Arazboyu zonası torpaqlarının ekoloji vəziyyəti və deqradasiya problemləri

 

 

Müasir dövrdə ərazidə ekoloji tarazlığı qorumaq, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün torpaqlardan maksimum dərəcədə səmərəli istifadə olunması tələb olunur.

 

 

Statiskaya əsasən, ümumilikdə, Naxçıvan Muxtar Respublikası üzrə mövcud 536 min 300 hektar torpaq sahəsindən 162 min 344 hektarını kənd təsərrüfatına yararlı, 14 min 444 hektarını isə həyətyanı torpaq sahələri təşkil edir. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin yalnız 60 min hektardan çoxu, həyətyanı torpaq sahələrinin isə 10 min hektarı əkin üçün istifadə olunur. Beləliklə, əkin üçün istifadə olunan 70 min hektardan çox torpaq sahəsi muxtar respublika ərazisinin cəmi 13 faizini təşkil edir. Ona görə də bu torpaqlardan səmərəli istifadə edilməsi, əkinin mütəşəkkil qaydada, torpaqbitki xüsusiyyətləri nəzərə alınmaqla keçirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Naxçıvan Muxtar Respublikasında relyefin mürəkkəbliyi, ərazidə allüvial, prollüvialdelüvial gətirmələrin bolluğu, hidroloji şəraitin müxtəlifliyi, bitki örtüyünün, kəskin kontinental iqlimin və insanların əsrlər boyu fəaliyyəti burada torpaq örtüyünün tərkibinə və yayılmasına öz təsirini göstərib. Naxçıvan MR-də torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef xüsusiyyətləri çox böyük rol oynamış və hazırda da öz təsirini göstərməkdədir. Muxtar respublika bir çox fərqli iqlim tipinə malik olsa da düzənlik sahə, yəni Arazboyu maili düzənlik istiquraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftı yoxsul bitkitorpaq örtüyünə malikdir.

 

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında torpaq islahatları sahəsində mövcud qanunvericilik bazası son illər xeyli gücləndirilib. Lakin ölkəmizin bir çox bölgələrində olduğu kimi, əhalinin sıx mərkunlaşdığı Arazboyu ərazi də təbii və antropogen amillərin təsiri nəticəsində müxtəlif eroziya proseslərinə məruz qalır. BizArazboyu zonası torpaqlarının ekoloji vəziyyəti və deqradasiya problemləri ilə əlaqəli suallarımızı AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, dosent Sahib Hacıyevə ünvanladıq.

 

 

 

- Sahib müəllim, Arazboyu zonası torpaqlarının xarakterik xüsusiyyətləri nələrdir?

 

- Həqiqətən, torpaq insan həyatında müstəsna əhəmiyyətə malik olmaqla bəşəriyyətin ən qiymətli xəzinəsidir. Biz torpaqdan qidalanır, nəfəs alır və onun üzərində yaşayırıq. Ərazimizin əksər hissəsi dağlıq olduğundan Naxçıvan MR-də adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsinin Azərbaycanla müqayisədə çox azdır. Bu səbəbdən əhalini kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək məqsədi ilə muxtar respublikada əkin sahələrinin 70 faizini təşkil edən Arazboyu zonasında daimi olaraq torpaq - bitki tədqiqatlarının aparılması aktuallıq kəsb edir.

 

Apardığımız müşahidələrdən aydın olur ki, bu zonanın iqlimi öz quraqlığı ilə fərqlənir. Burada torpaq əmələgəlmə iki fazalı bioloji mərhələdə gedir. Fəal faza yaz və payız dövrlərini əhatə edir ki, bu dövrdə torpaqda humus toplanması intensivləşir, torpaqdaxili aşınma sürətlənir, gilli minerallar artır, dəmir birləşmələri çoxalır. İkinci fazada isti yay dövründə karbonatların torpaqda çökməsi artır, ellüvial karbonat qatı formalaşmaqda davam edir və aşınma prosesi nisbətən dayanır.

 

Bu zonada əsasən Boz, ibtidai-boz, boz-qonur, açıq-qəhvəyi (şabalıdı), çəmən tipli, çəmən, çəmən-boz, bataqlıq, şoran, çay subasarları və allüvial-çəmən torpaqlar yayılıb.

 

 

 

- Arazboyu zonasında səhralaşma - torpaqların deqradasiyasına səbəb olan əsas amillər hansılardır?

 

- Son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiyası prosesləri ölkəmizin, o cümlədən muxtar respublikada Arazboyunun ekosistemlərinə də öz təsirini kəskin göstəribdir. Müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən deqradasiya prosesləri son nəticədə münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə və əhalinin ərzaq ehtiyatlarının ödənilməsində iqtisadi-sosial çətinliklər yaradır.

 

Apardığımız tədqiqatların və ədəbiyyat materiallarının nəticələrindən aydın olur ki, səhralaşma-torpaqların deqradasiyasına təsir edən amillər müxtəlifdir. Ona görə də bu amilləri uyğun qruplarda birləşdirərək aşağıdakı kimi göstərmək olar.

