Alimin alimliyi gərək
əmələ çevrilə
ELVIN
ƏLIYEV,
Dilçi olmağım bir tale məsələsidir. Jurnalist olmaq
istəyirdim. Şagird ikən qəzetlərdə
məqalələrim də çap olunmuşdu. Mən universitetə sənədlərimi jurnalistika
ixtisasına vermişdim. Həmin ixtisasa qəbul olmaq
üçün isə ikiillik iş stajı tələb
olunurdu. Bu səbəbdən də
seçdiyim ixtisasa qəbul ola bilmədim.
Sonra sənədlərimi hüquq fakültəsinə versəm
də ora da
götürmədilər. Yenə də ikiillik iş stajı
lazım idi. Bircə filologiyaya qəbul olmaq üçün
iş stajı tələb olunmurdu. Ona görə
də sənədlərimi həmin ixtisasa verib qəbul oldum.
Yəni burada xüsusi bir istəyim olmayıb.
Onsuz da başqa yolum yox idi. Daha
sonra nəticə etibarilə düşündüm ki,
filologiya jurnalistikaya yaxın ixtisasdır. İxtisasca
dilçi oldum. Universiteti bitirdikdən
sonra aspiranturada ancaq dilçiliyə yer oldu. Yəni tale məni istər-istəməz dilçi
elədi. Düşünürəm ki,
aspiranturada ədəbiyyatşünaslıq ixtisasına yer
olsa idi, orada da eyni uğur qazana bilərdim. Amma mənim üçün filologiya
bütövdür.
Millət olaraq ən böyük sərvətimiz olan
dilimiz hər bir azərbaycanlı üçün əziz və
müqəddəsdir. Bizlər arasında elə şəxslər
də vardır ki, həyatlarını, elmi və ictimai fəaliyyətlərini
dilimizi öyrənmək, öyrətmək və qorumağa
həsr ediblər. Belə ziyalılarımızdan biri də
həm ictimai fəaliyyətləri, həm də elmi
yaradıcılığı etibarilə məhsuldar olan millət
vəkili, professor Nizami Cəfərovdur.
- Nizami müəllim, həm elm, həm
də ictimai-siyasi xadimsiniz? Hər iki işi bir
arada görmək sizin üçün çətin olmur?
- Məşhur
bir söz var: “Hər şeyin elmi var”. Yəni nə
işlə məşğul olursansa ol, onun elmini,
üsullarını mənimsəməlisən. İctimai fəaliyyət də elə bir şeydir
ki, gərək onun da elmini biləsən. Bunu
da nəzərə almaq lazımdır ki, mənim məşğul
olduğum elm də ictimai sahədir. Humanitar
elm sahələri ilə məşğul olanların
çoxu ictimai fəaliyyətlə də məşğul
olmağa cəhd edirlər. İkinci tərəfdən
də hansısa bir elm adamı ancaq nəzəri mülahizələr
söyləməklə kifayətlənirsə, ona “alimi-bi-əməl”
(əməli olmayan alim) deyirlər. Hər
halda, o da yaxşı qəbul olunmur. Alimin
alimliyi gərək əmələ çevrilə.
-Dilçi olmaq öz istəyiniz
olub?
-Dilçi
olmağım bir tale məsələsidir. Jurnalist
olmaq istəyirdim. Şagird ikən qəzetlərdə
məqalələrim də çap olunmuşdu. Mən
universitetə sənədlərimi jurnalistika ixtisasına vermişdim. Həmin ixtisasa qəbul
olmaq üçün isə ikiillik iş stajı tələb
olunurdu. Bu səbəbdən də
seçdiyim ixtisasa qəbul ola bilmədim.
Sonra sənədlərimi hüquq fakültəsinə
versəm də ora da götürmədilər. Yenə də
ikiillik iş stajı lazım idi. Bircə filologiyaya qəbul
olmaq üçün iş stajı tələb olunmurdu. Ona görə də sənədlərimi həmin
ixtisasa verib qəbul oldum. Yəni burada
xüsusi bir istəyim olmayıb. Onsuzda
başqa yolum yox idi. Daha sonra nəticə
etibarilə düşündüm ki, filologiya jurnalistikaya
yaxın ixtisasdır. İxtisasca
dilçi oldum. Universiteti bitirdikdən
sonra aspiranturada ancaq dilçiliyə yer oldu. Yəni tale məni istər-istəməz dilçi
elədi. Düşünürəm ki,
aspiranturada ədəbiyyatşünaslıq ixtisasına yer
olsa idi, orada da eyni uğuru qazana bilərdim. Amma mənim üçün filologiya
bütövdür.
