Anar: “Məsuliyyəti olmayan azadlıq azğınlığa səbəb
olur”
ELVIN ƏLIYEV,
Əvvəli ötən sayımızda
“Fəxri adları ləğv etmək lazımdır”
- Hazırda
Yazıçılar Birliyinin
nə imtiyazı var?
- Ən böyük imtiyaz odur ki, biz Yazıçılar
Birliyini bir təşkilat kimi qoruyub saxlaya bildik. Bizim Yazıçılar
Birliyinin 80 illiyində
ölkə başçısı
İlham Əliyevə
müraciət elədim.
Sağ olsun, müraciətimi qiymətləndirdi
və yubiley tədbirimiz üçün
vəsait ayırdı.
Yubileydə çox sayda
nüfuzlu qonaqlar iştirak edirdilər.
Onlardan biri də Oljas
Süleymanov idi.
O, maraqlı bir nüansa diqqət çəkdi. Bildirdi ki, bir vaxtlar
bütün sovet respublikalarında yazıçılar
birlikləri, o cümlədən
SSRİ Yazıçılar İttifaqı yarandı. Amma indi Azərbaycandan
başqa, heç bir yerdə bu təşkilatın yaranma tarixi qeyd olunmur. Hər halda
Yazıçılar Birliyinin
qalmağı çox
müsbət hadisədir.
Bir yandan deyirlər ki, Yazıçılar İttifaqı
lazım deyil, digər yandan da 200 nəfər Yazıçılar İttifaqına
üzv olmaq üçün ərizə
verib. 1700 üzvümüz
var, 200 də ərizə. Başqa
bir vacib məsələ də odur ki, ədəbi
orqanlarımızı - jurnallarımızı
və qəzetimizi saxlaya bildik. Bazar iqtisadiyyatı dövründə
yaşayırıq. Kimin
pulu varsa, gedib kitab çap
etdirə bilir. Amma bizim jurnal
və qəzetlərimizdə
bədii dəyəri
olan əsərlər
çap olunur və bu, əsas
meyardır. Müəlliflərə azdan-çoxdan qonorar
da verilir. Bu qəzet və
jurnallar olmasaydı, bizim ədəbi həyatımız ancaq
pula bağlı olardı.
Yazarlarımız Yazıçılar
Birliyini, jurnallarımızı
və qəzetimizi saxladığımız üçün
gərək minnətdar
olsunlar.
- Vaqif Səmədoğlu
bu yaxınlarda demişdi ki, Musa Yaqub “Xalq şairi”
olmadığı üçün
mən xəcalət çəkirəm. Müxtəlif fəxri adlar var- “Xalq şairi”,
Xalq yazıçısı”,
“Əməkdar incəsənət
xadimi” və s. Bunlara, həqiqətən
də, ehtiyac varmı?
- Mən bu adların
ləğv olunması
ilə bağlı üç dəfə məsələ qaldırmışam.
İki dəfə rəhmətlik
Heydər Əliyevin yanında bu məsələni dilə
gətirmişəm. Mükafatlar, ordenlər var və olmalıdır.
Amma heç bir ölkədə belə adlar yoxdur. Bizdə niyə olmalıdır ki? Birinci olaraq, özüm
bu addan imtina etməyə hazıram. İndiyə
kimi kim
alıb özü bilər. Amma bundan sonra fikirləşirəm ki, bu fəxri adları
ləğv etmək lazımdır.
“İstanbulda mədəniyyət mərkəzimizi
açmalıyıq”
- Yazıçılar Birliyinin Avropa ədəbiyyatı ilə
münasibətləri nə
yerdədir?
- Bəzi ölkələrlə
əlaqələrimiz var. Bizim
qurultaya Serbiya, Macarıstan, Rumınyadan qonaqlarımız gəlmişdilər.
Yazıçılarımızın əsərləri Avropa ölkələrində
də çap olunur. Bu yaxınlarda
ABŞ-da Vaqif Səmədoğlunun kitabı
çıxdı. Kamal
Abdullanın, Elçinin,
Çingiz Abdullayevin müxtəlif ölkələrdə
kitabları çap olunur.
- Səfirliklər Azərbaycan
ədiblərinin kitablarının
çap edilməsinə
kömək edirlərmi?
- Bu iş səfirlərin özlərindən asılıdır.
Elə səfirlər var ki, ədəbiyyata, mədəniyyətə maraqlı
adamdırlar. Belə səfirlərdən
Serbiyadakı səfirimiz
Eldar Həsənovun adını çəkə
bilərəm. Onun səfir
olduğu ölkələrdə
Azərbaycan kitabları
çap olunur. Bəzi səfirlərin isə vecinə belə deyil. Amma mən hesab edirəm ki, xüsusən də, böyük ölkələrdəki
səfirlərimiz bu işə daha çox can yandırmalıdırlar.
