Allahyar Muradov: “Dünya təcrübəsində elmə investisiya qoyuluşu ən
perspektivli sahə hesab
olunur”
ALLAHVERDI CƏFƏROV,
Günümüzün ən aktual müzakirə mövzularından
biri də elmi-tədqiqat institutları
ilə iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması
ilə bağlıdır.
Məlumdur ki, inkişaf etmiş ölkələrdə iş
dünyası ilə elmi-tədqiqat institutları
arasında sıx əməkdaşlıq mövcuddur.
Azərbaycanda bu istiqamətdə hansı işlərin görüldüyü
və gələcəklə
bağlı hansı planların olduğu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovla söhbətləşdik.
- Allahyar müəllim, hazırda iş dünyası və elmi-araşdırma müəssisələri - institutlar
arasındakı əməkdaşlıq
hansı səviyyədədir?
- Hazırda elmi müəssisələrlə iş
dünyası arasında
əlaqələr qənaətbəxş
deyil. Amma olması, sosial-iqtisadi
inkişafın ən
zəruri şərtidir.
Milli Elmər Akademiyası da bu istiqamətdə
ciddi işlər görmək arzusundadır
və bu əməkdaşlığı gücləndirmək üçün
cəhd göstərir.
Lakin bu çox az
hallarda uğurla nəticələnir. Sual çıxa
bilər. Niyə? Təbii ki, bunun bir
sıra səbəbləri
vardır. Onlardan bəzilrini
sadalamaq istərdim.
Birincisi,
Azərbaycan elmi nəyə qadir olduğunu göstərə
bilməyib. Təbii ki,
göstərməsi üçün
maliyyə imkanları
olmalı və dövlət dəstəyi
bir qədər artırılmalıdır. Xüsusilə tətbiqi elmlərdə
yeniliyin meydana gəlməsi və sınaqdan keçirilməsi
üçün xüsusi
infrastruktur olmalıdır.
İnkincisi, əksər hallarda
sahibkarlarımız tərəfindən
innovativ təşəbbüsün
olmaması. Üçüncüsü,
elmə qoyulan investisiyanın risklilik səviyyəsinin yüksək
olması səbəbindən
sahibkarların elmə
az maraqlı
olması. Sahibkarlar bilməlidir ki, xaricdən texnologiyanın
alınması ilə
normal halda bazarda uğur qazanmaq çox az
hallarda baş verir. Ona görə sahibkarlar
daim istehsal etdiyi məhsulun və ya xidmətin
elmi əsaslı təkmilləşdirilməsinə çalışmalıdır. Bunun üçün isə elmə müraciət etməlidir. Əgər
bu mexanizm işləməzsə onda
iş dünyası ilə elm arasında əlaqə effektli olmayacaqdır. Məncə
iş dünyası nə istədiyini elmə sifariş verməsi bu əlaqələri gücləndirə
bilər. Bunu üçün saibkarları riskdən qoruyan stimullaşdırıcı
mexanizm yaradılmalıdır.
- Bu gün elmin maliyyələşməsi
necə, qaneedicidirmi?
- Ümumiyyətlə elmin inkişafı ilk növbədə
əsaslı maliyyə
təminatının olmasını
tələb edir. Belə bir təminatın
olması üçün
isə maliyyələşmə
mənbələri müəyyən
edilməli, ayrılan
vəsaitin iqtisadi, sosial, mədəni, mənəvi, siyasi, tarixi və s. aspektlərdən qiymətləndirilməsi
aparılmalıdır. Çünki, elmin maliyyələşməsi
mexanizmi yalınız
vəsaitin ayrılması
ilə tamamlanmır.
Bu vəsaitlərdən məqsədyönlü şəkildə
istifadə olunması
da problemin əhəmyyətli tərəflərindəndir.
Bu yolla gedən ölkələr dünya
bazarında yeni-yeni nailiyyətlərə imza
atmaqla böyük gəlir əldə edirlər. Ümumiyyətlə, inkişaf etmiş
ölkələrdə tədqiqatlara
çəkilən xərclərin
ÜDM-ə nisbəti 2-4% arasında,
inkişaf etməkdə
olan ölkələrdə
1-2% arasında tərəddüd
edir. İqtisadi cəhətdən zəif ölkələrdə
isə bu 1%-ə qədərdir. Maraqlıdır
ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında olmasına
baxmayaraq, elm-tədqiqatlara
çəkilən xərclərin
ÜDM-də xüsusi
çəkisi 0,2% təşkil edir. Bu hətta bir
çox zəif inkişaf etmiş ölkələrin göstəricisindən
də aşağıdır.
- İnstitutlar
tərəfindən aparılan
elmi araşdırmalar
iş dünyasının,
sahibkarların tələblərinə
nə səviyyədə
cavab verirlər?
- Bu suala birmənalı cavab vermək bir qədər çətindir. Düşünürəm
ki, iş dünyasından sifariş
gəlməlidir və
bu sifarişin hansı səviyyədə
yerinə yetirilməsi
sualın cavabı ola bilər.
Əgər bu gün belə bir sifariş
yoxdursa onda bunu demək çətindir. Onu da diqqətinizə çatdırım ki, son
illərdə Akademiya
institutları tərıfindən
500-dən çox kommersiya
təklifi olunmuşdur,
lakin bunlardan çox az
qismi real tətbiq edilmişdir. Bu da iş dünyasının
yeniliklərə, daha
doğrusu innovasiya yönümlü tədqiqatlara
maraq göstərməməsi
ilə əlaqədardır.
- İqtisadiyyat İnstitutu olaraq iş dünyası ilə əməkdaşlığı
gücləndirmək üçün
nə kimi tədbirlər görürsünüz?