- Yaxşı dilçi hansı
istedada sahib olmalıdır?
- Ana
dilini gözəl bilməlidir. Onu
duymağı, hiss etməyi bacarmalıdır. Mən elə dilçi tanıyıram ki, kifayət
qədər məşhurdur. Amma ana dilini hiss etmir. Yəni tədqiq etdiyi dili yaxşı duymur. Həmçinin insanda ciddi intellekt olmalıdır.
Nə qədər istedadlı olsan da, gərək
məşğul olduğun elmi öyrənəsən. Məsələn, Ferdinand de Sössürü oxuyub
dərk etməyəni dilçi hesab etmirəm. Dilçilik elmi ilə məşğul olan kəs gərək
normativ dilçiliyi yaxşı bilsin.
- Tofiq Hacıyev tədbirlərdə
çıxışında bildiklərinin hamısını
sizə öyrətdiyini, sizin nitqinizdən sonra ona söz
qalmadığını deyir. Bununla
bağlı nə deyə bilərsiniz?
- Akademik Tofiq Hacıyev çox səmimi insandır. Mənim həm
diplom, həm namizədlik dissertasiyamın rəhbəri, həm
də doktorluq dissertasiyamda məsləhətçim olub.
Mənim az-çox dilçi kimi yetişməyimdə
ən çox əməyi olan adamdır. Tofiq
müəllimin alim kimi intellekti, həm də şəxsiyyəti
çox yüksəkdir. Onun mənə
çoxlu müsbət cəhətləri ilə
yanaşı, bir zəif cəhəti də keçib. Belə ki, ikimiz də, elə çox xarici dil
bilmirik. Amma maraqlıdır ki, o, müxtəlif
dillərin ruhunu hiss edən adamdır. Düşünürəm
ki, həmin xüsusiyyət məndə də var. Mən
sonrakı nəsiləm. Əslində mən
gərək bu baxımdan irəli gedəydim. Amma o qədər də irəli getmədim. Yəni o dilləri yaxşı öyrənmədim.
Amma öyrənə bilərdim. Həm də o vaxt bu cür praktika yox idi. İndi ingilis dilini öyrənməmək, sadəcə,
istedadsızlığın əlamətidir.
- Tofiq müəllimlə tez-tezmi
görüşürsünüz?
- Əvvəl daha çox görüşərdik. İndi isə
az-az görüşürük. Amma mətbuatda
dərc olunan məqalələrimizi qarşılıqlı
olaraq izləyirik. Aramızda virtual fikir
mübadiləsi də gedir. İndi də
Tofiq müəllimin işlərimlə bağlı söylədiyi
hər bir müsbət söz məni həvəsləndirir.
Hər bir tənqidi qeyd isə məni
düşünməyə məcbur edir.
-Vətəndaşlarımızın
dilə münasibəti sizi qane edirmi?
- Azərbaycan
gəncliyi ana dilinə xüsusi məhəbbəti olan gənclikdir.
Kiminsə ana dilinə laqeyd münasibət
göstərməsi çox nadir hallarda müşahidə
olunur. Belə insanlar cəmiyyət tərəfindən
qınanır. Bunun özü çox
mühüm cəhətdir. Cəmiyyətimizdə
Azərbaycan dilinə maraq çoxdur. Çünki
dilimizin cəmiyyətdə çox böyük nüfuzu var.
Bunu da müstəqilliyimizin ilk illərindən etibarən ümummilli liderimiz Heydər
Əliyev formalaşdırdı. Dövlət
dilimiz siyasi baxımdan dövlət sənədləri ilə
müdafiə olunub, inkişaf etdirilməsi ilə
yanaşı, ictimai şüurun özündə də
dilimizə böyük məhəbbət var.
-Dilçiliyin inkişafı ilə
bağlı 2013-cü ildə Dövlət Proqramı qəbul
olunub. Bu müddət ərzində görülən
işləri necə qiymətləndirirsiniz?
- Bu proqramın
hazırlanmasında dilçilərin əksəriyyəti, o
cümlədən də, mən iştirak etdim. Sözügedən Dövlət Proqramı görkəmli
dilçi akademik Kamal Abdullanın rəhbərliyi ilə
hazırlandı. Elə bilirəm ki,
dilimizin inkişafı üçün böyük işlər
görülür. “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”
çərçivəsində Terminologiya Komitəsi
yaradılıb. Eyni zamanda proqramda nəzərdə
tutulub ki, universitetlərdə bütün ixtisaslar üzrə
nitq mədəniyyəti dərsi keçilsin.
