“Xalqın şairi”nin “xoşbaxtliği”
Xalq
artisti, ömrünün 45 ilini H. Ərəblinski adına
Sumqayıt Dövlət Musiqili Dram Teatrına həsr
etmiş, Azərbaycan və dünya dramaturqlarının
müasir və klassik əsərləri əsasında
hazırlanmış tamaşalarda bir-birindən maraqlı
100-dən artıq obrazlar qalereyası yaratmış, milyonlarla
tamaşaçının sevimlisinə çevrilmiş Valeh
Kərimovun bu il 70 yaşı tamam olur.
O,
ağır müharibə ilində - 1944-cü ildə Cənubi
Azərbaycanın Miyana şəhərində dünyaya gəlib.
1969-cu ildə M. A. Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun “Dram və
kino aktyoru” fakültəsini bitirdikdən sonra öz aktyor
taleyini həmişəlik olaraq Sumqayıt teatrı ilə
bağlayıb. 1990-cı ildə Azərbaycanın
“Əməkdar artisti”, 2000-ci ildə isə “Xalq artisti” fəxri
adlarına, həmçinin Prezident mükafatına layiq
görülüb. 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Böyük
ustalıqla yaratdıgı “şair” Moşu Göyəzənli
“uşaqların anası” Söylüyə nə qədər
vəfalı, sədaqətlidirsə və “başqasında
gözü yoxdursa”, Valeh Kərimov da Sumqayıta, onun
teatrına, 45 ildir ki səhnəsində
çalışdığı, oradan tamaşaçılara
gərgin və həyəcanlı, həm də sevincli anlar
yaşatdığı, evi qədər doğma-əziz bildiyi
teatrın səhnəsinə bir o qədər vəfalı, sədaqətlidir
və başqa heç bir teatrda gözü yoxdur.
Özünün
də hərdən yarıciddi, yarızarafatla dediyi kimi,
Sumqayıt Teatrı onun üçün “Bolşoy Teatr”dan da
“bolşoy teatr”dır. Axı o, burada həm Azərbaycan,
həm də digər dünya klassiklərinin baş qəhrəmanlarının
yaddaqalan silsilə obrazlarını yaratmış, bir sənətkar
kimi burada püxtələşmiş, burada şöhrət
tapmışdır.
45 İl əvvəl və sonralar
Sumqayıt Dövlət Gənclər Dram
Teatrının fəaliyyətə başladığı
1969-cu ildə o, bir o qədər də gözəçarpmayan
adi aktyorlardan biri idi, lakin çox keçmədən
rejissorların diqqəti ona yönəldi.
Hələ
tələbəlik illərindən onun ən çox sevdiyi,
dilindən-sözündən düşməyən dramaturqlar
C. Cabbarlı, H. Cavid, C. Məmmədquluzadə və Nazim Hikmət
olmuşdular. Sumqayıt teatrına gəldiyi ilk
gündən ən böyük arzusu həmin korifeylərin əsərlərində
baş rolları oynamaq olub. Ancaq kim
deyə bilərdi ki, yenicə açılmış
Sumqayıt teatrına gələn digər gənc aktyorlar bu
istəklə yaşamırdılar?
İndi əsrin o tayında qalmış uzaq illərdə
Azərbaycanın görkəmli teatr xadimlərindən sənətə,
teatra böyük, aşiqanə vurğunluq dərsi almış
Sumqayıt aktyorlarının hər biri tamaşaçıya
özünü tanıda biləcək rollar arzusunda idi. Valeh Kərimov
da bu istəklə hər gün teatrın
qapılarını açsa da, düşündüklərinin
hələ xülyadan başqa bir şey
olmadığını, təbii ki, çox gözəl
bilirdi. Odur ki, o zamanlar sıravi aktyorlar olan Hacı
İsmayılov, Hicran Hüseynov, Hacı Xəlilov, Kamil Məhərrəmov,
Hidayət Ələkbərov, Elmira Həşimova, Rafiq
Hüseynov, Sevil Məhərrəmova, Qurban Ələkbərov,
Nazir Əliyev və digər dostları ilə hər gün
istedadlı rejissorlar Nəsir Sadıqzadənin və
Ağakişi Kazımovun məşqlərinə gedər,
ancaq yol boyu ürəyində H. Cavid, C. Cabbarlı, N. Hikmətlə,
onların qəhrəmanları ilə “dərdləşərdi”...
