Arılar ekoloji tarazlığın
göstəricisi kimi
Son on ildə dünyada
milyardlarla arı məhv oldu və elm adamları bunun səbəbini öyrənməyə başladılar. Arıların “kürəyinə” yerləşdirilmiş
mikroçiplər vasitəsilə
artıq onların həyatı izlənə
bilir və ölümlərinə nələrin
səbəb olduğu
öyrənilir. Arılara mikroçip
taxma fikri elmi fantastika kimi görünməsinə
baxmayaraq, bioloqlar Fransadakı bir laboratoriyada bunu həyata keçirdilər.
Fransa istər
arıçılıq, istərsə
də bu sahə ilə bağlı araşdırmalar
baxımından olduqca
qədim bir ənənəyə malikdir. Arılar üzərində
aparılan ən önəmli tədqiqatlar
Fransanın cənubundakı
Aviqnon şəhəri
ətrafında gerçəkləşdirilməkdədir.
Bu bölgədə yalnız arılarla bağlı araşdırmalar
aparan bir neçə elmi tədqiqat institutu fəaliyyət göstərir.
Burada aparılan araşdırmalar
zamanı hər bir arının hərəkətini izləmək
imkanı verən yeni bir üsuldan
istifadə olunur.
Bu zaman arıları
müxtəlif təsirlərə
məruz qoyub, bu faktorların onların davranışlarına
necə təsir göstərdiyini müşahidə
edirlər.
Bu məqsədlə üzərində
mikroçip olan arılar girişində skaner yerləşdirilmiş
xüsusi qutulara qoyulur. Qutunun girişindəki bu skanerlər arının qutudan çıxışını, hansı müddət bayırda qaldığını
və qayıtdığı
vaxtı qeyd edir.
Arı biologiyası
və qorunması laboratoriyasının əməkdaşı
Kedric Aloks bunun çox önəmli bir tapıntı olduğunu bildirir. Müxtəlif stress faktorları
arasındakı təsirlənməni
incələdiklərini, lakin
arılara mənfi təsir göstərən
faktorların başında
zərərli böcəklər
və xəstəliklərin
gəldiyini bildirir. Lakin bitki çeşidliliyinin azalması və arıların istiqamət
müəyyən etməsinə
əngəl törədən
cib telefonundan qaynaqlanan elektromaqnit radiasiyası kimi gözlə görünməyən
amillər də mövcuddur.
Arı ailəsi bütün dünyada azalır
Bütün dünyada arıların sayı narahatlıq doğuracaq sürətlə
azalır. Bu azalma yalnız bal istehsalı baxımından
önəm daşımır.
Daha önəmlisi insanların
istifadə etdikləri
bitki məhsularının
75%-nin tozlanmasına arılar səbəb olduğundan qida istehsalında da bir azalma müşahidə
olunmaqdadır. ABŞ-ın bəzi bölgələrində son 10 ildə
bal arılarının
sayı 70%-dən də çox azaldı, Avropada isə arı ailələrinin sayı hər il 10-20% azalır. Bunun səbəbinin nədən
ibarət olduğunu heç kim
tam şəkildə bilmir.
Ehtimal olunan səbəblər arasında ziyanlı böcəklər, yırtıcılar,
xəstəliklər, pestisitlər,
iqlim dəyişikliyi
və cib telefonları gəlir.
Arılara mikroçiplər necə bağlanır?
Arılar
işarələnib bal
toplamaq üçün
bayıra buraxılmamışdan
əvvəl tək-tək
alınaraq, kiçik
və etibarlı qablara qoyulur, sonra isə üzərinə mikroçip
yerləşdirilir. Bir damlacıq
yapışdırıcı ilə mikroçip arının “kürəyinə”
yapışdırılır. Bu mikroçip arının
izlənməsinə və
lazım gəldikdə
yox olmaq təhlükəsi altındakı
arılara yardım etmək imkanı yaradır.
Bir skaner hər bir mikroçipi
xüsusi nömrə
ilə qeyd edir, bu, tədqiqatçılara
pestisid təsirinə
məruz qalan arının digər arılardan fərqli hərəkət edib-etmədiyini
müəyyənləşdirmək imkanı verir. Arının üstündəki mikroçip
bioloqlara yuvadan çiçəklərə və
əksinə, uçmalarını
tədqiq etməyə
imkan verir. Arıların hərəkətləri xüsusi olaraq hazırlanmış qutulardakı
skanerlərlə qeyd edilir. Arılar qutuya girib-çıxmaq üçün beş
girişin birindən mütləq keçmək
məcburiyyətindədirlər.
