Bəşəriyyətin
sabahına xəyanət etməyək
Bu kainat insan oğluna ən bərraq, ən gözəl şəkli ilə verilib, həm də pay verilməyib, hədiyyə edilməyib, əmanət verilib. Əmanət digərlərindən fərqli anlayışdır, nə hədiyyədir, nə borcdur. Əmanət odur ki, sənin istifadənə verilir və sən o əmanətlə necə davranırsansa, səninlə də o cür davranılır. Uca Kitabımızda buyurulur ki, çaylar, dənizlər bizim üçün axır, çalxalanır, içindəki balıqlar bizim üçündür, bitkilər bizim üçün meyvə-tərəvəz istehsal edir, inək yeriyən süd fabrikimizdir, Günəş göy üzündə insan üçün işıq saçır, Ay bizim üçün gecələr günəşin aynası olur... Yəni ətrafında gördüyün hər şeyi Allah bizim üçün yaradıb, daha doğrusu, bizim istifadəmizə verib. Yeddi qat yer, yeddi qat göy müəyyən nizam içində hərəkət edir, göy üzündəki müxtəlif cismlər elə düzülüb, elə hərəkət trayektoriyasına tabe tutulub ki, bir-birinin yoluna çıxmır, baş-başa gəlmir. Kainatda hər şey bir tarazlıq prinsipi üzrə tənzimlənib, sanki sapa düzülüb. Bu nizam Allahın qanunudur, cismlər çox yaxınlaşanda bir-birini dəf edirlər, aralananda da cəzb etməyə başlayırlar. Əslində bu münasibət əsl ədalət qanunudur, hər kəsi layiq olduğu məsafədə tutmaq, hər kəsi layiq olduğu qədər sevmək.
Temperaturun anormal dərəcədə yüksəlməsi
insan həyatını
ciddi risk altına qoyur
Kainatdakı nizamın ən dəqiq və kiçildilmiş variantını
insan özündə
görə bilər. İnsan
bədəninin normal temperaturu
36.7-dir. Bədəndə hərarət
bu göstəricidən
yuxarı qalxarsa, insan özünü pis hiss eləməyə başlayır və bu əslində orqanizmin hansısa nahiyəsində balansın
pozulmasının göstəricisidir.
Temperatur
əks istiqamətdə
cərəyan edərsə,
yəni düşərsə,
bədəndə daha
ağır fəsadlar
özünü göstərər.
Demək,
bir göstərici var ki, sağlamlığı
təmsil edir. Eyni mənzərəni təbiətdə
də görə bilərik. Yer kürəsinin hər
iki qütbü, Arktika və Ankarktika min illər boyunca buzlaqlarla örtülü olub.
Həmin
tarixi mərhələlərdə
planetimizdə temperatur,
demək olar ki, sabit olub.
Amma son 50-60 ildə planetimizdə mənfiyə
doğru müşahidə
edilən irəliləmə
heç min il
ərzində baş verməyib. 14-cü ilini yaşadığımız XXI əsrdə dünyada müşahidə edilən
qlobal istiləşmə
xeyli sürətlənib,
daha doğrusu, temperatur 0,1 dərəcə
artıb. Son dövrlərdə
sərt iqlim dəyişikliyini daha çox Avropa ölkələrində müşahidə
eləmək mümkündür.
2008-ci ilin payız
aylarında Şərqi
Avropada havanın hərarəti orta illik temperaturdan 10-12 dərəcə yuxarı
olub. Heç uzaq getməyək,
hazırda Serbiya, Bosniya-Herseqovina sel daşqınlarından ciddi
əziyyət çəkməkdədir.
Adı-çəkilən coğrafiyada milyondan
çox insan müvəqqəti də olsa öz yerini
dəyişmək məcburiyyətində
qaldı. Daşqınlar nəticəsində şəhərlər,
kəndlər xarabazarlığa
çevrildi, kənd təsərrüfatına, sənayeyə
milyardlarla hesablanan zərər dəydi.
Temperaturun anormal dərəcədə yüksəlməsi
insan həyatını
ciddi risk altına qoyur. Bircə faktı göstərmək
kifayətdir ki, temperaturun kəskin yüksəlməsi nəticəsində
2003-cü ilin yayında
Fransada 13 minə yaxın insan həyatını itirdi.
Ölənlərin hamısı
günvurmadan ölmədi,
amma həkim rəylərində bu fakt özünü birmənalı şəkildə
göstərdi ki, temperaturun bu cür yüksəlməsi
bir qayda olaraq, bədəndə ən müxtəlif fəsadları sürətlə
yetişdirir və ölümə səbəb
ola bilir.
Böyük sənaye ölkələrinin,
demək olar ki, hamısı atmosferi çirkləndirməklə
məşğuldur
Qlobal istiləşməyə
səbəb olan ən mühüm faktorlardan biri atmosferə buraxılan müxtəlif zərərli
qazlar, sənaye tullantılarıdır. Bu gün dünyada inkişaf etmiş böyük sənaye ölkələrinin, demək
olar ki, hamısı atmosferi çirkləndirməklə məşğuldur.
Atmosferin
çirklənməsi nəticəsində
Günəşdən gələn
ultrabənövşəyi şüalar daha aşındırıcı təsir
göstərməyə başlayır.
Nəticədə ən hündür
dağların zirvələrində
əsrlərdən bəri
qalan buzlaqlarda çatlar, qar uçqunları meydana gəlir və yaxın ərazilərdə
su daşqınları
müşahidə olunur.