- İqtisadiyyat İnstitutu olaraq iş dünyası ilə əlaqələr qurmaq istərdik. Lakin bu, qeyd etdiyim kimi birtərəfli
olmur. İş dünyası da
institutla əməkdaşlıq
etməyə maraqlı
olmalıdır. Biz hazırda institut olaraq dövlət orqanları ilə əlaqələrimizi genişləndiririk.
Hazırda Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlıq
edirik. Biz institut
olaraq iş dünyasına hansı xidmətləri göstərə
bilərik? Düşünürəm
ki, fəaliyyətin səmərəli təşkili,
marketinq xidməti, biznes planların hazırlanması, istehsal bazar əlaqələri ilə bağlı treninqlərin keçirilməsi,
ixtisas artırma və s. məsələlərlə
bağlı əməkdaşlıq
əlaqələri qurmaq
olar.
- İnstitutla
əməkdaşlıq şirkətlərə,
sahibkarlara nə qazandıra bilər?
- Hesab edirəm ki, institutla əməkdaşlıq sahibkarlara
düzgün qərarların
qəbul edilməsi, səmərəli idarəetmə
sisteminin yaradılması,
konkret məhsullar üzrə bazarda baş verənlər haqqında elmə əsaslanan informasiyanın
əldə edilməsində,
strateji idarəetmə
planını hazırlanmasına
əhəmiyyətli ola bilər. Onu da qeyd edim
ki hazırda institutumuzda Azərbaycan Respublikasının davamlı
inkişafının təmin
edilməsinin sosial-iqtisadi
problemləri ilə məşğul olur.
Burada iqtisadi nəzəriyyənin müasir
problemləri və iqtisadi fikir tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsi,
sənayenin inkişafı,
investisiya qoyuluşları,
xidmət sahələrin
inkişafi, insan potensialı, aqrar sahənin inkişafı, sahibkarlıq, xarici iqtisadi əlaqələr,
sosial problemlərin həlli və yoxsulluğun azaldılması,
regionların sosial-iqtisadi
inkişafı, maliyyə
və büdcə, innovasiyalı inkişaf və s. istiqamətlər
tədqiq edilir.
- Hazırda iş dünyasının
daha çox hansı ixtisas sahiblərinə ehtiyacı
var?
- Bu gün iş dünyasında müxtəlif
sahələr üzrə
texnoloqlara, İKT mütəxəssislərinə,
mühəndislərə ehtiyac
vardır.
- Şirkətlər
iş üçün
müraciət edənlərin
daha çox hansı bacarıqlarına
önəm verirlər?
- Bu gün daha çox
İKT-dən istifadə,
dil bilgisinə və təcrübəyə
xüsusi önəm verilir.
- İnstitutlarımız
şirkətlərlə əməkdaşlığa
can atırlarmı?
- Təbii ki, elmi-araşdırma institutları
şirkətlərlə əməkdaşlıq
etmək arzusundadır.
Lakin bayaq dediyim kimi,
arzu etmək azdır, gərək qarşı tərəfin
də istəyi olsun. Yaxud istəməsi üçün
stimul olsun.
- Azərbaycanda elmin hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?
- Azərbaycan elminin vəziyyətinə gəlincə. Azərbaycan elmi mövcud imkanlar daxilində elmi-tədqiqatlar aparır. Əgər əldə olunan nəticələrin tətbiqi və ya sınaqdan keçirilməsi üçün imkanlar məhduddursa onda elmin nəticəsindən danişmaq bir qədər çətindir. Qeyd etmək lazımdır ki, dünya təcrübəsində elmə investisiya qoyuluşu ən perspektivli sahə hesab olunur. Çünki elmə qoyulan investisiya ilk növbədə rəqabətqabiliyyətli məhsul istehsalına və dünya bazarına elmtutumlu məhsulların çıxarılmasına şərait yaradır. Bu amil elmə investisiya qoyuluşunun tənzimlənməsinin, elmi sferada bazar infrastrukturunun yaradılmasının, elmi təşkilatların ən yeni cihaz və avadanlıqlarla təmin olunmasının, qlobal informasiya və rabitə sisteminin yaradılmasının iqtisadi böhran keçirən ölkə üçün zəruri olduğunu göstərir.
- Azərbaycanda
alimlərin orta yaş
həddi yüksəkdir? Buna səbəb kimi gənclərin elmə marağının
az olması göstərilir. Siz bu barədə nə
deyə bilərsiniz?
- Bu əvvəllər belə idi, indi əksinə gənclərin elmə gəlməsi artmışdır. Burada əsas məsələ həmin gənclərin elmdə qalması ilə bağlıdır. Elmdə əmək haqqının aşağı olması istedadlı gənclərin biznes sektoruna getməsinə səbəb olur. Bir çox hallarda isə tədqiqat apardığı problemlə əlaqəli olmayan işlərə gedirlər. Qocalmanın əsas səbəbi budur. Elm sahəsində çalışanların sosial müdafiəsinin zəif olması. Əgər bu problem həll edilərsə onda gənclərin də elmə axını artar.
- Sizə görə
yaxşı iş nə deməkdir?
- Bu çox ümumi sualdır. Hər bir işin özünün qiymətləndirmə kriteriyası olur. Elmdə yaxşı işin nə olduğunu soruşursunuzsa burda da elm sahəsindən asılı olaraq kriteriyalar dəyişə bilər. Ümumiyyələ cəmiyyətə, dövlətə, millətə, müəssisəyə maddi və mənəvi səmərə verən iş yaxşı işdir.
Allahverdi Cəfərov
Zaman.-2014.-11 noyabr.-S.7.