“Heç zaman sinəmə
döyüb:“Mən jurnalistəm”, - deməmişəm”
QVAMİ MƏHƏBBƏTOĞLU,
Bölgə
mətbuatımızın ilk “qaranquşu” sayılan “Şəfəq”
qəzeti artıq 93 ildir ki, neçə-neçə ailələrə
qonaq olur, onların qəlblərinə yol tapır. Son illər bu mətbuat orqanı öz fəaliyyət
dairəsini genişləndirməklə yanaşı, bir
sıra yeniliklərə də imza atıb. Bu prosesdə hazırda onu ərsəyə gətirənlərdən
birinin - Qəhrəman Qasımovun da kifayət qədər əməyi
var. O, 30 ildən çoxdur ki, “Şəfəq”də çalışır.
Bu günlərdə “Şəfəq”in redaktoru
Qəhrəman Qasımovla görüşüb ona bir
neçə sualla müraciət etdik.
- Qəhrəman müəllim,
söhbətə sizin jurnalistikaya marağınızın
kiçik tarixçəsi ilə başlayaq. Bu sahəyə
marağınızın olduğunu nə zaman hiss etmisiniz?
- Mən
hələ orta məktəbdə oxuyanda “Şəfəq”lə
- rayon qəzeti ilə müntəzəm əlaqə
saxlayardım. Belə ki, məktəbimizdə
keçirilən tədbirlərlə, həmçinin
müxtəlif peşə sahibləri ilə bağlı
yazılarımı bu qəzetə göndərərdim.
Həmin yazılarım dərc olunanda sevincdən az qala uçardım. Hərbi
xidmət illərimdə isə Uzaq Şərq Hərbi Dairəsinin
mətbuat orqanında - “Suvorov ardıcılları” qəzetində
çıxışlar edirdim. (Bu işdə
rus dilini bilməyim, təbii ki, mənə
yardımçı olub). Elə bu həvəs
məni ordu sıralarından sonra “Şəfəq”ə gətirdi.
Burada 3 il korrektor kimi
çalışdıqdan sonra ədəbi işçi,
şöbə müdiri vəzifələrini icra etdim. 2006-cı ildən isə “Şəfəq”in
redaktoruyam. Bir sözlə, artıq 31 ildir
ki, “Şəfəq”in işçisiyəm.
- İlk qonorarınıza nə
almısınız?
-
Uşaqlıq illərimdən kitaba böyük marağım
olub. Əlimə pul düşən kimi özümü Quba
şəhərində Musa kişinin adı ilə tanınan kitab mağazasına
salar, onun tövsiyəsi ilə kitablar alardım. Onu da deyim
ki, Musa kişi çox kitabsevər bir
insan idi. O demək olar ki, satışda olan bütün
kitabların məzmunu barədə məlumatlı olardı və
kitab almaq istəyənlərə müəyyən
açıqlamalar verərdi. Nə isə... Mən
ilk qonorarıma həmin mağazadan Mehdi Hüseynin “Səhər”
və “Abşeron” romanları əsasında
hazırlanmış kitab aldım. Səhv
etmirəmsə, qiyməti o zamanın pulu ilə bir manat əlli
qəpik idi. Yeri gəlmişkən, onu da
deyim ki, hazırda şəxsi kitabxanamda mindən çox
kitab var.
- Bəs Qəhrəman adını
sizə kim verib? Olmaya
uşaq vaxtı hansısa qəhrəmanlıq göstərmisiniz?
- Yox... Qəhrəman mənim babamın adı olub. Atamın dediyinə görə, o, çox cüssəli
bir pəhləvan idi. O zamanlar toylarda güləşərdi.
“Kompyuteri
bilmək o demək deyil ki...”
- Bəlkə
söhbətimizi “Şəfəq”lə davam etdirək.
