“Müsəlman dünyasına respublika məfhumunu
Azərbaycan xalqı gətird
ELVIN
ƏLIYEV,
Müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin
barəsində danışılmayan, üstündən
sükutla keçilən, danışılanda isə
kobudcasına təhrif edilən səhifələrindən
biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim qapalı saxlanıldığından
tədqiqatçılar tarixi gerçəkliklərin
heç də hamısını bilməyiblər, bilənləri
isə sovet ideologiyasının
təsiri altında onu qəsdən təhrif edərək
yazıblar.
Lakin 80-ci illərin sonlarından
etibarən və xüsusən Azərbaycanın dövlət
müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni
şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları
açıldıqda tamamilə başqa bir mənzərə
üzə çıxdı. Cümhuriyyət
tarixinə yeni baxış meydana gəldi. Bu barədə
millət vəkili, tarix elmləri doktoru, professor
Musa Qasımlı “Zaman-Azərbaycan” qəzetinə
danışdı.
- Musa müəllim,
xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə
aparan yolunu necə
xarakterizə edərdiniz?
-
Cümhuriyyətin elanı göydəndüşmə
olmadı. Məlum olduğu kimi, çarizm
işğalına qədərki müəyyən dövrdə
Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri
var idi. Lakin 1828-ci ildə Azərbaycanın
şimalı çar Rusiyası tərəfindən
xanlıqlar formasında işğal edildikdən sonra tamamilə
yeni bir şərait yarandı. Azərbaycan
ərazisi və xalqı iki yerə
bölüşdürüldü. Amma Azərbaycan
xalqı işğalla barışmadı. Şimali Azərbaycanda
işğala qarşı müqavimət hərəkatı,
üsyanlar baş verdi. Amansızlıqla
yatırılan üsyanlardan sonra müstəqillik
şüurunun, onun daşıyıcılarının məhvinə
başlanıldı. İşğaldan narazı olub, ona
qarşı çıxanları amansız Sibir sürgünləri
və həbsxanalar
gözləyirdi. Cümhuriyyət elan edilənədək
Sibir sürgünündə təxminən 5 min nəfər
azərbaycanlı var idi. Çarizm
orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri
qəddarlıqla məhv edirdi. Aparılan
islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik
mənafelərinə xidmət edirdi. Azərbaycanın
qarşılaşdığı bütün milli və ərazi
problemlərinin kökləri çar Rusiyası tərəfindən
qoyulub.
- Hansı məsələlər
çar Rusiyasının dağılmasına və AXC-nin
yaranmasına səbəb oldu?
- Birinci Dünya müharibəsi xalqları özlərini
mühafizə etmək və gələcək həyatlarını
necə qurmaq barədə düşünməyə vadar
edirdi. İri imperiyaların və müstəmləkə
zülmü altında inləyən xalqların həyatlarının
daha əvvəlki kimi olmayacağı artıq müharibənin
əvvəllərindən aydın idi. Heç əbəs
deyil ki, müharibənin sonlarında yaranmış gərgin
vəziyyətdə Azərbaycanın istiqlalı məsələsində
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmmədəmin
Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və
başqaları müstəsna rol oynadılar. Onlar
xalqın taleyi ilə bağlı məsələlərdə
məsuliyyəti üzərlərinə götürdülər.
Azərbaycanın gələcəyini
düşünərək müxtəlif yollar aramağa
başlayan ziyalılar daxili amillərlə yanaşı,
xarici amilə də ümid edirdilər.
- Xarici amil dedikdə, nəyi nəzərdə
tutursunuz?
- Osmanlı
dövlətini. İstanbul dünya
türklüyünün və İslamın mərkəzi
olduğundan azərbaycanlılar da Osmanlıya nicat
gözü ilə baxırdılar. Bu
dövrdə azərbaycanlı ziyalıların bir qismi öz
ümidlərini türk və müsəlman
dünyasının mərkəzi olan Osmanlıya
bağlayırdı. Belə mövqe müharibə aparan
Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi.
Bu məqsədlə bir neçə azərbaycanlı Ərzuruma
gedərək, Ənvər Paşa ilə
görüşüblər. Onlar azərbaycanlıların
çarizmin zülmündən xilas olmalarına kömək
göstərilməsini xahiş ediblər. Eyni zamanda Osmanlı hökuməti
də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət
etmək üçün bir etibarlı müttəfiqə,
sosial dayağa ehtiyac duyurdu. Beləliklə də, Osmanlı dövləti Cənubi
Qafqaz istiqamətində fəaliyyət üçün əlverişli
imkan qazandı.
- Azərbaycan xalqı cümhuriyyətini
elan etməmişdən əvvəl böyük
soyqırımı ilə üz-üzə qaldı. Bunun səbəbləri
barədə nə deyə bilərsiniz?
