Avro-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti

 

Son illər Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus bir yer tutur. Bəri başdan qeyd edək ki, bu uğurun sirri, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi, iqtisadi kursun ölkə başçısı İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl davam etdirilməsindədir.

Məhz bu kurs ölkəmizin bütün sahələr üzrə dinamik inkişafının lokomotivinə çevrilib. Elə bu səbəbdən  Azərbaycan dövləti sosial-iqtisadi inkişafda misli görünməmiş uğurlar nümayiş etdirir, diplomatiya, mədəniyyət və başqa sahələrdə sanballı qələbələr əldə edir. “Eurovision-2012”, BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Davos İqtisadi Forumu, ADEX-2014 Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz müxtəlif sahələr üzrə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilib. Təbii ki, hər bir beynəlxalq tədbir ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanmış yüksək nailiyyətlərinin nəticəsidir. Onu da qeyd edək ki, bu gün təkcə paytaxtda - Bakıda deyil, ölkəmizin müxtəlif rayon və şəhərlərində keçirilən beynəlxalq tədbirlər dünyanı, sözün həqiqi mənasında, heyrətə gətirəcək səviyyədə təşkil olunur. Bir məsələni də vurğulamaq yerinə düşərdi: indiyədək həyata keçirilən bu və ya digər beynəlxalq tədbirlə bağlı ölkəmizdə xoşagəlməz anlar yaşanmayıb. Bu, təbii ki, Azərbaycanın beynəlxalq təhlükəsiz bir ölkə olduğunun bariz nümunəsidir.

 

Bakı - Avropanın 13 şəhərindən biri

 

Bəli, bu günlərdə, daha doğrusu, sentyabrın 19-da ölkəmiz daha bir möhtəşəm bir beynəlxalq yarışı təşkil etmək hüququna yiyələnib. Belə ki, UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin final mərhələsinin dörd oyununun (bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq) Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub (Qeyd edək ki, Avro-2020-nin final mərhələsinin oyunlarını qəbul etmək üçün 19 şəhər namizəd idi ki, onlardan 13-ü seçilib). Avropanın inkişaf etmiş 13 şəhəri sırasına Bakının düşməsi isə hər şeydən əvvəl, o deməkdir ki, paytaxtımızın idman sahəsində də atdığı addımlar Münxen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqonun (Şotlandiya) imkanları ilə eynidir. Bu həm də Azərbaycanın - Bakının idman sahəsində imkanlarının dünya səviyyəsində tanınması və qəbul olunmasıdır. Yeri gəlmişkən, qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev Bakının Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi edəcəyini ölkəmizin həyatında əlamətdar hadisə və möhtəşəm bayram, futbol üzrə millimizin baş məşqçisi Berti Foqts Azərbaycan üçün çox böyük uğur, “Neftçi”nin prezidenti Sadıq Sadıqov bir tarixi nailiyyət, tanınmış idman xadimi Ağasəlim Mircavadov futbolumuzun kütləviləşməsinə və inkişafına təkan verəcək bir hadisə kimi xarakterizə ediblər.

Dünyanın diqqət mərkəzində olan belə bir nüfuzlu tədbirin oyunlarının ölkəmizdə keçirilməsinin, əlbəttə, böyük əhəmiyyəti var.

 

Bakı - beynəlxalq idman yarışlarının beşiyi

 

