Şərqlə
Qərb - Aida İmanquliyeva
yaradıcılığında fərqli dünyalar,
ortaq dəyərlər
Ərəb ədəbiyyatı tarixində çoxçeşidli mədəniyyət qaynaqlarından bəhrələnməsi ilə seçilən, rus, amerikan, Avropa ədəbiyyatına, müsəlman sufi düşüncə tərzinə, Qərb və Uzaq Şərqdəki düşüncə cərəyanlarına dərindən bələd olan ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığında müxtəlif ədəbi-fəlsəfi cərəyanların izləri olduqca aydın görünməkdədir.
Ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsinin tədqiq edilib yalnız Azərbaycan oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə çatdıran, bu dəyərli irsin tədqiqinə yeni aspektdən yanaşaraq elmi-ədəbi tədqiqatın önəmli bir parçası olan “müqayisəli ədəbiyyat” fonunda ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığının müqayisəli tədqiqatını aparan görkəmli ərəbşünas alim məhz Aida İmanquliyeva olmuşdur.
Qeyd edək
ki, hər hansı bir
ədibin və ya ədəbi cərəyanın
müqayisəli şəkildə tədqiqata cəlb
olunması asan məsələ deyil. Xüsusən də, bu
tədqiqat müxtəlif mədəniyyətləri öz yaradıcılıqlarında təcəssüm
etdirən ərəb məhcər ədəbiyyatçılarının
nümayəndələrində daha
çətindir. Məsələn, ədəbiyyatla
yanaşı, Həllac Mənsur, İbn
Ərəbi, İbn Fariz,
İbn Sina, Əbul Alə
əl-Məarri, Cəlaləddin Rumi kimi müsəlman mütəfəkkirlərinin,
xristian mistik cərəyanlarının,
amerikan transsendentalistlərinin və Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso,
Budda, Brahma kimi fikir öndərlərinin
təlimlərinin bilicisi olan
ərəb məhcər ədəbiyyatçılarının
ədəbi irsinin müqayisəli tədqiqatını
apara bilmək ən azından həmin
mütəfəkkirləri onun qədər
bilməyi tələb edir. Bu baxımdan
ərəb məhcər ədəbiyyatçılarının
ədəbi-fəlsəfi irsini
yuxarıda adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə
müqayisəli şəkildə tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı
mütəxəssisi deyil, eyni
zamanda fərqli ədəbi və fəlsəfi
cərəyanların da dərin bilicisi olduğunu göstərir.
A.
İmanquliyevanın bu sahədəki tədqiqatlarını
yüksək qiymətləndirən görkəmli şərqşünas
alim, akademik Vasim Məmmədəliyevin sözləri ilə
desək, “Aida İmanquliyeva
məhcər ədəbiyyatının ən görkəmli
nümayəndələri Cübran Xəlil
Cübranın və Əmin ər-Reyhaninin
daha çox Qərb romantizminin, Mixail Nuaymənin
isə rus tənqidi realizminin
təsirinə məruz qaldığını göstərmiş
və bunun əsas səbəbini
onların dünyagörüşü,
düşdükləri mühit, ədəbi-bədii
qayəsi və yaradıcılıq istiqamətləri ilə
bağlamışdır. Müəllif çox
doğru olaraq belə
bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə
R. U. Emersonun, U. Uitmenin,
N. Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri
daha çox hiss edildiyi halda,
Poltavada təhsil almış Mixail Nuaymənin bədii
yaradıcılığında L. Tolstoyun,
İ. Turgenyevin, A. Çexovun,
ədəbi-tənqidi məqalələrində isə V. Belinskinin təsiri müşahidə olunur”.
Aida xanım “Qələmlər
birliyi və Mixail Nuaymə”, “Yeni ərəb ədəbiyyatı
korifeyləri” və “Cübran Xəlil Cübran” adlı əsərlərində
bu müqayisəli elmi tədqiqatı ortaya qoymuş, dünya
tədqiqatçıları arasında ərəb məhcər
ədəbiyyatının yüksək səviyyədə
araşdırılmasına öncüllük etmişdir.
Mixail Nuaymə nümunəsində
A. İmanquliyevanın apardığı müqayisəli ədəbiyyat
tədqiqatından, xüsusilə də Mixail Nuaymənin
ədəbi irsinin rus
ədəbiyyatı ilə müqayisəli şəkildə
tədqiq olunmasından konkret misallar çərçivəsində bəhs
etmək daha məqsədəuyğundur.