Ona, əvvəlcə, o qədər də nəzərə
çarpmayan kiçik rollar verilirdi. Ancaq Valeh həmin rolları elə
xarakterik, qabarıq, yaddaqalan cizgilərlə yarada bilmişdi
ki, bu da onun rejissor tərəfindən tezliklə
“gözaltı” olunaraq, “sıravilər” cərgəsindən
çıxarılmasına səbəb olmuşdu. Onun Fəxrəddini
(N.B.Vəzirov - “Müsibəti-Fəxrəddin”), Zauru (Altay Məmmədov
- “Yadındamı?”), Balaşı (C.Cabbarlı - “Sevil”),
Müsyö Jordanı
(M.F.Axundov - “Müsyö Jordan və Dərviş Məstəli
şah”), Xudayar bəyi (“Danabaş kəndinin əhvalatları”),
Gəray bəyi (“Komsomol poeması”), Xlestakovu (“Müfəttiş”),
Yedigeyi (“Əsrə bərabər gün”), Əzizi (“Duel”),
Hamleti (“Hamlet”) və digər rolları aktyoru Sumqayıt
tamaşaçılarının sevimlisinə
çevirmişdir. Yüksək sənətkarlıqla,
milli koloritdə yaratdığı Moşu (Vaqif Səmədoglu
- “Bəxt üzüyü”) obrazı isə onu nəinki
respublikamızda, hətta onun hüdudlarından
çox-çox uzaqlarda da tanıtdırıb-sevdirmiş,
aktyora böyük populyarlıq və şöhrət gətirmişdir.
Çoxlarının onu komik aktyor kimi
tanımasına baxmayaraq, Valeh Kərimov həm də ciddi
rollar aktyorudur. Onun Fəxrəddinini, Zaurunu, Hamletini
görənlər Valeh müəllimin öz qəhrəmanlarının
nakam, bəxtsiz talelərini necə böyük ustalıqla, dərin
ürək ağrısı ilə “özününküləşdirdiyinin”,
obrazların həyəcan və duyğularını,
onların daxili narahatlıqlarını tamaşaçıya
sirayət edəcək dərəcədə təsirli,
ürəkağrısı ilə çatdıra bilməsinin şahidi olmuşlar.
Və günlərın bır
günü...
KƏRİMOVun KƏRƏMOVa “Toy”da
toy tutması
Bir
gün aktyor dostlarımız mənim Sumqayıtda “lövbər”
saldığım 12 nömrəli yataqxanaya (Valeh müəllimlə
dostluğumuz elə oradan başlayıb) “lo xəbər”lə
gəldilər: tamaşası
hazırlanmaqda olan “Toy” komediyasında Valehə heç bir rol
verilməyib. Yenicə tanınmağa
başlayan aktyora görkəmli dramaturq Sabit Rəhmanın bu
populyar əsərində rol verilməməsi hamını məyus
etmişdi. Məsələ onda idi ki,
baş rol olan Kərəmov üçün
xalqımızın sevimli aktyoru Əliağa Ağayev
xüsusi olaraq dəvət edilmişdi və digər
aparıcı rollar da artıq bölünmüşdü.
Şübhəsiz ki, çox sevdiyi bir tamaşada rol ala bilməməsi,
bunu açıq-aşkar büruzə vermək istəməsə
də, bir
aktyor kimi ona çox ağır gəlirdi və buna təkcə
o yox, hamı təəssüf edirdi...
Bir
gün axşamüstü tamaşanın məşqindən
qayıdan dostumuz, istedadlı aktyor Hidayət Ələkbərov
(Allah ona rəhmət eləsin) gülə-gülə mənə
dedi ki, “sabah məşqə gəl, gör Valeh
qardaşın orda nə həngamə qoparır”. Ertəsi
gün məşqə baxanda Valehin böyük istedada malik
yaradıcı aktyor olduğunun bir daha şahidi olaraq, onun əsərə
pyesdən kənar daxil etdiyi, lakin tamaşanı daha yaddaqalan
edən “roluna” böyük maraqla, heyranlıqla baxdım.
Sən
demə, tamaşadan kənarda, rolsuz qalmış Valeh müəllim
bunu özünə bağışlaya bilməyərək,
çox götür-qoy etdikdən sonra tamaşaya “daxil olmaq”
üçün maraqlı bir çıxış yolu
tapır. Rejissordan xahiş eləyir ki, ona kütləvi səhnələrdə,
rolsuz iştirak etməyə icazə versin. “Axı
bu sənə nə verəcək?” sualına “səhnədə
görəcəksiniz” cavabını verir.
Səhərisi
gün artıq bütün yaradıcı heyət Kərəmovdan
daha çox, Kərimovdan - Valehdən
danışırdı... Hər halda o zaman səhnədə
iki aktyorun - xalq artisti Əliağa Ağayevin və gənc
aktyor, tamaşada heç bir rolu olmayan Valeh Kərimovun oyunu daha
böyük marağa səbəb olmuşdu. Bəli, “Toy”da onun konkret bir rolu olmasa da,
tamaşanın böyük uğur qazanmasında, bəzən
gündə iki dəfə olmaqla həm teatrda, həm də məktəblərdə
və zavodlarda anşlaqla göstərilməsində rolu
şəksiz idi.
