Lənkəran-Astara bölgəsində
1918-ci il qırğınları
Mərdan Qurbanov, Həbib Əlizadə
1918-ci ilin mart qırğınları Azərbaycanın
bir çox bölgələrində, həmçinin Lənkəran-Astara
bölgəsində də bütün dəhşəti ilə
yaşanıb.
İnsanlar bu gün də o faciəni
unutmayıblar. Tarix üzrə fəlsəfə doktoru
Mürvət Abbasov qeyd edir ki, əgər 100 il
əvvəl Lənkəran sahillərini lentə alan
olsaydı, burada minlərlə meyitin, yaralanmış, təhqir
olunmuş insanların, viran edilmiş evlərin şahidi
olardıq.
“Hadisələrdə
haqsızcasına müsəlmanlar
günahlandırılırdılar”
Ucqarlarda davam edən qarışıqlıqdan istifadə
edən ermənipərəst Şivkunovun quldur dəstəsi
lənkəranlı Mir Əhməd xanın evini ələ
keçirib, özlərinə qərargah etmişdi. Kənddə
silahlı qaçaq dəstələrinin olduğunu bəhanə
edən Şivkunovun əsgərləri Sütəmurdov kəndini
bir neçə gün müntəzəm olaraq atəşə
tutur, orada yanğın və talanlar törədirdilər.
Bu haqsızlıqların
qarşısını almaq üçün kənd
ağsaqqalları Şivkunovun yanına gedib, atəşi
dayandırmağı xahiş edirlər. Lakin
əsgərlər Şivkunovun əmri ilə gələn
ağsaqqalları girov saxlamaqla vəziyyəti bir qədər
də gərginləşdirirlər. Sonra əsgərlər
Sütəmurdov kəndinə hücum çəkib
silahları tələb etdikdə kənd camaatı ilə əsgərlər
arasında qanlı toqquşma baş verir. Atışmada 2 əsgər öldürülür.
Əsgərlərin öldürülməsindən
hiddətlənən Şivkunov Sütəmurdov
ağsaqqallarının başlarını kəsməyi əmr
edir.
Mart hadisələri dövründə ermənilər Lənkəran
qəzasının müsəlman əhalisinə qarşı
misli görünməmiş vəhşiliklər törətmiş
və dinc əhaliyə amansız divan tutmuşdular. Müsəlman
əhaliyə qarşı qərəzli nifrət şəhərin
ermənipərəst qarnizon rəisinin
çıxışında da ifadə edilməkdə idi.
O öz çıxışında şəhərdəki
müsəlmanlardan qarət edilməsinə biganə
yanaşırdı. Kiçik Bazar məscidinə
gələrək toplaşan insanlar qarşısında nitqini
ikinci dəfə təkrar edən qarnizon rəisi yenə də
müsəlmanları günahlandırır.
Filologiya
elmləri namizədi, Əməkdar müəllim, Prezident təqaüdçüsü,
alim Mirhaşım Talışlı qeyd edir ki, o vaxtlar Lənkəran-Astarada
erməni və ruslar çox adam
qırıblar: “Onlar bir dəfə dənizdən top
atıblar, Gərmətük məscidinin bir tərəfi
uçub. Sonra camaat Hacı Ağabala adlı rus
dilini bilən bir şəxsə öz fikirlərini deyiblər.
O da əlinə ağ bir parça
alıb, dəniz kənarına gedib. Onlar
rusların məqsədlərinin nə olmasını öyrənmək
istəyirdilər. Onlar öyrənmək
istəyirdilər ki, niyə bu camaatı qırırlar?
Onların, yəni rus-erməni birləşmələrinin
rəhbəri Şivkunov deyib ki, sizin hamınız bizim
düşmənimizsiniz. Biz istəyirik ki,
bu yerlərdən köçəsiniz”.
“Evlərə
girib, bəzən bütün ailəni məhv edirdilər”
1918-ci il mart soyqırımı dövründə Lənkəran
qəzasında 40-dan çox kənd
yandırılmış, yüzlərlə günahsız
insan qətlə yetirilmişdi. Erməni
daşnakları evlərə girib, bəzən bütün
ailəni məhv edirdilər. Hamilə
qadınlara, qocalara belə, rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində
70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində
30-dək, Sütəmurdov kəndində 20-dən çox,
Girdəni kəndində 20-dək günahsız insan faciənin
qurbanı olur.
Erməni-rus əsgərləri Lənkəran qəzasında
ən hörmətli və el arasında sayılıb
seçilən ağsaqqalları ya öldürür, ya da ələ
keçirib, işgəncələr verirdilər. Lənkəranda tanınan Məşədi
Qasımın, Məşədi Şirəlinin, Kərbəlayı
Nurullanın, Hacı Axundun, Verevullu Mirməhəmməd xan
Mirfərəculla bəy oğlu Talışxanov və
yüzlərlə başqalarının taleyi belə,
acınacaqlı olmuşdu. Xalq arasında Miri bəy
kimi tanınan qvardiya polkovniki Mirməhəmmədrzanın Lənkərandan
kənarda da xüsusi hörməti var idi. Şivkunovun quldur dəstəsi Miri bəyin
yaşadığı evə hücum çəkir və onu
başından güllə ilə vurub öldürürlər.