Bundan başqa, mən neçə illərdir ki, məsələ qaldırıram ki, Azərbaycanda Türkiyə
Mədəniyyət Mərkəzi,
Türkiyədə də
Azərbaycan Mədəniyyət
Mərkəzi olmalıdır.
Amma hələ də yoxdur. Halbuki, Fransada, Avstriyada mədəniyyət mərkəzimiz
var. Bu çox yaxşıdır.
Amma Rusiyada da, İstanbulda
da mədəniyyət
mərkəzimiz olmalıdır,
yoxdur.
“Dostlarım üçün də, Qarabağ üçün
də darıxıram”
- Nəvələrinizlə tez-tez
görüşə bilirsinizmi,
Anar müəllim?
- Bəli, görüşürəm.
Oğlum
Tural Azərbaycanın
Küveytdəki səfiridir.
Onun iki oğlu var,
hazırda Küveytdədirlər.
Qızım buradadır, uşaqları
da yanındadır.
- Hansı nəvəsini çox istəyir Anar müəllim?
- Hamısını.
- Anar müəllim xoşbəxt yazıçıdır,
xoşbəxt atadır,
xoşbəxt babadır...
- Məsəli sizə aid olmasın, belə bir ifadə var: “İçim özümü yandırır,
çölüm özgəni”.
- Xoşbəxt olmaq üçün Anarın
nəyi çatmır?
- Xoşbəxtlik üçün
ömür çatmır.
Dostlarımın əksəriyyəti dünyalarını dəyişib.
Dostlarım üçün də, Qarabağ üçün də darıxıram. Bir yazıçının ki,
vətəninin 20 faizi
işğal altındadırsa,
o necə xoşbəxt
ola bilər?
“Qadağalar olanda müqavimət də güclü olur”
- Sizə görə azadlıq nədir? Azadsınızmı?
- Mən həmişə azad olmuşam. Daxilən azad insanam. Sovet dövründə də, indi də düşünmədiyim,
inanmadığım şeyi
deməmişəm. Ola
bilsin ki, düşündüklərimin hamısını deyə
bilmirəm. Səbəb isə
odur ki, sevdiklərim, dostlarım
var. İstəmirəm ki,
mənə görə
kimsə ziyan görsün. Buna görə də məsuliyyətlə yaşayıram.
- Qəzavü-qədər, alın
yazısı haqqında
Anar müəllim nə düşünür?
Tale nədir?
- Yeni yazdığım “Göz müncuğu” povestimdə bu barədə yazmışam.
Çap
üçün “Azərbaycan”
jurnalına verəcəyəm.
Sualınızın cavabını o əsərdə
tapa bilərsiniz?
- Anar müəllim, siz “ədəbiyyat qadağalarla inkişaf edir, azadlıq isə onu məhv
edir” fikri ilə razı olduğunuzu bildirirsiniz. Bunu nə ilə izah edirsiniz?
- Mən bir dəfə
bu sözü sitat gətirdim. Mənim üstümə düşdülər
ki, görün Anar nə deyir.
Bu sitat mənim
deyil. Bunu Nobel mükafatçıları
olan iki fransız yazıçı,
Andrey Jid və Albert Kamyu deyiblər. Kamyu Nobel mükafatını alanda A. Jid bu
sözləri dilə
gətirir, Kamyu da bildirir ki,
bu fikirlə razıdır. Mən də
deyirəm ki, bu sözlərlə razıyam. Çünki qadağalar olanda
dirəniş də, müqavimət də güclü olur. Çalışırsan ki, bu qadağaları hansı formadasa dəf edib, sözünü deyəsən. Azad olanda isə çalışırsan ki,
hər şeyi deyəsən və belə məlum olur ki, deməyə
sözün yoxdur.
- Bu fikirlərinizin günümüzlə
əlaqəsi varmı?
- İndi bizdə söz azadlığı, bəzən söz azğınlığına çevrilir. Bilirsən ki, kim haqqında desən, nə böhtan istəsən yaza bilərsən. Ona heç bir maneə yoxdur. Burada məsuliyyət məsələsi var. Mən ABŞ televiziyalarının birində eşitdiyim sözü çox bəyənmişəm və tez-tez xatırlayıram. Həmin televiziyada çıxış edən bir nəfər deyirdi ki, ABŞ-ın şərqində - Nyu-York şəhərində azadlıq heykəli ucaldılıb. Yaxşı olar ki, qərbində - LosAngelesdə də məsuliyyət heykəli ucaldılsın. Hamı bilsin ki, bu ölkə azadlıq və məsuliyyət arasında yaşayır. Məsuliyyəti olmayan azadlıq azğınlığa səbəb olur. Ardı var
Elvin Əliyev
Zaman.-2014.-5 noyabr.-S.13.