Bəs
Valeh müəllim neyləyə bilmişdi ki,
tamaşaçılar onun oyununu görmək
üçün axın-axın tamaşaya baxmağa can
atırdılar?
...
Qaldığımız yataqxanada həyatda
rastlaşdıgımız qəribə adamlar barədə
bir dəfə söz düşərkən, onların gələcək
rollar üçün maraqlı prototiplər ola biləcəyi
fikrini söyləyərək, mən Valeh müəllimə
Şəki rayonunun Sarıca kəndindən qonşu kəndə
- dəllək Həsənin “hüzuruna” başımı
qırxdırmağa gedəndə onun başımıza gətirdiyi
oyunlardan, qəribəliklərindən söhbət
açmışdım. Həsən dayı əslində
çox yaxşı adam idi, ancaq eyni zamanda
qəribə xasiyyətli, baməzə bir kişi idi. Çox zəif bir damarı vardı - nərdtaxta
oyununun dəlisi idi, bütün günü oynasaydı,
“yoruldum” deməzdi. Hətta bu oyunun o dərəcədə
aludəsi idi ki, bərbərxananın
yaxınlığından keçən (lap işə tələsən
olsun, onun üçün fərqi yox idi) bir “oyunçu”nu
gördümü, pəncərədən əl eyləyib,
içəri çağırar, başını
qırxdığı adamın işini yarımçıq
qoyaraq, tələm-tələsik oyuna başlardı. Özü də elə həvəslə, elə səs-küylə
oynayardı ki, başının və ya üzünün
qırxılması yarımçıq qalmış
müştəri Həsən kişini həvəslə
oynadığı oyundan ayırmağa “ürək eləməzdi”.
O isə rəqibini bir-iki “tas” udmamış, onun “dərsini”
verməmiş əl çəkməz, sakit olmazdı. Vay o
günə ki, rəqib də güclü ola,
ona udmaq şansı verməyə. Onda
“haqq-hesab” müştərinin işi yarımçıq
qalmış “başında çatlayardı” - müştəri
ya üzü sabunlu, ya da başı
yarıqırxılmış halda gözləyə-gözləyə
qalardı, kişinin heç vecinə də olmazdı.
Mən bunu Valeh müəllimə danışmışdım, ancaq onun bu obrazı bir prototip kimi səhnəyə bu cür məharətlə və belə tezliklə gətirəcəyini gözləmirdim. Tamaşada kolxozçuların kütləvi səhnəsində meydan açan Valeh Kərimov dəllək Həsənin obrazını özünəməxsus qabarıq ştrixlərlə, elə məharətlə verə bilmişdi ki, tamaşaçılar onu yorulmadan alqışlayır, gülüşləri az qala zalı titrədirdi. O, dəllək Həsəni həyatda görməsə də, onun obrazını çox böyük bir ustalıqla, kamilliklə yaratmışdı - üzünü yarımçıq qırxdığı, tələsdiyindən başını ülgüclə yaralayaraq, yerinə tüpürcəkləyib pambıq yapışdırdığı müştərini vecinə də almadan “şeş-beş” atmağında davam edirdi ki, bu da zalı başına götürən gülüş doğururdu, tamaşaçılar gözləri yaşarınca gülürdülər.
Tamaşa elə böyük uğur qazanmışdı ki, uzun müddət teatrın repertuarında qalmaqda davam etdi. Maraqlı idi ki, həmin dövrdə Sumqayıtda uşaqdan-böyüyə kim Valeh müəllimi küçədə görürdüsə, barmaqla göstərib deyirdi: “dəllək, dəllək!..” Və yəqin ki, Sabit Rəhman Valehin bu oyununu görsəydi, əsərə hökmən “bir balaca” əl gəzdirərdi.
Bəli, Moşu Göyəzənli “dünyaya gələnə” qədər Valeh müəllim bu dünyada öncə dəllək kimi tanınmışdı. “Altı aylığından dədəsi ilə meşəyə odun qırmağa gedən” Kərəmovun gözü qabağında “meydan sulayan” dəllək kimi!
***
“Xalqın şairi” Moşu Göyəzənli nə qədər çalışsa da, “istedadına” nə qədər güc versə də, “xoşbaxtlığın” qafiyəsini tapa bilmədi ki, bilmədi. Valeh Kərimov isə Sumqayıtda, teatr səhnəsində “xoşbaxtlığın” özünü - aktyor xoşbəxtliyini tapmışdır. Arzu edirik ki, onun bu sənət xoşbəxtliyi hələ uzun illər, heç olmasa, 100 yaşınadək davam etsin!
Hələlik isə, cavanlığınızın müdrik çağı - 70 yaşınız mübarək, Valeh müəllim!
Rəhman
ORXAN
Zaman.-2014.-18 iyun.-s.9.