- Azərbaycan
uğrunda böyük dövlətlərin mübarizəsi
qızışmışdı. Rus-Qafqaz cəbhəsi
dağıldı. Ordu hissələri ilə
birlikdə geri dönən erməni terror dəstələri
Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər.
1918-ci ilin martında azərbaycanlılara
qarşı törədilən soyqırımının
başlıca məqsədi istiqlal tərəfdarlarını
məhv etmək, onun sosial dayaqlarını dağıtmaq,
müharibənin son mərhələsində döyüşən
dövlətlərin strategiyasında mühüm yer tutan
Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan
ayrılmasına imkan verməmək, Osmanlı
hücumlarının qarşısını almaq idi.
- Cümhuriyyət necə elan olundu? AXC-nin yaranmasını hansı amillər sürətləndirdi?
- 1918-ci il, fevralın 23-də Tiflisdə yaradılan
Transqafqaz Seymi (parlamenti) azərbaycanlılara qarşı
törədilən qırğınların
qarşısını ala bilmədi; daxili ziddiyyətlər
ucbatından süqut dövrünə qədəm qoydu. Daxili ziddiyyətlər aradan
qaldırılmadığından mayın 27-də Azərbaycan
fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi
elan etmək qərarına gəldi. Fraksiya
özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan
xalqının tarixi istəyi yerinə yetirildi. Beləliklə
də, 1918-ci il mayın 28-də Milli
Şura Tiflisdə “Orient” oteldə keçirilən
iclasında Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul
etdi. Altı maddədən ibarət olan Bəyannamə
Azərbaycanın idarə formasının Xalq Cümhuriyyəti
olmasını, bütün qonşularla mehriban münasibətlər
qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində
yaşayan bütün xalqlar bərabər elan edildilər.
Onlar üçün bərabər hüquqlar
elan olundu. Azərbaycanın başında
xalqın seçdiyi Milli Şura - Parlament dururdu. Azərbaycan parlamentli respublika idi. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan
xalqı XX əsrdə ilk dəfə olaraq, dövlət millətinə
çevrildi. Əgər XIX əsrdə Azərbaycan
Rusiya tərəfindən xanlıqlar formasında işğal
edilib, imperiyanın tərkibinə qatılmışdısa,
1918-ci ildə onun tərkibindən vahid, müstəqil
dövlət kimi çıxdı.
- AXC hökumətinin fəaliyyətini
necə qiymətləndirirsiniz?
-
Cümhuriyyətin elanından sonra milli hökumət
yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata
keçirirdi. İlk Baş Nazir Fətəli
xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü
kabinetə Fətəli xan Xoyski,
dördüncü və beşinci kabinetlərə Nəsib bəy
Yusifbəyli başçılıq etdi. Sentyabrın
15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad
olundu. Gəncədə öz fəaliyyətini
dayandırmış Milli Şura noyabr ayında Bakıda yenidən
fəaliyyətə başladı. Xüsusi
xidmət orqanları yaradıldı. Sərhəd
və Gömrük xidməti quruldu. Ordu
yaradıldı. Himn və bayraq qəbul
edildi. Türk dili (Azərbaycan dili)
dövlət dili elan edildi. İbtidai və
orta məktəblərdə işlərin ana dilində
aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı.
Təhsil və xalq maarifi, səhiyyə sahəsində
tədbirlər həyata keçirildi. Ölkənin
hər yerində müxtəlif səviyyəli məktəblər
açıldı. Dərsliklər
hazırlanmağa başladı. Xaricdən
müəllimlər dəvət edildi. Mədəniyyətə
xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar
yaradıldı. Ana dilində mətbuat
orqanları quruldu. Milli kadrların
hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici
ölkələrdə oxumağa göndərilməsi barədə
qərar qəbul edildi.
- Musa müəllim, millət vəkili
olaraq, AXC-nin parlamentinin fəaliyyətinə münasibətiniz
necədir?
- Azərbaycan
parlamenti milli tolerantlıq baxımından hətta Qərb
ölkələri üçün bir model idi. Bildiyiniz kimi, Milli
Şura Bakıda fəaliyyətə başladıqdan sonra 120
nəfərdən ibarət Azərbaycan Parlamentini
formalaşdırmağı qərara aldı. Azərbaycan
parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul
edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun
olaraq, 80 nəfər Azərbaycan, 21 nəfər erməni, 10
nəfər rus və hər millətdən bir nəfər olmaqla
alman, yəhudi, gürcü, polyak nümayəndələri
daxil edilməli idi. Parlamentin ilk iclası isə 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində
(indiki Əlyazmalar İnsitutunun binasında)
açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət
göstərirdi. Ümumilikdə parlamentin
155 iclası keçirilib, 270-dən çox qanun layihəsi
müzakirə olunub. Hansı ki, onlardan
230-u qəbul edilib. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.
