Tofiq Abbasov - Damanskin azərbaycanli qəhrəmani (4)  

 

Damansk uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 5 nəfərə, o cümlədən polkovnik D. Leonova (ölümündən sonra), baş leytenant İ. Strelnikova (ölümündən sonra), kiçik serjant V. Orexova (ölümündən sonra), baş leytenant V. Bubeninə və kiçik serjant Y. Babinskiyə Sovet İttifaqı Qəhrəmanı adı verildi.    

Döyüşlərdə qəhrəmanlıq göstərən digər əsgərlər də ordenmedallarla təltif edildilər. Məsələn, Damansk uğrunda gedən döyüşlərdə göstərdikləri mərdliklərə görə 3 nəfərə “Leninodeni, 10 nəfərə “Qırmızı Bayraqordeni, 31 nəfərə “Qızıl Ulduzordeni, 10 nəfərə  III dərəcəli “Şöhrət” ordeni, 63 nəfərə “İgidliyə görə” medalı, 31 nəfərə isə “Döyüş Xidmətlərinə görə” medalı verildi. Onların arasında Azərbaycan xalqının qəhrəman oğlu, döyüşlərdə qeyri-adi qəhrəmanlıqlar göstərən Tofiq Abbasovun da adı vardı. Əslində döyüşlərdə göstərdiyi igidliklərə görə, Tofiq Abbasova Sovet İttifaqı Qəhrəmanı adı veriləcəyi gözlənilirdi. Çünki hələ martın 3-də adadakı sərhədçilərə köməyə gedərkən çinlilərlə döyüşlərdə qeyri-adi igidliklər göstərən Tofiq Abbasovun qəhrəmanlığı əsgərlər və zabitlər arasında dillər dastanı olmuşdu. Onu məhz bu igidliklərinə görə, bütün sərhədçilərə nümunə göstərirdilər. Digər tərəfdən də, martın 15-də Damanskda baş verən döyüşlər zamanı Tofiq Abbasov yaralanmasına baxmayaraq, bir addım da geri çəkilməmiş, düşmənin başına od yağdıraraq, 15 nəfərə yaxın çinlini məhv etmişdi. Nəhayət, Tofiq Abbasov, Azərbaycan xalqının bu qəhrəman oğlu komandanlığın əmri ilə adanı tərk edərkən, döyüş meydanında yaralanan zabiti xilas etmək üçün onun köməyinə gedəndə həlak olmuşdu. Əslində şirin canından qorxmayaraq yaralı komandirini xilas etmək üçün onun köməyinə getməsi belə, Tofiq Abbasova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün yetərli idi. Çünki həmin anda Tofiq Abbasovla müqayisədə yaralı zabiti xilas etmək üçün digər əsgərlər ona köməyə getmək əvəzinə,  tələm-tələsik adanı tərk etməyə başlamışdılar. Amma o uzaq illərdə, SSRİ-də, belə demək mümkünsə, bütün millətlərə bir gözlə baxıldığı, onlar arasında ayrı-seçkiliyə yol verilmədiyi bir vaxtda belə, Tofiq Abbasova münasibətdə milli mənsubluq amili önə çıxarılmışdı. Çünki bu döyüşlərdə rus əsgərinin döyüşən ruhu təbliğ edilməli idi. Halbuki həmin vaxt çinlilərə qarşı döyüşlərdə qəhrəmanlıq göstərənlərin arasında kifayət qədər digər millətlərin də nümayəndələri var idi. Bəlkə də məhz  azərbaycanlı olması Tofiq Abbasovun Sovet İttifaqı Qəhrəmanı adı və digər yüksək ordenmedallara layiq görülməsi yolunda ciddi əngələ çevrilən amillərdən biri olub...

