Ekoloji problemlər və milli səviyyədə
onların aradan qaldırılması yolları
İnsan minillər boyu atmosferdən, ətraf mühitdən faydalanıb, sağlam yaşamağa çalışıb.
Bu təbii
proses, demək olar ki, son əsrlərə qədər davam
edib. Lakin sənayenin inkişafı və texniki
tərəqqi insan və ətraf mühit münasibətlərinə
yeni, belə demək mümkünsə, ziyanlı ənənə
gətirib. Atmosferin əsaslı şəkildə
çirkləndirilməsinin təməli sənayenin sürətli
inkişafı nəticəsində qoyuldu. Nəticədə atmosferə külli miqdarda zərərli
qazlar, o cümlədən kükürd, karbon, kükürd
anhidridi, azot 4 oksid və ozon dağıdıcısı karbon
2-oksiddən ibarət zəhərli birləşmələr
buraxıldı. Bu da, öz növbəsində,
ekologiyanın pisləşməsinə və planetimizdə həyatın
təhlükə altına düşməsinə gətirib
çıxardı. Atmosferə
buraxılan zəhərli birləşmələr arasında ən
böyük təhlükə doğuranı karbon 2-oksiddir.
Hər il sənaye müəssisələri
tərəfindən atmosferə təxminən 1 250 milyon ton
karbon 2-oksid buraxılır. Bu da, öz növbəsində,
istilik effektinin yaranmasına, temperaturun və Yer kürəsində
təbii fəlakətlərin artmasına təkan verib. Belə ki, son bir neçə ildə Yer kürəsində
60 irimiqyaslı su daşqınları baş verib və
yüz minlərlə insan bunun qurbanı olub. Digər tərəfdən də, Yer kürəsində
istilik effektinin artması buzlaqların əriməsinə və
sahilyanı ərazilərin su altında qalmasına,
quraqlığa, minillər boyu planetimizdə müşahidə
edilməyən güclü qasırğaların
tüğyan etməsinə səbəb olub. Məsələn,
2004-cü il iyun ayının 16-da
planetimizdə ən isti gün oldu. Həmin
gün bəzi yerlərdə temperatur 45 dərəcəni
ötdü. Buna paralel olaraq, 2004 -cü ildə
ən isti qitə hesab edilən Afrikaya qar yağdı. İqlim dəyişikliyinin gətirdiyi fəlakətlər
2009-2010-cu illərdə də davam etdi. Avropada
qışda bu dövr üçün qeyri-adi görünən
istilər və bunun ardınca da dəhşətli
soyuqların baş verməsi planetimizi sarsıtdı. Bu
ilin aprel ayının ortalarından başlayaraq, Fransa və
İspaniyada həmçinin ABŞ-da güclü qar yağması
həyatı iflic etdi. Qlobal istiləşmə
prosesi davam edəcəyi halda, ilkin hesablamalara görə, Yer
kürəsinin yarısı su altında qalacaq.
Ekoloji təhlükəni
doğuran amillər
Ekoloji
tarazlığı pozan amillər sırasına
aşağıdakılar aid edilir:
1. Havaya
istilik effekti yaradan zəhərli qazların buraxılması.
Havaya buraxılan bu cür qazların böyük həcmi
inkişaf etməkdə olan dövlətlərin payına
düşür. Məsələn, ABŞ-da dünya əhalisinin
yalnız 4 faizi yaşayır. Ancaq havaya
buraxılan bütün zəhərli qazların 25 faizi
Amerikanın payına düşür. Eyni
sözləri Almaniya haqqında da demək olar. Almaniyanın əhalisi Yer kürəsi əhalisinin
1 faizini təşkil etsə də, atmosferə buraxılan
qazların həcmi 4 faizdir.
2. Neft və
neft məhsulları ilə ətraf mühitin çirkləndirilməsi.
Ekoloqların hesablamalarına görə, hasil edilən
neftin 98 faizi ətraf mühitə zəhərli təsir
göstərir. Məsələn,
Meksika körfəzindəki neft platformasında baş verən
son qəza minlərlə ton neftin dənizə axması və
dənizdəki canlı varlıqların kütləvi şəkildə
məhv edilməsi ilə müşayiət olunur.
3. Dənizdə
kimyəvi və radioaktiv tullantılardan ibarət xüsusi qəbiristanlıqların
(DAMPİNQ) salınması.
4. Ozon
qatının dağılması.
