Məhsul keyfiyyətsizdirsə, bu, ətraf
mühitə zərbədir
Tətbiq
olunan hər bir yeni texnologiya istehsalın inkişafını
təmin etməklə yanaşı, həm də ətraf
mühitə az mənfi təsir göstərməli,
hərtərəfli keyfiyyət göstəricilərini
özündə birləşdirməlidir. Təəssüf
ki, bəzən istehsalçılar çoxlu pul qazanmaq naminə
bu mühüm məsələni “unudur”, keyfiyyəti arxa plana
keçirirlər.
Elm və texnikanın sürətli inkişafı hər
bir sahədə istehsalın sürətləndirilməsi
üçün yeni texnologiyaların tətbiqinə şərait
yaradır. Uzağa getməyək; bir vaxtlar istifadə etdiyimiz
müxtəlif məişət avadanlıqlarının
çoxu indi tarixə qovuşub. Misal üçün,
indi çox az adam mənzilində ötən
əsrin sonlarında istehsal olunmuş iri telefon
aparatlarından, “korobka” televizorlardan istifadə edir.
Çünki dünyanın aparıcı firmalarının
buraxdığı mobil aparatlar, plazma televizorlar o qədər
sürətlə yenilənir ki, hər kəs beş-on il əvvəlki cihazlardan canını
qurtarmağa çalışır. Onu da deyək
ki, bu məişət avadanlıqları bir neçə
funksiyanı yerinə yetirməklə yanaşı, eyni zamanda
istifadəçiyə rahatlıq bəxş edir. Bütün bunlar, şübhəsiz, keçmişə
nisbətən qazanılmış üstünlüklərdir.
İlk baxışda bu, çox
yaxşıdır. Amma biz mobil
telefonların insan səhhətinə vurduğu ziyanı
çox zaman unudur, gün ərzində bəzən bir
neçə saat ondan istifadə edir, yaxud bütün
günü üstümüzdə gəzdiririk. Unuduruq ki, həmin aparatların buraxdığı
şüalar insanda müxtəlif xəstəliklərin
yaranmasına səbəb olur. Bunu həkimlər
dəfələrlə xatırlatmışlar. Onu da əlavə edək ki, mobil telefonların
buraxdığı şüalar təkcə bizim səhhətimizə
deyil, hətta digər canlılara, ətraf mühitə də
təsir göstərir, fəsadlar yaradır. Yada salaq ki, mobil operatorların ölkə ərazisində
qurduğu yüzlərlə ötürücü və
gücləndirici stansiyalar da güclü şüalanma
yaradır. Eyni fikirləri rəngli
televizorlar barədə də söyləyə bilərik.
Demək, tətbiq olunan hər bir yeni texnologiya istehsalın
inkişafını təmin etməklə yanaşı, həm
də ətraf mühitə az mənfi təsir
göstərməli, hərtərəfli keyfiyyət göstəricilərini
özündə birləşdirməlidir. Təəssüf
ki, bəzən istehsalçılar çoxlu pul qazanmaq naminə
bu mühüm məsələni “unudur”, keyfiyyəti arxa plana
keçirirlər.
Həm yerli istehsalda, həm də
idxalda keyfiyyətə ciddi fikir verməliyik
Söylənilənlərin əyani təsdiqini görmək
üçün evinizdən çıxan zibil
torbalarının içinə, həyətinizdə qalaqlanan
məişət tullantılarına baxın. Orada hər
cür məhsul var - müqəddəs
saydığımız çörək də, müxtəlif
parçalardan hazırlanmış paltarlar da, mebel
qırıqları da, uşaq oyuncaqları da. Hər şeydən əvvəl, çörəyin
zibilliyə atılmasının bir səbəbi bəzi
insanlarımızın harınlığı ilə
bağlıdırsa, digər səbəbi həmin məhsulun
keyfiyyətsiz bişirilməsidir. Bu mənzərəni
görəndə fikirləşirsən ki, min bir zəhmət bahasına
araya-ərsəyə gətirilən müqəddəs nemətə
qarşı bu qədər hörmətsizliyin
qarşısı niyə alınmır? Diqqətlə
fikir verildikdə aydın görürsən ki, digər məhsulların
çoxunun tullantıya çevrilməsinin başlıca səbəbi
də onların keyfiyyətsiz olması ilə
bağlıdır. Hər gün təkcə
bir şəhərdə tullantıya, üfunətə, xəstəlik
mənbəyinə çevrilən yüz min tonlarla belə məhsullar
həm insanlarımızın sağlamlığına, həm
də ətraf mühitin korlanmasına səbəb olur. Eyni zamanda bu tullantıların daşınmasına,
zərərsizləşdirilməsinə çoxlu vəsait sərf
olunur.