Erkən yaşlarından rus ədəbiyyatı və mədəniyyəti ilə yaxından təmasda olan Nuaymə bu ədəbiyyatın öncülləri sayılan Tolstoy, Dostoyevski, Turgenyev, Belinski, Çexov, Puşkin, Qoqol və başqa görkəmli ədiblərə olan heyranlığını hər zaman özü açıq bir şəkildə dilə gətirib. Nuaymə yaradıcılığında rus ədəbi irsinin təsiri özünü iki istiqamətdə göstərir: birincisi, ədəbiyyatda reformist fikirlərin səslənməsi və ədəbiyyatın ictimai rolunun olması, ikincisi isə, bu ədəbiyyatda daha çox, din, kilsə, varlıq mövzularında Nuaymənin fikir dünyasının bəhrələndiyi yazıçıların mövcudluğu.
Ədəbiyyatda yenilik tərəfdarı olan Nuaymənin əsərlərində rus klassiklərinin təsir dairəsini müəyyən edən A. İmanquliyeva konkret misallar əsasında müqayisəli ədəbi çalışma aparıb. Məşhur rus tənqidçisi Belinskinin ədəbi-tənqidi görüşlərinin M. Nuaymənin ədəbi-tənqidi estetikasının formalaşmasındakı rolundan bəhs edən A. İmanquliyeva məhz bunun sayəsində Nuaymənin klassik ərəb tənqidi düşüncə tərzinin xaricinə çıxaraq, ədəbiyyatın əsas vəzifəsinin nədən ibarət olduğuna açıqlıq gətirdiyini ifadə edir. Belinski kimi Nuaymənin də ədəbiyyatın mühüm sahəsi olan teatr əsərlərinin cəmiyyətin doğru istiqamətdə addım atmasında, teatr səhnəsi vasitəsilə həqiqətlərin olduğu kimi birbaşa tamaşaçıya təqdim olunmasının əhəmiyyətindən bəhs edərək, bu iki görkəmli ədib arasında paralellər aparan Aida xanım Nuaymənin ərəb cəmiyyəti içərisindəki tərbiyəvi və reformist rolunun Belinskinin rus cəmiyyəti içərisindəki rolundan az olmadığını vurğulayır.
M. Nuaymənin hekayə
müəllifi kimi formalaşmasında da rus ədiblərinin böyük rolu olmuşdur. Çexov və
Turgenyev ilə Nuaymə arasında
müqayisələr aparan A. İmanquliyeva xüsusən də ikincisinin Nuaymə üzərindəki təsirini
ön plana çəkir.
Hətta Nuaymənin “əl-Əba vəl-bənun”
(“Atalar və oğullar”)
adlı dram əsərinin Turgenyevin
eyniadlı əsəri ilə bənzərlik təşkil etdiyini və bunun, sadəcə,
ad oxşarlığı deyil,
eyni zamanda əsərin
süjetinin, qəhrəmanların rus yazıçısının əsəri
ilə bənzərlik təşkil etdiyini
xüsusi qeyd edən Aida xanım iki əsər
arasında müqayisə apararaq, dolğun təhlillərə yer
verir.
M. Nuaymənin ədəbi
şəxsiyyətinin, xüsusən onun din, kilsə, varlıq kimi
mövzularda dünyagörüşünün
formalaşmasında, şübhəsiz ki,
rus ədibi və mütəfəkkiri Tolstoyun rolu böyük olub. Erkən yaşlarından etibarən Tolstoyun
əsərlərini mütaliə edən Nuaymənin ədəbiyyatda
dini motivli
mövzuların işlənməsində ondan
ilhamlandığını qeyd edən A. İmanquliyeva Nuaymənin kilsəyə və din adamlarına qarşı mövqeyinin
dəyişməsində bu görkəmli
rus ədibinin böyük
rolu olduğunu
vurğulayır.
