Vətəndaş cəmiyyətinin formalaşmasında ədalət prinsipi

 

Əvvəli ötən sayımızda...

 

Həqiqətdən xəbərsizlər özünü müsəlman adlandıran ölkələrin bir çox baxımdan Qərb ölkələrindən geri qalmasını dinimizlə əlaqələndirirlər. Amma tam səmimiyyətlə və məsuliyyətlə elan edirəm ki, özünü müsəlman adlandıran ölkələrin geri qalmalarının ilkin səbəbi dinimizdən uzaq düşmələridir. Dinimizin təməlində, mahiyyətində dinamika var, inkişaf var, ədalət var, yardımlaşma var, insana dəyər vermək, onu sevmək var, sadəlik, səmimiyyət var, təşəbbüs var, tərəqqi var... Və bütün bunların yanında da ədalət var. Ədalət olmayan yerdə yaxşı heç bir şey yoxdur. Böyük bir alimin söylədiyi kimi, İslam aləmi səkkiz əsr əvvəl ədaləti ilə birlikdə inkişafını da itirib, rifahını da, səmimiyyatini də. Halbuki, ədalətin inkişaf üçün nə qədər mühüm faktor olduğu dəfələrlə isbat olunub. Hələ İslamın ilk əsrinin sonlarında istəmədiyi halda xilafət başına gətirilən və fəaliyyətə başladığı ilk gündən ədalət və tərəqqi prinsipini əsas götürən Ömər ibn Əbdüləzizin qısa müddətdə həyata keçirdiyi islahatlar nəticəsində insanların həyat standartları sürətlə yeniləndi və bir ilə əvvəl əl açıb yardım diləyənlər fitrə, zəkat vermək həvəsinə düşdülər. Torpaq islahatı, vergi islahatı, torpaqbasdı, bügünkü ifadə ilə söyləsək, gömrük islahatları həyata keçirildi və dövlət xəzinəsi az zaman ərzində dəfələrlə zəngin hala gəldi. Gəlirin vətəndaşlar arasında ədalətli bölgüsü isə xalqda bir tərəfdən rəhbərə inam, güvən duyğusunu yüksəltdi, bir tərəfdən də təşəbbüskarlığı artırdı, xalq ictimai həyatda daha fəal iştirak eləməyə başladı. Xəlifə Ömər ibn Əbdüləziz öz qapılarını hər kəsin üzünə açıq saxladı, bütün səmərəli təklifləri dəyərləndirdi, idarəçilikdə alimlərin zəkasından istifadə etdi, özü də bütün imtiyazlardan imtina elədi, ən kasıb, ən ucqar kənddə yaşayan insanlar kimi ömür sürdü. Xilafəti cəmisi otuz ay sürdü, amma bu müddət ərzində o qədər möhtəşəm işlər gördü, elə böyük layihələrə imza atdı ki, adı qızıl hərflərlə tarixə və insanların qəlbinə həkk olundu. O, gördüyü bütün işlərdə, Quranı və Sevimli Peyğəmbərimizin (s.ə.s.) tətbiqatını əsas götürürdü və bildirirdi ki, bu yolda olan cəmiyyətlər və fərdlər heç zaman zərər görməzlər. Bu gün Türkiyə Böyük Millət Məclisinin divarına yazılmış “Ədalət mülkün təməlidir” şüarı əslində çox böyük və mühüm həqiqətlərə işıq tutur. İslam əxlaqında ədalət hər işin Allahın əmrlərinə, istəklərinə uyğun həll edilməsidir. Bu məqamda əsrlara işıq tutan daha bir möhtəşəm hadisəni xatırlamaq yerinə düşərdi: Bir döyüşdə Həzrət Əli (ə.s.) kafir düşməni yerə sərir və öldürmək istəyəndə kafir onun üzünə tüpürür. Həzrət Əli əl saxlayır. Düşmənindən mərhəmət gözləməyən kafir: “Mənə yazığın gəldimi, sənin mərhəmətinə ehtiyacım yoxdur”, - deyə səsini qaldırdı. Həzrət Əlidən öz işini tamamlamasını istədi. Həzrət Əli onun əlindən tutub qaldırmaq istəyəndə kafir: “öldür dəə, niyə məni öldürmürsən?”- deyərək israrını davam etdirəndə eşitdiyi cavab özünü də, min il sonra gələcək bütün vicdan əhlini də heyrətə düşürdü: “Bir az öncə mən səni Allahın düşməni olduğun üçün öldürəcəkdim. Sən üzümə tüpürüncə içimdə bir qəzəb kükrədiyini hiss elədim və əl saxladım. Çünki o halımla səni öldürsəydim, əvvəlki niyyətimə qəzəbimin də qarışacağından qorxdum. Mən öz düşmənlərimlə deyil, Allaha düşmən olanlarla savaşmaq üçün buradayam.” Düşmən də olsa, kafir də olsa adamın könlü varmış, könlünün bir küncündə vicdan adlı bir güc gizlənibmiş, bu möhtəşəm ədalət qarşısında təslim olur və kəlmeyi-şəhadət gətirib müsəlman olur.

