Haqqın dərgahına doğru,
yaxud “Dağ boyda adam” və “gül kimi söz”
“Nəfsinə uyma, o yolu tərk
et, Haqqın dərgahına doğru, Səlsəbilə gəl!”
Hz. Mövlana
Onu “elmimizin cövhəri, dinimizin şərəfi, parlaq zəka sahibi - böyük vətəndaş” (A. Paşazadə),
“İslam dünyasının
mahir incisi” (A. Əlizadə), “misilsiz təfəkkür sahibi”
(F. Qasımzadə), “xalqın
böyük müəllimi”
(M. Adilov), “möcüzə
adam” (Q. Paşayev), “Haqq adamı” (Z. Yaqub), “Hal əhli” (N. Cəfərov) .... adlandırırlar. Haqqında yazılan kitablardan, ona ünvanlanan ürək sözlərindən
oxuduğum, eşitdiyim
bu gözəl adların hamısı ona yaraşır. Amma mən ona, sadəcə,
“Vasim müəllim” deyirəm. Vasim Məmmədəliyev! - Bu ad və
soyadda, zənnimcə,
o dəyərli insana yaraşan bütün gözəlliklər cəm
olub. Vasim müəllimlə tanışlığımın, ona olan hörmət
və sevgimin tarixçəsini düşünəndə,
ilk növbədə, atamı,
atalı günlərimi
xatırlayıram. Hər
həftənin cümə
axşamı televiziya
efirindən bizi “Haqqın dərgahı”na səsləyən bir
bəlağətli və ecazkar səs məni xəyalən ötən günlərə
qaytarır. Atamın maraqla gözlədiyi,
diqqətlə izlədiyi
bu televiziya verilişinin efir vaxtı evimizdə tam səssizlik hökm sürərdi. Kimsə
bircə kəlmə söz desə, səs salsaydı, atamın zəhmli səsini eşidərdik:
“İmkan verin, qulaq asaq! Dağ
boyda adam
gül kimi söz danışır!”
Çox keçmədi
ki, atamın çox sevdiyi və səssiz-səmirsiz dinləməyimizi
istədiyi o iman dolu, əsrarəngiz səs məni də öz sehrinə saldı. Və mən bu səs sahibinin,
doğrudan da, “dağ boyda adam”, söylədiyi
sözün isə “gül kimi söz”
olduğunu dərk elədim. İlk dəfə beləcə, televiziya ekranlarından görüb-tanıdığım
Vasim müəllimlə
ikinci “görüşüm” onun dəyərli ziyalımız,
mərhum akademik Ziya Bünyadovla birgə tərcümə
etdiyi “Qurani-Kərim”lə
bağlıdır. Uca
Allahın bu mübarək Kitabını
ana dilimizdə oxuduqca, göydən yerə enən bu ilahi nurun
həm də Uca Yaradanın bizə sevgisindən, lütf və mərhəmətindən qaynaqlanan
bir İlahi Eşq Kitabı olduğunu anladım. Elə Vasim müəllim özü də mübarək kitabımızın tərcüməsinə
yazdığı “Ön
söz”də hər şeydən öncə, məhz bu ilahi
lütfün böyüklüyündən
söz açır:
“Quran Allah kəlamıdır. O nə şair ilhamının, nə də nasir qələminin
məhsuludur. Quran bunların hər ikisinin fövqündədir.
Şairin şeiri məhəbbətin, gözəlliyin
tərənnümü, hisslərin
ifadəsi, bəşər
övladının yerdən
göyə ucalmış
hayqırtısı, nidası,
yalvarışı və
müraciəti, zülmə,
haqsızlığa qarşı
etirazı və üsyanıdırsa, Quran Allah-təalanın
göydən yerə endirilmiş lütfü, hidayəti, şəfqət
və mərhəmətidir”.
Vasim müəllimlə üçüncü
görüşüm AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
oldu. 60 illik yubileyi münasibətilə institutda
görüş keçirilirdi.
Gənclər adından danışmaq
üçün mənə
söz verildi. İlk dəfə ürək sözlərimi ona söyləyə bildim.
Üstəlik, tədbirin
sonunda əməkdaşlıq etdiyim
dövlət radiosunun
“Şəbəkə” bədii-informasiya
proqramında apardığım
“Əlyazmalar xəzinəmiz”
rubrikası üçün
ondan kiçik bir müsahibə də aldım. Vasim müəllimi yaxından tanıyıb onunla həmsöhbət olarkən
onun olduqca səmimi, sadə və mehriban bir insan olduğunu
gördüm. Və
o “dağ boyda adam” gözümdə
bir boy da ucaldı... Böyük alman mütəfəkkiri,
islamı yüksək
dəyərləndirən, “Qurani-kərim”i “kitabların
kitabı” adlandıran Götenin belə bir kəlamı
var: “Böyük insanlar dağa bənzəyir; yaxınlaşdıqca
əzəmət və
qüdrəti artır.
Kiçik insanlar ilğım
kimidir; yaxınlaşdıqca
nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır”.
Bu keşməkeşli ömür
yolunda kiçik insanlarla
rastlaşanda ruhdan düşməmək üçün
yadıma dağ boyda böyük insanları salıram. Dağ boyda, dağ vüqarlı insanları düşünəndə ürəyim
dağa dönür.
Belə dəyərli
insanlar millətin qürurudur,
məncə. “Qurani-Kərim”in
“Nəhl” surəsinin
15-ci ayəsində buyurulur:
“(Allah Yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın,
beləliklə də)
sizi yırğalamasın
deyə, Yer üzündə möhkəm
dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı”.
