“Vətəndaşların
hüquqlarını bilməmələrinin səbəblərindən
biri də təbliğatın zəif
olmasıdır”
“Zaman-Azərbaycan”
qəzetinin əməkdaşı
Pərviz Əliyev Ağdaş
rayonunda fəaliyyət
göstərən “Hüquq
Müdafiəsi” Məhdud
Məsuliyyətli Cəmiyyətin
məsləhətçisi Fəzli Məhyəddinovdan
müsahibə alır.
Bu gün ölkə
iqtisadiyyatında diqqət
yetirilən başlıca
məsələlərdən biri də qeyri-leqal
əmək fəaliyyəti
ilə məşğul
olanlara qarşı mübarizənin gücləndirilməsidir. Qeyri-leqal və
ya müvafiq əmək müqaviləsi
olmadan fəaliyyət
göstərmək işçinin
özünə ziyan olmaqla yanaşı, ümumilikdə böyük
həcmdə vəsaitin
vergidən və beləliklə, dövlət
büdcəsindən yayındırılmasına
səbəb olur.
Onu da xüsusi vurğulayaq ki, bu gün Azərbaycanda
vətəndaşın pensiyası
hesablanarkən onun sığorta stajı və vətəndaşın
pensiya fondlarına etdiyi sosial ödənişlərin
məbləği əsas
götürülür. Sadə dillə desək, çox işləyən
və ödəmə
edən şəxs gələcəkdə daha
çox təqaüd
alacaq. Bunun üçün isə vətəndaşların rəsmi
formada işləməsi
və maaş
alması vacibdir. Araşdırmalar göstərir
ki, əmək müqaviləsi olmadan çalışma halları
əsasən özəl
sektorda, iş obyektlərində, nəqliyyatın
bəzi sahələrində,
eləcə də tikinti sferasında müşahidə edilir. Bəzən isə işçilər
öz əmək hüquqları barədə
məlumatsızdırlar və
əmək müqaviləsinin
imzalanmasının vacibliyini
anlamırlar. Belə vəziyyət
daha çox işə götürənlərin
maraqlarına uyğundur.
Çünki onlar müqavilə
bağlayanda artıq sosial ödənişlər
etməlidirlər. Eləcə də
vergi ödəməlidirlər.
Əslində aqrar sektor, tikintidə və digər sektorlarda işçilərin
böyük bir qisminin müqaviləsinin olmaması birbaşa onunla bağlıdır ki, həmin sektorlar ikili mühasibatla fəaliyyət
göstərir və praktik olaraq, həmin sektorlarda çalışan iş adamları vergidən yayınırlar. Halbuki, vətəndaş sosial hüquqlarını
əldə etmək üçün ilk növbədə,
əmək müqaviləsi
imzalamalı və işlədiyi yerdə aldığı əmək
haqqının tam rəsmiləşdirilməsinə
çalışmalıdır. Əks halda, vətəndaş əmək müqaviləsi
imzalamadan çalışırsa,
heç bir sosial ödəniş hüququna malik olmur. Bura əmək pensiyası
və məcburi sosial müavinətlər
daxildir. Bir sıra
müəssisələrdə isə əmək müqaviləsi mövcud olduğu halda, əmək haqqının
gizlədilməsi halları
var. Bu, əsasən özəl
sektorda müşahidə
olunur. Bu da ki, vətəndaşın
gələcəkdə pensiyasının
məbləğinin az olmasına gətirib çıxarır.
Bu mövzu ilə
bağlı suallarımızı
Ağdaşda fəaliyyət
göstərən “Hüquq
Müdafiəsi” Məhdud
Məsuliyyətli Cəmiyyətin
məsləhətçisi Fəzli Məhyəddinova
ünvanladıq.
- Fəzli müəllim, bildiyiniz kimi, ölkəmizdə bazar iqtisadiyyatı genişlənir, yeni iş yerləri, müəssisələr açılır.
İstər özəl,
istərsə də dövlət təşkilatlarında
işə götürənlər
arasında əmək
müqaviləsi necə
bağlanmalıdır?
- Əmək müqaviləsi
hər iki tərəfin, yəni işə götürən
və işə götürülənin razılığı
ilə Əmək Məcəlləsində tutulmuş
qaydada bağlanmalıdır. Hər iki tərəf müqaviləni oxuyub tanış olduqdan sonra, əgər şərtlər varsa, onlar da əlavə
edilməli və tərəfdaşlar
tərəfindən möhürlənib
imza ilə təsdiq olunmalıdır.
Həmin
müqavilə iki nüsxədən ibarət
olur, bir nüsxə işə götürəndə, digəri
isə işçidə
qalır. Əmək müqaviləsi
imzalandıqdan sonra bəzi orqanlarda - əgər işçi işə ilk dəfə düzəlirsə, o zaman
sınaq müddəti
verilir ki, bu da Əmək
Məcəlləsi ilə
tənzimlənir. Göstərilən müddətdə işçi
öz işini layiqincə yerinə yetirdikdə onlar arasındakı müqavilə
qüvvəyə minir.
İşə götürülən,
müqavilə bağlandığı
gündən həmin
idarənin - istər özəl, istər dövlət müəssisəsinin
rəhbərinin əmri
ilə oranın işçısı olur.
Əmək müqavilələri, Əmrlər Kargüzarlığı
Haqqında Qanuna uyğun olaraq qeydiyyat kitablarında qeydiyyata alınır.
- Bəzi işə götürənlər
nə üçün
əmək müqaviləsinin
bağlanmasına maraq
göstərmirlər?
- Bu hallar hansısa bir maraqdan olur.
