“Bizdən asılı olmadan həyatımıza daxil olan zərərli vərdişlər xəstəliklərin artmasına səbəb olur

 

AMIL TAĞIYEV , QUBA

 

Cabir Məmmədov 12 iyun 1950-ci ildə Quba rayon Alpan kəndində anadan olub. 1956-cı ildə həmin kənddə I sinfə daxil olmuş, 1966-cı ildə məktəbi gümüş medalla bitirərək, Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olmuşdur. Alpan kəndinin ilk tək medalçısı ilk həkimi olan Cabir həkim, ali məktəbi bitirdikdən sonra  ordu sıralarına cəlb olunaraq, orada əlahiddə batalyonun tibb xidməti rəisi kimi fəaliyyət göstərib. 1978-ci ildən 1996-cı ilə kimi Alpan kəndində sahə həkimi, rayon xəstəxanasında baş həkimin müavini 1996-cı ildən indiyədək şöbə müdiri olaraq çalışmaqdadır. Cabir həkim peşəsilə yanaşı ictimai işlərdə fəal olub. SSRİ dövründə 2 dəfə partiya təşkilat katibi, rayon sovetlər deputatı seçilib, həmkarar təşkilatının komitə üzvü, Ümumrespublika Həkimlər İttifaqının qurultay iştirakçısı olub.

 

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığını qoruyan qədim peşə sahibləri isə həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağlamlıq problemləri elmli adamları çox maraqlandırırdı. Buradan da həkimlik peşəsi meydana gəlmişdi. XX-XXI əsrin hüdudlarında insanın sağlamlığı daha çox diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri sağlamlığı mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, mərhum Prezident, ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Səhiyyə işçilərinin peşə bayramı ərəfəsində Qubanın qocaman həkimlərindən, dəyərli ziyalılarından birinin qonağı olduq. Quba Rayon Mərkəzi Xəstəxanasının ümumi terapiya şöbəsinin müdiri,  SSRİ-ninSəhiyyə əlaçısı”, “Tərəqqimedalına layiq görülmüş, 42 il təcrübəsinə sahib Cabir Məmmədovun iyun ayında 64 yaşı tamam olur. Biz , öz növbəmizdə, dəyərli ziyalımızı bu əlamətdar günlər münasibətilə daha təbrik edirik.

 

 42 il təcrübəsinə malik həkimin ən gərgin, çətin vaxtının vaxt olması ilə bağlı maraqlandıq. “Ümumiyyətlə, işimizin hər anı gərgindir”, - deyə cavab verən təcrübəli həkim söhbətini belə davam etdirdi: “Həkimlik elə peşələrdəndir ki, hər bir insanın müraciət etdiyi sahədir. Bu barədə işimiz çox məsuliyyətli olduğundan gərginlik mütləqdir. Ancaq ümumilikdə ən gərgin, acınacaqlı vaxtlar 90-cı illərin əvvəllərində olmuşdur. Müalicə yazılır, dərman yox, şərait ürək açan olmayıb, dərman tapılmırdı. Şükürlər olsun ki, indi dövlət proqramları həyata keçirilir, təzə xəstəxanalar tikilərək vətəndaşlarımızın xidmətindədir, pulsuz dərmanlar dövlət tərəfindən vətəndaşlarımızın ixtiyarına verilir. Qubada rayon səviyyəsində endoskopik müayinə əməliyyat keçirilir. Bu əlbəttə ki, xəstələrimizin şəfa tapması üçün vacib şərtlərdəndir”. Söhbətin səmimi gedişatında Cabir həkiməürək həkimiolaraq, “xəstələrin ürəyinə girə bilmisizmi?” sualını ünvanladıq təcrübəli həkim təbəssüm edərək cavab verdi ki, çalışmışam ki, xəstələrin müalicəsi üçün lazımdırsa edim: “Görəndə ki, xəstə sağalmağına ya həkimə inanmır, onu inandığı həkimin yanına göndərmişəm. Həkim olaraq mənə inanırlarsa hər bir xəstəyə xüsusi davranaraq onların müalicəsi üçün canla-başla çalışıram. Təbiətən emosional insanam, amma xəstənin nizamsız davranışına belə əsəbimi boğa bilirəm. Xəstə gələndə yumşalıram, xəstələrlə onların anladığı formada danışıram. Elə xəstə var ki, infarkt olub xəbəri yoxdur. Özümü xəstənin yerinə qoyuram. Xəstəni hiss etmək, duymaq lazımdır. Xəstəni sevməyi bir növ peşə borcu kimi dəyərləndirirəm.  Ali məktəb illərindən bu peşəni sevmişəm. Elə xəstə var ki, imkanı yoxdur. Bu məni kövrəldir. Çünki xəstəxanada da hər yazılan dərman nəzərdə tutulmayıb. Başa düşürəm ki, problemlər çoxdur. Dərman bahadır, əməkhaqqı qaneedici vəziyyətdə deyil. İnsanlarımız sağlam həyat tərzi keçirməlidir. Normal şərait olmalıdır. Amma insanlarımız həkimin zəhmətini anlayır.  Elə xəstələr var ki, onunla ailəvi dost olmuşuq. Çətin vəziyyətdə gələn insanların qayğısına qalmışıq. Düzgün diaqnoz müalicə həkim olaraq məni vicdani cəhətdən rahatlaşdırır. Üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram. Sözsüz ki, yaxşı müalicə həkimin əsəridir. Əgər xəstə ağır vəziyyətdə olanda, həkim özünü itirirsə, o, həkim deyil. Həkim xəstənin müalicəsi üçün çıxış yolu tapmalıdır. Ümumiyyətlə, həkimlik hər zaman axtarışda olmağı tələb edir. Bu gün yeni ədəbiyyatları oxuyuram, mütaliə edirəm. Cavan mütəxəssisin bildiyini mən bilməsəm, işləmərəm. Elə şey var ki, şərait baxımından onu tətbiq etmək mümkün deyil”.

