Havatəmizləyicilər - zeytun ağacları

 

Zeytun ağacı atmosferin zəhərli qazlardan, zərərli maddələrdən təmizlənməsində önəmli rol oynayır. Ona görə də sağlamlıq baxımından meyvəsi də gövdəsi qədər dəyərli olan zeytunun əkilib-çoxaldılmasına daim diqqət və qayğı artırılmalıdır. Əsasən də şəhər mühitində yaşıllıqların havanın təmizlənməsində xüsusi önəm daşıdığı bir zamanda zeytun ağacının çoxaldılmasına böyük ehtiyac var. Bu mənada zeytun bir növ havatəmizləyici rolunu oynayır.

 

 

Zeytunun geniş yayıldığı ölkələrdə ürək-damar xəstəliklərinə daha az rast gəlinir

 

Abşeron yarımadasının təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Danılmaz faktdır ki, zeytunçuluq təsərrüfatı səmərəliliyinə görə ilk olaraq məhz Abşeronda salınmışdır və zeytun bağları getdikcə genişləndirilmiş, zeytunçuluq sovxozu yaradılmışdır. Rayonun Bilgəh, Maştağa, Buzovna tərəvəzçilik sovxozlarındakı ərazilərdə zeytun bağları genişləndirilir. Zeytun ağacından yaşıllıq məqsədi ilə də istifadə etmək mümkündür. Bu mənada Bakı və Sumqayıt şəhərlərinin küçə və meydanlarında, park və xiyabanlarında minlərlə zeytun ağacı əkilmişdir.

 

Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, ondan hazırlanan yağ, və turşular, çoxçeşidli konservlər də keyfiyyəti ilə seçilir və əhali tərəfindən yüksək qarşılanır.

 

Zeytun meyvələri göy haldatam bioloji yetişmə dövründə yığılır. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə daha yüksəkdir, hətta tərkibindəki yağın miqdarı 65-75 faizə çatır.

 

Yüksəkkeyfiyyətli göy zeytun məhsulu emal etmək üçün meyvələr tünd yaşıl rəngdən açıq-yaşıl rəngə dönərkən yığılır ki, bu da zeytunun növündən və iqlim şəraitindən asılı olaraq, təxminən sentyabrın axırı, oktyabr və noyabrın əvvəllərində həyata keçirilir.

 

Qeyd edək ki, sovet dövründə belə, zeytunçuluğa ciddi fikir verilmiş, zeytun sahələri genişləndirilmişdir. Lakin keçid dövründə vaxtilə Abşeron təsərrüfatlarında geniş sahəni əhatə edən zeytun bağlarının xeyli hissəsi baxımsızlıq ucbatından məhv olmuş, hətta ağaclar kökündən çıxarılmış, yeri isə zəbt edilərək ayrı-ayrı insanlara satılmışdır. Sonradan isə yarımadanın nadir neməti - zeytunun inkişaf etdirilməsinə, zeytun bağlarının genişləndirilməsinə qayğı və diqqət yenidən artmağa başladı. İş adamları uzun illər istifadəsiz qalmış torpaqları rekultivasiya edərək əkinə hazırlayıb, yeni zeytun bağları saldılar. Artıq Abşeronda fərdi təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə zeytun ağaclarına da üstünlük verilir.

 

Zeytun uzunömürlü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından fərqlənir, kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyindən iqlimi quraqlıq keçən bölgələrdə bitiruzunömürlü ağacdır, ana vətəni isə cənub-şərqi Anadoludur. Zeytunun qarası daha çox Türkiyə və Yunanıstanda yetişir. Yaşıl zeytun, adətən, payız aylarında toplanır. Bu ağacın bar verməsi üçün 8 ildən artıq müddət lazımdır, yəni bir qədər gec bar verən ağacdır.

 

Çoxsaylı xəstəliklərin, eləcə də yanıq, göz xəstəliklərinin müalicəsində, həmçinin ətirli ədviyyat kimi istifadə edilən və dini baxımdan cənnətin “sülh carçısı” adlandırılan zeytun Qara dəniz sahillərində, Krımda, Gürcüstanda da geniş yayılmışdır.

 

Zeytunçuluğun inkişafı yüksək gəlir gətirməklə yanaşı, yaşıllıqların artması, ölkə ərazisində biomüxtəlifliyin qorunmasında və havanın oksigenlə zənginləşməsində də əvəzsizdir.

 

Araşdırmalar göstərir ki, orqanizm üçün müalicəvi əhəmiyyət daşıyan zeytun plantasiyalarının geniş yayıldığı ölkələrdə ürək-damar və xərçəng xəstəliklərinə daha az rast gəlinir. Bu isə sağlamlıq üçün çox önəmli məsələdir.

 

 

 

Həm təbibimizi, həm də təbiətimizi qoruyaq

 

Zeytun sağlamlığa son dərəcə faydalıdır və bu səbəbdən də süfrəmizdə qarğıdalı, günəbaxan yağları ilə yanaşı, zeytun yağına keyfiyyətinə, qidalılıq dərəcəsinə görə daha dəyərli olduğundan məişətimizdə daha çox üstünlük veririk və bu baxımdan zeytun süfrəmizdə öncüllük qazanıb.

 

Məlumat üçün bildirək ki, ölkəmizdə zeytun yağlarının istehsalı Bakı və Bakıətrafı ərazilərdəki zeytun bağlarından zeytun yığmaqla, eləcə də xaricdən gətirməklə həyata keçirilir.

