Təbiətə müdaxilə
bəşər qarşısında cinayətdir
Bəşər
övladının qarşısında duran ən ciddi qlobal
problem, heç şübhəsiz, ətraf mühitin
çirklənməsidir. Bu problem əslində insan
övladının sabahını təhlükə altına alan məsələdir. Son
dövrlərdə elmə məlum olmayan
xəstəliklərin meydana
çıxması, insanın gündəlik həyatında psixoloji problemlərin artması, anormal doğuşların xeyli
yüksəlməsi daha çox
bu problemin nəticəsi
kimi dəyərləndirilir. Dünya miqyasında fiziki
baxımdan qüsurlu doğuşların
çoxalması, uşaqların müxtəlif xəstəliklərlə
həyata göz açması, ömrün qısalması da
ekoloji tarazlığın pozulması ilə
izah edilir. Doğrudur, tibbin inkişafı bir zamanlar ölümcül
sayılan bir çox
xəstəliklərin müalicəsini təmin etmişdir, amma son dövrlərdə meydana
çıxan dəhşətli virusların müalicəsi
tapılmadığına görə minlərlə insan
gənc yaşında həyatla xudahafizləşməli olur.
***
Hazırda dünyamızın gələcəyini ən çox inkişaf etmiş ölkələr təhlükə altına alırlar. Havaya atılan zərərli qazlar yerin ozon qatında ciddi aşınmalar meydana gətirir. Hazırda Antarktida üzərində böyük ozon dəliyinin və digər regionlar üzərində kiçik ozon dəliklərinin əmələ gəlməsi dünya alimlərini çox düşündürür. Bir qisim alimlər imkan verildiyi halda, ozon qatının özünü bərpa edəcəyi fikrini irəli sürürlər. Amma məsələ burasındadır ki, ABŞ, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr sanki marafon yarışına giriblər və bu istiqamətdə işlərini dayandırmaq istəmirlər. Çünki haqqında söhbət gedən sənaye müəssisələrinin dayanması həmin ölkələr üçün külli miqdarda maliyyə itkisi deməkdir. Son dövrlərdə bir çox xəstəliklərə səbəb olan əsas faktor kimi immun çatışmazlığı göstərilir ki, bu da birbaşa genetik problemlərlə bağlıdır və yenə ekoloji tarazlığın pozulması bu mövzuda da ciddi amil kimi irəli sürülür.
***
Geni
dəyişmiş bitkilər, günəş
işığı ilə deyil, süni şəraitdə yetişdirilən
bostan-tərəvəz bitkiləri də istər-istəməz
insan sağlamlığına təsirsiz ötüşmür. Hazırda dünya miqyasında süfrəyə gələn
tərəvəzin əksəriyyəti istixanalarda
yetişdirilir. İstixanada
istifadə olunan qaz və
aerozollar iqlim dəyişikliyinə
ciddi təsir göstərən amillərdən
sayılır.
Son dövrlərdə inkişaf
etmiş ölkələrin atom enerjisindən istifadəyə
üstünlük verməsi dünyanı təhdid edən
daha bir amildir.
Hər kəs bilir ki, hazırda bir ölkədə baş verən hadisələr yaxın ölkələrə də öz acı təsirini göstərir. Bu mənada radiaktiv çirklənmə daha ağır nəticələrə yol açır və təmizlənməsi uzun müddət tələb edir. Təsəvvür edin ki, 1945-ci ildə Yaponiyanın Naqasaki, Xirosima şəhərlərinə atılan atom bombalarının fəsadları bu gün belə özünü göstərməkdədir. Növbəti dövrlərdə müxtəlif ölkələrdə baş vermiş atom qəzaları da bomba effektindən qat-qat artıq dərəcədə ekologiyanı zərərə uğradır. Ötən əsrin 80-ci illərinin ortalarında baş vermiş Çernobıl Atom Stansiyasında baş vermiş qəza min kilometrdən artıq radiusda bitki örtüyünə sarsıdıcı zərbə vurdu. Ölkəmizdə belə, bu qəzanın fəsadları özünü göstərdi.
Radioaktiv nuklidləri qısadalğalı şüalar və doymuş hissəciklər buraxan qeyri-sabit kimyəvi elementlərin növləri təşkil edir. Doymuş hissəciklər insan orqanizminin hüceyrələrini dağıdır ki, bunun da nəticəsində bir sıra xəstəliklər meydana çıxır, o cümlədən şüa xəstəliyi. Biosferdə bir çox təbii radioaktiv mənbələr var ki, insan digər canlı orqanizmlərlə bu şüalanmaya məruz qalır. Bu şüalanma kosmik mənşəli şüalar hesabına baş verir.
***
Allah-Təala heç bir şeyi gərəksiz yerə yaratmayıb. Yerin üzərinə
döşənmiş ozon qatı müəyyən
mənada qoruyuculuq vəzifəsini icra edir. Ətraf mühitin çirklənmə növləri təbii
mühitin, suyun,
havanın torpağın zəhərli maddələrlə
çirklənməsinin nəticəsidir ki,
bu da bütün
canlıların həyatına və
sağlamlığına mənfi təsir edir.