Çünki ixtisasından asılı olmayaraq, hər kəsin nitqindən
çox şey asılıdır. Nitq mədəniyyətdir.
Yəni bu gün Azərbaycanda mədəniyyət
sürətlə inkişaf edirsə, nitq mədəniyyəti
onun üzvi tərkib hissələrindən biridir.
- İstər orfoqrafiya, istərsə
də izahlı lüğətdə müəyyən problemlər
var. Sizin bu barədə fikirlərinizi
öyrənmək maraqlı olardı?
- Bizdə
orfoqrafiya qaydaları xeyli təkmilləşib. Onu da nəzərə
alaq ki, biz ərəb əlifbasından latına,
latın əlifbasından kirilə, kiril əlifbasından da
yenidən latın əlifbasına keçmişik. Əlifba dəyişiklikləri
hər dəfə tələb edib ki, orfoqrafiya qaydalarına
yenidən baxılsın. 50-70-ci illərdə bizim
orfoqrafiyamızda istisnalar, demək olar ki, yox idi. Amma sonrakı illərdə, xüsusilə də
müstəqillik dövründə mətbuatda
orfoqrafiyamıza qarşı bir laqeydlik formalaşdı.
O vaxt indiki kimi xüsusi akademik nəzarət olmadı. Odur ki, sözlərin yazılışında bizim
vaxtilə qəbul edə bilməyəcəyimiz prinsipsizliyi,
necə gəldi psixologiyasını qəbul etməyə
başladıq. Qeyd edim ki, bu, çox ciddi
sosial-psixoloji hadisədir. Bu belə də
olmalı idi. İstər-istəməz
demokratik təfəkkür orfoqrafiya qaydalarına müdaxilə
etdi. Ortaya çoxlu variantlar
çıxdı. Prinsip pozuldu. İndi bəzi məsələlər
aydındır, bəzi məsələlər isə
mübahisəlidir. Düşünürəm
ki, bunları yoluna qoymaq üçün dilçi alimlərin
iştirakı ilə dəqiq prinsiplər müəyyənləşdirilib,
normaya çevrilməlidir. Müşahidələr
göstərdi ki, bunu təbii şəkildə gedən
proseslər qaydaya sala bilmir. Çünki
bəzi sözlərin zatında mübahisəlik var.
Dilçilikdə belə bir ifadə var “şərtilik də
prinsipdir”. Dilçilərimiz mübahisəli
məsələləri birlikdə həll etməlidirlər.
Burada ən böyük problem budur ki, orfoqrafiya lüğətlərimizin
hazırlanmasını
çox vaxt dilçilik institutu, ya da onun
hansısa bir şöbəsi üzərinə
götürür. Beləliklə də,
orfoqrafiya lüğətimiz kabinetdə hazırlanır.
Yəni müxtəlif mülahizələr,
müzakirələr nəzərə alınmır. Belə olmaz. Bunun bütün məsuliyyətinin
təkcə dilçilik institutunun üzərində
olması qəbulolunmazdır. Adıçəkilən
lüğət hazırlanarkən gərək geniş
müzakirələrin, ağıllı mülahizələrin
nəticələri nəzərə alınsın. Amma yenə də lüğəti Dilçilik
İnstitutu tərtib etsin. Yenə elmi
redaktor da ordan olsun. Bunun prinsipial əhəmiyyəti
yoxdur. Digər ən böyük problemimiz
də orfoqrafiya lüğətlərinin ardıcıl olaraq
çap olunmamasıdır. Buna ehtiyac var.
Mən demirəm, ildə bir dəfə çap olunsun. Amma 2-3 ildən bir onun daha da təkmilləşməsinə
və çap olunmasına ehtiyac var. 60-70-ci illərdə
çap olunan son mükəmməl orfoqrafiya lüğətimizdə
80 minə qədər söz olub. Bu
gün isə Azərbaycan dilində 100 mindən artıq
söz var. Görün artım necə sürətli gedir.
Həmçinin hər il yeni sözlərin
orfoqrafiya lüğəti çap olunmalıdır. Bir ildən çox dilimizə daxil olub işlənən
sözlərin bir növ pasportu müəyyən edilməlidir.
Təbii ki, izahlı lüğətdə də
sözlər orfoqrafiq lüğətdə
yazıldığı kimi qeyd olunmalıdır. Bizim üçün əsas orfoqrafiya lüğətidir.
Orfoqrafiya lüğəti dövlət sənədidir.
