“Mingəçevir təhsili yenə də öndədir”

 

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova

 

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Şagirdlər, valideynlər yeni dərs ilinə hazırlaşırlar. Hər bir valideyn öz övladını imkanı daxilində dərs ləvazimatı ilə təmin etməyə çalışır. Mingəçevir şəhərində yeni təmirdən çıxan məktəblər öz şagirdlərini gözləyir. Lakin bu sevinci digər təmirsiz məktəblərin şagirdləri yaşaya bilməyəcəklər. Çünki Mingəçevirdə hələ təmirsiz məktəblər qalır. Zaman-zaman bu məktəblərdə təmir olunub şagirdlərin ixtiyarına veriləcək. Bu günlərdə Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova ilə görüşüb yeni dərs ilinə hazırlıqlar, görülən görüləcək işlərlə bağlı yeni məlumatlar aldıq. Raifə Mürşüdovanın sözlərindən məlum oldu ki, Mingəçevir təhsili həmişəki kimi, yenə yüksək keyfiyyəti ilə öndədir. Belə ki, bu ilki ali məktəblərə qəbul imtahanları zamanı mingəçevirli abituriyentlər yüksək nəticə göstəriblər. Bu il Mingəçevir məktəblərindən 809 nəfər məzun olub. Onlardan 675 nəfəri ali məktəblərə sənəd təqdim edib. Raifə müəllimənin sözlərinə görə, ali məktəblərə qəbul üçün sənəd verənlərdən 63 faizi ali məktəblərə qəbul olub: “Builki nəticəmiz ötən ilə nisbətən daha yüksək olub. Ümumiyyətlə, builki ali məktəblərə qəbul 50 faizdən yuxarı hesablanıb”.

Mingəçevir təhsilinin uğurları ötən il özünü biruzə verib. Ötən il iki məzunumuzun 700 bal toplaması bunun bariz nümunəsidir”,-deyən Raifə Mürşüdova yuksək nəticə göstərən məktəblərin sayının ilbəil artdığını dedi: “Uğurlarımızla yanaşı, nöqsanlarımız da var. Məsələn, şəhərimizdə fəaliyyət göstərən İnternat məktəbi dəfələrlə aşağı nəticə göstərib. Bununla yanaşı, digər məktəblərimizdə var idi ki, onlar da ürəkaçan nəticə göstərmirdilər. Amma həmin məktəblər bu il özlərini doğrultdular. Güman edirəm ki, İnternat məktəbinin rəhbəri   nəticə çıxararaq müsbətə doğru irəliləyişə nail olacaq, ümidləri doğruldacaq. Dövlətimizin təhsilə göstərdiyi qayğı hər kəsə yaxşı məlumdur. Ona görə biz təhsil işçiləri bu qayğını dəyərləndirməyi bacarmalıyıq”.

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova rekorda imza atan məktəbləri xüsusi vurğuladı: “10 saylı tam orta məktəb ötən il ali məktəblərə qəbul imtahanları zamanı rekord nəticə göstərib bu il . Bundan başqa, Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü Lisey, 14 saylı Texniki Humanitar Liseyin uğurları da sevindiricidir. Bu il Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü Liseydən 5 nəfər 600-dən yuxarı bal toplayıb. Onlardan bir nəfəri - Süleymanova Fəridə 682 bal toplayan ən yaxşı məzunumuzdur. Bu şagird həmçinin qızıl medala da layiq görülüb, il ərzində fənn olimpiadalarında da birinci olub. Bu tədris ilində çalışacağıq ki, uğurlarımızı daha da artıraq, yəni var qüvvəmizi səfərbər edəcəyik ki, bu göstəricilər aşağı düşməsin”.

Həmsöhbətimizin sözlərinə görə, bu il Mingəçevir Təhsil Şöbəsinə birinci sinifə yaşı çatmayan 237 uşağın valideyni müraciət edib. Xüsusi istedada malik, məktəbə yaşı çatmayan  uşaqlar üçün ayrılmış komissiya hələ sentyabr ayının 10-a qədər öz işini davam etdirəcək. Bununla bağlı məlumat verən müdir müavini bildirdi ki, burada da bir cox problemlərlə üzləşirlər: “Məktəb yaşı çatmayan uşaqlar üçün lazım olan amilləri bəzi valideynlər bilmirlər. Bəzisi elə deyir ki, mənim uşağım bu il birinci sinifə getməlidir. Belə uşaqlarda müqayisə, mühakimə, ümumiləşdirmə qabiliyyəti, bacarığı olmalıdır. Uşaq ətrafında baş verən hadisələrə münasibət bildirməyi bacarmalıdır, dınışıq nitqi, sadə hesablama bacarığı olmalıdır. Əgər valideyn uşağında bu kimi amilləri görmürsə, elə problemdə ondan başlayır. İnandırım sizi, belə valideynlərlə söhbət etmək çox problem yaradır. Hələlik birinci sinifə qəbulla bağlı kommisiyanın rəyi məlum olmadığına görə dəqiq rəqəm məlum deyil. Bu nəticə sentyabır ayının 10-dan sonra məlum olacaq”.

Müdir müavini şagirdlər üçün yeni dərsliklər alındığını, bütün uşaqların dərsliklərlə təmin olunacaqlarını söylədi.

Kəndlərlə yanaşı, böyük şəhərlərdə müəllim çatışmamazlığı var. Bəs Mingəçevirdə bu sahədə vəziyyət necədir?” sualımıza Raifə Mürşüdova belə cavab verdi: “Bizdə bu promlem yaşanır. Məktəblərimizdə fizika, kimya, riyaziyyat müəllimləri yetərincədir, amma, musiqi, rəsm, çoğrafiya, rus bölməsinə ibtidai sinif müəlliməsi çatışmamazlığı var. Bunun üçün vakant yerlər təqdim etmişik. Yeri gəlmişkən qeyd edim ki, ümumtəhsil məktəblərində 1690 pedoqoji işçi şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur. Birinci sinifə 1617 nəfər şagird qəbul edilib. Ondan 1519-u azərbaycan bölməsinə, 98-i isə rus bölməsinə ərizə veriblər”.

Hər bir müəllimin, təhsil işçisinin üzərinə düşən vəzifəyə gəlincə, həmsöhbətimiz: “Biz müəllimlər gələcəyimizə layiqli övladlar yetişdiririk. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabahımızı onlara həvalə edəndə narahat olmayaq. Eyni zamanda cəmiyyətimizə təhsillə yanaşı, layiqli vətəndaş yetişdirməliyik. Buna görə hər bir müəllimin, valideynin üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, biz bu məsuliyyətdən boyun qaçırmamalıyıq”,-dedi.

Qeyd edək ki, Mingəçevirdə iki məktəb əsaslı təmir olunub, 1, 7, 9 saylı məktəblərin isə dam örtükləri dəyişdirilir.

 

Esmira Hidayətova

 

Zaman. - 2014.- 9 sentyabr.- S. 6.