 

 “İgidliyə görə”

 

Tofiq Abbasovun Damansk uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət haqqında sonralar Rusiya Jurnalistlər İttifaqının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin Primorye regional şöbəsinin mətbuat xidmətinin rəhbəri Tamara Volkova belə yazmışdı: “ 57 və 69-cu sərhəd zastavalarının əsgərləri Sovet ordusunun motoatıcı və digər hərbi birləşmələrinin əsgərləri ilə birlikdə qəhrəmancasına vuruşur, düşmənə ağır zərbələr endirirdilər. Bu döyüşdə sərhədçilər ön sıralarda idilər. Onlar vətən uğrunda qəhrəmancasına, son nəfəslərinə kimi döyüşdülər. Vətəni qəhrəmancasına müdafiə edənlər arasında azərbaycanlı Tofiq Abbasov da var idi. Onun döyüşlərdə göstərdiyi igidliklər əsgər və zabitlər arasında dillər əzbəri idi”.

 

Tofiq Abbasov Damansk uğrunda gedən döyüşlərdən 10 gün sonra göstərdiyi qəhrəmanlıqlara görə “İgidliyə görə” medalı ilə təltif edildi.

 Bununla bağlı qəhrəmanı təltifetmə vərəqində belə yazılmışdı:  “Zastavada hərbi xidmət keçdiyi zaman sıravi əsgər, atıcı  Tofiq Abbasov özünü istedadlı, bacarıqlı sərhədçi kimi göstərmiş, siyasi və hərbi hazırlıq əlaçısı olmuşdur. Dəfələrlə maotszedunçuların sərhəddəki təxribatlarının qarşısını almaq əməliyyatlarında iştirak etmişbu zaman özünün cəsarəti, mətinliyi ilə seçilmiş, ona verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. 1969-cu il mart ayının 15-də Çin təxribatçıları tərəfindən Damanska hücum zamanı sıravi əsgər, atıcı Tofiq Abbasov əsl qəhrəmanlıq göstərib.  Ağır yaralanmasına  baxmayaraq,  düşmənlə döyüşü davam etdirən Tofiq Abbasov sərrast atəşlə çinli əsgərləri biçməkdə davam etdi. O, son nəfəsinə kimi qəhrəmancasına döyüşdüdöyüş meydanında qəhrəman kimi də həlak oldu”.

Təltifetmə vərəqində yaralı olmasına baxmayaraq,  Tofiq Abbasovun düşünmədən düşmən tərəfindən vurulan komandirini xilas etmək üçün onun köməyinə getməsi barədə heç nə yazılmayıb. Bunun da səbəbi aydındır: Əgər Tofiq Abbasovun yaralı olmasına baxmayaraq, komandirini xilas etmək üçün onun yardımına getməsi və bu zaman həlak olması təltifetmə vərəqində yazılsaydı, onda ona avtomatik olaraq Sovet İttifaqı Qəhrəmanı adı veriləcəkdi...

 

 Dəvəçidə isə Tofiqi gözləyirdilər...

 

Tofiqin düşmənlə ön səngərdə olduğu bir vaxtda onun anadan olduğu Dəvəçi ( indiki Şabran) şəhərindəki Lenin küçəsindəki 76 saylı evdə valideynləri övladlarının yolunu gözləyir, tezliklə ona qovuşacaqlarına ümid edirdilər. Amma Tofiqin özü deyil, onun qəhrəmancasına həlak olması barədə evə məlumat və bir də təltif edildiyi “İgidliyə görə” medalı gəldi. Tofiq Abbasovun atası Rza müəllim Primoryeyə gedərək, oğlunun  cənazəsini gətirmək və onu anadan olduğu doğma Dəvəçidə dəfn etmək istəyirdi. Amma döyüş yoldaşları Tofiqin digər həlak olan yoldaşları ilə birlikdə Xankaysk rayonunun Kamen Rıbolovo kəndində dəfn edilməsinin vacibliyinə Rza müəllimi inandıra bildilər. Həlak olanların üzərində ucaldılan abidədə Azərbaycanın qəhrəman oğlu Tofiq Abbasovun da adı var. Hər il bu qəhrəmanların   abidəsi üzərinə gül çələngləri qoyulur, onların qəhrəmanlığı yad edilir. Tofiq uzaqlarda dəfn edilsə də, mənə elə gəlir ki, onun ruhu bu gün heç kim yaşamayan boş, qalmış evlərinin üzərində dolaşır...