Onu da qeyd etmək yerinə düşər ki,
Dövlət Proqramında vaxtaşırı orfoqrafiya
lüğətinin hazırlanması nəzərdə tutulub.
- Dilimizə daxil olan sözlər mətbuatda
müxtəlif cür yazılır. Bu barədə
nə deyə bilərsiniz?
-O cür
eksperimentlər olacaq. Bizim mükəmməl
orfoqrafiya lüğətimiz hazırlansa da, yeni gələn
sözləri mətbuat müxtəlif üslubi çalarlarla
işlədəcək; müxtəlif formalarda təqdim edəcək.
Alınma istənilən sözlərin
yazılışında biz onun dilimiz üçün
orfoqrafiq standartını bilməliyik. Bizim
dil haqqında qanunumuz var. O qanun layihəsi müzakirə
olunanda da bu məsələ ortaya çıxdı. Aydın bir beynəlxalq standart var. Elə firma və
şirkət adları vardır ki, onlar həm də etiketdirlər.
Onun standartı var. Bu adları şirkətin
özü hazırlayıb, bütün dünyaya
ötürür. Ona görə də
bizim belə adları dəyişdirməyə haqqımız
yoxdur. Etiketləşmiş adlar
dünyanın hər yerində eyni cür yazılır.
Şəxs adlarına gəldikdə isə biz
necə tələffüz ediriksə, elə yazmalıyıq.
-Uzun müddətdir ki, türk
dünyasının ortaq dili məsələsi gündəmdədir.
Ortaq dil məsələsində türk
dünyası razılığa gəlibmi?
-Burada son
mənzərəni Türkdilli Dövlətlərin Parlament
Assambleyası ortaya çıxardı. Onun rəsmi
iclaslarının birində hansı dildə
danışacağımız müzakirə olundu. Sonda belə qərara gəlindi ki, hərə öz
dilində danışsın. Bütün
sənədlər 4 dildə-Azərbaycan, türk, qazax,
qırğız dilində hazırlandı. Dörd dildə sinxron tərcümə vardı.
Amma iş prosesində məlum olur ki, ortada faktiki olaraq iki dil
var: Azərbaycan və türk dili bir yerdədir, qazax və
qırğız dilləri isə bir yerdədir. Yəni qazax, qırğız danışanda biz tərcümə
aparatların qulağımıza taxırıq, türk
danışanda yox. Qazaxla qırğız
da bir-birilərini yaxşı başa düşürlər,
azərbaycanlı və türk danışanda tərcümə
aparatından istifadə edirlər. Bir
müddət qazax və qırğızı dinlədikdə,
hardasa, onları da anlamaq mümkündür. Amma müşahidələr göstərir ki, prinsip
etibarilə Türkiyə türkcəsi daha öndədir.
Onun əhali, siyasi, ideoloji, mətbuat, televiziya, təhsil və
s. baxımından potensialı daha güclüdür.
- Tərəflər necə,
Türkiyə türkcəsinin ortaq dil olmasını qəbul
edirlərmi?
- Müəyyən
tərəddüdlər var.
- Türkiyənin “TRT-Avaz” kanalı
ilə bizim “İTV” arasında telekörpülər olurdu. İndi onların bu fəaliyyətində
durğunluq müşahidə olunur. Bu nə
ilə bağlıdır?
- Mənə
belə gəlir ki, bu müvəqqəti durğunluqdur. Biz Türkdilli Dövlətlərin Parlament
Assambleyasında da bu məsələni qaldırmışıq.
Belə ki, türkdilli dövlətlərin birbaşa
arxasında durduğu və ortaq proqramlar hazırlayan televiziya
və radio şirkətlərinin
formalaşdırılmasına
ehtiyac var. “TRT-Avaz”la “İTV”nin layihəsinə gəldikdə
isə, bu, Türkiyə tərəfinin təşəbbüsü
idi Onun arxasında Türkiyə Respublikası dururdu. Bu olmalıdır və belə şeylərin
çox olması yaxşıdır.
- Türk dillərində bəzi
sözlər eyni cür səslənsə də, müxtəlif
mənaları ifadə edir. Bu problemin aradan
qaldırılması üçün ortaq türk dili
lüğətinin hazırlanmasına ehtiyac varmı?
- Var.
1990-cı illərdə Türk Dil Qurumu türk dillərin
böyük müqayisəli lüğətini nəşr eləmişdi.
Bu gün də o sahədə işlər gedir.
Amma Türk Dil Qurumunun fəaliyyəti xeyli zəifləyib.