Ozon qatı Yer kürəsini Günəşdən gələn
ultrabənövşəyi şüaların təsirindən
qoruyur. Amma son illərdə ozon qatının deşilməsi
nəticəsində insan üçün daha bir təhlükə
əmələ gəlib. Ozon
qatının dağılmasına təsir göstərən
digər bir amil isə yerətrafı orbitə
çıxarılan raketlərdir. MilSli Ekoloji Proqnozlar Mərkəzinin
rəhbəri Telman Zeynalov bununla əlaqədar: “Amerika və
Fransa tərəfindən yerətrafı orbitə
çıxarılan “Delta”, “Titan-11” və “Arian U” raketləri
ozon qatının dağılmasına birbaşa təsir
göstərib. Hesablamalara görə, yerətrafı orbitə
çıxarılan hər bir raket atmosferə 187 ton xlor, 7
ton azot turşusu buraxır ki, bu da ozon qatının 0,3
faizinin sıradan çıxması deməkdir”, -deyir.
5. Meşələrin
sürətlə qırılması və nəticədə,
səhralaşmanın və torpaq sürüşmələrinin
təhlükəli səviyyədə artması.
6.
Turşu yağışlarının yağması.
Turşu yağışları insanın təsərrüfat
fəaliyyəti zamanı atmosferə həddindən artıq
kükürd, azot turşularının daxil olması nəticəsində
baş verir. Turşu yağışları
yağdığı yerlərdə bitki
örtüyünü məhv edir, suları içmək
üçün yararsız hala salır. Məhz bunu nəzərə
alaraq, məşhur ekoloq, professor Robert Xardinq Uitteker (ABŞ):
“Əgər lazımi tədbirlər görülməsə və
havaya buraxılan zəhərli qazların həcmi
azaldılmasa, onda yaxın gələcəkdə təbii fəlakətlər
Yer kürəsini məhv edəcək”, -deyir.
Ekoloji
problemlərlə mübarizə vacibdir
Qeyd edək ki, ekoloji təhlükənin artması ilə
əlaqədar həyəcan təbili ötən əsrin
70-ci illərinin əvvəllərində
çalınmağa başladı. 1972-ci ildə Stokholmda
ətraf mühitin mühafizəsi və problemlərinə həsr
olunan ilk beynəlxalq konfrans keçirildi. Bu
konfransda M. Stronq ekoloji-iqtisadi inkişafla bağlı yeni
konsepsiya irəli sürdü. Konsepsiyada
Stronq iqtisadi inkişaf və ekologiya məsələlərini
paralel şəkildə nəzərdən keçirməyi təklif
edirdi.
Ekoloji vəziyyətin
get-gedə pisləşməsi və bunun
qarşısını almaq üçün lazımi tədbirlərin
həyata keçirilməsinə kəskin ehtiyac duyulması BMT-ni
də hərəkətə gətirdi. 1992-ci
ildə BMT tərəfindən Braziliyanın Rio-de Janeyro şəhərində
ekoloji problemlərin həllinə yönələn beynəlxalq
konfrans keçirildi. Konfransda beynəlxalq
aləmi gözləyən təhlükənin
qarşısını almaq və bununla əlaqədar təxirəsalınmaz
tədbirlər həyata keçirmək üçün
“Dayanıqlı inkişaf” konsepsiyası qəbul edildi. Bu konsepsiya ətraf mühitin çirklənməsinin
qarşısını almaq üçün beynəlxalq səviyyədə
qəbul edilən mühüm sənəd oldu.
Danimarkanın paytaxtı Kopenhagen şəhərində
keçirilən son iqlim toplantısında müzakirə
olunan məsələlərdən biri də havaya buraxılan
zəhərli qazların azaldılmasıdır. Toplantıda havaya
buraxılacaq zəhərli qazların azaldılması ilə
əlaqədar müəyyən müxtəlif ölkələr
üçün kvota qəbul edilib. Havaya buraxılan zəhərli
qazları 2020-ci ilə qədər ABŞ 2005-ci il səviyyəsinin 17%-i, Avropa Birliyi 1990-cı
il səviyyəsinin 20% -i, Yaponiya 1990-cı il səviyyəsinin
25%-i, Çin isə 2005-ci il səviyyəsinin 40-45%-i qədər
azaltmalıdır.