- “Şəfəq” bölgə mətbuatımızın
ilk “qaranquşu”dur. 93 ildir ki, bu mətbuat orqanı üzərinə
düşən missiyanı yerinə yetirir. Onu da deyim ki, o, müxtəlif ictimai formasiyalarda qayəsini
dəyişməyib, obyektivliyi qoruyub saxlayıb, dövlət
maraqlarını həmişə üstün tutub. Elə bu kimi məziyyətlərinə görə
ümummilli lider Heydər Əliyev 1996-cı ildə qəzetimizin
75 illiyi münasibəti ilə kollektivə göndərdiyi təbrikində
“Şəfəq”in fəaliyyətini yüksək dəyərləndirib.
3 il öncə qəzetimizin 90 illiyi rayon səviyyəsində
geniş miqyasda qeyd edilib. Yeri gəlmişkən,
“Şəfəq”in 8 min 500-dən artıq nömrəsi
çapdan çıxıb və bu, hələlik, bölgə
mətbuatında rekord göstəricidir. Hazırda
qəzetimiz həftədə 3 dəfə (8 səhifə ilə)
oxucularının görüşünə gəlir. Bu isə hər şeydən əvvəl, “Şəfəq”ə
olan diqqətin nəticəsidir. Bu
yaxınlarda qəzetimiz yeni bina ilə təmin olunub. Qəzetimizdə kompyuter mərkəzi
yaradılıb ki, burada çapa qədərki, bütün
işlər həyata keçirilir. Halbuki
Quba Poliqrafiya Müəssisəsi öz fəaliyyətini
dayandırdığı gündən, daha doğrusu, 1997-ci
ildən 2007-ci ilin mayına qədər bu işlər “Azərbaycan”
nəşriyyatının kompyuter mərkəzində
görülürdü. Redaksiyamıza
xeyli yeni avadanlıq alınıb, maddi-texniki bazası möhkəmləndirilib.
- Əyalət qəzetləri bəzən
gözdən, könüldən iraq
düşmələrindən gileylənirlər. Sizin də
belə bir gileyiniz varmı?
- Təbii
ki, əyalət mətbuatının, o cümlədən
bizim də müəyyən problemlərimiz var. Məsələn,
şimal bölgəsində mətbəə yoxdur. Bu da işimizi bir qədər çətinləşdirir.
Nə qədər qəribə olsa da, bu gün
sahibkarlar ticarət obyektləri açmağa daha çox
maraqlıdırlar. Lakin nədənsə
onlardan heç biri mətbəə barədə
düşünmürlər. Görünür,
onlar mətbəəyə gəlirsiz sahə kimi baxırlar.
Halbuki mənim təxmini hesablamalarıma görə, mətbəənin
gəliri bu və ya digər ticarət obyektinin gəlirindən
bir neçə dəfə çox ola bilər.
Baxın, görün, şimal bölgəsində
nə qədər idarə, müəssisə, şadlıq
sarayları var. Elə onlar üçün lazımı sənədlər
çap etməklə kifayət qədər gəlir
götürmək mümkündür. Bu
gün şimal bölgəsinin bu və ya digər idarəsi
bu kimi işləri həyata keçirmək məqsədilə
paytaxta qaçır. İkinci bir məsələ:
bölgə mətbuatını dirçəltmək
üçün reklamlar önəmlidir. Lakin bəzən elə
qadağalarla rastlaşırıq ki... Məsələn,
məktəb həyatı ilə bağlı hər hansı
bir şəxsin bu və ya digər sənədi itdikdə
bununla bağlı məlumat çap edə bilmirik. Deyirlər ki, həmin sənədlər “Azərbaycan
müəllimi” qəzetində dərc olunmalıdır.
Yaxud da mülkiyyətlə bağlı
elanları verə bilmirik. Ona da başqa
bir əmma qoyulub. Deyirlər ki, mərkəzi
mətbuatda dərc olunmalıdır. Halbuki
belə şeylər KİV haqqında qanuna ziddir. Lakin onu da deyim ki, bu sahədə bölgə mətbuatından
da qaynaqlanan problemlər var. Məsələn, sahibkar istəyir
ki, yeni gətirdiyi məhsulunu bir neçə günün
içində reklam etdirsin. Ancaq rayon qəzetləri ayda iki,
üç, yaxud bir dəfə çıxdığından
bu addımı ata bilmir. Yəni sahibkar oturub on, yaxud on beş gün gözləyəsi deyil ki?! Bu kimi nüansları nəzərə alaraq, biz
yaxın günlərdə ayda dörd dəfə oxucularla
görüşə gəlmək niyyətindəyik.
