“Azərbaycanın üzləşdiyi təcavüzlərə,
haqsızlıqlara, tökülən qanlara laqeyd qala bilməzdim”
BƏYLƏR MƏCIDOV,
“Zaman-Azərbaycan” qəzeti olaraq xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarımız barədə
müsahibə və yazılara davam edirik. Bu dəfəki
müsahibimiz Özbəkistan Respublikasında fəaliyyət
göstərən Respublika Azərbaycan Milli Mədəniyyət
Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynovdur.
- Firdovsi
müəllim əvvəlcə özünüz haqqında
qısa informasiya verə bilərsinizmi? Necə
oldu Özbəkistana gedib çıxdınız?
- Mən Özbəkistanın Sirdarya vilayətində
anadan olmuşam. 1990-cı ilə kimi də burada
yaşayıb, işləmişəm. 1990-cı
ildə Bakıda baş verən məlum hadisələrdən
sonra və ümumiyyətlə, Azərbaycanın üzləşdiyi
təcavüzlərə, haqsızlığa, tökülən
qanlara laqeyd qala bilməzdim. Vətən
darda biz kənarda düşüncəsi mənə də
rahatlıq vermirdi və mən işdən
çıxdım, ailəmlə Azərbaycana, Bakıya
köçdüm. Müharibə illəri
Özbəkistanda yaşayan bir neçə həmyerlimizlə
Azərbaycana yardım etmək qərarına gəldik. Topladığımız tibbi ləvazimatları və
bir qədər pulu bura çatdırmağı mənə
etibar etdilər. Xoşbəxtlikdən hava
limanlarında, gömrük məntəqələrində
yaranan bütün çətinliklərə baxmayaraq, biz məqsədimizə
nail olduq. Döyüşlərdə
iştirak etmək üçün o zaman Nizami rayon hərbi
komissarlığına da müraciət etdim, ancaq zabitlərə
hələ ki, ehtiyac yoxdu deyə məni qəbul etmədilər,
ancaq ehtiyatda olan zabit kimi qeydiyyata aldılar. 10 il
Bakıda yaşadıqdan sonra 2000-ci ildə Özbəkistana, Daşkənd şəhərinə
qohumların yanına qayıtdım.
- Rəhbərlik
etdiyiniz diaspor təşkilatı və onun fəaliyyəti
barədə məlumat verə bilərsinizmi?
- Əvvəlcə
bir məsələyə aydınlıq gətirim, təşkilatımızın
sədri Mobil Məmmədovdur,
mən isə qurumun icra direktoruyam. Təşkilatın
İdarə heyəti 23 nəfərdən ibarətdir. Ümumiyətlə, Özbəkistanda Azərbaycan Mədəniyyət
Mərkəzi 15 ilə yaxındır ki, fəaliyyət
göstərir. Mərkəz ilk olaraq Daşkənddə 2000-ci ildə
“Qardaşlıq” adı altında rəsmi qeydiyyatdan
keçib. Sonra Səmərqənd şəhərində
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yaranıb.
2003-cü ildə bu iki mərkəzin təşəbbüsü
ilə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri
Assosiasiyası qurulub və 2010-cu ilə qədər uğurla
fəaliyyət göstərib. 2010-cu ildə yaranan
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi
(RAzMMM) ölkənin 6 regionunda Səmərqənd, Buxara, Nəvai,
Sirdarya, Daşkənd vilayət və şəhər
filialları vasitəsilə iş aparır. Təşkilatın
əsas məqsədi diaspor üzvlərinin bir-birilə əlaqə
saxlama imkanını genişləndirmək, onların
arasında xoş münasibət yaradan məqsədyönlü
tədbirlər təşkil etmək və mədəni, mənəvi
dəyərlərimizi möhkəmləndirib saxlamaqdır.
Fəaliyyətimizi istədiyimiz qədər yüksək dərəcədə
apara bilməsək də, Özbəkistan və Azərbaycanın
dövlət və milli bayramları, əlamətdar günləri
ilə bağlı hər il əhəmiyyətli
tədbirlərə imza atırıq. .
- Erməni diaspor təşkilatlarının
Özbəkistandakı fəaliyyəti barədə nə deyə
bilərsiniz?