Məlumat üçün onu da qeyd edim ki, Qazaxıstanın Astana şəhərində
türk dünyası səviyyəsində yeni Türk
Akademiyası təsis edilib. Həmin akademiya belə
lüğətlər hazırlamağa başlayıb.
- Ortaq türk dili məsələsinin
gündəmdə olduğu vaxtda yerli kanallarda yayımlanan
türk serial və filmlərinin Azərbaycan dilinə tərcümə
olunması nə qədər əhəmiyyətlidir?
- Mənim
fikrimcə, buna ehtiyac yox idi. Dövlətimizin
dil siyasətində də bu məsələ çox
aydın şəkildə göstərilmişdi və Azərbaycanda
bütün Türkiyə serialları Türkiyə türkcəsində
yayımlanırdı. Bu da bizim televiziya
kanallarını tənbəlləşdirdi. Nə zaman televiziyanı açırdıq, türk
serialları yayımlanırdı. Biz dövlət dili
haqqında qanunumuzda müəyyən məqamlara göz yuma bilərdik. Hətta özbəkcə,
türkməncə olan seriallar da öz dillərində
yayımlanardı. Bu bizim üçün birləşdirici
amil ola bilərdi və buna ehtiyac var. Amma
kütləvi şəkildə olması Azərbaycan dilinə
təzyiq demək idi. O zaman mən bu fikirdə idim ki,
heç də tamamilə
yığışdırılmasın. Sonradan
məlum oldu ki, bu da özünü doğrultmur.
İşin başqa bir tərəfi də odur ki, kim istəsə Azərbaycanda rahat şəkildə
türk kanallarına baxa bilər. Heç bir
çətinlik yoxdur.
-Dilimizin vətəndaşlara
öyrədilməsi işindən razısınızmı?
- Əsas prinsip oldur ki, bizdə orta təhsilin mütləq
əksəriyyəti ana dilindədir. Yəni rus, ingilis
dilində təhsil elə genişmiqyaslı deyil. Bu o deməkdir ki, Azərbaycan dilinin öyrədilməsində
ciddi problem yoxdur. Müxtəlif mübahisələrin
olmasına baxmayaraq, proqramlar, dərsliklər mükəmməldir. Bu sahədə müşahidə olunan problemlər
də sürətlə aradan qaldırılır.
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
kütləvi şəkildə latın əlifbası
ilə kitablar çap olundu. Bütün
kitabxanalar bu kitablarla təmin olundu.
- Türk dövlətlərinin
parlamentləri arasındakı münasibətlər sizi qane
edirmi?
- Bu münasibətlər bir neçə mərhələdən keçdi. Əvvəl türk xalqları arasında belə bir düşüncə hakim idi ki, biz qardaşıq, eyni millətik və s. Daha sonra müəyyən iqtisadi maraqlar səbəbilə türddilli dövlətlər arasında müəyyən siyasi anlaşılmazlıqlar, tərəddüdlər oldu. Beləliklə də, dövlətlər arasındakı isti münasibətlərin soyuma mərhələsi başladı. Amma yaxşı ki, o, çox çəkmədi. Bu gün artıq çox analitik, ağıllı, dərk olunmuş, qloballaşan dünyanın məcbur etdiyi şərtlər daxilində türk xalqları arasında çox dərin, dərk olunmuş bir anlaşma var. Hətta əgər türk dövlətlərinin başçıları arasında hər hansı bir anlaşılmazlıq olanda da xalqda bu olmur. Ona görə də bu münasibətləri daha çox diplomatiya yox, reflekslər idarə edir. Əlbəttə ki, bu bizim nailiyyətimizdir.
- Bəzi millət
vəkilləri sosial şəbəkələrdə çox
aktivdirlər. Sizin sosial şəbəkələrə münasibətiniz necədir?
- Mən sosial şəbəkələrlə o qədər də maraqlanmıram. Çünki sosial şəbəkələrdə dedi-qodu çox olur və hər adamın əli ora çatır. Mənim sosial şəbəkələrdə olmağa nə vaxtım var, nə də həvəsim. Lazım olan məlumatları isə daha çox mətbuatdan izləyirəm.
- Son olaraq öyrənmək
istərdik ki, hansı kitab üzərində işləyirsiniz?
-Hazırda çox məhsuldar
yazıçımız, millət vəkili Hüseynbala Mirələmovun
yaradıcılığı haqqında böyük bir
monoqrafiya yazmışam. Onu çapa hazırlayıram.
Zaman.-2014.-28 oktyabr.-S.6-7.