Lerikdə ilk dəfə uzunömürlülərin
yaradıcılıq festivalı keçirilib
Lerik rayonu uzunömürlülər
diyarıdır. Təsadüfi deyil ki, dünyanın ən unikal muzeylərindən olan Uzunömürlülər
muzeyi də məhz Lerikdə yerləşir. Azərbaycanın
ən uzunömürlü
sakini olan 168 il yaşamış
Şirəli Müslümov
da Lerikdəndir. Nəhayət, bu insanların
şərəfinə həsr
olunan çoxdan gözlənilən festifal
keçirildi.
Mədəniyyət
və Turizm Nazirliyinin
Lerik Rayon İcra Hakimiyyəti ilə birgə təşkil
etdiyi festival çərçivəsində
əvvəlcə Respublika Kulinariya
Mərkəzinin təşəbbüsü ilə plov yarışması oldu.
Plov yarışmasının sonunda qaliblərə
mükafatlar və fəxri fərmanlar təqdim
edildi. Festivalda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəz
Qarayevi, millət vəkillərini, Lerik rayon rəhbərliyini
və ictimaiyyət nümayəndələrini
uzunömürlülərdən ibarət folklor
qrupları maraqlı ifaları ilə qarşılayıblar. Sonra nazir
uzunömürlülərlə səmimi söhbətlər
aparıb, onların festival barədə xoş sözlərini dinləyib. Nazir və
digər qonaqlar Lerik rayonunda yaşamış uzunömürlülərin
foto sərgisi ilə tanış olub, rayonun tarixini,
etnoqrafiyasını özündə əks etdirən kitablara, əl işlərinə, musiqi alətlərinə və digər
yaradıcılıq nümunələrinə baxış
keçiriblər. Uzunömürlülər və
ictimaiyyət nümayəndələrinin iştirakı ilə
festival öz işinə
başlayıb. Festivalı açıq elan
edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov qonaqları və festival iştirakçılarını salamlayıb,
tədbirə uğurlar arzulayıb. Festivalda çıxış edən mədəniyyət
və turizm naziri
Əbülfəz Qarayev ölkəmizdəki
inkişafdan danışaraq deyib: “Bu gün
regionlarda abadlıq işləri
aparılır, yollar asfaltlanır, ucqar rayonlara, kəndlərə
qaz xətləri çəkilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə təşkil olunan
bu festival
respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl
insanların yaradıcılıq potensialının üzə
çıxarılması və
stimullaşdırılması, regionlararası mədəniyyət
mübadiləsinin gücləndirilməsi məqsədini
daşıyır”. Festifalda Astara, Lənkəran, Lerik, Yardımı, Masallı, Cəlilabad, Biləsuvar,
Salyan, Balakən və İsmayıllı
rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin biliciləri,
uzunömürlülərdən ibarət folklor
kollektivləri, paytaxtdan gəlmiş incəsənət
ustaları maraqlı konsert proqramı ilə
çıxış ediblər, tanınmış aktyorlar uzunömürlülər
qarşısında duzlu, məzəli səhnəciklər
göstəriblər.
MƏRDAN QURBANOV
Zaman. - 2014.- 10 sentyabr.- S. 6.