- Özbəkistanda
bir çox mədəniyyət mərkəzləri olduğu
kimi, burada ermənilərə də məxsus mərkəz
var. Daşkənd şəhərinin özündə 40-a
yaxın başqa xalqlara məxsus milli mədəniyyət mərkəzləri
var. Onların hər biri ilə əməkdaşlıq edirik,
bircə ermənilərdən başqa. Halbuki onlar təşkil
etdiyi tədbirlərə bizi dəvət edirdilər. Hətta bir dəfə öz tədbirlərinə
azərbaycanlı musiqiçiləri də dəvət
etmişdilər, təbii ki heç kəs onları yaxın
buraxmadı. Zənnimcə onlar bu cəhdləri ilə
bizim aramızda heç bir problemin olmadığını göstərmək istəyirdilər.
Biz bu mövqe ilə razılaşa bilmərik. Nə qədər ki, torpaqlar
işğal altındadır, onların diaspor təşkilatı
ilə heç bir əməkdaşlıq ola
bilməz.
Təbii
ki, yaşadığımız ölkənin öz daxili, millətlər
arası dostluq, əminamanlığı qoruyub saxlamaq siyasəti
var. Biz bu siyasəti dəstəkləyirik, hörmətlə
yanaşırıq və inkişaf etdirmək, möhkəmləndirmək
üçün bütün
imkanlarımızı bu istiqamətə yönəldirik. Ancaq bu erməni diaspor təşkilatı ilə birgə
tədbirdə iştirak etmək üçün bir əsas
deyil. Nə vaxt onlar təcavüzkar,
çirkin əməllərindən əl çəkərsə,
Azərbaycanla sülh müqaviləsi imzalayarsa, məcburi
köçkünlərimiz öz torpaqlarına qayıdarsa, o
zaman əməkdaşlıq məsələsinə yenidən
baxmaq olar.
- Erməni diasporu 2015-ci ildə
qondarma erməni soyqırımının 100 illiyinə
hazırlaşır. Bu mövzuda Özbəkistanda ermənilərin
hər hansı bir fəaliyyəti müşahidə olunurmu ?
- Xeyr, hələki
bununla bağlı, açıq şəkildə heç bir
hərəkat, fəaliyyət nəzərə
çarpmır. Onlar
heç KİV-də də bununla bağlı təbliğat
apara bilməzlər. Çünki belə təxribat
xarakteri daşıyan məlumatı jurnalistlərin özləri
də efirə və yaxud qəzet səhifələrinə
buraxmazlar. Bu bizim ölkəmizin (Özbəkistanın
red.) daxili siyasətinə zidd olan, millətlərarası
xoş münasibətlərinin səviyyəsini
aşağı salan və cəmiyyətdə sabitliyi pozan
bir hərəkata gətirib çıxara bilər.
- Özbəklər işğal
olunmuş Azərbaycan torpaqları haqqında lazımi qədər
məlumatlıdırlarmı?
- Özbəkistanda
nəinki siyasi, ictimai xadimlər eləcə də sadə vətəndaşlar
Dağlıq Qarabağ və işğal altında olan digər
ərazilər barədə kifayət qədər məlumatlıdırlar.
Son 20 il ərzində Azərbaycanda aparılan müdrik
siyasət, hesablanmış islahatlar, müxtəlif sahələrdə
tətbiq etdiyi müasir texnologiyalar nəticəsində
dünya ölkələri arasında artıq öz yerini
tutub. Azərbaycanla bağlı hər bir
informasiya hamının diqqət mərkəzindədir.
- Bir
diaspor təşkilatı olaraq yaşadığınız
çətinliklər.
- Etiraf
etmək lazımdır ki, Özbəkistanda hər millətin
özünün mədəniyyətini, adət-ənənələrini,
dilini, tarixi varlığını qoruyub saxlaması
üçün lazımi bütün şərait və
imkanlar mövcuddur. Dövlət tərəfindən
ictimai təşkilatlara lazımi maddi, mənəvi yardım
göstərilir. Biz, bu dəstəyi
öz fəaliyyətimizdə hiss edirik.
Özbəkistan Respublikası müstəqilliyinin ilk illərində
Prezident İslam Kərimovun təşəbbüsü ilə
Respublikada Beynəlmiləl Mədəniyyət Mərkəzi
(RBMM) quruldu. Bu təşkilat təbii ki, dövlət təşkilatıdır.
RBMM diaspor təşkilatlarına dövlət səviyyəsində
diqqət və qayğı göstərməklə, milli mədəniyyət
mərkəzləri arasında əməkdaşlığa dəstək
verməklə,
milli dəyərlərimizi, irsimizi gələcək
nəsillərə çatdırmağımızda
böyük rol oynayır.