 

Bəli, bu gün zeytunçuluğun inkişafı üçün yerlərdə, respublikamızın bölgələrində təbliğat və təşviqat kampaniyaları aparılsa da, zeytun ağaclarının qırılmasının qarşısı alınsa da, bu yöndə görülən tədbirlər yenə də azdır. Çünki hələ də zeytunla bağlı neqativ hallara rast gəlinir. Bəzən zeytun ağacından oduncaq kimi, müxtəlif məqsədlər üçün istifadə edirlər, hətta kökündən qoparıb yerində tikinti işləri də aparırlar.

 

Zeytun təkcə yaşlılar üçün deyil, gələcək nəslin fiziki inkişafı və yaşamı baxımından da çox faydalı bitkidir.  Meyvəsindən, gövdəsindən, hətta yarpağından məlhəm, yaşıllığından yararlandığımız təbibimizi, qızıl qiymətli incimizi - zeytunu hər birimiz qorumalı, zeytun kimi qiymətli ağaclarımıza qarşı soyqırımına qalxan qüvvələrlə mübarizəni ciddi şəkildə davam etdirməliyik. Belə etsək,  həm də təbibimizin - zeytun ağaclarının məhv olmasının qarşısını alar, həm də təbiətimizi qorumuş olarıq.

 

 

 

Zeytunun sağlamlığa müsbət təsirləri

 

Qida dəyəri olduqca yüksək olan zeytunun, meyvəsinin ağacının, yarpağının və yağının faydaları bitib-tükənməzdir. Xüsusilə, indiki zamanda - ürək-damar xəstəliklərinin daha çox yayıldığı bir dövrdə zeytun yağı tərkibindəki antioksidanlar sayəsində xəstəliklərin qarşısının alınmasında, eləcə də orqanizmin xərçəng xəstəliyindən qorunmasında müsbət rol oynayır.

 

Zeytun yağından təkcə salat və xörəklərdə deyil, təbabətdə də geniş istifadə olunur. Bu yağ aterosklerozun inkişafını ləngidərək, maddələr mübadiləsini sürətləndirir.

 

Zeytunun yarpaq və gövdəsinin 300 qramını 15 dəqiqə qaynadıb süzdükdən sonra şəkər əlavə etməklə 2 həftə fasiləsiz olaraq səhər-axşam isti halda içmək çox faydalıdır.

 

1 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı zeytun yağı qəbul etməklə xolesterolun düşməsində son dərəcə müsbət nəticə əldə etmək mümkündür. Bədəni zeytun yağı ilə masaj etdikdə qan dövranı sürətlənir və toxumalara oksigenin daşınması asanlaşır.

 

Zeytun yağının bir üstünlüyü də ondadır ki, digər yağlarla müqayisədə nəinki tez həzm olunur, həm də qanda xolesterolun səviyyəsini tənzimləyir, qızartma işlərində də əvəzsizdir. Bu baxımdan mütəxəssislər xörəklərdə daha çox zeytun yağından istifadə etməyi məsləhət görürlər. Zeytunun yarpağı da təzyiqin aşağı düşməsində mükəmməl vasitədir.

 

Zeytun yağı - Uşaqların beyin inkişafını, sümüklərinin güclənməsini sürətləndirir; E, A, D, K vitaminləri ilə zəngin olduğundan hüceyrələrin yenilənməsinə kömək edir, yaşlanmanın qarşısını alır; dərini qidalandırır, saç tökülməsinə qarşı təsirli vasitə hesab olunur; 4-5 aylıq körpələr üçün (bir neçə damcı yağsız inək südü ilə qarışdırmaqla) təbii qida sayılır; orqanizmi ürək-damar xəstəliklərindən qoruyaraq, infarktolma ehtimalını azaldır; bağırsaq, sidik yolları, öd kisəsindəki daşların əmələ gəlməsinin qarşısının alınmasında, qastritin aradan qaldırılmasında daha təsirlidir; yaşlı insanlarda kalsium itkisini, sümük əriməsini minimuma endirir; dəri və saçlara parlaqlıq verir, quru dərini canlandırır, yumşaldır, qırışları azalaraq, elastik, hamar görünüş qazandırır; yorğunluğu aradan qaldırır; dırnaqları gücləndirir; qanda xolesterolun miqdarını tənzimləyərək damar tutulmasının qarşısını alır, şəkərin (trombun) aşağı düşməsinə kömək edir; tərkibindəki “Oleiprine” adlı maddənin olması səbəbilə hüceyrələri xərçəng xəstəliyindən qoruyur, mədə turşuluğunu azaldır; bədəni soyuqdan mühafizə edir (zeytun yağı ağcaqanad dişləməsinə qarşı təsirlidir); sarılıq və qaraciyər sancılarını azaldır; revmatizm, burxulma və əzələ zədələnmələrində zeytun yağı çəkmək müsbət nəticə verir.

 

Zeytun, ümumiyyətlə, yaşından asılı olmayaraq bütün insanlar üçün, xüsusilə uşaqlarda sümüklərin inkişafında, eləcə də güclənməsində faydalıdır. Qeyd edək ki, 1 ədəd zeytunda 14% yağ, 8,5 % karbohidrat var. Zeytun tərkibli sabunlar təbii, saf təmizləyicidir, nəmləndirici xassəyə malikdir, eyni zamanda yumşaldıcı və rahatlaşdırıcı təsir göstərir.

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Yeganə Məmmədova

"Zaman". - 2014. - 12 iyun. - S. 13.