Azərbaycanda məhkəmə sisteminin tarixi və hüquqi dövlət quruculuğundakı xidmətləri
ELVIN ƏLIYEV ,
Əvvəli ötən sayımızda...
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin rəhbərliyi
ilə aparılan məhkəmə-hüquq islahatı
nəticəsində keçmiş
sovetlər birliyindən
miras qalan ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında
tamamilə yenidən qurulub. İslahatlara uyğun
olaraq yeni mütərəqqi qanunlar,
o cümlədən “Konstitusiya
məhkəməsi haqqında”,
“Məhkəmələr və
hakimlər haqqında”,
“Prokurorluq haqqında”,
“Polis haqqında”, “Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
və digər qanunlar, əvvəlkilərdən
prinsipcə köklü
surətdə fərqlənən
Mülki və Mülki-Prosessual, Cinayət
və Cinayət-Prosessual,
Cəzaların İcrası
və s. məcəllələr
qəbul edilib. Bütün bu qanunlar demokratik
prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə
uyğun hazırlanıb
və beynəlxalq ekspertlər tərəfindən
yüksək qiymətləndirilib.
Hüquq
sistemi islahatı nəticəsində ölkədə
birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından
ibarət yeni üç pilləli müstəqil məhkəmə
sistemi formalaşdırılıb.
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi
istiqamətində tədbirlərin
görülməsi daim
gündəmdə saxlanılır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev məhkəmə
sisteminin müasirləşdirilməsi
barədə 19 yanvar
2006-cı il tarixli fərman imzalayıb, məhkəmə
islahatı keyfiyyətcə
yeni mərhələyə
keçib.
Son illər ədalət mühakiməsinin səmərəliliyinin
artırılması, əhalinin
məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması
və ölkə regionlarının inkişafı
məqsədi ilə yeni məhkəmələr,
o cümlədən regionlarda
yeni apellyasiya məhkəmələri yaradılıb,
hakimlərin sayı 2
dəfə artırılıb,
məhkəmə aparatlarının
strukturu təkmilləşdirilib.
Ədliyyə Akademiyası yaradılaraq,
fəaliyyətə başlayıb.
****
Hazırda Azərbaycan Respublikasında
birinci instansiya məhkəməsi kimi
rayon (şəhər) məhkəmələri,
ərazi yurisdiksiyası
(məhkəmə orqanlarının
səlahiyyət həddi)
üzrə fəaliyyət
göstərən hərbi,
yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri
fəaliyyət göstərir. Yeni məhkəmə
sisteminə müvafiq
olaraq ölkənin 6 regionunda apellyasiya məhkəmələri fəaliyyət
göstərir. Apellyasiya məhkəmələri
4 kollegiyadan - mülki,
cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət
göstərir. Azərbaycan
Respublikasının məhkəmə
sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin
təşkilində muxtar
respublikanın ölkənin
əsas ərazisindən
kənarda yerləşməklə
təcavüzkar Ermənistan
Respublikası tərəfindən
blokadada saxlanılması
nəzərə alınıb.
Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə
münasibətdə apellyasiya
instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına
isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi
tərəfindən baxılır.
Kassasiya instansiyası məhkəməsi
olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin
tərkibində 4 məhkəmə
kollegiyası - Mülki,
Cinayət, Hərbi və İnzibati-iqtisadi məhkəmə kollegiyaları
vardır. Ali Məhkəmə
tərəfindən apellyasiya
məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.
***
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi ölkənin
ali konstitusiya
ədalət mühakiməsi
orqanı olmaqla Azərbaycan Konstitusiyasının
aliliyini təmin edir. Eyni zamanda,
ölkəmizdə aparılan
islahatlar çərçivəsində
qəbul edilən “Konstitusiya
Məhkəməsi haqqında”
23 dekabr 2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası
ilə bağlı vətəndaşların birbaşa
Konstitusiya Məhkəməsinə
müraciət etmək
hüququnun həyata keçirilməsi mexanizmi
müəyyən edilib.
Ədalət mühakiməsinin səmərəliliyinin
artırılması üzrə
tədbirlər çərçivəsində
Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində
hazırlanaraq qəbul
edilən “Məhkəmələr
və hakimlər haqqında” qanuna müvafiq dəyişikliklər
barədə və “Məhkəmə-Hüquq Şurası
haqqında” qanunlar xüsusi əhəmiyyət
kəsb edir. Beynəlxalq norma
və prinsiplərə
uyğun olan həmin qanunlara əsasən məhkəmə
hakimiyətinin özünüidarə
orqanı olan Məhkəmə-Hüquq Şurası
yaradılıb. Onun tərkibi 15 nəfərdən
ibarətdir və əsasən hakimlərdən,
habelə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun,
Vəkillər Kollegiyasının
nümayəndələrindən və digər şəxslərdən ibarət
formalaşdırılır.