2012-ci ildə “Özbəkistan Respublikası Milli Məclisin
nəzdində olan Dövlətdən kanar, Qeyri-kommersiya təşkilatlarına,
vətəndaşlıq cəmiyyətlərə və
başqa demokratik institutlara dəstək ictimai fondu” tərəfindən
bizim diaspor təşkilatımıza qrant verildi. Bu vəsaitə “Azərbaycan qızları” rəqs
qrupuna milli paltarlar tikdirdik, ofisimizə müxtəlif
avadanlıqlar aldıq, gənclərimizin
təşəbbüsü ilə teatr studiyası qurduq.
Bundan əlavə Azərbaycan Respublikası Diasporla
İş üzrə Dövlət Komitəsi də bizə
maddi və mənəvi dəstək olur.
- Özbəkistanda
yaşayan, təhsil alan, işləyən
azərbaycanlılar barədə nə deyə bilərsiniz?
- Tarixən Özbəkistanda yaşayan azərbaycanlılar
bütün sahələrdə - elmdə, mədəniyyətdə,
incəsənətdə, iqtisadiyyatda, idmanda, (sahələrin
hamısını sadalamağa ehtiyac yoxdu) çox uğurla fəaliyyət
göstəriblər.
Diaspor üzvləri arasında tanınmış şəxsiyyətlər
çoxdur.
Özbəkistan və Azərbaycan xalq artisti, Dövlət
mükafatı laureatı, Əlişir Nəvai adına
Dövlət Akademik Böyük teatrının
quruluşçu rejissoru, Azərbaycan və Özbəkistan
arasında opera sənətinin diplomlandırılmış
yeganə peşəkarı, professor Firuddin Səfərov, Beynəlxalq
ekologiya alimləri assosiyasiyasının üzvü, pedaqoji
elmlər doktoru Almaz Məcidova, Respublikanın vergi sistemini
müasirləşdirən general mayor Paşa İmanquliyev,
biologiya elmləri doktoru Sudabə Məmmədova, sərbəst
güləş idman növü üzrə iki qat dünya
çempionu, beynəlxalq klassifikasiyalı idman ustası Mais
İbadov, Nəvai vilayətinin sambo idman növü üzrə
baş məşqçisi, beynəlxalq klassifikasiyalı
hakim, idman ustası Çingiz Təhmazov, Azərbaycanın əməkdar
artisti, “Azərbaycan qızları” rəqs ansamblının bədii
rəhbəri Kökəb Əliyeva, “HƏBİB-TEX” birgə
müəssisəsi - tekstil fabrikinin təsisçisi Tofiq Əliyev,
Daşkənd şəhərində Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri Kamil Kərimov və başqaları
görkəmli soydaşlarımızdır. Onların
hamısı ölkənin rifahı naminə, diaspor təşkilatının
möhkəmləndirilməsində əllərindən gələni
əsirgəmirlər.
Şəhərin bir çox yerlərində azərbaycanlıların
rəhbərlik etdiyi restoran və digər obyektlər fəaliyyət
göstərir. Bunların hər biri Azərbaycanın
müxtəlif şəhər və tarixi abidələrin
adlarını daşıyır. “Bakı”, “Qarabağ”,
“Qız qalası”, “Bulaq”, “Arşın Mal Alan” “Lesnaya polyana” nəzdində
“Azərbaycan xörəkləri”, “Salam”, “Karvan saray” və
başqaları azərbaycanlıların
görüş yerlərdir.
- Diaspor fəaliyyətinizin daha da
genişlənməsi üçün hansı işlər
görülür və ya görülməsi
planlaşdırılır?
- Diaspor təşkilatlarımız
qeyd etdiyim kimi 6 regionda fəaliyyət göstərir. Bizə bu vilayətlərdə
yaşayan azərbaycanlılar tərəfindən, yerlərdə
mədəniyyət mərkəzinin filiallarının
açılması haqda təkliflər daxil olur. Onların arzusunu yerinə yetirmək
üçün müəyyən işlər
aparılır. Yaxın gələcəkdə
Kaşkadarya və Xarəzm vilayətlərində
filialların açılmasını nəzərdə
tutmuşuq.
Hazırda fəaliyyətdə olan mərkəzlərin
öz-özünü maliyyələşdirmə
imkanının yaranması ən mühüm məsələlərdən
biridir. Gələcəkdə intellektual
potensialımızı, mərkəzin fəaliyyətinin daha səmərəli, geniş və
zəngin olması üçün, maddi məbləğ əldə
etməsinə istiqamətləndirəcəyik. Hesab edirəm
ki, maddi imkan nə qədər geniş olsa, görülən
iş və ya keçirilən tədbirin zənginliyi də
o qədər artar.
Zaman.-2014.-11 mart.-S.6.