Düşünürəm ki, Yer kürəsinin möhkəmliyi naminə yaradılan dağlar kimi, dağ vüqarlı, dağ boyda oğullar da bütün varlığı ilə, Uca Allahın bir lütfü olaraq, öz millətinin mənəvi müvazinətinin qorunub saxlanılmasına xidmət
edir. Axı, “Hədid” surəsinin 29-cu ayəsində buyurulduğu
kimi, “...Allah çox
böyük lütf (kərəm) sahibidir!”
Vasim müəllimlə
dördüncü görüşümüz
isə onun rəhbərlik etdiyi İlahiyyat fakültəsində
oldu. “Bilənlərə salam
olsun!” silsiləsindən
qələmə aldığım
elmi-publisistik kitabın
redaktoru olmasını istəmişdim.
“Gətir, qızım”,
- dedi. Mən də gətirdim.
Məni doğma və mehriban bir ata
kimi qarşıladı.
Atamı yenicə itirmişdim... Onun böyük hörmət bəslədiyi bu “dağ boyda adam”dan gördüyüm səmimiyyət
və qayğıkeşlik mənimçün
çox dəyərliydi...
Beləcə, ilk kitabımın xeyir-duasını Vasim müəllimdən aldım.
İllərdir, bu silsilədən
daha bir kitabı isə ona həsr etmək
arzusundayam. Hələlik sadəcə, onun haqqında yazılanları
oxuyuram. Müxtəlif
konfrans və simpoziumlardakı çoxsaylı
məruzə və çıxışlarını, “Haqqın dərgahı” proqramını, televiziya verilişlərində maraqlı
müsahibələrini izləyirəm.
Haqqında daha çox
öyrəndikcə, millətimin
bu dəyərli oğlunun varlığı
ilə daha çox qürur duyuram. Millətin maddi-mənəvi sərvətləri
içərisində ən
yüksək məqamda insanın, xüsusilə, sözün
həqiqi mənasında
ziyalı olan insanın dayandığını
və hər birimizin onu hər
şeydən daha çox qorumalı, dəyər verməli olduğumuzu düşünürəm.
Belə dəyərli insanlardan biri də akademik
Vasim Məmmədəliyevdir.
Daha bir hörmətli akademikimiz Ziyad
Səmədzadənin sözləri
ilə desək, “Vasim müəllim milli sərvətimizdir”. Gəncliyində ona fars dilini öyrədən
əziz müəllimi,
şair Ənvər Nəzərli də öz sevimli tələbəsinə həsr
etdiyi “Mən qətrə isəm...” şeirində alimi öz milləti üçün böyük
bir nemət adlandırır:
“Alim dediyin millət
üçün bir ulu nemət,
Yoxdursa əgər
alimi, bədbəxtdir
o millət”.
Bu yaxınlarda BDU-nun təşkil
etdiyi, A. İmanquliyevanın
75 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları kitabında Vasim müəllimin hörmətli həyat yoldaşı, şərqşünas
alim Qumru xanımla birgə qələmə aldığı
bir məqaləsini oxudum. “Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsində
bir beytin şərhi” adlı həmin məqalədə
qəsidənin 30-cu beyti:
“Pərviz konun qom şod, zan
qomşade kəmtər
qu,
Zərrin təre ku bər
xan, rou “kəmtərəku” bərxan.”
Tərcüməsi:
“Pərviz yox olmuşdur, ondan daha söz açma,
Get “kəmtərəku” söylə,
zərdən tərə
yox əlan”,-
beyti şərh edilərək, şairin bir “Quran” ayəsinə, eləcə də Sasani hökmdarı Xosrov Pərvizlə bağlı bir rəvayətə işarəti olduqca gözəl bir şəkildə izah olunur. Hər gün süfrəsinə qızıldan tərə (səbzə) düzdürən və onu yemək bitdikdən sonra özü ilə nahar edənlərə bağışlayan Xosrov Pərvizlə bağlı bir rəvayəti xatırladan şairin ibrətamiz nəsihəti açıqlanır: “Xaqani deyir ki, bu gün nə Xosrov Pərviz var, nə də qızıldan düzəldilmiş tərə (səbzə). Sən ondan az danış, get “kəm tərəku...” oxu! Beytin mühtəvasından belə bir qənaət hasil olur ki, dünyaya çox Xosrov Pərviz kimiləri gəlib-getmiş, onlar özləri ilə bu dünyadan heç bir şey apara bilməmiş, əksinə, bütün var-dövlətlərini, sərvətlərini dünyada qoyub onu tərk etmişlər. İnsana dünyada qalan şey yalnız yaxşı ad və ona əbədiyyət qazandıran gözəl, xeyirxah əməllərdir ki, bu da çox az adama nəsib olur”.
Yaxşı ad və xeyirxah əməllər... - Bəli, bu, doğrudan da, çox az adama nəsib olur. Nə yaxşı ki, akademik Vasim Məmmədəliyev bu xoşbəxtlikdən nəsibini alanlardandır. Və nə yaxşı ki, Sözlərin şahı, iman və mənəviyyat qaynağı “Qurani-kərim” haqqında etdiyi dəyərli söhbətləri, söylədiyi “gül kimi söz”ləriylə bizi “Haqqın dərgahı”na səsləyən bir ecazkar və doğma səs var. Bu səs onu dinləyənləri, Mövlana həzrətlərinin sözləri ilə desək, dünya həvəslərinin zindanından qurtulmağa, Cənnət bulağına, Səlsəbilə dəvət edir.
Şəlalə Ana, Şair-publisist AMEA M. Füzuli adına
Əlyazmalar İnstitutu
Zaman.-2014.-8 noyabr.-S.9.