 

 Telekanalların sayı çox, amma demək olar ki əhəmiyyətli bir veriliş yox

 

“İnsanların daha sağlam olmaları üçün nəyi məsləhət görürsüz? Ümumiyyətlə, hər kəs özünün həkimi olmalıdırmı? Bəs siz necə  özünüzün həkimi ola bilmisizmi?” suallarına isə cavabı belə oldu: “Açığı desəm, bir o qədər də yox. Ona görə ki, səhhət üçün sağlam həyat tərzi vacibdir. Həyatda çox eniş-yoxuşum olub. Bu da səhhətimə təsirsiz ötüşməyib. Həyatım boyu müəyyən prinsiplərim olub, o prinsip-dəyərlərlə də yaşamışam. Bunlara zidd olan məsələlərlə qarşılanşanda etirazımı bildirmişəm. Çətin həyat yolunu keçmişəm. Amma çətin yolun rəqibi də az olur. Çox şükür həyatımdan narazı deyiləm. Dediyim kimi, həkim olaraq bunları bilərəkdən səhhətimi qorumağa çalışmışam. Hazırda ürək-damar xəstəliklərinə səbəb çoxdur. Yaşadığımız həyat tərzi, oturaq həyat tərzi, zərərli vərdişlər, geni dəyişilmiş məhsullar, həddən artıq informasiyalar, sənayeləşmə, texnikanın həyatımızda üstünlük təşkil etməsi bütün bunlar xəstəliklərin artmasına səbəb olur. Qısacası bizdən asılı olmayan səbəblərdir. Bütün bunlar insanlararası münasibətdə də özünü göstərir. Əsas vurğulamaq istədiyim televiziyanın təsiridir. Telekanalların sayı çox, amma demək olar ki əhəmiyyətli bir veriliş yox. Artıq televiziya həyatımıza daxil olub. Bunlar bayaq qeyd etdiyim kimi istər-istəməz həyatımıza daxil olub. Ona görə də qida rejimindən tutmuş zərərli vərdişlərə kimi diqqətli olmalıyıq. Məsləhətdir ki, gündəlik olaraq 30 dəqiqə piyada gəzinti olsun. Həm də fiziki aktivliyin də norması olmalıdır. Birsiqaret və digər zərərli vərdişlərə meyl etməmək, mümkün qədər siqareti tərk etmək. Siqaret yeganə “qida” dır ki, qutusunun üstündə sağlamlıq üçün təhlükəli olan “səhiyyə nazirliyi xəbərdarlıq edir, siqaret çəkmək sağlamlığınız üçün ziyandır” ifadəsi yazılıb. Hansı qida məhsulunda belə bir ifadəyə rast gəlinib?!”.

 

 “Xəstələrin həkim sözünü dinləməməsi qəbuledilməz haldır”

 

Cabir həkimlə geniş söhbət zamanı xəstənin psixologiyası, xarakterin səhhətə təsiri, xəstələrlə davranış üslubu barədə danışılan mövzular böyük maraq doğururdu. “Xəstənin psixologiyasını həkim bilməlidir”, - deyə söhbətinə davamında xəstələrin həkim sözünü dinləməməsini də qəbuledilməz hal kimi dəyərləndirdi. Xəstənin əhavlının xoş olmasını nəzərə alaraq, “sözü tutan” xəstələrlə zarafatlaşdığını da vurğuladı. Amma bu hər xəstə üçün keçərli olmadığını da bildirərək, ümumilikdə tibbi etikanın tələbinə uyğun  davranış sərgilədiyini ifadə etdi.  Gözləmədiyim halda sağalan xəstəni görəndə çox sevindiyini, hətta  belə hallar qarşısında ruhən daha rahat olmağın gözəl bir duyğu olduğunu bildirdi.

 

Qəzetimiz vasitəsilə insanlara xeyir-dua edərək: “İnsanlarımız bol ruzili olsunlar, bol ruzi olan yerdə, dedi - qodu az olar. İnsanlara sağlam həyat tərzi yaşamağı arzulayıram”.

 

Zaman.-2014.-14 iyun.-S.4.