“Bəxtim gətirdi ki, qardaşım Vasim
tarzən olmadı”
Sözün düzü, Vamiq müəllimdən bir neçə dəfə müsahibə almaq fikrinə düşmüşəm.
Lakin ona yaxınlaşaraq, yaxud zəng edərək fikrimi bildirməkdən çəkinmişəm. Çünki mənə elə gəlirdi ki, olduqca ciddi görünən bu insanla dil tapa bilmərəm. Lakin bu günlərdə birdən-birə cəsarətlənərək, Vamiq müəllimlə həmsöhbət olmaq istədiyimi bildirdim. O, heç bir tərəddüd etmədən razılıq verdi. Tanınmış tarzənlə söhbət zamanı onun necə mehriban insan olduğunun şahidi oldum. Beləliklə, həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin baş müəllimi, dosent, Əməkdar artist, ustad tarzən Vamiq Məmmədəliyevdir.
- Vamiq müəllim,
eşitdiyimə görə, atanız həkim olsa da, tar
çalardı... Bəlkə,
söhbətimizə elə buradan başlayaq?
- Bəri başdan deyim ki, ümumiyyətlə, bizim evdə muğama böyük maraq olub. O vaxtlar hər bazar günü günorta saatlarında radioda Seyid Şuşinskinin, Zülfi Adıgözəlovun, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin, Həqiqət Rzayevanın, Yavər Kələntərlinin iştirakı ilə muğam konserti olurdu. Biz də atamla (adı Məmmədəli idi) birgə bu konsertləri dinləyirdik. Belə günlərimizdə atam bizə muğamı daha ətraflı başa salırdı. O, Şərq ədəbiyyatını da yaxşı bilirdi. Hə, onu da deyim ki, gözümü açandan evimizdə “Quran” avazı eşitmişəm”. Mənim ana babam seyid ailəsinə mənsub olub. O zamanlar bizim Kürdəxanıda keçirilən toylarda iştirak edəcək xanəndələrin adları 6 ay əvvəlcədən məlum olardı. Odur ki, onların yolunu həsrətlə gözləyərdik. O ki qaldı konkret sualınıza, atam tarzən olmayıb. Əgər belə demək mümkünsə, tarı sevən, onu özünəməxsus şəkildə ifa edən bir şəxs olub. Heç onun müəllimi də olmayıb. Özü öyrənib. Onu da deyim ki, o vaxtlar əksər ziyalıların evlərində tar olardı. Bizim evdə (ailədə 8 uşaq olmuşuq), demək olar ki, hamı tarı dilləndirə bilirdi. Lakin bu sənətin dalınca gedən yalnız mən olmuşam.
- Belə
çıxır ki, qardaşınız - görkəmli alim,
akademik Ziya Bünyadovla birgə “Qurani-Kərimi” dilimizə tərcümə
etmiş Vasim Məmmədəliyev də...
- Əlbəttə... Özü də o,
yaxşı tar çalırdı a... Hətta notu da öyrənmişdi.
O, indi də hərdən
tar çalır. Evində tarı da var. Allah
üzümə baxdı ki, o, başqa sahənin dalınca
getdi.
- Bu nə deməkdir?
- Əgər Vasim müəllim bu sahənin dalınca
getsəydi, tarzən olsaydı, onda gərək mən tar
çalmayaydım.
“Mən solaxay idim”
- Belə çıxır ki,
atanızın tarı qardaşlar arasında əlbəəl
gəzib... Bu, atanızı hirsləndirmirdi?
- Əsla. O, bizim tara olan münasibətimizdən
çox məmnun idi. Yadıma düşmüşkən,
atamdan hərdənbir tar çalmağını xahiş edəndə
o, bir qayda olaraq: “Yeri ha, yeri ha küsmüşəm səndən”
xalq mahnısını ifa edərdi. Səhv
etmirəmsə, o zaman həmin mahnı Zülfü
Adıgözəlovun repertuarında idi.
- Vamiq müəllim, bəs
atanızın tarı kimə qalıb?
- O tar məndədir.
O mənə atamdan yadigardır. Məndə
olan məlumata görə, atam onu 1926-cı ildə alıb.
Amma həmin tarın qolunu, kəlləsini dəyişmişəm.