 

 Təbii amillər: Muxtar Respublikada torpaq münbitliyinin pozulmasına təsir göstərən əsas amillərdən biri təbii amillərdir. Ərazidə səhralaşma və torpaq münbitliyinin pozulmasına təsir edən təbii amillərdən eroziya, şoranlaşma, şorakətləşmə, bataqlıqlaşma, daşlıq və kol-kosla basmış sahələr və digərlərini göstərmək olar. Naxçıvan MR ərazisinin xeyli hissəsini dağlıq və dağətəyi sahələr tutduğu üçün burada eroziya prosesləri daha geniş yayılmaqla ərazinin 75 faizə qədərini təşkil edir. Bu sahələrdə əsasən su, külək eroziyası və onun bir neçə növləri yayılıb. Əkinə yararlı torpaq sahələrinin üst münbit qatının yuyulmasında əsas rol oynayan amillərdən biri eroziya prosesləridir. Eroziya prosesləri içərisində su eroziyası muxtar respublika ərazisində başqa təbii amillərə nisbətən fəaliyyəti daha çox nəzərə çarpır.

 

 Antropogen amillər: Səhralaşma torpaq deqradasiyasını yaradan səbəblər arasında təbii amillərlə yanaşı, antropogen təsirlər də əsas diqqət çəkən məsələlərdən biridir. Antropogen amillər ətraf mühitə, o cümlədən torpağa təsir göstərən insan fəaliyyətinin müxtəlif formalarını birləşdirir. Müxtəlif formalarda insanların torpaqlara kortəbii münasibəti bir çox hallarda ərazidə eroziya proseslərinin inkişafını sürətləndirir və bataqlıq sahələri yaradır.

 

 

 

- Əsasən hansı ərazilərdə torpaqlar

 

daha çox deqradasiyaya məruz qalır?

 

- Əhalinin məskunlaşdığı ərazilərdə torpaqlara birbaşa təsirinə nəzər saldıqda, burada əhalinin sıxlığı torpaq münbitliyinə təsir göstərən əsas faktorlardan biri kimi çıxış edir. Muxtar respublikada əhalinin sıx məskunlaşdığı Şərur düzünün mərkəz, Naxçıvan düzənliyinin mərkəz və cənub-şərq və Araza tökülən Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Vənəndçay və Ordubadçay vadilərində yerləşən kəndlərdə torpaqlardan mədəni və təbii bitkilər altında olduqca səmərəli istifadə olunur. Lakin, bəzi təsərrüfatlarda və əhali seyrək və yaxud olmayan ərazilərdə isə torpaqlardan səmərəli istifadə olunmur. Ona görə bu ərazilərin torpaqları öz münbitliyini get-gedə itirərək deqradasiya proseslərinə uğrayaraq əkin dövriyyəsindən çıxır. Ərazidə torpaq münbitliyinin azalmasına təsir göstərən əhali sıxlığı ilə bərabər, qış və yay otlaqlarında heyvanların sistemsiz otarılması, ağac və kolluqların qırılması hallarını da qeyd etmək olar.

 

 

 

- Başqa hansı hallar ekoloji tarazlığın

 

pozulmasına və torpaq münbitliyinin

 

azalmasına səbəb olur?

 

- Torpaq münbitliyinin azalmasına təsir göstərən antropogen faktorların formalarından biri də sahələrdə aqrotexniki qaydalara düzgün riayət etməmək və torpaqlardan həddindən artıq istifadə olunması nəticəsində deqradasiya uğramış torpaqlardır. Torpaqlardan mədəni və təbii bitkilər altında istifadə olunarkən aqrotexniki qaydalara düzgün riayət etməmək nəticəsində münbitliyi azalaraq məhsuldarlıq ilbəil aşağı düşür. Torpaqlardan uzun müddət istifadə olunması və suvarma sularının nəzarətsiz buraxılması nəticəsində aşağıda qeyd olunan mənfi hallara gətirib çıxarır.

 

Mənfi antropogen amillərə misal kimi, nəzarətsiz suvarma nəticəsində torpaqlarda baş verən irriqasiya eroziyasıdır. Bu proseslər nəticəsində torpaqların üst münbit hissəsi yuyularaq, dərin şırım və yarğanlar yaranaraq torpaqlar yararsız hala düşür. İkinci bir tərəfdən nəzarətsiz buraxılan bu sular axmaz yerlərə toplanaraq bataqlıqlar yaradır. İrriqasiya eroziya və bataqlıqlaşma proseslərinə muxtar respublikanın Babək və Şərur rayonlarının düzənlik zonasında yerləşən bir neçə təsərrüfat sahələrində müşahidə olunur.

 

Onu da qeyd edim ki, apardığımız elmi tədqiqatların nəticələri əsasında ərazidə torpaq münbitliyini pozan səhralaşma və sair torpaq deqradasiyası proseslərini yaradan səbəblər araşdırılmış və onların qarşısını almaq bir neçə monoqrafiyametodik vəsait yazılıb xalqımızın istifadəsinə verilmişdir. Nəşr olunan monoqrafiyametodik vəsaitlərdən göstərilən nəzəri və praktik məsələlərdən torpaq istifadəçiləri elmi əsaslarla düzgun istifadə edərlərsə, onda Arazboyu düzənliyində torpaqların ekoloji mühitini lazımi səviyyədə qorumaq olar.

 

Vaqif Vəliyev

"Zaman". - 2014. - 11 iyun. - S. 13.