İndi dünyanın qapıları, belə demək
olarsa, hər birimizin üzünə açıqdır. Yəni bu
gün hər kəs istənilən ölkəyə gəzməyə,
yaşamağa, təhsil almağa, alış-veriş etməyə
və yaxud biznesini qurmağa gedə bilər. Buna görə də hazırda
soydaşlarımız ən uzaq ölkələrə belə
üz tutur, orada ticarət edir, istehsal təyinatlı müəssisələr
qururlar. Bununla yanaşı, iş
adamlarımız xaricdən müxtəlif təyinatlı məhsulları
satış üçün respublikamıza gətirirlər.
Əlbəttə, bunlar çox yaxşı və
vacibdir. Çünki əgər biz bazar
iqtisadiyyatı yolunu tutub, dünya iqtisadiyyatına inteqrasiya
olunmaq istəyiriksə, ixracata və idxala xüsusi diqqət
yetirməliyik. Bunun üçün isə,
ilk növbədə, hər sahədə keyfiyyətli məhsul
istehsal etməliyik. Ona görə ki,
dünya bazarında yalnız yüksəkkeyfiyyətli və
rəqabətədavamlı, müasir tələblərə
cavab verən məhsullar alınır. Təəssüf
ki, respublikamız bu gün dünya bazarına daha çox
xammal kimi neft və qaz, həm də bu təbii sərvətlərin
ilkin emalı zamanı əldə edilən məhsulları
çıxarır. Amma neftimiz başqa
ölkələrin “qara qızıl”ından nə qədər
keyfiyyətli olsa da, ölkənin yanacaqdoldurma məntəqələrində
satılan benzin və digər neft məhsulları istənilən
keyfiyyətdə deyil. Qeyri-neft sektorunda
istehsal edilən məhsullarımızın çoxu da
müasir standartlara cavab vermir. Gəlin
taxılçılığa diqqət yetirək.
On-onbeş il əvvələdək
respublikamızda tez-tez taxıl qıtlığı
yaranırdı. Bunu nəzərə alaraq, hökumət bu
sahənin sürətli inkişafına nail olmaq, xaricdən
taxıl və un gətirilməsini məhdudlaşdırmaq,
yerli məhsullara üstünlük vermək məqsədilə
müxtəlif tədbirlər həyata keçirdi, xüsusilə
buğda istehsalçılarına böyük yardımlar
ayrıldı. Nəticədə taxıl məhsulları,
xüsusilə buğda istehsalı rekord səviyyəyə
çatdı. Lakin məhsul bol olsa da,
keyfiyyət istənilən səviyyədə deyil.Demək,
öncə qeyd edildiyi kimi, biz həm yerli istehsalda, həm də
idxalda keyfiyyətə ciddi fikir verməliyik. Çünki hər bir yüksəlişimiz
insanlarımızın sağlamlığı, ətraf
mühitin mühafizəsi və digər amillər keyfiyyətin
səviyyəsindən çox asılıdır.
Xəstəliklərin
artmasının səbəbi əhalinin keyfiyyətsiz ərzaq
məhsulları ilə qidalanmasıdır
Təəssüf ki, respublikamızda əksər
istehsalçılar, biznesmenlər bu məsələyə
lazımi diqqət yetirmirlər. Buna görə də
ağsaqqalların sözü ilə desək, sanki
dünyanın dadı-tamı göyə çəkilib.