Yeri gəlmişkən, 1989-cu ildə
tanınmış tarzən Sərvər İbrahimov da
tarını mənə bağışlayıb.
- Bəs tarın incəliklərini
kimdən öyrənmisiniz?
- Dərdayıl
Aydəmirovdan... O, mənim ilk müəllimim olub. (Boya-başa çatdığım Kürdəxanıda
tarın sevilməyində onun rolu böyük olub). Balaca olduğuma görə qardaşlarım məni
onun dərnəyinə getməyə qoymurdular. Mən də gah pəncərədən, gah da
qapının açar yerindən onların tarın pərdələri
üzərində barmaqlarını necə gəzdirmələrinə
baxardım. Sonra da evə gəlib orada
öyrəndiklərimi səsləndirərdim. Onu da deyim ki, mən solaxay idim. Sağ əllə
çalmağa öyrəşməyim bir qədər çətin
oldu. Amma solaxay olmağımın sonradan bir çox
üstünlükləri özünü büruzə verdi. Belə ki, tarı kökləyəndə
heç bir əziyyət çəkmirəm. Özü də digər tarzənlərdən fərqli
olaraq, bu və ya digər tarı yaylıqdan istifadə etmədən
kökləyirəm.
- Tarı solaxay ifa etmisiniz?
-
Heç zaman...
- Tarzən kimi yetişməyinizdə
görkəmli tarzənlərimiz -Əhməd Bakıxanov və
Bəhram Mansurovun rolu olub. Onları necə
xatırlayırsınız?
- Həm
Əhməd Bakıxanov, həm də Bəhram Mansurovdan
çox şey öyrənmişəm. Ən əsası
onlardan ədəb-ərkan əxz etmişəm. Onların evlərinə gedib-gələrdik. Onlara gedəndə həmişə bir stəkan
çayımız olardı. Bayram günlərində
süfrə başına da dəvət olunardıq. Bu gün bu sənətin sirlərini məndən
öyrənənlərə də bu ədəb-ərkanı
göstərirəm. (Yeri gəlmişkən, mən
Hacı Məmmədovun da ansamblında iki il
çalışmışam). Amma onu da deyim ki,
Əhməd Bakıxanov (ona həmişə “müəllim”
deyə müraciət edərdik, adını heç zaman deməzdik.
El arasında o, Əhmədxan adı ilə
tanınırdı, əsl adı Əhmədağa idi)
toylarda tar çalmağı xoşlamazdı. İndiki kimi yadımdadır. Bir dəfə mənə
dedi ki, Vamiq, bozbaşın (o, toyları nəzərdə
tuturdu) dadını bilirsən? Dedim, yox.
Dedi, nəbadə biləsən. Amma Bəhram
müəllim bu məsələyə başqa cür
yanaşırdı. O deyirdi ki, toylara get, amma
qazancını kassaya qoy ki, sabah
imdadına çatsın. Mən onun dediyi kimi
etdim. Nəticədə öz toyumun da xərcini
qarşılaya bildim.
“Tarın da nəvazişə
ehtiyacı var”
- Vamiq müəllim, o zamanlar bu zirvəyə
qalxacağınız ağlınızdan keçirdi?
-
Sözün düzü, heç bu barədə
düşünmürdüm də. Amma tara,
bu sənətə o qədər bağlı idim ki... Deyərdim ki, bu sənətə, həmçinin
muğama olan dərin marağım məni tanıtdı, məni
sevdirdi. İnandırım sizi, bu sənətdə
püxtələşənə qədər tar mənim əlimdən
düşməyib. O, həmişə sirdaşım,
yol yoldaşım olub. Mən tarla dərsdən-dərsə
maraqlanmamışam. O həmişə maraq dairəmdə
olub. Yəni mən tarı sevmişəm, tar da məni... Məhz bu qarşılıqlı sevgi Vamiq Məmmədəliyevin
adını tanınmış tarzənlərin
sırasına daxil edib.
- Səhv etmirəmsə, siz həm də
muğam bilicisi kimi tanınırsınız?
