Elimizə Novruz gəlir!
Yaşlı nəsil: “İndiki
gənclər Novruz bayramını daha təmtəraqlı qeyd edirlər”
Ağırlığım- uğurluğum odlara,
Yazda mənlə hoppanmayan
yadlara...
Ağırlığım od olsun,
Odda yanan yad olsun...
Novruz bayramına
məxsus olan bu ifadələr yenidən gündəmə
gəlir. Bayram şirniyyatlarının qoxusu
bir il
fasilədən sonra evlərdə yenidən duyulacaq. Gənc qızlar qulaq
falına çıxıb,
eşitdiklərini öz
aralarında müzakirəyə
qoyacaq, üzük falına baxacaqlar. Oğlanlar isə papaqlarını dolu şəkildə geri almaq ümidi
ilə üz-gözlərini
boyayıb, qapı-qapı
dolaşacaqlar. Sonda isə
bütün qonşular
bir araya gəlib tonqal başına toplanıb, həm bir illik
söz-söhbətlərini bölüşəcək, həm
də vaxt tapdıqca tonqalın üzərindən atlayacaqlar.
Hələ boyanmış yumurtaları
döyüşdürməkdən, küsülüləri barışdırma
mərasimlərindən, şəhər
yerlərində binaların
arasında nəhəng
tonqal yandıranlardan danışmıram. Bir
sözlə, hər yaşın əylənəcəyi
bayram gəlir...
Öncədən qeyd edək ki, iki il öncə Azərbaycan dövlətinin
səyi nəticəsində
YUNESKO-nun xüsusi qərarına
əsasən, Novruz bayramı bəşəriyyətin
qeyri-maddi sərvətlər
siyahısına daxil edildi. Məhz qlobal şəkildə
atılan belə bir addımdan sonra dünya tərəfindən milli sivilizasiyamızın bu ayrılmaz atributuna maraq get-gedə artır. Bəs biz necə, qonşu
xalqların da şərik çıxmaq
istədiyi bu mükəmməl kulturoloji
dəyərimizi kifayət
qədər tanıyırıqmı,
dünyada təbliğ
edirikmi? Məsələn, bir vaxtlar Novruz
bayramını yaşlı
nəsil necə qeyd edirdi?
Novruzun ulu tarixi
Novruz bayramının
yaranması, ayrı-ayrı
görüş və
etiqadlarla əlaqəsi,
onun Zərdüştlük,
yaxud İslam mədəniyyəti qaynaqları
ilə bağlılığı
əsrlər boyu tarixçi alimləri, folklorşünasları düşündürmüş,
indilərdə isə
kulturoloqlar arasında
böyük mübahisələrə
səbəb olmuşdur. Doğrudur, bir
sıra insanlar Novruz bayramının yaranmasını tarixi-dini
proseslərin məntiqi
ardıcıllığı ilə əlaqələndirməyə
çalışırlar. Bu mövqedə olanların
baxışları mübahisəli
olsa da, hər halda, yanlış sayıla bilməz. Elmi axtarışlar, polemik müqayisələr
vasitəsilə bu fikri dəqiqləşdirməyə
ehtiyac var.
Kulturoloq
Fuad Məmmədovun sözlərinə görə,
təntənəli şəkildə
qeyd edilən bu bayramın tarixi bəzi mənbələrə görə,
Azərbaycanda hələ
islam dininin
yaranmasından ta əvvələ qədər
gedib çıxır:
“Şimal yarımkürəsində
bu bayram astronomik yazın başlandığı, gecə-gündüz
bərabərliyi günündə
(martın 20, 21 və
ya 22-də) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin
canlanması ilə bağlamış, bu münasibətlə şənliklər
keçirmiş, onu yeni ilin başlanğıcı
kimi bayram etmişlər. Buna görə də, qədim zamanlardan başlayaraq, Azərbaycan,
İran, Əfqanıstan,
Tacikistan, Özbəkistanda
və bir çox şərq ölkələrində baharın
- yeni ilin gəlişini şənliklərlə
qarşılayırlar. Elə bu səbəblə də araşdırmalar göstərir ki, Novruz bayramının tarixi Azərbaycanda və bir çox
ölkələrdə hələ
islamiyyətin yaranmasından
əvvələ gedib
çıxır”.
Bayramda hansı adətlər yerinə yetirilir?