Məlumdur ki, dünya səviyyəli bu cür tədbirlərin keçirilməsi böyük məsuliyyət, gərgin zəhmət, eyni zamanda təcrübə tələb edir. Azərbaycanda belə məsuliyyət, yüksək zəhmətsevərlik, üstəlik, təcrübə var. Xatırlatmaq yerinə düşər ki, ölkəmizdə beynəlxalq futbol turnirinin keçirilməsinə dair də təcrübə mövcuddur. Belə ki, 2012-ci ilin sentyabr-oktyabr aylarında respublikamızda 17 yaşa qədər qızlar arasında futbol üzrə dünya çempionatı keçirilib və bu çempionat ölkəmizin yüksək səviyyəli təşkilatçılığı ilə başa çatıb. Onu da qeyd edək ki, hər bir belə beynəlxalq tədbir ölkəmizə əlavə dividend, üstəlik, başucalıq gətirib. Yeri gəlmişkən, FİFA prezidenti Yozef Blatter və digər rəsmilər bu mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə  vurğulayıblar. Hətta UEFA prezidenti Mişel Platini  ötən il ölkəmizə səfəri zamanı Avro-2020-nin təşkilatçılığı üçün Azərbaycanın geniş imkanlarının olduğunu xüsusi vurğulayıb. Təbii ki, FİFA və UEFA rəsmilərinin bu fikirlərinin arxasında Azərbaycanda həyata keçirilən nəhəng və genişmiqyaslı işlər dayanır. Ümid edirik ki, bu mötəbər yarışdan sonra nəinki futbol mütəxəssisləri, eləcə də müxtəlif sahələrdə çalışanlar da Azərbaycan barədə daha xoş sözlər deyəcəklər.

Bəli, demək olar ki, Bakı neçə ildir digər beynəlxalq idman yarışlarının da paytaxtına çevrilib: hər il ölkəmizdə bədii gimnastika, taekvondo, güləş, boks, karate və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə isə son 10 ildə respublikamızda 300-dən çox belə beynəlxalq yarış təşkil olunub. Bu gün inamla deyə bilərik ki, Prezidentimizin Azərbaycanda idmanın inkişafına məsuliyyəti öz üzərinə götürməsi, ona xüsusi qayğı ilə yanaşması çox gözəl bəhrə verib və bu da son nəticədə respublikamızı hazırda beynəlxalq dairələrdə yekdilliklə etiraf olunduğu kimi, qabaqcıl idman dövlətləri sırasına çıxarıb.

Xatırladaq ki, Bakı Avro-2020-nin final mərhələsinə kimi 2015-ci ildə ilk Avropa Oyunlarını (İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri dünya miqyasında kifayət qədər tanınan Mehriban xanım Əliyevadır), 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatını, Beynəlxalq Şahmat Olimpiadasını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını da keçirmək hüququ qazanıb. Şübhəsiz ki, elə bu beynəlxalq yarışlar Bakının bu sahədəki təcrübəsini daha da artıracaq ki, bu da Avro-2020-ni daha mükəmməl keçirməyə əlavə stimul verəcək. Üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ilə tolerantlığın ünvanı kimi müsbət imicə malik Azərbaycan həm də belə mötəbər idman yarışını necə təşkil etməyin daha bir örnəyini əyani şəkildə dünyaya nümayiş etdirəcək.

 

Bu, ölkəmizin təbliğində mühüm rol oynayacaq

 

Bakıda keçiriləcək Avro-2020-nin ölkəmizə qazandıracağı dividendlər də kifayət qədər çox olacaq. Hər şeydən öncə, Azərbaycan həmin turnir keçirilən zaman dünyada ən çox haqqında danışılan ölkələrdən biri olacaq. Belə ki, dünyanın tanınmış kütləvi informasiya vasitələri, o cümlədən BBC, “Reuters”, “Daily Times”, “Guardian” kimi yayım orqanları ölkəmiz haqqında geniş məlumatlar yayacaq, respublikamızı təbliğ edəcəklər. Bu proses isə dünya mediasında uzun müddət prioritetliyini qoruyub saxlayacaq. Bu isə həm də o deməkdir ki, Qafqazın lider dövləti - Avropanın yüksələn xətlə inkişaf edən ölkəsi kimi tanınan Azərbaycan hələ uzun müddət dünyanın əsas müzakirə mövzularından biri olacaq. Bu da ölkəmizə iqtisadi, siyasi, mədəni həyatındakı uğurlarının təbliği və təşviqi baxımından əvəzolunmaz imkanlar yaradacaq.