-
Bilirsiniz, tarzən muğamı xanəndən ən azı
üç dəfə yaxşı bilməsə, o xanəndəni
yaxşı müşayiət edə bilməz. Yeri gəlmişkən,
indiyədək Əbülfət Əliyev, Hacıbaba
Hüseynov, Ağababa Novruzov, Əlibaba Məmmədov,
Şahmalı Kürdoğlu, Yaqub Məmmədov, Arif Babayev,
Sabir Mirzəyev, Vahid Abdullayev, Ağaxan Abdullayev, Alim
Qasımov, Zabit Nəbizadə, Səkinə İsmayılova,
Qəndab Quliyeva, Könül Xasıyeva, Aygün Bayramova kimi
sənətkarları müşayiət etmişəm.
- Vamiq müəllim, deyirlər ki, alətə
hörmət etməsən, o, sənin üzünə
gülməz... Bu fikrə münasibətiniz?
-
Ümumiyyətlə, hər alətin, əgər belə demək
mümkünsə, nəvazişə ehtiyacı var. Hətta
Bəhram müəllim deyərdi, gördün ki, tar axşam
yaxşı səslənmir, yəni sözünə
baxmır, onu incitmə, yat, səhər baxarsan. Müşahidələrimə
əsasən onu da qeyd edim ki, adam bir qədər
əsəbi olanda tar onunla danışmır. Bir
də... mən tarıma hörmət əlaməti olaraq, onu
yad əllərə vermirəm. Hər səhər
tarlarımı yoxlamaq, onları kökləmək isə mənim
adətimdir. Mənə elə gəlir ki,
onları kökləməsəm, mən də kökdən
düşərəm. Unutmayın ki, tar
köksevən alətdir. Məşhur dirijorumuz Niyazi deyərdi
ki, tarı yarım saat köklə, beş
dəqiqə çal. Hə, yadıma düşmüşkən,
ümumiyyətlə, tar havaya çox həssas alətdir. Belə ki, hətta bir otaqdan o biri otağa keçirəndə
belə o, kökdən düşür.
Tanınmış kaman ustası Habil əbəs yerə demir
ki, qarmonu dükandan al, get toya... Amma tar, kaman belə
deyil. Qoy Əhsəni (Əhsən
Dadaşov-Q. M) də yad edək. Onun
tar kökləməyi sanki bir musiqi idi.
- Vamiq müəllim, nə vaxtsa tar
sizi pərt edib?
- Hə,
bir dəfə filarmoniyada Hacı Məmmədovun
ansamblında Qaraxan Behbudovun ifa etdiyi “Zabul-Segahı”
müşayiət etməli idim. Konsert ərəfəsi dostum
Zaur Rzayev mənə dedi ki, bəs məndə bir sədəfli
tar var. Dedim, ver, konsertdə çalım, qoy mənim də əlimdə
sədəfli tar olsun. O tar həmin konsertdə mənim
başıma elə oyunlar açdı ki... İnandırım
sizi, çala-çala özümü söyürdüm.
Deyirdim, mən nə qələt elədim,
Allahım, öz tarım ola-ola niyə bununla səhnəyə
çıxdım. Sonradan Hacı müəllim dedi ki,
Vamiq, nə qədər pis olsa da, səhnəyə xasiyyətinə
yaxşı bələd olduğun tarla çıx. Hə, bir dəfə də tarımda öyrəşmədiyim
bir simdən istifadə etməyə
çalışmışam. O da məni pis vəziyyətə
salıb.
“Girdim yarın
bağçasına...”
- Vamiq müəllim, bəs sizi kim kökləyir?
- Sənətə
olan məhəbbətim. Bir də ailəm.
İnandırım sizi, gecə saat 3-4-də
tarı dilləndirmişəm. Lakin ailə
üzvlərimdən kimsə “eh”, yaxud “indi məşq
vaxtıdır” deməyib. Heç
başını bulayan da olmayıb.
- Bir az da qəlbinizi, ruhunuzu oxşayan və sizi xəyallara
aparan muğamlardan danışaq. Ruhunuza ən
yaxın muğam hansıdır?
-
Bütün muğamlar... Hər muğam mənə
doğmadır.
- Səhv etmirəmsə,
“Bayatı-Qacar”, “Nəva” çətin muğamlardan
sayılır. Amma siz çox vaxt nədənsə onlara
müraciət edirsiniz...