Suyun çirklənməsi göllərə,
çaylara və yeraltı su mənbələrinə çirkləndirici
maddələrin daxil olması nəticəsində
baş verir.
Ekoloji tarazlığın təmin edilməsində meşələrin müstəsna rolu var. Hər bir ağac təbiətin ağ ciyəri hesab olunur. İnsanın yaşaması üçün hər an qəbul etdiyi oksigenin böyük əksəriyyəti məhz ağaclar tərəfindən istehsal olunur. Ümumiyyətlə, canlılar arasında qurulmuş harmoniyanın davamı üçün də meşələr çox mühüm faktor hesab olunur. Belə ki, minlərlə heyvan və quş növləri, cücülər, gəmiricilər meşə şəraitində yaşayırlar. Harmoniya dedikdə, bir həqiqəti nəzərdən qaçırmayaq ki, ucqar meşədə yaşayan hansısa gəmiricinin, məsələn, elə siçanın da müxtəlif mərhələlərlə insana təsiri var. Yəni böyük bir müvazinət, tarazlıq sistemində hər bir canlı öz yerini tutur. Onlardan birinin aradan çıxması həmin o böyük harmoniyada müəyyən çalxantıya səbəb olur və bərpası üçün müəyyən zaman lazım gəlir. Bəzən də təbiətdə yeri dolmayacaq itkilər müşahidə edilir ki, bütün bunlar bəşər övladının öz sabahına qarşı işləmiş olduğu cinayət kimi dəyərləndirilir.
***
Meşə həyatında hər bir üzvün öz silahı və həyat şəraiti var. Amazon meşələrindən sizə bir nümunə söyləyək. Hər il erkən yaz aylarında haqqında danışdığımız meşələrdə suyun səviyyəsi qalxır və böyük ərazilər su altında qalır. Bu zaman quşların törəmə mövsümüdür və yuvadan düşən quş balaları aşağıda üzən və pirana adı verilmiş dişli balıqlar tərəfindən bir andaca tikə-parça edilərək udulur. Bu hadisə tez-tez təkrarlandığından piranalar elə öyrəşirlər ki, suyun üzünə qonan ağçaqanadları belə, bir həmlədə uda bilirlər. Qızmar yay günlərində isə hadisələr əks istiqamətdə inkişaf etməyə başlayır. Belə ki, sular çəkildikcə piranalar açıqda qalıb ölürlər. Bu dəfə də quşlar onları yeyərək öz ehtiyaclarını ödəyir, ən başlıcası isə ekosistemin təmizliyini qoruyurlar. Söylədiyimiz bu misalda insanın heç bir rolu yoxdur. Hər şey təbiət kitabında kənar müdaxilə olmadan tənzimlənir. Suyun qalxması, nəticədə yırtıcı balıqların özlərinə yeni ovlaqlar qazanması, quşların ovlanması və nəhayət, son mərhələdə balıqların quşlara yem olması ardıcıllıqla davam edir. Bu hadisələr hər il eyni ssenari ilə təkrarlanır və hər bir canlı da öz rolunu mükəmməl şəkildə yerinə yetirir. Amma nəticədə hər şeyin əvvəlki təmizliyini, bərraqlığını qoruduğunu görürük. Bu cür maraqlı və maraqlı olduğu qədər də düşündürücü təbiət hadisələrindən kifayət qədər nümunələr göstərmək mümkündür.
***
Haqqında danışdığımız hər hansı bir yerdə, istər Amazon meşələrində, istərsə də dünyanın başqa bir qütbündə yaşayan canlılar arasında münasibətlər müəyyən harmoniya ilə tənzimlənmişdir, nə dağıdıcı müdaxilə var, nə kütləvi zəhərlənmə, nə də qırğın. Bir qayda olaraq, bütün bu saydıqlarımız insan müdaxiləsi nəticəsində müşahidə olunur. Təbiətdə isə hər şey tədricilik və özünübərpa prinsipi üzərində qurulub. Amma insan əli bəzən elə yaralar vurur ki, təbiət özünübərpa imkanını itirir və məhvə gedir. İnsan anlamalıdır ki, təbiətə qarşı yönəlmiş qəsd nəticə etibarı- ilə bəşər övladının sabahına tuşlanmış təhlükədir. Ola bilsin ki, kimlərsə daha çox qazanmaq xatirinə heç bir şey düşünmədən dörd tərəfini dağıda-dağıda gedir, atmosferi də zəhərləyir, meşələri də, dənizin dibini də, amma hər kəs bilməlidir ki, Allahın bizim üçün qurduğu o ilkinlik, təbiilik bizim üçün ən xeyirli olanıdır. Başqa cür insan neyləyirsə, özünə qəsd eləyir.
Əli Çərkəzoğlu
Zaman.-2014.-8 may.-S.13.