“Hələ ki özümə iki sarı vərəqə göstərmişəm”

 

QVAMI MƏHƏBBƏTOĞLU,

 

Hakimlikdən söz düşəndə, bir qayda olaraq, dünya şöhrətli hakim, dünya futbol tarixinə “qızıl fit” almış yeganə laysman kimi düşmüş Tofiq Bəhramov, UEFA və FİFA-nın sayılıb-seçilən hakimlərindən olmuş Eldar Əzimzadə yada düşür. Belə hakimlərimizdən biri də ümumittifaq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimovdur. Bu günlərdə Rüstəm müəllimlə görüşüb, bizi maraqlandıran suallarla ona müraciət etdik.

 

- Rüstəm müəllim, nə vaxtsa özünüzə sarı, yaxud qırmızı vərəqə göstərmisiniz?

 

- Səhvsiz insan olmaz. O cümlədən mənim də səhvlərim olub. Hələ ki iki sarı vərəqə göstərmişəm. İki “sarı” isə futbol termini ilə desək, elə bir “qırmızı”dır.

 

- Həyatda baş hakiminiz kimdir?

 

- Uşaqlıq, gənclik illərimdə valideynlərim olublar. Amma insan yaşa dolduqca özü özünə hakimlik edir.

 

- Bəs hazırda yan xətt hakimləriniz kimlərdir?

 

- Ailəm. Yan xətt hakimləri kimi onlara inanıram və yeri gələndə onlarla da məsləhətləşirəm. Yəqin bilirsiniz, o zamanlar baş hakimlər topun yan xətdən çıxması və oyundankənar vəziyyətlər istisna olmaqla, meydançada baş verənlərin 95 faizində söz sahibləri idilər. Mən indi də köhnə hakimlər kimi həyatda o prinsipə riayət edirəm.

 

- Meydançadakı hakimliyinizin evdəki hakimliyinizə təsiri olubmu?

 

- Ev hakimliyinin də öz problemləri var. Belə ki, baş hakim kimi, hər şey sənin çiynindədir. Baş hakim kimi, bütün problemləri həll etməlisən. Əgər sənin hakimlik xarakterin yoxdursa, onu göstərə bilməzsən. Yeri gəlmişkən, məndə liderlik xarakteri olduğuna görə, harada olmağımdan (yəni meydançada və ya evdə) asılı olmayaraq, özümə hakimlik edirəm. Onu da deyim ki, mən bir qədər emosional adamam.

 

 

 

“Oyun da elə tamaşadir”

 

- Evdə hakimlik çətindir, yoxsa meydançada?

 

- 80-100 min tamaşaçının gözü qarşısında futbol oynayan 22 nəfəri idarə etmək, qərar vermək heç də asan deyil. Təbii ki, bu qədər tamaşaçını ancaq ədalətli və qətiyyətli qərarlarla razı salmaq mümkündür. Mənim aləmimdə evdəki 4-5 nəfərlik komanda üçün də ədalət prinsipi önəmlidir. Bu mənada istər meydançadakı, istərsə də evdəki hakimlik o qədər də asan deyil.

 

- Kobud oyuna görə oyunçunu meydançadan qovursunuz. Bəs həyatda sizi incidənləri necə?

 

- Mən haqsızlığa qarşı sərtəm. Sərtlik mənim xarakterimdədir. İkiüzlü, yaltaq, həmçinin kresloya görə dəyişən adamları sevmirəm. Belələrini islah etməyə çalışıram. Görürəm ki, düzəlmirlər, onda onları  ürəyimdən çıxarıram, yəni qovuram. Belələrinin sayı isə meydançada qovduqlarımın sayından çoxdur.

 

- Şekspir deyir ki, həyat tamaşadır. Amma bəziləri deyirlər ki, bir oyundur. Sizin bu fikrə münasibətiniz?

 

- Belə deyənlər unutmasınlar ki, oyun da elə tamaşadır. Bu mənada Şekspir haqlıdır.

 

- Tamaşadan söz düşmüşkən, məndə olan məlumata görə, Xalq artisti Fuad Poladov sizin yaxın dostunuzdur...