- Bəs kadr məsələsi ilə
bağlı problemlər yaşanmır?
- Bu,
bölgə mətbuatının, əgər belə demək
mümkünsə, yaralı yeridir. Mənim təxmini
müşahidələrimə görə, rayonlarda fəaliyyət
göstərən jurnalistlərin əksəriyyətinin
yaşı əllidən yuxarıdır. Elə
götürək bizim redaksiyanı. Bizim
redaksiyada ən cavanı mənəm ki, mənim də 53
yaşım var. Yəqin soruşacaqsınız ki, məgər
redaksiyalara yeni kadrlar işə qəbul olunmurlar? Yenə müşahidələrimə əsasən
deyirəm ki, redaksiyalara gələn cavanlar informasiya
texnologiyalarını bilsələr də, yazmağı,
informasiya əldə etməyi bacarmırlar. Kompyuteri bilmək isə o demək deyil ki, o, jurnalistdir.
Unutmayaq ki, jurnalistlərin birinci işi yazmaq,
informasiya əldə etməkdir. İnandırım
sizi, onların arasında elələrinə rast gəlmişəm
ki, dilimizin qrammatikasını belə bilmir. Mətbuatın əsas vəzifələrindən
biri də dilin saflığı uğrunda mübarizədir
axı. Bu yerdə bir məsələyə
də toxunmaq istərdim. Son illər,
ümumiyyətlə, bu və ya digər qəzetin səhifələrində
müəyyən səhvlərlə rastlaşmaq
mümkündür. Amma bu, yolverilməzdir.
Yəqin, xatırlayırsınız, bir zamanlar
biz orta məktəbdə oxuyanda sözlərin düzgün yazılışlarını
öyrənmək məqsədilə qəzetlərə
müraciət edərdik. Digər tərəfdən, əyalət
qəzetlərində əmək haqqı da o qədər
yüksək deyil... Zənnimcə, həmin amil
də bu sahəyə həvəsi olanları ruhdan salır.
“Bağda ərik var idi”
- Bəziləri rayon qəzetlərinə
marağın az olmasını yerli icra
hakimiyyəti orqanları ilə bağlayırlar. Bu fikrə sizin münasibətiniz?
- Bəri
başdan deyim ki, qəzetlərə marağın azalması
yalnız bölgələrdə özünü büruzə
vermir. Paytaxt yazarları da bundan şikayətlənirlər.
O ki qaldı bizə... Məlumat
üçün bildirək ki, qəzetimiz Quba Rayon İcra
Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə
işıq üzü görür. Fürsətdən
istifadə edib qayğıya görə Quba Rayon İcra
Hakimiyyətinin başçısı Mübariz Ağayevə
minnətdarlığımızı bildirirəm. Yeri gəlmişkən, məhz onun sayəsində
son illər Quba daha sürətlə dəyişir, gəncləşir,
inkişaf edir. Rayonda son iki ildə 30-dan
artıq obyekt - dövlət idarələri üçün
yeni binalar inşa olunub, bir neçə tarixi abidədə
yenidənqurma işləri aparılıb. Son bir neçə ildə rayonun 50-yə yaxın kəndi
qazlaşdırılıb. Hələ
neçə kənddə də bu istiqamətdə işlər
gedir. Bəzi kəndlərə yeni su xətləri
çəkilir. Statistiklər kiçik, ancaq maraqlı
bir araşdırma aparıblar: sovet dövründə (70 ildə)
Qubada cəmi 17 məktəb inşa olunub, müstəqillik
qazandığımız son 20 ildə isə Quba rayonunda 80 məktəb
binası inşa edilib, daha 6 məktəb də inşa
olunmaqdadır. Bir sözlə, rayonda işlər
çoxşaxəli şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
qayğısı ilə Quba respublikamızın möhtəşəm
istirahət zonalarından birinə çevrilib. O ki
qaldı konkret sualınıza, bəri başdan deyim ki, mən
bu iradla razılaşa bilmirəm. İnandırım
sizi, bu gün icra hakimiyyəti təsisçilikdən əlini
çəksə, qəzetimiz yaşaya bilməz. Yeri gəlmişkən, rayonda qeydiyyatdan
keçmiş 7 qəzet fəaliyyət göstərirdi.