 Tofiq Abbasovun atası Rza kişi də çoxdan həyatda yoxdur, dünyasını dəyişib. Tofiq Abbasovun qəhrəmanlığı ilə bağlı onun adına küçələr, məktəblər var.  Qəhrəmanın bir vaxtlar oxuduğu  Dəvəçi (Şabran) şəhərindəki 1 saylı tam orta məktəb də onun adını daşıyır. Dəvəçidə Tofiq Abbasovun adına küçə də var. SSRİ dağılsa da, qəhrəmanın adı həmişə anılmaqda, yad edilməkdədir. Çünki o əsl qəhrəman, 70-ci illər nəslinin igidlik, mərdlik, vətənpərvərlik, qəhrəmanlıq zirvəsi idi.

 

 Əbədiyyətə dönən ömür

 

Tofiq Abbasovun adını daşıyan Şabran şəhər 1 saylı tam orta məktəbində hər il onun ad günü  xüsusi şəkildə qeyd edilir, qəhrəmanlığı məktəblilərə nümunə göstərilir. Şabran şəhərindəki  Tofiq Abbasov adına 1 saylı tam orta məktəbin direktoru Ağaşirin Bağırzadə bizimlə söhbətində: “Tofiq Abbasovun qəhrəmanlığı, keçdiyi həyat yolu gənc nəsl üçün əsl  vətənpərvərlik məktəbidir. Məktəbimizin qarşısında onun büstü qoyulub. Məktəbimizin daxilində qoyulan barelyefində isə həm Azərbaycan, həm də rus dilində qəhrəmanın keçdiyi həyat yolu,  göstərdiyi qəhrəmanlığı barədə məlumat verilib. Hər il dekabr ayında Tofiq Abbasovun ad gününü xüsusi mərasimlə qeyd edirik. Dərs ili başlayanda ilk dərsdə onun qəhrəmanlığından bəhs edilir. Tarix kabinetində qəhrəmana həsr edilən xüsusi güşə var. Tofiq Abbasovun qəhrəmanlığı unudulmayıb, unudulmayacaq, o xalqımızın qəlbində əbədiyyətə qədər yaşayacaq. Çünki qəhrəmanlar ölmürlər. Onlar cismani baxımdan aramızda olmasalar da, ruhən həmişə bizimlədirlər”,- deyir.

 

 Son söz əvəzi

 

Biz Tofiq Abbasovun qardaşı Sədiyar müəllimdən Tofiq barədə xatirələrini danışmasını istədik. O isə razı olmayaraq: “Bizim ailə onun haqqında danışmamağı qərara alıb”,- dedi. O, israrlarımıza baxmayaraq, bunun səbəblərini deməkdən imtina etdi... Bilmirik, bəlkə də Sədiyar müəllim Tofiq haqqında danışmaqla yenidən yaralarının közünü qopartmaq istəmirdi, hər halda qardaş itkisi ağır dərddir. Bəlkə bunun başqa səbəbləri də var... Bunu deyə bilmərik. Bildiyimiz birgə şey varsa, o da hazırda heç kimin yaşamadığı Tofiq Abbasovun anadan olduğu evdə səssiz  Tofiq adlı bir nəğmənin oxunmasıdr. Axı bir vaxtlar anası ona bu evdə layla çalmışdı, atası Rza kişi onu qucağına götürərək əzizləmişdi. İndi isə nə Rza kişi var, nə Tofiqin anası, nə də Tofiq. Onlar əbədiyyətə qovuşublar. Mənə elə gəlir ki, ana laylası yenə o otaqda səslənir, Tofiqsə uşaqlığını keçirdiyi bu evdə ruhən yaşamaqda davam edir...

 

Əziz Mustafa

Zaman.- 2014.- 27 iyun.- S.