Tarix
üzrə fəlsəfə doktoru Mürvət Abbasov qeyd
edir ki, Şıxəkəran kəndinə hücum edən
rus və erməni əsgərləri kəndi talan edərək,
camaatın mal-qarasını və qiymətli ev
əşyalarını ələ keçiriblər. Atışmada öldürülmüş erməninin
heyfini çıxan əsgərlər bir neçə kənd
sakinini diri-diri yandırıblar. Bəzilərinin
qulaq və burunlarını kəsir və gözlərini
çıxarıblar. Kənd camaatı
Mamusta ilə Xolmili arasındakı meşəyə çəkilib,
bir neçə gün burada gizləniblər. Mamusta kəndində
cavanları evlərə yığıb, od
vurub yandırıblar. Hətta bir neçə
mamustalı qılıncla doğranılaraq
öldürülüb. Ermənilər Mamusta kəndinə
od vurub yandırıblar. Qadınlar
və uşaqlar isə Qoçasələ meşəsinə
sığınıblar.
Lənkəran şəhəri və ətraf kəndlərin
əhalisi Osaküçə meşələrinə çəkilərək
özlərini qorumaq üçün sığınacaq
tapmışdılar. Ara sakitləşəndən sonra
ev-eşiklərinə qayıtmış şəhər
camaatı erməni vəhşiliyinin bir daha şahidi
olmuşlar. Evlər top mərmisi ilə
dağıdılmış, dükanlar qarət və talan
edilmişdi. Öldürülmüş və dənizə
atılmış insan cəsədləri üzərində
erməni vəhşiliyinin və qəddarlığının
bütün əlamətlərini görmək mümkün
idi. Şivkunovun quldur dəstəsi erməni-daşnak
qüvvələri ilə birləşərək, hərbi
paroxoddan Lənkəran şəhərini top atəşinə
tutmuş, nəticədə Kiçik Bazar məscidinin
divarının bir tərəfi mərmi ilə
dağıdılmışdı. Erməni
daşnakları qaynar samovarı adamların belinə
bağlayır və yeriməyə məcbur edirdilər.
Siyasi pərakəndəlikdən istifadə edən yerli
oyuncaq qurumlar Muğanda vəziyyəti daha da gərginləşdirirdilər. Erməni
Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilmişdi.
Avetisovun qoşunu əvvəlki kimi xalqı
soyub-talamaqda və müsəlmanları qətl, qarət etməkdə
davam edirdilər. Adamlar günahsız həbs
edilirdilər. Silahlı erməni və rus
dəstələri qaçaqlara kömək etməkdə
şübhəli bilinən Muğan kəndlərinə fasiləsiz
hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və
qiymətli ev əşyaları daşınıb
aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli,
Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə
ermənilər tərəfindən dönə-dönə
yandırılan kəndlər idi. Alışanlı, Xıl,
Yeddioymaq kəndlərində olan əkin yerləri də
müsəlmanların əlindən alınaraq ruslara
verilmişdi. Yerli əhali torpaqsız
qalmışdı.
Erməni-rus
hərbi birləşmələri Şərəfə kəndini
də top atəşinə tuturlar. Ələ
keçirilən 2 şərəfəlinin başı kəsilir.
Camaat işgəncə və təhqirlərdən
qorunmaq üçün kəndin ətrafındakı sıx
meşəlik və cəngəlliklərə
sığınır. Seybətinli Mirsadıq
bəy, Talışxanlı Əkbər xan, Mirqasım bəy
oğlu Talışinski və kənd ağsaqqalları
silahlıların kəndə hücumunu dayandırmaq
üçün onlarla danışıqlara başlayırlar.
Çoxlu ərzaq və mal-qara verməklə
erməni-rus silahlılarının sonrakı
qırğınının qarşısını alırlar.
Avetisov
və Əmiryanın silahlı dəstələri...
Erməni-rus silahlılarının növbəti
hücum hədəfi 2 rus əsgərinin öldürülməsində
günahlandırılan Xırmandalı kəndi idi. İlyaşeviç
kəndi yandırıb külə çevirməyi əmr
etmişdi. Kəndin əli silah tuta bilən
kişiləri Hacıtəpə kəndinin
günçıxanında “Çandıq” adlanan ərazidə
müdafiə mövqeyi tutmuşdular. Uşaqlar
və qadınlar kənddən çıxarılaraq təhlükəsiz
yer kimi dənizdə tuqay qamışlıqları ilə əhatə
olunmuş adalarda yerləşdirilmişdi. Salyan yolundan tutmuş Adıgözəl, Saleh, Qəreycə,
Arpa qobusu Xırmandalı camaatının talan və
qırğınlardan qorunmaq üçün
sığınacaq yeri olur.