Arılar balı qusaraq
hazırlayırlar
Hər nə qədər iştahaqaçırıcı
olsa da, səhər yeməyi zamanı arıların nektarı qusması ilə hazırlandığını
bilirdinizmi? Balın hazırlanması arının
nektarı çiçəkdən
əmməsi və bal torbası adlanan xüsusi bir kisədə toplaması ilə başlayır. Pətəyə döndükdə arı nektarı qusur və suyu
arı tərəfindən
absorbsiya edilib, konsistensiyalı və qatı bir məhlul
oluncaya qədər digər arılar arasında paylaşılır.
Bu proses zamanı nektar çiçək tozu və arının
həzm sistemindəki
digər maddələrlə
zənginləşdirilir. Nəticədə
bal şandakı mum yuvacıqlara yerləşdirilərək
burada ya qida ehtiyatı kimi istifadə edilir, ya da
arıçı tərəfindən
toplanır.
Araşdırmalar çox sayda fərqli çiçəyin
balını toplayan arıların immunitet sisteminin, sadəcə, bir neçə növ bitki nektarından istifadə edən arılara nisbətən daha aktiv olduğunu və stresə daha dözümlü olduğunu müəyyən
etmişlər. Tədqiqatçılar arılara təsir
edən faktorların birini digərindən ayırd edə bilmək və hər bir faktorun
təsirini müəyyən
etmək üçün
çox sayda tək-tək arılar üzərində müşahidə
aparmaq lazım gəldiyini bildirirlər.
İndi arıların “həyat hekayətlərini” izləmək
mümkündür
Kənd
təsərrüfatı yönümlü
universitet olan Aviqnon Universitetinin mütəxəssisi A.Dekortye
bu mövzu ilə bağlı “Hər bir arıda
istifadə edilə biləcək avtomatik bir izləmə və xarakterizə etmə sistemi qurmağa çalışdıq
və indi saysız-hesabsız arıları
heç bir çətinlik çəkmədən
tədqiq edə və onların “həyat hekayətlərini”
izləyə bilirik” demişdir.
Yeni metod arıların pestisidlərin
təsirinə məruz
qaldığı zaman
nə baş verdiyini öyrənmək
üçün hər
arıya fərqli yollarla təsir göstərməyə də
imkan verir. Dekortye aşağı
dozada bir pestisid tozlanmasının belə, arıların yuvaya geri dönməsində
çətinliyə səbəb
olduğunun bu təcrübə vasitəsilə
sübuta yetirildiyini ifadə etmişdir. Arıçılıqda İkinci Dünya
müharibəsindən sonra
başlayan arı sağlamlığının qorunması,
arı ziyanvericilərinə
qarşı dərman
vasitələrinin istifadəsi
məlum yan təsirləri ilə bərabər, xəstəlik
və ziyanvericilərin
xeyli miqdarda azalmasına səbəb olmuşdur. Eyni zamanda ziyanvericilərlə
mübarizə məqsədilə
istifadə edilən vasitələrin bir çoxunun arıların
qorunmasında müsbət
rol oynaması ilə yanaşı, arı məhsulları tərkibində qalıq kimi çökməsi və ya arı
sağlamlığına mənfi
təsir göstərməsi
elmi araşdırmalar
vasitəsilə müəyyən
edilmişdir. Müxtəlif vaxtlarda Avropa ölkələrinə satılan
balların tərkibində
insan sağlamlığı
üçün olduqca
zərərli malafion,
naftalin və kenaz kimi böcəköldürücü
maddələrə rast
gəlinmişdir. Bir dərman
vasitəsindən uzun
müddət istifadə
edilməsi nəticəsində
ona qarşı mikroorqanizmlərdə və
ziyanvericilərdə müqavimət
yaratmaqdadır. Bu səbəbdən dərmanlar
müəyyən dozada,
uyğun zaman aralıqlarında və lazım olan vaxtda verilməlidir. Davamlı tədqiqatlar vasitəsilə
arıların sayının
azalmasında pestisidlərin
əsas rol oynayıb-oynamadığını və digər amillərin də əhəmiyyətini araşdırırlar.
Əkinçiliyə zərər verən
böcəkləri məhv
etmək üçün
istifadə etdiyimiz pestisidlərin arılara da böyük zərər verdiyi məlum olmuşdur. Yəni özümüz də bilmədən faydalı böcəkləri də zəhərləməkdəyik. Ziyanvericilərlə mübarizə ekoloji
tarazlığı pozmadan
təbii yollarla həyata keçirilməlidir.
Bu, günümüzdə qarşımızda duran ən vacib məsələdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Loğman Məmmədov
Zaman.-2014.-24 may.-S.13.