İmkansızlıq ucbatında onlardan 4-ü fəaliyyətini
dayandırıb.
-
İndiyədək hansısa yazıya görə təqiblərə
məruz qalmısınız...
- Ötən
əsrin 90-cı illərinin əvvəllərində bir
sovxozda həyata keçirilən torpaq islahatlarındakı
özbaşınalıqlarla bağlı “Bağda ərik var
idi” adlı bir material yazmışdım. Buna
görə həmin sovxozun direktoru məni haralara çəkmədi?
Lakin mövqeyimdən geri çəkilmədim.
Üstəlik, elə həmin mövzuda bir
yazı da yazdım. Bununla həmin məsələ
öz həllini tapdı: şikayətçilər qanunu
torpaq sahələrinə sahib oldular. Bilirsinizmi,
jurnalistin yazdığı faktlar doğru,
qaldırdığı problem önəmli olanda o, heç
zaman məğlub olmur. Təbii ki, jurnalist
həm də öz mənəviyyatına arxayın
olmalıdır.
- Bəs yazdığınız tənqidi
məqalələr bəzən icra hakimiyyəti tərəfindən
narazılıqla qarşılanmır?
- Yenə
deyirəm, təsisçi olmaq o demək deyil ki, o, bizim hər
işimizə qarışır. Təsisçi
ilə bizim aramızda müqavilə var. Biz, sadəcə,
onların materiallarına da qəzetdə yer veririk. Mən hələ indiyədək görməmişəm
ki, icra hakimiyyəti hansısa tənqidi yazıya görə
bizə irad tutsun. Əksinə, bizim tənqidi
materiallar iclaslarda müzakirə olunur,
qaldırılmış problemlər həllini tapır.
“Respublika səviyyəsində qeyd
etmək niyyətindəyik”
- Qəhrəman müəllim, əyalətlərdə
də reket jurnalistlər “fəaliyyət” göstərirlər?
-
Bilirsinizmi, rayon yerlərində camaatın əksəriyyəti
bir-birini tanıyır. Elə bu səbəbdən
rayon yerlərində, əgər belə demək
mümkünsə, yerli reket jurnalistlərə rast gəlmək
mümkün deyil. Çünki onlar tez
bir zamanda ifşa olunacaqlarından qorxurlar. Rayonlarda paytaxtdan gələn reket jurnalistlər,
sözün həqiqi mənasında, meydan sulayırlar.
Xüsusən də, yay aylarında onların
sayı çox olur. Belələri öz
səviyyəsiz hərəkətləri ilə, daha
doğrusu, dilənməklə əsil jurnalistlərin də
imicinə xələl gətirirlər. Onu
da deyim ki, onların arasında bir zamanlar hüquq-mühafizə
orqanlarında, idarə və müəssisələrdə
işləyənlər də var. Özlərini də əsil
jurnalist kimi təqdim etməkdən belə çəkinmirlər.
Halbuki mən 31 ilin jurnalisti heç zaman sinəmə
döyüb: “Mən jurnalistəm” deməmişəm. Məncə, belələri ilə mübarizə
daha amansız olmalıdır.
- “Şəfəq” daha
hansı sürprizləri ilə oxucuları sevindirəcək?
- Qəzetimizin
95 illik yubileyini geniş şəkildə, daha doğrusu,
respublika səviyyəsində qeyd etmək niyyətindəyik.
Güman edirəm ki, “Şəfəq” belə
bir yubileyə layiqdir. Bir də o ərəfədə
oxucularımla “Şəfəqli günlərim”i də
paylaşmaq arzusundayam.