Döyüşdə itkilərin
çoxalacağından ehtiyat edən xırmandalılar erməni-rus
silahlılarının kəndə girməməsi
üçün onlarla danışıqlara başlayır. Lakin
danışıqlar heç bir nəticə vermir. İlyaşeviç danışığa gələn
xırmandalıları həbs etdirib, Prişibə
apartdırır. Onlara ağır işgəncələr
verilir.
Beləliklə, erməni daşnakları və rus əsgərləri
Xırmandalı kəndinə daxil olurlar. Kənd sakinlərinin
əksəriyyəti hələ bir neçə gün qabaq kəndi
tam tərk etmişdilər. Əsgərlər kəndin
gözəgəlimli tikililərini od vurub
yandırır, ələ keçirilən ərzağı və
taxılı daşıyıb aparırlar. Xırmandalılar
doğma yurdlarına qayıdanda artıq evlər
yandırılmış, təsərrüfatları məhv
edilmiş və daşınıb aparılmışdı.
Yaşlı kənd sakinlərı Avetisov və
Əmiryanın silahlı dəstələrinin qəddarlığını
hələ də xatırlamaqdadırlar.
Lənkəran
rayonu, Gərmətük kənd sakini, qocaman müəllim
Əlibala Nurullayev qeyd edir ki, əgər denikinçilərdən
(Denikin çar imperiyasının generalı olub) birini yerli
adamlar öldürsəydilər, erməni və ruslar onun əvəzini,
qisasını almaq üçün kəndə girib,
bütün insanları, qocaları, uşaqları,
qadınları, bir sözlə, hamını
qırırlarmış. Bir dəfə onlar bir
əsgər öldürüldüyü üçün 70 nəfəri
güllələyiblər. Həm də
silahsız insanları öldürüblər.
Əlibala Nurullayev deyir ki, imkanlı adamlardan olan Səfərəli
adlı şəxs taxıl anbarında diri-diri
yandırılıb.
Bütün Azərbaycanı əhatə edən və
erməni vəhşiliyini özündə əks etdirən
mart faciəsi azərbaycanlılara qarşı törədilmiş
soyqırımı siyasətinin tərkib hissəsidir. Cənub
bölgəsində bu soyqırımı hələ 1918-ci
ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna
kimi davam etmişdir. Bu faciə xalq
arasında “Qaçaqaç” kimi xatırlanan məxsusi adla hələ
də yadda qalmaqdadır.
Qeyd edək ki, Lənkəran qəzasında və ətraflarda
Şivkunovun, Əmiryanın törətdiyi qanlı cinayətlərin
qarşısı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz
İslam Ordusunun Azərbaycana gəlişi ilə
alındı.
Ordunun Lənkəran qəzasına gələn
hissəsinə Yusif Camal bəy (Camal Paşa) rəhbərlik
edirdi. Camal Paşanın gəlişi ümidsizləşmiş,
silahsız qəza camaatının sevincinə səbəb
oldu. Camal Paşa Gərmətük kəndində Güləli
Cabbar oğlunun evini özünə qərargah seçir.
“Gavur gülləsi mənə dəyməz” deyən Camal
Paşanın öldürülməsi əhalini xeyli məyus
edir. Bəziləri Camal Paşanın Astaranın Pensər kənd
məscidinin həyətində
basdırıldığını, bəziləri isə cənazənin
Türkiyəyə aparılıb dəfn edildiyini söyləyirlər.
Astara
rayonu, Pensər kənd sakini İntizar Mürsəlov qeyd edir
ki, müstəqillik uğrunda çarpışan
oğullarımızın köməyinə qardaş
Türkiyədən gələn səriştəli sərkərdələrin
rolu danılmazdır.
Mirhaşım Talışlının sözlərinə görə, o dövrdə Teymur Şahverdiyev adlı bir şəxs olub ki, o, Lənkəranın ilk alisavadlı müəllimi olub: “O danışırdı ki, 1918-ci ildə Sütəmurdovdan keçən çayın üstündə körpü yox idi. Çayın rəngi qırmızı idi. Yəni adamlar öldürülürdü, çaya atılırdı. Beşik və cürbəcür əşyalar çayda görünürdü. İnsanları səbəbsiz yerə qırırdılar. Camaat bilmirdi ki, nə üçün qırılır”. Qeyd edək ki, 1937-ci ildə Teymur Şahverdiyev repressiyaya düşənlərdən biri olub.
P.S. Yazıda tarix üzrə fəlsəfə
doktoru Mürvət Abbasovun araşdırmalarından, filologiya
elmləri namizədi, Əməkdar müəllim, Prezident təqaüdçüsü,
alim Mirhaşım Talışlının fikirlərindən,
Lənkəran rayonu Gərmətük kənd sakini, qocaman
müəllim Əlibala Nurullayevin, Astara rayonu Pensər kənd
sakini İntizar Mürsəlovun məlumatlarından istifadə
edilib.
Zaman.- 2014.- 1 iyul.- S. 6.