayaraq oxuduğumuz mahnılara, belə demək
mümkünsə, yeni bir nəfəs veririk. Amma beş
barmağın beşi də bir olmadığı kimi, təbii
ki, həyata, müxtəlif hadisələrə münasibətdə
fərqli baxışlarımız var. Xasiyyətimizə gəlincə,
mən anama, Gülyaz atama çəkib.
- Bir vaxt
Gülyaz xanım mətbuata verdiyi açıqlamasında
demişdi ki, biz həmişə bir yerdə olmuşuq. Amma bilmirəm, Gülyanaq ərə gedəndən
sonra bizim bir yerdə olmağımıza imkan olacaq, yoxsa
olmayacaq?
- Biz indi
də, demək olar ki, bir yerdəyik, qonşu mənzillərdə
yaşayırıq. Qapılarımız
arasında məsafə cəmisi bir addımdır. Divarın o tayında odur, bu tərəfində biz.
Balkondan qapılarımız var, istənilən
vaxt oradan bir-birimizə gedib-gələ bilirik. Bir sözlə, bir evli kimiyik. Gülyaz
yenə də bizə böyüklük edir həmişə
məsləhətlərini verir.
- Səhnəyə
ilk professional gəlişinizi necə
xatırlayırsınız?
- Mən
1993-cü ildən professional səhnədəyəm. 1995-ci ildə Elçin Cəlilovla birgə
konsertimiz oldu. O vaxt hələ onda bilmirdilər ki, mən
Gülyazın bacısıyam. Gülyaz onda ailə
qurduğu üçün bir müddət səhnədən
ayrı düşmüşdü. Sonra
onun övladı dünyaya gəldi, onunla məşğul
oldu və səhnəyə çıxmağa imkanı
olmadı. Yalnız o, sonralar səhnəyə
yenidən qayıda bildi. Biz konsertdə
birgə duet halında “Heyratı” oxuduq və bundan sonra həmişə
professional səhnədə cüt çıxış
edirik.
- Fəxri ad almağınızı
ilk dəfə harada eşitdiniz?
-
Sözün düzü, fəxri ad almağımızdan xəbərimiz
olmayıb. Həmin vaxt Gülyaz yataraq dincəlirdi.
Ona birdən zəng edib soruşublar ki atanın
adı nədir? O da deyib, amma bundan sonra zəng edən
heç nə demədən telefonun dəstəyini qoyub. Gülyaz da heç nədən şübhələnmədən
yenidən qayıdıb yatıb. Bir azdan
yenidən zəng edib deyiblər ki, bəs sizə fəxri ad
veriblər. Həmin vaxt mən kənddə
bacım Rəhimənin övladlarının kiçik toyunda
idim. Mənə dedilər ki, fəxri ad
almısan, inanmadım. Axşam saat 12 xəbərlərində bu xəbəri
qulağımla eşitməyənə kimi fəxri ad
almağıma inanmadım.
- Bu gün yolunuzu davam etdirən gənc
müğənnilərdən daha çox nələri
gözləyirsiniz?
-
Bilirsiniz, istedadlı müğənnilərimiz çoxdur və
hörmətli Mehriban xanımın xüsusi diqqət,
qayğısı və tapşırığı ilə
respublikamızda keçirilən muğam müsabiqələrimiz
çoxsaylı istedadların üzə
çıxarılaraq muğam sənətinin
inkişafına yeni bir təkan verdi. Bu məni çox sevindirir. Amma təəssüflər
olsun ki, bəzi gənc müğənnilərimizdə
müvəffəqiyyətdən başgicəllənməsi
baş verir və onlar özlərini az
qala qaldırıb dağın başına qoyurlar, təvazökarlıq
hisslərini itirirlər.
Halbuki biz həmişə
özümüzdən böyük ustadların qarşısında
özümüzü yığışdırır, hərəkətlərimizə
fikir verir, artıq-əskik danışmaqdan ehtiyat edirdik.
Qaldı ki, gələcəyinə inandığımız istedadlı tələbələrimiz
çoxdur. Onlardan Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sima
Qasımovanın və digərlərinin adlarını
xüsusi qeyd etmək istəyirəm.
- Zirvəyə qalxmaq çətindir,
yoxsa orada dayanmaq?
- Zirvədə
dayanmaq çox çətindir. Gərək həmişə
zirvədə qalmağa çalışasan. Çünki zirvədəki yeri qoruyub saxlamaq zirvəyə
qalxmaqdan həmişə çətin olub.
- Ailə qurmağınız səhnə
fəaliyyətinizə mane olmadı ki?
- Xeyr, mən
çox xoşbəxtəm ki, məni başa düşən
sevimli həyat yoldaşım, xoşbəxt ailəm var. Bəzən
elə problemlər də olur. Məsələn,
uşaq xəstələnir, sən isə tədbirə tələsirsən.
Onda yoldaşım deyir ki, işi qoyub, uşaqla
məşğul ol. Ailədə belə hallar olur. Amma
hər dəfə biz anlaşa bilirik.
- Bir az da pedaqoji fəaliyyətinizdən
danışardınız?
- Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasında müəlliməyəm. Yaxşı istedadlı tələbələrimiz var. Arzu edərdim ki, istedadlı gənclərimizə ali məktəbə qəbul zamanı güzəştlər edilsin. Çünki elə istedadlı gənclərimiz var ki, ali məktəbə qəbul ola, sənətlərini davam etdirə bilmirlər.
- Əməkdar artist fəxri adı almağınızdan, səhv etmirəmsə, 16 il ötüb. Sizə elə gəlmirmi ki, Xalq artisti fəxri adı almağınızın vaxtı çoxdan çatıb.
- Bizim elə sənətkarlarımız olub ki, 60-70 yaşlarında Xalq artisti fəxri adı alıblar. Onlarla müqayisədə biz hələ bu adı almağa çox gəncik. Amma belə götürəndə bizim qədər zəhməti olmayanlar Xalq artisti fəxri adı alıblar. Biz bacılar Prezidentimizdən çox razıyıq. O hər şeyə diqqət yetirir, sənətkarlara mütəmadi olaraq qayğı göstərir. Amma fəxri ad üçün də təqdimat olmalıdır ki, Prezidentimiz bunu dəyərləndirsin. Bilmirəm, bəlkə də, fəxri ad almaq məsələsində Mədəniyyət Nazirliyində bizi unudublar... Bununla belə, bizə ad verilsə də, verilməsə də, xalqımıza, millətimizə, dövlətimizə xidmət edirik və xidmət etməkdə də davam edəcəyik
- Sizi hazırda ən
çox narahat edən məsələ nədir?
- Biz 20 il idi ki, Mahnı Teatrında işləyirdik, bura bizim ikinci evimiz olub. Amma indi Mədəniyyət Nazirliyinin göstərişi ilə Mahnı Teatrının keçmiş əməkdaşları işdən azad ediliblər, yeni kollektiv yığırlar. Açığını deyim ki, insanın işdən çıxarılması adama təsir edir. Mahnı Teatrı bizim evimiz idi. Amma bunu giley-güzar kimi də qəbul etməsinlər. Allaha şükürlər olsun ki, İncəsənət Universitetində işləyirəm. Bütün hallarda bizə xalqın sevgisi yetər.
Zaman.-2014.-3 iyun.-S.7.