Ayrı-ayrı ölkələrdən gətirilən
meyvələrə, şirniyyatlara, ət və süd məhsullarına
baxdıqda görünüşünə, qabına, etiketinə
heyran olursan. Ancaq elə ki, meyvəni soyub,
ağzına salırsan, peşman olursan. Şirniyyat
məhsulları və ət-süd məhsulları da eləcə.
Bu məhsulların keyfiyyətsizliyi bir yana, həmin ərzaqların
istifadə müddəti bitəndən sonra da həftələrlə
mağazalardan yığışdırılmır. Tam əminliklə demək olar ki, əgər
satışda olan ərzaqlar diqqətlə yoxlanılsa, əhaliyə
təqdim olunan istər xarici, istərsə də yerli məhsulların
yarıdan çoxu istehlak üçün yararsız
çıxar.
Ölkəmizə gətirilən sənaye məhsullarının
da çoxu keyfiyyətsizdir. Buna görə insanlarımız
təzə paltarları əyinlərinə geyəndən bir
müddət sonra müxtəlif xəstəliklərə
yoluxurlar. Bu yaxınlarda televiziya kanallarının birində
hərbi xidmətə çağırılan gəncləri
müayinə edən
həkim bildirdi ki, son illər
oğlanlarımızın xeyli hissəsinin pəncəsi istənilən
formada olmur. Həkimin fikrincə, bu, onların
keyfiyyətsiz Çin istehsalı olan ayaqqabıları geyinmələri
ilə bağlıdır. Respublikamızda
mədə-bağırsaq xəstəliklərinin
artmasının səbəbi də əhalinin keyfiyyətsiz ərzaq
məhsulları ilə qidalanmasının nəticəsidir.
Bu gün hansı
dükan-bazara üz tutursan, daha çox keyfiyyətsiz məhsullarla
üz-üzə dayanırsan. Bu məhsullar
isə problemə əncam çəkməli olan qurumların
əməkdaşlarının gözü
qarşısında satılır. Bu məhsulları
piştaxtalardan yığışdırmaq barədə isə
sanki heç kim düşünmür. Arabir İqtisadi İnkişaf Nazirliyinin, yaxud
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi tərəfindən bu məsələ ilə
bağlı informasiyalar verilir. Bildirilir ki,
həmin qurumların əməkdaşları hansı
mağaza və satış mərkəzindəsə müəyyən
qədər yararsız ərzaq və spirtli içkilər
aşkar ediblər. Açığı,
bu informasiyalar əhali tərəfindən, yüngül desək,
təbəssümlə qarşılanır. Düşünürsən ki, doğrudanmı, həmin
satış mərkəzlərində keyfiyyətsiz və
yararlılıq müddəti ötən məhsullar
yalnız göstərilənlər olubmu?
Nazirlər
Kabinetinin müxtəlif iclaslarında Prezident İlham
Əliyev söhbət açdığımız problemlə
bağlı kəskin
fikirlər səsləndirib. Prezident deyib ki, Azərbaycanda
keyfiyyətsiz malların satılmasına ciddi qadağa
qoyulmalı, nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, keyfiyyətsiz
idxal mallarına qarşı çox ciddi tədbirlər
görülməli, onların Azərbaycana daxil olmaması
üçün sədd qoyulmalıdır.
Düşünürəm ki, çox mühüm və
illərlə xalqı narahat edən ciddi məsələyə
qarşı mübarizənin səmərə verməsi
üçün hökumət qurumları bu işə hər
bir istehsal sahəsindən və gömrük
qapılarımızdan başlamalıdırlar.
Demək, hər kəs keyfiyyət barədə
düşünməlidir. Çünki
keyfiyyətsiz məhsul həm sağlamlığımıza,
həm də ətraf mühitə zərbə deməkdir.
Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı:
Səməd Məlikzadə
Zaman.-2014.-19 iyun.-S.13.