 

- Bəri başdan deyim ki, mən İçərişəhərdə böyümüşəm. O ki qaldı sualınıza, Fuad Poladov zəmanəmizin Abbasmirzə Şərifzadəsi, Ələsgər Ələkbərovu, Sidqi Ruhullasıdır. Bəli, Fuad Poladov mənim uşaqlıq dostum olub. Onunla 132 saylı məktəbdə bir sinifdə oxumuşuq. Biz hələ məktəbdə oxuyanda müəllimlərimiz deyirdilər ki, Fuad tanınmış aktyor, sən isə idmançı olacaqsan. Yeri gəlmişkən, Akif İslamzadə də uşaqlıq dostumdur. Ələsgər Ələkbərov, Gündüz Abbasov, Hüseynağa Hadıyev kimi sənətkarlar qohumlarımız olublar. Dahi cazmen Vaqif Mustafazadə qonşuluğumuzda yaşayırdı. O, məndən 7 yaş böyük idi. Nə yazıq ki, ona sağlığında qiymət verən olmadı. 39 yaşında rəhmətə getdi. Əgər vaxtında onu incitməsəydilər, layiq olduğu qiyməti versəydilər, ölkəmizi tərk edib, Gürcüstana, Rusiyaya getməzdi. Rəhmətə gedəndən sonra dedilər ki, o, böyük adamdır. Mən Əliağa Vahidi də görmüşəm. O, xalamgillə bir blokda olurdu. Rejissorlar - Arif və Vasif Babayev qardaşları ilə mehriban münasibətlərimiz olub. Tanınmış jurnalist Əjdər Xanbabayev, əgər belə demək mümkünsə, bizim evdə böyüyüb. O, jurnalist əmim Səmədağa Rəhimovla dostluq edirdi.

 

- Həyatda kimləri, nələri xoşlamırsınız?

 

- Vaxtilə əl tutduqlarımın, kömək etdiklərimin bəziləri kreslo arxasına keçən kimi yaman dəyişdilər. Amma belələri unudurlar ki, vəzifə daimi deyil. Daimi olan şey insanlıqdır. Bir sözlə, yaxşılığı itirənlərdən zəhləm gedir.

 

 

 

“Əzımzadə dedı kı,

 

get, oyunu ıdarə et”

 

- Bəs böyük futbola gəlişiniz necə olub?

 

- Atam Tələt kişi (o, ticarət işçisi idi) məşhur futbolçumuz Ələkbər Məmmədovla dost idi. Mənim aləmimdə Ələkbər Məmmədov o dövrün Pelesi idi. Atam onun oyunlarına baxmağa hətta Moskvaya belə, gedərdi. Mənə də futbola olan maraq məhz atamdan keçib.

 

- Amma futbolçu kimi karyeranız uzun çəkməyib...

 

- Məni 1966-cı ilin ortalarında “Neftçi”nin əvəzedici heyətinə götürdülər. Çox keçməmiş əvəzedicinin kapitanı oldum. Əhməd Ələsgərov mənə böyük ümidlər bəsləyirdi. Lakin o, oyunumdan razı qalsa da, əsas heyətdə məni az oynadırdı. 1971-ci ildə “Neftçi”nin keçmiş oyunçusu Nikolay Raskazovun dəvəti ilə Mahaçqala “Dinamo”suna getdik. Orada bir mövsüm oynadım. Daha sonra isə Əhməd Ələsgərovun çalışdırdığı Düşənbə “Pamir”ində oynadım. Gəncə “Dinamo”suna gəldikdən sonra isə futboldan uzaqlaşmağı qərara aldım. Bilirsinizmi niyə? Mən həmişə yüksək liqada təmsil olunan komandalarda oynamağa çalışmışam. Onda mənim 27 yaşım var idi...

 

- Yoxsa könlünüzə hakimlik düşmüşdü?

 