- Mən
burada bir ayrı-seçkilik görmürəm. Sadəcə, həmişə çətin
muğamlardan yapışıram. Yeri gəlmişkən,
“Nəva” ilk dəfə ekranda mənim ifamda təqdim olunub.
Özü də 1990-cı ildə - şəhidlərimizin
qırxı günündə...
- İfa zamanı
şüuraltı nə isə fikirləşə bilirsiniz? Öz səsinizdən, tarın səsindən başqa
səs eşidirsiniz?
- O zaman mən
heç kəsi görmürəm. Heç nə
eşitmirəm. Sadəcə, əgər
belə demək mümkünsə, öz aləmimdə
oluram.
- Həm müəllim, həm
ifaçı, həm də müşayiətçi kimi
çətin deyil ki...
- Yox
artıq bu üçlüyə öyrəşmişəm.
- Ürəyinizə düşəndə
hansı mahnının zümzümə edirsiniz?
- Xalq
mahnılarını xoşlayıram - “Girdim yarın
bağcasına...”
- Övladlarınızdan
ardıcılınız var?
- 4
övladım var.. İstəmədim ki, mən
çəkən ağırlığı onlar da çəksinlər...
- Bu gün tarın hansısa əlavələrə
ehtiyacı var?
- Bəli,
indi bəzən belə şeylərə rast gəlmək
olur. Yəni alətə əlavə pərdələr
bağlayırlar ki, müəyyən səsləri əldə
edə bilsinlər. Lakin bütün bunlara
heç bir ehtiyac yoxdur. Çünki
tarımızın 22 pərdəsi elə qurulub ki, dünya
musiqisini bu alətdə ifa etmək mümkündür. Odur ki, biz tarda musiqinin bütün janrlarını
ifa etməklə onun imkanlarını bütün dünyaya
çatdıra bilirik. Bu mənada tar artıq dünyəvi
bir alətdir. Onun dünyəvilik
qazanmasında, təbii ki, bu sahənin xiridarlarının rolu
danılmazdır.
“Sənin orada nə işin
var?”
- İstərdim, bir az
da son illər təşkil olunan muğam müsabiqələrinə,
o cümlədən muğama olan diqqətdən söz
açasınız...
- Bəri başdan deyim ki, bu gün muğamımızın bu şəkildə intişar tapmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bildiyiniz kimi, 2003-cü ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi. Daha sonra tarımız Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olundu. Muğam Mərkəzinin istifadəyə verilməsi də muğam tariximizin şərəfli bir səhifəsidir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı mən də yaxından iştirak etmişəm. O ki qaldı konkret sualınıza... Bəli, bu tədbirləri də o təşkil edir. Bu janrla bağlı keçirilən müsabiqələr muğamın ölkəmizdə yüksək səviyyədə inkişafını göstərir. Gənc xanəndələr də bundan ruhlanır. Bu gün görün muğama nə qədər gənc axın edir?
- Vamiq müəllim,
söhbətimizi sənət dostlarınızla bağlı
bir hekayətlə tamamlamaq yerinə düşərdi...
-
Gözəl muğam ifaçısı Hacıbaba Hüseynov
həmişə aşağıdan, yəni pəsdən
oxuyardu. Mən də onu müşayiət edəndə
hərdən zilə keçirdim. Mən zilə
(çanağa yaxın hissədə çalınan) qalxan
kimi o deyərdi: “Vamiq, onu sən oxuyacaqsan?” Unutmayın ki, pəsxan
xanəndənin zildən acığı gələr. Hə,
yadıma düşmüşkən, elə bununla
bağlı birini də deyim. Bizdə bir tarçalan vardı
- Paşa Əliyev. O, Bağır adlı bir pəsxan xanəndəni
müşayiət etməyə gedərkən tarın
aşağı, yəni zil pərdələrini kəsir. Bunu
görən Bağır soruşur ki, ay Paşa, bəs
tarın aşağı pərdələri hanı?
Gözünə döndüyüm Paşa da deyir ki, sənin
ki orada işin yoxdur, neyləyirsən o pərdələri?
Məhəbbətoğlu Qvami
Zaman.- 2014.- 29 mart.- S.7.