Görkəmli ərəbşünas
alim məhcər ədəbiyyatçılarını
rus ədəbiyyatçıları ilə
müqayisə etməklə kifayətlənmir. O, eyni zamanda amerikan
yazıçılarının, xüsusilə, amerikan transsendentalistlərinin öncülü
olan Emersonun məhcər
ədəbi quruluşunun nümayəndələri
üzərindəki təsirlərindən bəhs edir. Xüsusən də, Nuaymənin
fəaliyyətinin üçüncü
mərhələsində ədəbi
yaradıcılığını transsendentalizmin
təməl prinsipləri üzərinə bina
etdiyini, bundan
sonrakı yaradıcılıq fəaliyyətində daha çox varlıq,
varlığın mahiyyəti, ölüm
kimi fəlsəfi mövzulardan bəhs
edən əsərlər qələmə
aldığını vurğulayır. Həqiqəti
dərketmədə rasional ağıldan daha çox, intuisiya yolu ilə qəlbi
ön plana çəkən
amerikan transsendentalistlərinin
dünyagörüşləri ilə Nuaymənin bu çərçivədəki
düşüncə forması arasında yaxınlıq var. Əslində bu
düşüncə tərzi, sadəcə, amerikan
transsendentalistlərində mövcud deyil. Bunu qədim hind inanclarında, müxtəlif mistik cərəyanlarda və müsəlman sufi ənənəsində də görmək
mümkündür. Bu kimi
reallıqları ön plana
çəkən A. İmanquliyeva çoxçeşidli mədəniyyət
qaynaqlarından bəhrələnməsi ilə müasir ərəb ədəbiyyatında iz qoyan Nuaymənin ədəbi
yaradıcılığının fərqli mədəniyyətlərlə
olan əlaqəsini üzə
çıxarmışdır.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, ərəb ədəbi tənqidçiləri müasir ərəb ədəbiyyatında ilk novella nümunəsinin Misir yazıçısı Məhəmməd Teymurun 1917-ci ildə qələmə aldığı “Fil-qitar” (“Qatarda”) adlı hekayəsinin olduğunu söyləyirlər. Ancaq A. İmanquliyeva bu mövzuda da ərəb ədəbiyyatçılarından bir addım önə çıxaraq, müqayisəli ədəbiyyat prizmasından yanaşmaqla adını qeyd etdiyimiz müəllifin novellasını M. Nuaymənin hələ 1914-1915-ci illərdə qələmə aldığı “Sənətuhəl-cədidə” (“Onun təzə ili”) və “əl-Aqir” (“Qısır”) adlı hekayələri ilə müqayisə edir. Nuaymənin hekayələrindəki süjet xəttinin Məhəmməd Teymurun hekayəsi ilə müqayisədə daha uğurlu olduğunu qeyd edir. Eyni zamanda Aida xanımın ifadəsi ilə desək, “M. Teymur hekayəsində qəhrəmanlarının zahiri görünüşlərini təhlil etməklə kifayətləndiyi halda, Nuaymə qəhrəmanlarının daxili aləmlərinə də nüfuz etməyi bacarmış, onların psixoloji vəziyyətlərini də oxucuya məharətlə çatdıra bilmişdir”. Nəticə etibarilə, Nuaymənin adlarını qeyd etdiyimiz iki əsərinin müasir ərəb ədəbiyyatında novella janrının ilk nümunəsi olaraq qəbul oluna biləcəyini müqayisəli şəkildə üzə çıxaran A. İmanquliyeva bir çox ərəb ədəbiyyatçısı ilə müqayisədə fərqli yanaşma nümayiş etdirmişdir.
A. İmanquliyevanın müqayisəli elmi araşdırmalarından göründüyü kimi, o, sadəcə, tanınmış ərəbşünas kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi cərəyanların dərin bilicisi olaraq, elm dünyasında öz dəst-xəttini qoymuş bir alimdir. Bu gün görkəmli alim öz həmkarlarının, tələbələrinin arasında olmasa da, onun ərsəyə gətirdiyi elmi əsərləri və yetişdirdiyi tələbələri alimin xatirəsini əziz tutur, açdığı elmi cığırla gedən tədqiqatçılar onun yolunu davam etdirirlər. Əslində bu gün qloballaşan dünyamızda Şərqlə Qərb - bu iki fərqli dünya arasında ortaq dəyərlər axtarıb-tapmağa çalışan hər bir tədqiqatçı üçün ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığı, eləcə də bu yaradıcılığın tədqiqinə bir ömür həsr edən A. İmanquliyevanın əsərləri qiymətli mənbə kimi öz dəyərini hər zaman qoruyub saxlamışdır.
Dr. Mahir Həmidov
Zaman. - 2014.-
2 oktyabr.- S. 14.