- Yox... Hakimliyə gəlişimin tarixçəsi başqadır. Məni Daxili İşlər Nazirliyinə işə götürmək istədilər. Amma getmədim, çünki ora mənim yerim deyildi. İdman aləmindən ayrılmaq fikrində deyildim. Odur ki, Bakı Bədən Tərbiyəsi Texnikumunu seçdim və orada müəllim kimi fəaliyyət göstərməyə başladım. Günlərin bir günü texnikumda müdir müavini işləyən tanınmış hakim Eldar Əzimzadə mənə öz formasını və fitini verib dedi ki, mən xaricdən yeni qayıtmışam, vacib işim var, get, “Suraxanı” - “Xəzər Lənkəran” oyununu idarə et. Onu da deyim ki, bu oyun Azərbaycan birinciliyi çərçivəsində keçirilirdi. Uzun sözün qısası, məni meydançada adi bir oyunçu kimi qarşıladılar. Lakin az sonra meydançaya hakim kimi çıxmağım çoxlarını təəccübləndirdi. Beləcə, hakim kimi təsdiq olunmadan oyunu idarə etdim. Onu da deyim ki, idarə etdiyim həmin ilk oyunla bağlı heç bir narazılıq olmadı. Oyun “Suraxanı”nın 1:0 hesablı qələbəsi ilə başa çatdı.

 

- Eldar Əzimzadə sizi necə kəşf etmişdi?

 

- O bizim qonşumuz idi. Yeri gəlmişkən, Tofiq Bəhramov da İçərişəhərdən idi. Əzimzadə həm də mənim dostum idi. Təbii ki, o mənim futbol adamı olduğumu bilirdi. Beləcə, futbol hakimi kimi tanınmağa başladım. Sonradan Tofiq müəllimin də maraq dairəsinə düşdüm.

 

 

 

“İndı baş hakımın ışı

 

elə də çətın deyıl”

 

- Bəs hakimlik karyeranıza nə vaxt son qoydunuz?

 

- 1991-ci ildəki sonuncu SSRİ çempionatında oyunları idarə etdim. SSRİ çempionatının yüksək liqasında 100-dən çox oyun idarə etdiyim üçün SSRİ Futbol Federasiyası tərəfindən qızıl medalla təltif edildim - təxminən 1992-ci ildə. Sovetlər dağılandan sonra ölkəmizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təşkil olundu. Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri seçildi. Mən də onun müavini kimi çalışmağa başladım. Amma 1994-cü ildə “Birlik kuboku” turnirinin “Spartak” (Moskva) - “Paxtakor” (Özbəkistan) finalı hakimlik etdiyim sonuncu oyun olub. Elə o vaxtdan indiyəcən ancaq veteranların oyunlarını idarə edirəm.

 

- Mişel Platininin belə bir sözü var: “Ədalətsiz qərarlar futbolu daha populyar edir”. Bu fikrə münasibətiniz...

 

- Onun bu sözündə həqiqət var. Doğrudan da, digər idman növlərindən fərqli olaraq, futbolda buraxılan adi səhv belə, aylarla müzakirə olunur. Oyun səhvsiz keçəndə isə elə geniş rezonans doğurmur. Digər tərəfdən, son illər futbol “bilicilərinin” sayı o qədər artıb ki...

 

- Müasir idarəçilik sizi qane edirmi?

 

- Hər dövrün öz futbolu var. İndiki futbol sürəti ilə xarakterikdir. Buna baxmayaraq, mənim fikrimcə, indi oyunları idarə etmək çox da çətin deyil. Bilirsinizmi niyə? Bizim vaxtımızda oyunları 3 hakim idarə edirdi. İndi onların sayı 6-dır. Özü də onlar qulaqcıqlar vasitəsilə bir-biri ilə əlaqə saxlaya, yekdil qərara gələ bilirlər. Bu mənada baş hakimin işi o qədər də çətin deyil.

 

- Buna baxmayaraq, bizim futbolda oyunlar səhvsiz ötüşmür...

 

- Əsas odur ki, qərəzli səhvlər olmasın. Qərəzlidirsə, o hakim hakimlik etməməlidir. İndi bizim oyunları cavan hakimlər idarə edirlər. Bəlkə də səhvlər onların təcrübəsizliklərindən irəli gəlir. İnsafən, indi AFFA rəhbərliyi, eləcə də PFL tərəfindən hakimlərin oyunları idarə etmələri üçün hər cür şərait yaradılıb. Hər oyunda da yüksək qonorar alırlar. Təlim-məşq toplanışını da ölkədən kənarda keçirirlər. Daha nə olmalıdır ki?

 

- İndi futbolçular da elə kobud səhvlərə yol verirlər ki... Bəziləri hətta hakimin üstünə cumurlar. Eşitdiyimə görə, sovet dönəmində bütün komandaların futbolçuları oyun qaydalarından “zaçot” verirdilər. Bəs indi?