İşçi işə götürülən
zaman onun sosial sığortası ortaya çıxır, əmək stajı hesablanır, bundan sonra Dövlət Sosial Müdafiəsinin müvafiq şöbələrində
qeydiyyata alınmalıdır
və ona əmək stajı hesablanmalıdır. Sonra isə
dövlət büdcəsinə
müəyyən məbləğdə,
yəni işə götürən müəssisənin,
idarənin hər ayda işçilərin sayına uyğun olaraq ümumi gəlirinin 25 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilməlidir. Bunun 3 faizi
işçidən tutulub
İcbari sğortaya ödənilir, yerdə qalan 22 faizi isə müəsissənin
gəlirindən tutulub
həmin Fonda keçirilir.
Ona görə bu neqatif hallar hansı ki, biz gizlətmə deyirik, yəni vergidən yayınma - bəzi işə götürən
məmurlar istəyilər
ki, əmək müqaviləsi bağlanmasın.
Bu da işə
götürülənlərin öz hüquqlarını
bilməməsi ilə
də bağlıdır.
Əvvələr işə götürən
əmək müqaviləsi
bağlamadıqda inzibati
məsuliyyətə cəlb
olunurdu, hazırki dəyişikliyə əsasən
qanunvericiliyin tələbinə
uyğun olaraq eyni ilə işçi
də məsuliyyətə
cəlb olunur. Bu da ondan irəli gəlir ki, işçi işə qəbul olarkən əmək müqaviləsinin bağlanmasını
tələb etsin.
İlk növbədə, işçi
maraqlı olmalıdır
ki, onunla çalışdığı müəssisə arasında
əmək müqaviləsi
bağlansın.
- Bildiyimiz kimi, son vaxtlar qanunverciliyə müəyyən
dəyişikliklər edilərək
kənd təsərrüfatlarında
çalışan vergi
ödəyicilərinə güzəştlər
verilib. Bunlar kənd təsərrüfat
məhsularının artmasına
imkan verəcəkmi?
- Təbii ki, verəcək. Bildiyimiz kimi Azərbaycan
neft ölkəsidir, bizim iqtisadiyyatımızın
təməli neft sənayesilə başlanıb.
Amma hazırda dövlət başçımız tərəfindən
əsasən qeyri-neft
sektoruna böyük dəstək var. Azərbaycanda
11 iqlim qurşağının
9-nun olması kənd
təsərrüfatının inkişafı baxımından
çox əlverişlidir.
Kənd təsərrüfatının
inkişafına uzun müdddətli güzəştli
kreditlər verilir, sahibkarlara, fermerlərə
yardım olunur, böyük
dəstək verilir. Bu da dövlət
başçısının şəxsi nəzarətindədir.
İşlər tək bununla
yekunlaşmır, sahibkarların
üzləşdikləri hüquqi
problemlər də yerlərd araşdırılır.
Məsələn, bolgələrdə nazirlərin görüşü
həm də bu məqsədi daşıyır. Sahibkarlara, fermerlərə
yaradılmış əsassız
maneələrin, hüquqpozmaların
aradan qaldırılması,
dövlət və özəl sektorun inkişafına önəm
verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb
edir.
- Fəzli müəllim, sizə əmək müqaviləsinin
ləğvi və ya hər hansı
bir iş yerində bədbəxt hadisə ilə bağlı müraciət
edənlər olurmu?
- Ümumiyyətlə, iki il ərzində
bir neçə nəfər müraciət
edib. Bizə müraciət etdikdən
sonra, onlara Əmək Məcəlləsinə
uyğun olaraq hüquqları izah olunub. Onlara qanuni və
ya qanunsuz ixtisara düşməsi haqqında məlumat verilib. Bildiyiniz kimi, bəzi
şirkətlərdə işlər
mövsümidir. Tutaq
ki,
iş görən şirkət hansı rayona yaxın ərazidə çalışırsa,
işlər təhvil
verilənə qədər,
işçi qüvvələrini
həmin rayonlardan qəbul edilər. Deyək ki, Ağdaş ərazisində işləri
yekunlaşdırıb Yevlax
ərazisinə keçirlər.
O zaman Yevlax rayonundan işçiləri
qəbul edirlər. Buna görə də
müəyyən şirkətlər
var ki, əvvəlki
bağlanmış müddətli
əmək müqaviləsinin
vaxtı bitdikdən sonra yenisi bağlanmır.
Amma bunu da qeyd
edim ki, bizim hüquqi müdaxiləmizdən sonra
iki nəfər yenidən işə bərpa olundu.
- Vətəndaşların
hüquqlarını bilməməsi
sizcə, nə ilə əlaqədardır?
- Hüquqi maariflənmə yoxdur. Loru dildə deyək, birinin həyətinə kiminsə malı keçir, bunu birbaşa Rayon İcra Hakimiyyətinə müraciət edib bildirir. Əslində, bu başqa orqanlara şikayət edilməlidir. Ümumiyyətlə, vətəndaşların hüquqlarını bilməmələrinin əsas səbəblərdən biri də təbliğat işlərinin aparılmamasıdır. Bizim müəssisə 4 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə bizə bir çox insanlar müraciət ediblər. Bizim də məqsədimiz sosial bazamızı möhkəmləndirdikdən sonra Rayon İcra Hakimiyyətinə müraciət edərək, rayonun illik iş planına idarə, təşkilatlarda vətəndaşlarla görüşümüzü, onların hüquqi marifləndirilməsi baxımından inkişafına yardım etməkdir. Təbii ki, öz hesabımıza. Əslində isə hüquqi təbliğatla ardıcıl iş aparmaq inzibati orqanların bilavastə borcudur. Bu iş kompaniya xarakteri daşımamalıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Pərviz Əliyev
Zaman.-2014.-11 noyabr.-S.13.