 

Təkcə bu nümunədə deyil, yüzlərlə bu cür hadisələrdə bir həqiqət diqqəti çəkir ki, könlünü İslama vermişlər ədalət anlayışını ilk növbədə özlərindən başlayıblar, yəni hər işdə əvvəlcə özlərini, sonra başqalarını sorğulamağı üstün tutublar. Bu gün dünya siyasətinin ən böyük uğuru hesab olunan Qərb demokratik idarə üsulu ilk növbədə cəmiyyəti hədəf götürür, yəni qanunların mümkün qədər ədalətli olması prinsipinə əsaslanır. Bu məsələ İslam dünyagörüşü ilə uyğunluq təşkil edir, amma ortada mühüm bir fərq var. Belə ki, İslam dünyagörüşü fərdlərdən topluma doğru uzanırsa, Qərb demokratiyasında toplumdan fərdlərə doğru yönəlmə müşahidə olunur. İslam sevgidə belə ədalətli davranmağı, hər kəsi layiq olduğu qədər sevməyi, hər kəslə lazım olan məsafədə dayana bilməyi əsas tutur, bu cür sağlam, sarsılmaz fərdlərdən formalaşan cəmiyyətin meydana gəlməsini istəyir, Qərb dünyagörüşündə isə ədalət hissini bir örtü kimi cəmiyyətin üzərinə sərmək və hər kəsi o örtünün altında birləşdirmək meyli hakimdir. Təsəvvür edin ki, bu gün ABŞ- amerikalı olmaq düşüncəsi çoxları üçün hansı dinə mənsub, hansı xalqın nümayəndəsi olmaq düşüncəsindən daha üstündür. Niyə? - Çünki cəmiyyəti idarə edən qanunlar artıq mənəvi dəyərlər halına çevrilməkdədir. Təbii ki, bunun müsbət və mənfi tərəfləri var. Məsələn, amerikalı olmaqla qürur duyan birisi özünü təkcə evinə deyil, bütün ölkəyə məsul bilir, dövlətini deyil, dəyərlərini qorumaq üçün hər cür mübarizəyə hazırdır. Cəmiyyət həyatında İslam insan indekslidir, Qərb dünyagörüşü isə qanun indeksli.