Yeni qanunvericiliklə hakimlərin
immunitetinə və səlahiyyət müddətlərinə
yenidən baxılıb,
hakim vəzifəsinə müddətsiz
təyinat müəyyən
olunub, onların intizam məsuliyyəti məsələləri bilavasitə
Məhkəmə-Hüquq Şurasının
səlahiyyətinə aid edilib,
hakim vəzifələrinə namizədlərin seçilməsi
üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılıb. Bununla yanaşı, Məhkəmə-Hüquq
Şurası yanında
hakimlərin və dövlət ittihamçılarının,
o cümlədən hakimliyə
namizədlərin tədrisi
ilə məşğul
olan ayrıca sektor formalaşdırılıb.
Hakim seçkilərinə dair
yeni qaydalara əsasən hakim olmaq üçün ilk dəfə
olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla,
test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilib, hakimliyə namizədlər
üçün uzunmüddətli
tədris kursları təşkil olunub və bu kurslara
yüksək məhkəmə
hakimləri, görkəmli
alimlər, zəngin biliyə və təcrübəyə malik
şəxslər, habelə
nüfuzlu xarici ölkələrin, o cümlədən
Türkiyənin mütəxəssisləri,
Avropa Şurasının
insan hüquqları üzrə komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin
hakimləri, Avropa Ümumi Hüquq Mərkəzinin, ABACEELI-nin
(American Bar Association Central European and Eurasian Law Initiative) ekspertləri cəlb olunublar.
Ümumiyyətlə, 3 seçim prosesində
2200-dək hakimliyə namizəd
iştirak edib və onlardan 235-i bütün mərhələlərdə
müvəffəqiyyət qazanaraq,
hakim vəzifəsinə təyin
olunub. Respublikamızda aparılan məhkəmə-hüquq
islahatlarına nüfuzlu
beynəlxalq maliyyə
qurumları tərəfindən
də xüsusi dəstək verilir. Belə ki, ölkədə
aparılan islahatlar nəticəsində qısa
müddətdə əldə
olunan nailiyyətləri yüksək
dəyərləndirən, Dünya Bankı ilə Ədliyyə Nazirliyi rəhbərliyinin
təşəbbüsü ilə “Ədliyyə sektorunun müasirləşdirilməsi”
adlı birgə layihə həyata keçirilir. Layihədə çoxsaylı məhkəmə
binalarının tikintisi,
ümumiyyətlə, bu
sahədə infrastrukturun
tamamilə yeniləşməsi
və məhkəmələrdə
ən müasir texnologiyaların tətbiqi
üzrə tədbirlər
nəzərdə tutulub.
***
Ölkədə aparılan məhkəmə-hüquq
islahatına uyğun olaraq, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq
orqanlarının da cəmiyyətdə roluna yenidən baxılıb, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə
uyğunlaşdırılıb. Belə
ki, 1999-cu ildə qəbul edilən “Prokurorluq haqqında” qanuna müvafiq olaraq, prokurorluğun əvvəllər mövcud
olan bir sıra səlahiyyətlərindən
imtina edilib, o cümlədən həbsə
alma üçün sanksiya verilməsi səlahiyyəti məhkəmələrə
verilib, məhkəmələr
üzərində prokurorluğun
nəzarətinə son qoyulub.
Hazırda Azərbaycan
Respublikası Prokurorluğu
müstəqil dövlət
orqanı olmaqla cinayət işinə başlayır və ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının
fəaliyyətində qanunların
icrasına nəzarət
edir, dövlət ittihamını müdafiə
edir, mülki işlər üzrə dövlət mənafeyinin
müdafiəsi üçün
iddia verir.
Həmçinin müstəqil təsisat
olan Vəkillər Kollegiyasının fəaliyyətinin
yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması
məqsədi ilə
1999-cu ildə “Vəkillər
və vəkillik fəaliyyəti haqqında”
qanun qəbul edilib, hüquqi yardım göstərilməsində
bu orqanın rolunun daha da
artırılması üçün
bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək,
müasir tələblərə
uyğunlaşdırılıb.
Davamı növbəti sayımızda...
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Elvin Əliyev
Zaman.-2014.-4 noyabr.-S.13.