Talan edilən xəzinə

 

 ƏLI ÇƏRKƏZOĞLU,

 

Allah-Təala Adəm oğluna elə bir xəstəlik verməyib ki, dərmanını da yaratmamış olsun. Bütün dərdlərin çarəsi var, sadəcə, onu axtarıb tapmaq və müalicəsini bilmək lazımdır. Müalicəyə səbəb olan da uzaqda deyil, ya kəndimizin arxa tərəfindəki dağda, ya yol üstündə uzanıb gedən çöldə, ya da yaşıl bağlardadır.

 

Allah-Təala Adəm oğluna elə bir xəstəlik verməyib ki, dərmanını da yaratmamış olsun. Bütün dərdlərin çarəsi var, sadəcə, onu axtarıb tapmaq və müalicəsini bilmək lazımdır. Müalicəyə səbəb olan da uzaqda deyil, ya kəndimizin arxa tərəfindəki dağda, ya yol üstündə uzanıb gedən çöldə, ya da yaşıl bağlardadır.

 

Təbiət kitabında gərəksiz bir söz, bir hərf olmadığı kimi, lüzumsuz ot, çiçək də tapmaq mümkün deyil, sadəcə, hər birinin tərkibini, xüsusiyyətini bilmək və ondan istifadə qaydasını öyrənmək lazımdır.

 

“Bıtkı və heyvan növlərının təxmınən üçdə bırı məhv olub”

 

Bu gün bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri xərçəng xəstəliyinin müalicəsidir. El arasında bədxassəli şiş kimi bilinən bu xəstəliyin müalicəsi hələ də tapılmayıb. Bu gün bəşəriyyət kosmosa yol axtarır, digər planetlərdə və kosmik ünvanlarda həyat şərtləri qurmaq haqqında düşünür, amma girdabında boğulduğu bu bəlanın öhdəsindən gələ bilmir ki, bilmir. Yəqin ki, dünya heç vaxt elm-texnologiya sahəsində bugünkü qədər inkişaf eləməyib. Amma min il əvvəl İbn Sina bu gün bəşəriyyətin əlində aciz qaldığı xərçəng xəstəliyinin iyirmi yeddi növünü müəyyən edib və hər birinin də ayrı-ayrılıqda müalicəsini yazaraq ortaya qoyub. Yəni bu gün tam qətiyyətlə deyə bilərik ki, min il əvvəl İbn Sina bu xəstəliyi müalicə edirmiş. Xərçəngin hər növünün müalicəsi də resept halında ortadadır. Amma İbn Sinanın min il əvvəl yazdığı o müalicə üsulunu bu gün həyata keçirmək mümkün deyil. Səbəb nədir, bilirsinizmi?- Orada adıçəkilən bitkiləri tapmaq, hansının hansı olduğunu müəyyən etmək mümkün deyil. Bəzi alimlər iddia edirlər ki, İbn Sinanın reseptlərində yer alan bitkilərin böyük əksəriyyəti artıq tarixə qovuşub. Bu iddianı əsaslandırmaq üçün də kifayət qədər sanballı dəlillər irəli sürürlər və onların bu dəlilləri heç də əsassız görünmür. Nə qədər ağır da olsa, bir həqiqəti xatırlatmaq kifayət edər ki, ümumdünya təşkilatları son əlli il ərzində elmə məlum olan bitki və heyvan növlərının təxminən üçdə birinin məhv olduğunu söyləyirlər. Son iyirmi il ərzində Avropada 17 min bitki növünün yer üzündən silindiyini iddia edirlər. Bu göstəricilərin nə qədər böyük itki olduğunu təsəvvür etmək belə, çox çətindir. Bitki növlərinin məhv olmasında əsas faktor kimi iqlim dəyişikliyi göstərilir. Təkcə bitki örtüyü deyil, bir çox heyvan növlərinin, məsələn, tarixdən məlum olan pitokontropların, ixtiozavrların, dinozavrların məhv olmasının əsas səbəbi kimi yenə iqlim dəyişikliyi göstərilir. İqlim dəyişikliyi, daha doğrusu, qlobal istiləşmə bu gün ötən əsrlərə nisbətən özünü daha açıq şəkildə göstərməkdədir. Bu zamana qədər həmişə başı qarlarla örtülü olan bir çox dağlar artıq örtüyündən soyunub və ya soyunmaqdadır. Məsələn, alimlər belə bir iddia ortaya atıblar ki, Afrikadakı Klimancar dağının zirvəsindəki qar ilk dəfədir ki, əriyir. Alp dağlarındakı buzlaqların isə təxminən qırx faizi əriyib və bu proses davam etməkdədir. Qəribədir ki, dünyanın bütün qütblərində və qitələrində eyni proses müşahidə olunmaqdadır. Hər il dünyanın müxtəlif ölkələrində müxtəlif təşkilatlar bir araya gəlib, konfranslar keçirsələr də, müəyyən qərarlar qəbul eləsələr də, heç bir şey dəyişmir.