- AXC rəhbərliyinin xarici siyasətinin
prioritetləri nələr olub?
-
Onların xarici siyasətinin əsas məqsədi yeni
yaradılan dövləti tanıtmaq idi. Buna görə də
yeni hökumət
yarandığı vaxtdan etibarən fəal xarici siyasət
yürütməyə başladı. İlk
növbədə, Avropanın bir sıra ölkələrinə
yeni bir dövlətin yaradılması barədə məlumat
göndərildi. Hökumət 1918-ci il
iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq
müqaviləsi bağladı. Azərbaycan
hökumətinin ilk addımlarından biri də dekabrın
28-də qalib ölkələrin dövlət və hökumət
başçılarının Paris sülh konfransına
göndəriləcək sülh nümayəndə heyətinin
tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Topçubaşov başda
olmaqla nümayəndə heyəti İstanbulda bir sıra
ölkələrin nümayəndələri ilə
görüşlər keçirdikdən sonra Parisə getdi.
Azərbaycan məsələsi ilk dəfə olaraq, 1919-cu il mayın 2-də ABŞ, Fransa, İtaliya və
Böyük Britaniya hökumət başçılarından
ibarət Dördlər Şurasının iclasında
müzakirə edildi. Azərbaycan nümayəndə
heyəti konfrans keçirilən müddətdə bir
sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə
heyətinin üzvü L. Mallet Topçubaşovla
görüşüb. Söhbətdə
Azərbaycanda siyasi, hərbi və iqtisadi şəraitə
dair fikir mübadiləsi aparılıb. Topçubaşov
mayın 28-də günün birinci yarısı ABŞ
nümayəndə heyətinin üzvü H. Morgentau,
günün ikinci yarısında isə Prezident V.Vilsonla
görüşüb. ABŞ Prezidentinə
Azərbaycanın memorandumu təqdim edilib. ABŞ hökuməti
Azərbaycanla əməkdaşlıq etmənin faydalı
olacağını bildirib. 1920-ci il,
yanvarın 11-də isə Azərbaycanın dövlət
müstəqilliyi böyük dövlətlər tərəfindən
tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan
xalqının iradəsinə hörmət əlaməti idi.
Azərbaycana yardım göstərilməsi barədə
qərarlar qəbul edildi. Azərbaycan
dövləti beynəlxalq münasibətlər sisteminə
daxil olmaq üçün ilk addımlar atdı.
- AXC-nin sərhəd ölkələrlə
apardığı qonşuluq siyasətini necə qiymətləndirərdiniz?
-
Cümhuriyyətin xarici siyasətinin mühüm istiqamətlərindən
biri qonşu dövlətlərlə münasibətlər
idi. Bildiyiniz kimi, Azərbaycan yenicə
yaradılan Ararat (Ermənistan) Respublikasının paytaxtı
olmadığından milli sülhün yaradılması, digər
ərazilərimizə əsassız iddialar irəli sürməyəcəyi
şərti ilə İrəvanı paytaxt olaraq onlara güzəştə
getdi. Lakin bununla kifayətlənməyən
erməni dairələri azərbaycanlılara qarşı
soyqırımıları davam etdirdilər və əsassız
ərazi iddialarını genişləndirdilər.
- Cəmi 23 ay yaşayan AXC-nin
işğal olunmasının səbəblərini necə izah
edərdiniz?
- Əlbəttə, xalqımızın yeni dövlət
quruculuğu problemlərsiz deyildi. İslahatlar
ardıcıl aparılmırdı. Aqrar islahat həyata
keçirilmədi. Cümhuriyyətin
sosial dayaqları zəiflədi. Çarizm
tərəfindən Azərbaycana köçürülən
bir sıra xalqlar dövlət müstəqilliyini
tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər.
Ermənistanın təcavüzü dövləti
zəiflədirdi. Erməni terrorunun, ərazilərin
işğalının və kütləvi
soyqırımıların dayandırılmaması
başlıca problemlərdən idi. Beynəlxalq
şərait də müstəqil Azərbaycan
üçün əlverişsiz idi. Bildiyiniz kimi, Azərbaycan
Cümhuriyyəti 1920-ci il aprelin 27-də
bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən
məğlub oldu. Müstəqil Azərbaycan
dövlətinin mövcudluğu üçün əlverişli
beynəlxalq şərait yox idi. 1918-ci ildə Osmanlı
dövləti cümhuriyyətin yaradılmasında
mühüm xarici amil rolunu oynamışdısa, Azərbaycan
xalqı monarxiyadan yardım alıb respublika qurmuşdusa,
süquta beynəlxalq amillər, Antanta ölkələrinin
Türkiyə və Rusiyaya qarşı müharibə
aparmasına qarşı qüvvələri birləşdirmək
məqsədi ilə Mustafa Kamal Paşanın bolşevik lideri
Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik
Rusiyasının Antanta ölkələrinə qarşı
mübarizəsi nəticəsində müttəfiqə
çevrilmələri regionda geosiyasi şəraiti dəyişdi.