Digər tərəfdən, həmin günlərdə müxtəlif ölkələrin yüzlərlə futbol azarkeşi yurdumuza üz tutacaq, bu tədbir çərçivəsində Bakı ilə daha yaxında tanış olacaq. Güman edirəm ki, onların hər biri bu şəhərlə tanışlıqdan məmnun qalacaq, gördüklərinə inanmayacaqlar. Unutmayaq ki, turnir çərçivəsində ölkəmizə gələcək turistlərin hər biri bir elçi və minlərlə yeni turist deməkdir. Şübhəsiz ki, məmləkətimizə gələnlər öz vətənlərinə qayıdarkən və ya müxtəlif ölkələrdə olarkən Bakının simasında səmimiliyimiz, qonaqpərvərliyimiz, bir sözlə, 23 illik sürətli inkişafımız barədə ətraflı məlumatlar verəcəklər. Təbii ki, bu tədbirdən sonra Azərbaycana səyahət etmək, Bakı ilə tanış olmaq istəyənlərin sayı daha da artacaq.

Bəli, bu, ölkəmizin idman həyatına, xüsusilə futbolumuza da öz töhfəsini verəcək. Mənə belə gəlir ki, bizim futbol üzrə millimiz də bu yarışın iştirakçılarından birinə çevrilsə, Avro-2020 ölkəmiz üçün daha əlamətdar olar. Fikrimcə, ölkəmizdə bu mötəbər yarışa qədər güclü milli komanda formalaşdırmaq mümkündür. Və güman edirəm ki, elə bu kimi cəhdlər Azərbaycan futbolunun inkişafına yeni nəfəs verə bilər.

Yeri gəlmişkən, Azərbaycan milli komandası Avro-2020-nin final mərhələsinə yüksəlsə, oyunlarını Bakıda keçirəcəyi qrupda yer alacaq. Belə ki, yarışın qrup matçlarına ev sahibliyi edəcək 12 milli ilə bağlı bənd əsasnamədə yer alıb. Orada göstərilib ki, təşkilatçılardan 12-si final mərhələsinə yüksələ bilsə, 3 qrup oyunundan 2-ni öz meydanında keçirəcək. Yəni seçilən şəhərlər onların təmsil etdiyi ölkələrin yığmasının yer alacağı qrupun görüşlərinə ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, final mərhələsinə yüksələn təşkilatçı ölkə digər meydan sahiblərindən yalnız biri ilə eyni qrupda yer ala bilər.

 

Yüksək qayğı var

 

Onu da qeyd edək ki, ölkəmizdə idmanın digər sahələri kimi, futbola da yüksək dövlət qayğısı var. Yalnız bircə faktı vurğulayaq ki, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Bu proqrama uyğun olaraq, ölkəmizdə futbolun inkişafı istiqamətində ciddi addımlar atılıb və artıq görülən işlər öz bəhrəsini verməkdədir. Son dünya çempionatının seçmə oyunlarında milli komandamızın ilk dəfə 9 xal qazanması, iki komandamızın (“Neftçi” və “Qarabağ”) UEFA-nın qrup mərhələsinə vəsiqə əldə etməsi, uşaq futbol məktəbinin inkişaf etdirilməsi və s. deyilənlərə bir nümunədir. Son illərdə əksər futbol klublarımız yeni, müasir standartlara cavab verən təlim-məşq bazaları ilə təmin olunub, Bakıda və bölgələrdə yeni stadionlar tikilib. Hazırda Bakıda tamaşaçı tutumu 68 min nəfər olan möhtəşəm Olimpiya Stadionu da inşa olunur. Elə Avro-2020-nin oyunları da bu stadionda keçiriləcək.

Mövcud təcrübə Avro-2020-nin uğurlu təşkilinə zəmin yaratmaqla bərabər, həm də növbəti daha irimiqyaslı idman yarışları üçün mühüm təcrübə olacaq. Əminliklə demək olar ki, Avro-2020 Bakının - Azərbaycanın dünya miqyasında nümayiş etdirəcəyi yüksək təşkilatçılıq bacarığının əyani göstəricisinə çevriləcək.

 

Zaman. - 2014.- 1 oktyabr.- S. 14.