 

 Seleksıya elmı ışbazlar üçün böyük ımkanlar açdi

 

Başqa bir neqativ təcrübə isə son onilliklər ərzində dünya miqyasında bitkilərin geni ilə oynamaq olmuşdur. Bu gün ən çox işlədilən ərzaq məhsulların böyük əksəriyyəti geni dəyişdirilmiş bitkilərdən əldə edilir. Doğrudur, bir zamanlar dünya botanika elmində seleksiya bölməsinə ciddi ehtiyac hiss olunurdu və yeni növlərin əldə edilməsində bu sahənin mütəxəssisləri xeyli nümunələr ortaya qoymuşdular. Ancaq sonrakı mərhələlərdə dünya seleksiya elmi daha çox gəlir əldə etmək istəyən işbazlar üçün böyük imkanlar açdı. Təsəvvür edin ki, daşınması, yerləşdirilməsi asan olsun deyə bu gün Yaponiyada kvadratşəkilli qarpızlar yetişdirməyə başlayıblar. Dünyanın bir çox ölkələrində cır meyvələr sıradan çıxmaq üzrədir, onları ancaq insan əli dəyməyən meşələrdə, dağlarda görə bilərsən. Çünki mədəni halda xüsusi bağlarda, həyətlərdə daha çox calaq yolu ilə əldə edilmiş daha böyük, görüntüsü və qoxusu ilə adamı cəlb eləyən meyvələrə üstünlük verilir. Alimlər isə daha çox təbii, yəni hər hansı prosesdən keçməmiş, Allah-Təalanın yaratdığı kimi qalan bitki və meyvələrin insan orqanizmi üçün daha faydalı olduğunu söyləyirlər. Bazardan meyvə alarkən iri, gözəl görünüşlüləri deyil, cır, bir tərəfini də qurd yemiş olanları almağı tövsiyə edirlər. Bu tövsiyələrini də onunla əsaslandırırlar ki, əgər bir meyvədə qurd varsa, o insan orqanizmi üçün hər hansı fəsad törətməz. Çünki tərkibində pestisidlər və ya hansısa kimyəvi maddələr olan meyvədə qurd ola bilməz.

 

Bu gün dünyada müxtəlif həşəratların, xüsusilə arıların növünün və sayının sürətlə azaldığı haqqında ciddi xəbərdarlıqlar tez-tez eşidilməkdədir və bütün bunlar da əsassız deyil. Son illərdə aparılan müşahidələr göstərmişdir ki, kosmik telekommunikasiya sistemlərinin, mobil texnologiyanın böyük sürətdə inkişafı təbiətdə böyük uçurumlara səbəb olmaqdadır. Arıların həyatından ən adi misal kimi onu göstərirlər ki, mobil dalğalar və cürbəcür şüalanmalar arıların uzaq məsafədən bir-birinə göndərdikləri siqnallara ciddi şəkildə əngəl olur. Son əlli il ərzində planetimizdə yaşayan vəhşi heyvan və quşların sayı kəskin şakildə azalmaqdadır. Bəzi araşdırmalar isə bu müddət ərzində onların sayının təxminən 25-30 faiz azaldığını göstərir.

 

 İnsan oğlu hər ıl bütün heyvanlarin təxmınən 0,5-1,0 faızını məhv edır

 

Yer üzünün hələ toxunulmamış məkanlarına ayaq basan insan oğlu hər il bütün heyvanların təxminən 0,5-1,0 faizini məhv edir. Yer üzündə yaşayan hər bir canlı bizim bildiyimiz və ya bilmədiyimiz bir vəzifənin icraçısıdır. Alimlər yazırlar ki, torpağın altında yaşayan soxulcanlar belə, hansısa tellərlə insana bağlıdır və ona xidmət göstərir. Ən mükəmməl şəkildə qurulmuş qlobal ekosistemdə yerini tutan hər bir canlının öz yerini tərk eləməsi istər-istəməz bu sistemdə müəyyən titrəyişlərə, boşluqlara səbəb olur ki, bu proses də müəyyən mərhələdən sonra geri dönüşü olmayan böyük bir fəlakətə səbəb ola bilər.

 

Sizə bu mövzuda başqa bir misal söyləmək istəyirik. Çoxlarının vəhşi, insan əti yediyini dediyi köpəkbalıqları dünya sularında dolaşaraq onun təmizliyini qoruyur, yəni bir növ sanitar vəzifəsini icra edir. Görün bu dəniz vəhşisi necə yaradılıb ki, suya bir damla qan və ya çürümüş ət parçası düşərsə, köpəkbalıqları onun qoxusunu kilometrlərlə uzaq  məsafədən alır və ora doğru istiqamət götürərək təmizlik vəzifəsini yerinə yetirir. Amma son illərdə Çin, Yaponiya, Avstraliya kimi ölkələrdə köpəkbalıqlarının quyruğundan bişirilən şorba çox sevilən delekates elan olunduğundan bu vəhşilərin quyruğu başlarına bəla olmağa başlayıb. Hər cür qadağalara baxmayaraq, hər il on minlərlə köpəkbalığı gizli şəkildə ovlanır və belə davam edərsə, bu dəniz vəhşilərinin adının da yaxın gələcəkdə “Qırmızı kitab”a düşəcəyi ehtimal kimi görünür.

 

Təbiəti bizə Allah-Təala əmanət olaraq verib, verib ki, onun nemətlərindən lazım olduğu qədər istifadə edək. Allah israfı, ətrafına zərər vuranları sevməz. İnsan oğlu isə maddi mənfəət üçün ona əmanət olaraq verilmiş xəzinəni talan edir, nəticədə isə yaşadığı dünyanın sabahını məhrumiyyətə məhkum hala gətirir.      

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əli Çərkəzoğlu

Zaman.-2014.-18 iyun.-S.13.