 

İctimai idarəetmədə İslamın ən mühüm şərtlərindən biri də əmanətin layiq olana verilməsidir, yəni hər bir məqama, vəzifəyə ən xeyirli ola bilən kimdirsə, onu da gətirmək lazımdır. Əslində bütün məsələlərdə əmanəti layiq olana təslim etmək Allahın əmridir. İdarəetmədə isə bu məsələ daha aktual, daha mühüm xarakter daşıyır. Çünki idarəçi işinin ustası olmazsa, ən gözəl qanunları belə ən bərbad hala gətirə bilər. Ona görə də İslam bu məsələnin üzərində xüsusi olaraq durur. Sevimli Peyğəmbərimizin (s.ə.s.) həyatında bu prinsipin ən gözəl örnəklərini görmək mümkündür. O, bəzən ordunun başına gənc, ancaq çox istedadlı, döyüşü layiqincə idarə edə biləcək döyüşçü təyin edirdi. Yaxud da gənc bir səhabəni hansısa vilayətə vali təyin edirdi. Bəziləri ilk günlər bu təyinatları bir qədər təəccüblə qarşılasalar da az müddət sonra Rəsulullahın (s.ə.s.) nə qədər doğru qərar verdiyini təsdiq etmişlər. Adama görə iş deyil, işə görə adam seçmək bu məsələdə ən mühüm faktor sayılır. Bu gün müsəlman adlanan ölkələrin ən ciddi problemlərindən biri də elə bu məsələdir. İslam məntiqinə görə, hər hansı vəzifə, məqam ilk növbədə xidmət yeridir, cəmiyyətə faydalı olmaq, axirətini qazanmaq üçün imkandır. Bu məntiqi qavramayanlar isə vəzifəyə üstünlük imkanı kimi baxırlar, o vəzifənin bütün səlahiyyətlərini öz yararına çevirərək dünya həyatını süsləmək üçün bir vasitə kimi istifadə edirlər. Rüşvətlə vəzifə satmaq, vəzifə almaq, zor yolu isə vəzifə qəsb etmək o vəzifənin təsir dairəsində olan bütün insanlara qarşı zülmdür və bunun hesabı mütləq çəkiləcək. Doğrudur, bu gün əksər sivil ölkələrdə, o cümlədən bizdə hansısa vəzifəyə adam götürmək üçün xüsusi imtahanlar keçirilir, test yoxlamaları aparılır, bütün bunları təqdir etmək lazımdır, amma ən mühümü əxlaq testidir ki, bunu da yalnız Allahı (c.c.) başının üstündə görənlər ən gözəl şəkildə yerinə yetirə bilərlər.

 

İctimaiyyətin rəyi ən azı ona görə mühümdür ki, xalq idarəetmədə öz səviyyəsini, ağlını, iradəsini, seçimini ortaya qoymuş olur. Hər işdə olduğu kimi, bu məsələdə də tək və heç zaman sarsılmayacaq örnəyimiz Rəsulullahdır (s.ə.s.). Uhud savaşından əvvəl düşməni harada və necə qarşılamaq məsələsinin müzakirəsi zamanı Rəsulullahın təklifi azlıqda qalır və qarşı tərəfin sözü keçir. Səhabələr sonradan öz fikirlərindən daşınmaq istəsələr də sevimli Peyğəmbərimiz çoxluğun fikrinin keçərli olduğunu bildirir və qəbul olunmuş qərar qüvvədə qalır. İslamın ən mühüm prinsiplərindən biri də insana dəyər vermək, onun rəyini, iradəsini və məsuliyyətini ön planda tutmaqdır. Xalqın rəyi mühümdür. İslam məntiqinə görə, əslində hər kəs öz gələcəyini, aqibətini seçir. Bu mövzuda nə qədər qüsurlu olduğu iddia edilsə də hələlik ən böyük uğur seçki qutularıdır. Yəni xalq hansısa məsələdə öz iradəsini ortaya qoyur, gələcəyini seçir.

 

Söhbətimizin sonunda bir daha o fikrə qayıtmağı lazım bilirik ki, cəmiyyətin idarəsində İslamın 3 təməl şərti var: Ədalət, əmanətin layiq olana verilməsi və toplumun rəyi. Nə qədər ağır da olsa bu həqiqəti də etiraf edək ki, müsəlman olduğu deyilən ölkələr bu mövzuda çox geridə qalırlar, bu da dinimizin deyil, şəxslərin qüsurudur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əli Çərkəzoğlu 

Zaman.-2014.-24 oktyabr.-s.7.