Bu işğalda Bakı nefti amili mühüm
rol oynadı. Rusiya bir neçə il
əvvəl Bakını itirməklə böyük dövlət
statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən
ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.
- Cümhuriyyətin qurulmasında
xidmətləri olan ziyalılarımızın
işğaldan sonra taleləri necə oldu?
-
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət
xadimlərinin bir qismi
xarici ölkələrə mühacirət etməyə
məcbur oldu. Bir qismi isə erməni və
bolşevik terrorunun qurbanı oldu. 20-30-cu
illərdə milli düşüncəli ziyalılar repressiya
edildilər. Amma sovet repressiya aparatı
istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər
Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil
dövlət üçün lazım olan təməllər
məhz bu illərdə düşünülmüş şəkildə
hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə
olaraq, rəsmi şəkildə Naxçıvanda
qaldırıldı. 1991-ci il,
oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi
bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin varisi oldu.
- AXC-nin Azərbaycan tarixində
yeri və əhəmiyyəti nədən ibarətdir?
-
Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə
görə Azərbaycan sərhədlərini aşaraq, daha
geniş bir anlam daşıyırdı. Azərbaycan
Cümhuriyyəti bütün müsəlman Şərqinin
“dan ulduzu” oldu. Azərbaycan xalqı
müstəmləkə zülmü altında inləyən
xalqlara xilas yolunu göstərdi. Onların
ürəyində ümid çırağı
yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət
yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla
yanaşı, zülm çəkən yüzlərlə ərəb,
fars, əfqan və başqa xalqların nümayəndələri
Azərbaycanın vətəndaşı olmaq
üçün müraciət etdilər. Müsəlman
dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan
xalqı gətirdi. Bu gün Şərqdə
müstəmləkəçiliyin və müstəmləkə
zülmü altında inləyən xalqların olmaması
eyni zamanda Cümhuriyyətin təsiridir.
- Musa müəllim, AXC-nin
başına gələn hadisələrin timsalında tarix
bizə nəyi öyrətdi?
-
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət
dərslərini almağa imkan verir. Bunun
üçün, ilk növbədə, həmin dövrdə
buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr
çıxarmaq gərəkdir. Tarixi təcrübə
göstərir ki, dövlətin yaradılmasını liberal
dəyərlərlə elan etmək olar, amma daxili və xarici
təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə
onu liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu
tələb olunur. Xalq öz dövlətinin
mühafizəsinə, güclənməsinə və tərəqqisinə
çalışmalı, milli dövlətini
qorumalıdır. Onun maraqlarını hər
şeydən uca tutmalıdır. Hakimiyyət
qanadları arasında sıx birlik yaradılmalıdır.
Dövlət güclü olmalıdır. Dünyanın hansı ölkəsində
yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan
asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın
maraqlarını uca tutmalı, ümumi məqsədlərə
xidmət etməlidir. Xaricdə yaşayan
soydaşlarımız yalnız Azərbaycanın yanında
olduqda böyük, güclü və qüdrətlidirlər.
Milli tarixə və keçmişə daim
hörmətlə yanaşılmalıdır.
- 28 may-Respublika Günü ilə
bağlı yetərincə məlumatlıyıqmı? Onun mahiyyətini nə dərəcədə dərk
edə bilirik?
-
Heç kəsə sirr deyil ki, sovet dövründə
cümhuriyyətin dövlət səviyyəsində bayram
ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə
milli tariximizə, milli mənəvi dəyərlərimizin
qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində
xüsusi diqqət yetirilir. 1998-ci ildə
ümummilli lider, Prezident Heydər Əliyevin
imzaladığı cümhuriyyətin 80 illiyinin qeyd edilməsi
barədə sərəncamından sonra bu sahədə xeyli
işlər görüldü. Cümhuriyyət
dövrü tarixinin sistemli araşdırılmasına başlanılması
məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə,
cümhuriyyət tarixinə və dəyərlərinə
xüsusi qayğı göstərilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin
şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir.
Cümhuriyyətimiz 96 illiyinə həsr
edilmiş geniş tədbirlər həyata keçirilir.
Hesab edirəm ki, cümhuriyyət dövründən
uzaqlaşdıqca onun irsinə daha çox müraciət etməliyik. Əslində
Azərbaycan xalqı və dövləti mövcud olduqca
cümhuriyyət tarixi də daim canlı və
araşdırılması aktual qalacaq.
Elvin Əliyev
Zaman.-2014.-28 may.-S.8-9.