Qlobal istiləşmənin
ən təhlükəli
nəticəsi özünü
Arktikada və Antarktidada göstərməkdədir. Belə ki,
Yer kürəsinin bu iki qütbündə
buzlaqların əriməsi
dünya okeanında suyun səviyyəsinin yüksəlməsinə səbəb
olacaq. Yer üzünün üçdə ikisinin su ilə örtülü
olduğunu bilirik.
Demək,
proses bu şəkildə davam edəcəksə, bu göstəricinin daha da artacağı qaçılmaz hala gələcək ki, bu da sahil
şəridlərində yerləşən
bir çox şəhər və kəndlərin, yaşayış
məskənlərinin gələcəkdə
real təhlükə ilə
üz-üzə qalacağını
proqnozlaşdırmağa əsas
verir. Yəqin ki, adıçəkilən
qütblərdə buz
dağlarının qoparaq
suya düşdüyünü,
okeanlarda üzən böyük buz dağlarının, aysberqlərin
görüntülərini siz
də ekranlardan izləmisiniz. Bu görüntülər əslində
həyəcan təbilidir
və dünya o mənzərə qarşısında
laqeyd qala bilməz.
“Təbii fəlakət” ifadəsi təbiətə
atılmış
“böhtandır”
Biz bir həqiqəti
unutmayaq ki, “təbii fəlakət” ifadəsi düzgün deyim deyil, təbiətə
atılmış “böhtandır”. Soruşacaqsınız ki, niyə? - Cavab veririk: Əsmək küləyin,
daşmaq suyun, yağmaq yağışın,
tərpənmək torpağın
haqqıdır... Ola bilsin ki, bunların
baş verməsində
də insanın müəyyən qədər
rolu olur, məsələn, zərərli
qazların atmosferə
buraxılması kimi.
Amma bizim üçün ən mühüm olan içində ömür sürdüyümüz
bu dünya atmosferinin nizamını pozmadan hər işdə tədbirli davranmaqdır. Əgər
dərə kənarında
ev tikirsənsə,
nə zamansa evinin sel ağzında
sovrulub getməsi, suyun günahı deyil, öz əməlinin nəticəsidir.
Yaxud da keyfiyyətsiz tikilmiş evin yüngül yer tərpənməsi ilə
uçub tökülməsində
də əsas günahkar o evi keyfiyyətsiz tikəndədir.
Dünya
elmi “Qırmızı
kitab” adı ilə
böyük bir fəlakət siyahısı
tərtib edib
Yuxarıda dediyimiz kimi, kainat və onun kiçicik parçası və bizim evimiz olan
Yer kürəsi bir nizam içində
axıb gedir və o nizama müdaxilə bəşərin
məzarını qazmaq
deməkdir. Alimlər deyirlər ki, son 60 il ərzində
Tyan-Şan dağlarındakı
buzlaqların təxminən
40 faizi əriyib. Bu faktın nə
qədər ciddi həyəcan siqnalı olduğunu təsəvvür
edə bilirsinizmi?
Üstəlik, onu da unutmayaq ki,
yaxınlıqdakı Çinin
sənayesi hər il böyük
sürətlə inkişaf
edir, dünyanın bütün tanınmış
markaları ucuz işçi qüvvəsi
və enerji əldə etmək üçün burada öz zavod və
fabriklərini qururlar.
Yəni bu prosesin yaxın
zamanlarda qarşısının
alınmasını düşünmək
sadəlövhlük olardı.
İqlim dəyişikliyi nəbatat
və heyvanat aləmində ciddi fəsadlarla müşahidə
olunur. Statistika göstərir ki,
son yarım əsrdə
yer üzündə heyvan və bitki növlərinin 30 faizindən çoxu məhv olub gedib. Bunun nəticəsidir ki, hazırda dünya elmi “Qırmızı kitab” adı ilə böyük bir fəlakət siyahısı
tərtib edib və nəsli kəsilməkdə olan bitki və heyvanların
adı ora daxil edilir. Bir zamanlar yer üzündə
geniş yayılmış
bəzi heyvan növlərı var ki, hazırda onları barmaqla saymaq olar. O cür heyvanları xüsusi müəssisələrdə
saxlayaraq saylarını
artırmağa çalışırlar
ki, nəsli kəsilməsin. Hər hansı bitkinin
və ya heyvan növünün yer üzündən silinməsi ekosistemdə müəyyən çalxalanmaya
səbəb olur.
Böyük elmi kəşflərə,
daxiliyanma mühərriklərinin
istehsalına qədər
dünyada sənaye inkişaf eləməmişdi,
amma təbiətdə
saflıq vardı, təmizlik vardı, gözəllik vardı, insan ehtiyacı olan çox şeyi o xəzinədən
əldə edə bilirdi. İndi isə elmi-texniki
inkişaf insana çox şey verib, amma əvəzində
ondan daha böyük sərvəti,
təbiətin saflığını,
təmizliyini alıb.
Ona görə də bu gün dünyanın
bir çox ölkələrində insanlar
əsəb gərginliyindən,
stresdən qurtarmaq, rahat yaşamaq üçün böyük
şəhərlərdən qaçır, televizor, telefon kimi texniki
nailiyyətlərdən uzaq
durmağa çalışırlar.
Yer üzü kimsənin sərvəti, malikanəsi
deyil. Onu bizə təslim
etmişdilər, biz də
gələcək nəsillərə
verəcəyik. Amma hamımızın
ortaq evi olan Yer kürəsinin
təmizliyini, gözəlliyini
maddi mənfəət
üçün xərcləmək
bəşərin sabahına
xəyanətdir.
Əli Çərkəzoğlu
Zaman.- 2014. - 13
iyun. - S. 13.