Azərbaycanda qeyd edilən bayramlar içərisində ailələrin ən ciddi hazırlaşdıqları, gənclərin ən həyəcanla keçirdikləri bayramlardan biri də Novruz bayramıdır. İnsanlar bu günlər üçün çox ciddi şəkildə hazırlaşırlar. Yaşayış yerləri, həyət-baca, küçələr silinib-süpürülür, yeni geyim-paltar alınır, bayram şirniyyatı bişirilir, qovurğa qovurulur. Bayram günlərində dünyasını dəyişmiş qohum-əqrabaların, məzarları ziyarət edilir. Onların başı üzərində “Yasin” oxutdurulur. Küsənlər barışır, qohum-qonşu bir-birilərinin evlərinə getməklə əlaqələrini daha da möhkəmləndirirlər. Xüsusilə, xəstələr və qocalara diqqət, uşaqlara qayğı artırılır. Şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplaşanların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanırlar. Tonqal üzərindən tullanmağın açıqlamasını kulturoloq belə verdi: “İstər gənc olsun, istər də yaşlılar tonqal üzərindən atlayanda “köhnə ildəki dərdim-azarım odda yansın!” - deyərək, dua edirlər. Bu, bütün azar-bezardan, bədbəxtliklərdən, fəlakətlərdən xilas olmaq məqsədilə edilir”.
Sovet
dövründəki Novruz bayramı ilə
müasir Novruz şənliyinin
fərqi
Novruz bayramı adətlərini yəqin ki, yaşlı nəsil qədər doğru-dürüst bilən olmaz. Odur ki, yaşlı təbəqədən olan insanların arasında sorğu keçirdik. Bu məqsədlə Bakı şəhəri, Səbail rayonu, Sahil qəsəbəsində yerləşən Veteranlar bağına üz tutdum. Doğrusunu desəm, bu günə qədər o dövrdə bayramların daha fərqli və adətlərə uyğun olaraq keçirildiyini düşünürdüm. Ancaq ilk müsahibim 63 yaşlı Elman Kərimlinin sözləri mənim bu fikrimi dəyişməyimə səbəb oldu. O, Novruz bayramını hal-hazırki gənclərin daha əyləncəli və təmtəraqlı keçirdiklərini düşünür: “Bizim gəncliyimiz sovet dövrünə düşdüyü üçün ancaq o dövrə aid bayramları keçirirdik. O zamanlar Novruz bayramı çox xatırlanmazdı. Ancaq indi dövr dəyişib və bayram dövlət səviyyəsində qeyd edilir. Gənclərimiz istədikləri kimi əylənə və belə şənliklərdə daha aktiv iştirak edə bilirlər”. Daha bir neçə yaşlı arasında keçirdiyimiz sorğudan çıxan nəticə belə oldu ki, milli bayramlarımız müasir gənclərimiz tərəfindən daha əyləncəli və təmtəraqlı qeyd olunur. Ancaq 70 yaşlı Seyfulla Bağırov digər müsahiblərimə nisbətən fərqli fikirdə oldu. O isə elə hesab edir ki, o dövrdə adətlərimiz daha çox qorunub saxlanılırdı: “Düzdür, o zamanlar insanların maddi imkanları zəif idi. Ancaq insanların bir-biri ilə, qohum-əqrəbalarla münasibətlər daha yaxın idi, yaşlılar yada salınar, onların evləri ziyarət edilərdi. Ancaq mənim fikrimcə, indiki gənclər bu günləri daha çox xüsusi əyləncə məkanlarında keçirməyə üstünlük verirlər”. Seyfulla müəllim söhbət əsnasında o dövrdə özünün yaşadığı Novruz əyləncələrindən danışdı və yandırdıqları tonqalın alovu ilə qonşunun damının alov götürməsini də xatırladı.
Artıq neçə ildir ki, dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olunan Bahar bayramının - Novruzun beynəlxalq aləmdə böyük kulturoloji-turistik əks-sədası da gəlməkdədir. Statistik göstəricilərə görə, Novruz bayramı günləri ərəfəsində ölkəmizə əcnəbi turistlərin kütləvi gəlişi müşahidə olunur.
Novruz “təzə gün”, “yeni ruzi” deməkdir. Günləriniz xoş, ruziniz bol, bayramınız mübarək olsun!
Həvva Cəlilova
Zaman.- 2014.- 19 mart.- S. 7.