 

- O vaxt hakimlər klublara mütəmadi gedib, futbolçulara oyunun qaydalarından dərs keçirdilər. Həmin dərslərdə Bloxin də olurdu, Dasayev də. Dərslərin sonunda isə onlardan yüngül imtahan götürürdük. İndi sadəcə, təlim-məşq toplantılarında bu missiya yerinə yetirilir. Məncə, klublar bu imtahan məsələsini  gündəmə gətirməlidirlər. Klublarda yaradılan Müşahidə Şurasının tərkibində keçmiş hakimlərdən birinin olmasını təklif edirəm.

 

- “Aktyorluq” edən futbolçularımız varmı?

 

- Belə futbolçular o vaxt da var idi, elə indi də var. Məsələn, “Neftçi”nin Rafiq Əlizadəsi vardı. O, meydançada yıxılmağın ustası idi. Sergey Çerikov, Valeri Qazzayev, Qutsayev də bu üsuldan məharətlə yararlanmağa çalışırdılər. İndi Messi də, Ronaldo da pis yıxılmırlar. “Neftçi”də Flavinyo bu işi yüksək səviyyədə görür. Bilirsinizmi, futbolda bu da bir ustalıq sayılır. Onların yalanlarını üzə çıxarmaq isə hakimdən böyük ustalıq tələb edir.

 

 

 

“Onlardan hakımlık

 

dıplomatıyasini öyrənmışəm”

 

- Rüstəm müəllim, bir hakim kimi, Tofiq Bəhramov və Eldar Əzimzadədən nələr əxz etmisiniz?

 

- Mən onlardan hakimlik diplomatiyasını, mədəniyyətini öyrənmişəm. Bu mənada mənim könlümdə onların hər birinin öz yeri var. Amma bu yer məsələsində bir fərq var. Qoy fikrimi belə izah edim: bax Üzeyir bəy bizim musiqi aləmimizin birincisidir. Ondan sonra gələnlər - Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, mənim fikrimcə, ikincidirlər. Bu mənada Tofiq müəllim mənim futbol aləmimin birincisi, Eldar Əzimzadə isə ikincisidir.

 

- Hər halda hakimlikdən söhbət düşəndə sizin də adınız üçüncü çəkilir...

 

- Mən elə onların sayəsində bu səviyyəyə çatmışam.

 

- Bəlkə hazırkı işlərinizdən də bir az söhbət açasınız?

 

- Hazırda AFFA-nın Futbol Akademiyasında gənc hakimlərin hazırlanması ilə məşğulam. Bundan başqa, Veteranlar İttifaqının sədr müaviniyəm.

 

- Bir zamanlar veteran futbolçuları yada salan yox idi...

 

- Elədir. İndi onlar bütün tədbirlərimizdə fəal iştirak edirlər. Hətta veteranlar arasında çempionat da keçirilir. Bilirsinizmi, təcrübələrimə əsasən deyə bilərəm ki, son illər vəzifəyə gələnlərin başları kresloya elə qarışır ki, görəcəkləri işləri belə unudurlar. Bu da mənim fikrimcə, onların işi bilməmələrindən irəli gəlir. Yadıma düşmüşkən, eşitdiyimə görə, SSRİ Xalq artisti, tanınmış bəstəkar Arif Məlikova deyiblər ki, gəl, nazir ol. O da deyib ki, mən bəstəkaram, mənim işim gəncləri bu sənətə yönəltməkdir. Nə yazıq ki, bizdə belə düşünənlər azdır.

 

- Daha nələr demək istərdiniz?

 

- Bu gün veteran futbol hakimlərinin işsiz qalmaları mənə pis təsir edir. İstərdim ki, onlar, sözün həqiqi mənasında, bizim futbol aləminin üzvlərinə çevrilsinlər. Bir də istərdim ki, uşaq futboluna diqqət daha çox artırılsın. Onu da deyim ki, son illər ölkə başçısının rəhbərliyi altında ölkəmizdə futbola diqqət artıb. AFFA rəhbərliyi də bu istiqamətdə müəyyən işlər görür.

 

- Bəs hazırda fəaliyyət göstərən Hakimlər Komitəsi barədə nə deyə bilərsiniz?

 

- Məncə, öz hazırladıqlarım barədə yaxşı və yaxud pis deməyim doğru olmaz.

 

Zaman.-2014.-24 may.-S.7.