- Mətbuat
Şurasının sədri Əflatun Amaşov “Şəfəq”i
bölgə mətbuatımızın öncülü kimi dəyərləndirməklə
yanaşı, bu qəzetin şimal bölgəsində ictimai
fikir formalaşdıran əsas mətbuat orqanı olduğunu
da bildirib. Elə isə digər bölgə qəzetləri
ilə əməkdaşlıqdan söz
açmağınızı xahiş edirik.
- “Şəfəq” təkcə bölgəyə deyil,
paytaxt qəzetlərinə də öz töhfəsini verib. Bu mənada,
respublikamızın bir sıra rayon qəzetlərinin
redaktorları, eləcə də imzaları ilə ölkə
mətbuatında kifayət qədər tanınan qubalı
yazarlar, əgər belə demək mümkünsə, “Şəfəq”dən
çıxıblar. Məsələn, sovet dönəmində
“Kommunist” adı ilə çıxmış indiki “Xalq” qəzetinin
iki redaktoru (Tofiq Rüstəmov və Ramiz Əhmədov)
“Şəfəq”in yetirmələri olub. AMEA-nın
müxbir üzvü, filologiya elmləri doktoru Azad Nəbiyev
bizim qəzetin əməkdaşı olub. Hazırda
“Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsində
çalışan Südabə Ağabalayeva bir zamanlar bu qəzetdə
çalışıb və sairə. Bu
isə o deməkdir ki, “Şəfəq” böyük təcrübəyə
malikdir. Bəli, biz ətraf rayonların qəzetləri
- “Qızıl Qusar”, “Şabran”, “Xaçmaz”la mütəmadi əlaqə
saxlayırıq. (Yeri gəlmişkən,
onu da qeyd edim ki, bu qəzetlərin də ilk redaktorları elə
“Şəfəq”də çalışanlar olublar). Belə ki, onlarla yazı mübadiləsi
aparırıq. Xüsusən də, bu və
digər rayondakı qabaqcıl təcrübələrin
yayılmasında fəal əməkdaşlıq edirik. Lakin bu danılmazdır ki, bu gün mərkəzi mətbuatla
bölgə mətbuatı arasında əlaqələr zəifdir.
Bölgələrdə qeyri-hökumət təşkilatlarının
mətbuatla bağlı keçirilən tədbirləri də
sadəcə nəyinsə xatirinə keçirilir. İnandırım sizi, həmin tədbirlərə
elə adamlar cəlb olunurlar ki, onların mətbuatla heç
bir əlaqəsi yoxdur.
“Deyəsən,
şairanə alındı axı?”
- Qəhrəman
müəllim, hərdən “kaş bu sahədə işləməzdim”
ifadəsini işlədirsiniz?
- Bu sahədə olmağımdan peşman deyiləm. Mənə elə gəlri ki, başqa sahədə işləyə bilməzdim.
- “Şəfəq” sizin üçün nədir?
- “Şəfəq”, ümumiyyətlə, mətbuat mənim həyatımdır.
- Hərdən xəyala
dalıb lirik duyğularınızı qələmə
alırsınız?
- Əvvəllər yazardım. Sonra gördüm ki, şeir yazmaq mənim işim deyil. Odur ki, həmin lirik duyğulara daha üz vermədim.
- Darıxanda hara üz tutursunuz?
- Təbiətin qoynuna, daha doğrusu, bağıma...Təbiətlə təmasda olmaqdan alayı ləzzət alıram. Belə məqamlarda sanki hər şeyi unuduram. Lap çox darıxanda isə nəvələrimin yanına gedirəm. Yeri gəlmişkən, iki nəvəm var.
- Deyəsən, “Şəfəq”lə birgə siz də qocalırsınız axı...
- Əvvəla, “Şəfəq” qocalmır, o, tarix yaza-yaza tarixə çevrilir. Mən isə bu tarixi yazanlardan biri kimi onunla birgə ucalıram. Deyəsən, şairanə alındı axı?!..
Zaman.-2014.-7 iyun.-S.7.