Respublikamızda
ekoloji problemlər diqqət mərkəzindədir
Ekoloji problemlər və onların aradan
qaldırılması Azərbaycanda da xüsusi diqqət mərkəzində
saxlanılır. Bu da təbiidir. Çünki
uzunillər boyu Abşeron yarımadasında neft
çıxarılması ilə əlaqədar ekoloji
tarazlıq pozulmuş və yüzlərlə hektar torpaq
çirklənməyə məruz qalmışdır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti
şöbəsinin müdir müavini İmran Əbdülov
bizimlə söhbətində qeyd etdi ki, Abşeronda 33,3 min hektar topraq sahəsi çirklənib. O:
“1949-cu ildə salınan Sumqayıtdakı kimya zavodları
SSRİ dağılana kimi hər il atmosferə 120 min ton zəhərli
maddə buraxırdı. Sumqayıtın kimya zavodlarında
müəyyən yenidənqurma işləri
aparılmasına baxmayaraq, burada hər il atmosferə yenə
də 96,5 min ton zəhərli qaz
buraxılmaqdadır. Eyni zamanda Abşeron
yarımadasında neft çıxarılan ərazilərdə
neft məhsullarının illərlə çöküb
qalması nəticəsində radiasiya fonu da yüksəkdir”,
-deyib. Telman Zeynalov son illər ekoloji
problemlərin aradan qaldırılması istiqamətində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və
ölkə rəhbərliyi səviyyəsində aparılan
işləri təqdir etdiyini xüsusi qeyd edib.
Ekoloji cəhətdən
daha çox təhlükə mənbəyi hesab edilən
zonalar
Ümumiyyətlə
götürdükdə isə Azərbaycanda ekoloji cəhətdən
daha çox təhlükə mənbəyi hesab edilən
zonalar aşağıdakılardır:
1.
Abşeron yarımadası, Bakı və onun ətrafı.
2.
Sumqayıt. Buradakı kimya zavodlarının fəaliyyəti uzunillər boyu ekologiyaya
ağır zərbə vurub.
3. Xəzərin Azərbaycan hissəsi və
respublikamızın Xəzərətrafı əraziləri.
Uzunillər boyu Xəzəryanı ölkələr,
xüsusilə, Rusiya tərəfindən Xəzərə
axıdılan zəhərli tullantılar dənizin
ekologiyasına güclü zərbə vurub.
4. Meşələrin
kütləvi şəkildə qırılması və nəticədə,
torpaq sürüşmələrinin artması.
İmran Əbdülov bizimlə söhbətində qeyd etdi ki, respublikamızda ekoloji problemlərin aradan qaldırılması üçün son 10-12 ildə dövlət səviyyəsində ciddi tədbirlər həyata keçirilib. O, ETSN tərəfindən ekoloji tarazlığın bərpasına və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına xidmət edən “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram hazırlandığını xatırladıb: “2003-cü ildə ölkə Prezidenti tərəfindən təsdiq edilən bu sənəd Azərbaycanda ekoloji tarazlığın bərpasında və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında irihəcmli tədbirlər həyata keçirməyə imkan verdi. Nəticədə Azərbaycanda ekoloji vəziyyət ildən-ilə yaxşılaşmağa başladı”.
Əbdülov onu da dedi ki, mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi prosesini daha da sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olundu. Bu çərçivədə Bakı və Sumqayıtda bəzi zəhərli kimya zavodları bağlanıb, “Xəzər dənizinin ekoloji mühitinin mühafizə sistemi” çərçivəsində çirkab suları təmizləyən müasirtipli modul sutəmizləyiciləri istifadəyə verilib. Onlarla göllər qurudulub, yeni təbiəti mühafizə qoruqları və Zooloji park yaradılıb. İmran Əbdülovun sözlərinə görə, Zığ gölü və onun ətrafı, Zığ gölü və Hava Limanı arası, Səngəçal ətrafı, Zirə və Binə qəsəbələri arası, Xəzər (Əzizbəyov), Sabunçu dairələrində ağacəkmə kampaniyası aparılıb, yeni meşə-park zolaqları salınıb. Ağacəkmə prosesinin davam etdirildiyini söyləyən Əbdülov ARDNŞ tərəfindən 400 hektar neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizləndiyini də söyləyib. Bütün bunlar isə başda ETSN olmaqla, müvafiq təşkilatlar tərəfindən yaxın gələcəkdə Azərbaycanın ekoloji problemlərinin tamamilə aradan qaldırılacağına və ölkəmizin ekoloji cəhətdən dünyanın ən təmiz ərazilərindən birinə çevriləcəyinə inamımızı artırır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-11 mart.-S.13.