Vətəndaş cəmiyyətinin
ilkin fidanları (2)
Əvvəli ötən
sayımızda...
Dövlətin məqsədi əsasən
təhlükəsizliyi təmin
etməkdir. İnsanlar (təbiətən azadlığı və başqaları üzərində
ağalığı sevənlər)
özlərini buxova salarkən (gördüyümüz
kimi, dövlət daxilində yaşamaqla onlar buxova girmiş
olurlar) onların son məqsədi, yaxud niyyəti özlərini qorumaq və bu zaman daha
əlverişli həyat
qurmaq qayğısıdır.
Başqa sözlə desək, insanlar dövlət yaradarkən müharibənin fəlakətli
vəziyyətindən xilas
olmağa can atırlar
və bu müharibə vəziyyəti
onları qorxu içində və cəzalandırılmaq hədəsi
altında saxlayan, sazişləri yerinə yetirməyə və təbii qanunlara əməl etməyə məcbur edən real hakimiyyətin olmadığı
yerlərdə insanların
təbii ehtiraslarının
zəruri nəticəsidir.
Həqiqətən də təbii qanunlar (ədalət, qərəzsizlik,
təvazökarlıq, rəhmdillik
və ümumiyyətlə,
başqalarının bizimlə
necə davranmağını
istəyiriksə, onlarla
da o cür davranmaq) bizi onlara əməl etməyə məcbur edən hər hansı qüvvə qarşısında qorxudan
kənarda, özü-özlüyündə
bizi qərəzli münasibətə, lovğalığa,
qisas almağa və s. sürükləyən
təbii ehtiraslara ziddir. Əldə qılınc olmadıqca hər hansı bir saziş insanı qoruya bilməyəcək quruca sözlərdir. Bax, buna görə də təbii qanunların olmasına baxmayaraq (o qanunlar ki, insan onlara
istədikdə, özünə
heç bir təhlükə yaranmadıqda
əməl edir), hakimiyyət qurulmadıqda,
yaxud insanların təhlükəsizliyini təmin
etmək üçün
kifayət qədər
güclü dövlət
olmadıqda hər bir fərd öz
təhlükəsizliyini başqalarından
qorumaq üçün
öz fiziki gücündən və çevikliyindən istifadə
edəcəkdir, yaxud
o, tam qanuni şəkildə
bunlardan istifadə edə bilər...
Dövlətin mənşəyi, dövlətin
tərifi. İnsanları yadelli basqınlarından və qarşılıqlı
ədalətsizliklərdən qorumağa qadir olan və beləliklə,
onların öz əlinin zəhməti və torpağın bəhrəsiylə dolana biləcəyi və rahatlıqla yaşaya biləcəyi bu cür ümumi hakimiyyət yalnız bir yolla - məhz
bütün hakimiyyətin
və gücün bir adamın, yaxud səs çoxluğuyla bütün
vətəndaşların iradəsini
bir vahid iradə halında toplaya biləcək insan toplumunun əlində cəmləşdirilməsi
ilə qurula bilər.
Başqa cür desək, ümumi hakimiyyətin bərqərar
olması üçün,
insanların onların
nümayəndəsi ola
biləcək bir adamı, yaxud adamlar yığıncağını
təyin etmələri
gərəkdir; hər
bir insanın ümumi sülhü və təhlükəsizliyini
qorumaq məqsədilə
ümumi şəxsin
özünün etdiyi,
yaxud başqalarını
məcbur edəcəyi
bütün işlərə
münasibətdə özünü
köməkçi sayması
və buna görə özünü
məsul hesab etməsi gərəkdir; hər bir insanın
öz iradəsini və fikirlərini ümumi şəxsin iradəsinə və fikirlərinə tabe etməsi gərəkdir.
Bu, yekdillik
və həmrəylikdən
də çox şey deməkdir. Bu, saziş
vasitəsilə bir vahid şəxsdə təcəssüm tapmış
real vəhdətdir; hər
bir insan bu sazişi digəriylə elə tərzdə bağlamış
olur ki, sanki hər kəs digərinə demiş olur: bu adamı, yaxud bu yığıncağı
özümə vəkil
edirəm və özümün idarə etmək hüququmu ona verirəm, bir şərtlə ki, sən də
öz hüququnu bu qaydayla verəsən
və onun bütün hərəkətlərinə
icazə vermiş olasan. Əgər bu baş veribsə,
o zaman çoxlu insanın bu qaydayla bir şəxsdə
birləşməsi dövlət
(latınca - civitas) adlanır.
Ölməz Allahın dərgahı
altında öz dincliyimizə və müdafiəmizə görə
borclu olduğumuz ulu Leviafanın Allahın doğuluşu belə baş verir. Çünki dövlət daxilində hər bir ayrıca
insanın ona verdiyi səlahiyyətlər
sayəsində göstərilən
insan, yaxud insanlar yığıncağı
onda cəmlənmiş
elə böyük güc və hakimiyyət qazanır ki, onun doğurduğu
qorxu bu insanı, yaxud bu insanlar yığıncağını
bütün insanların
iradəsini daxili barışığa və
xarici düşmənlərin
əleyhinə qarşılıqlı
köməyə yönəltməyə
qadir edir.
Mahiyyəti belə
bir insandan, yaxud insanlar yığıncağından ibarət
olan dövlətin aşağıdakı tərifə
ehtiyacı vardır: dövlət elə bir vahid şəxsdir
ki, külli miqdarda insan qarşılıqlı müqavilə
yolu ilə onun hərəkətlərinə
görə özünü
məsul hesab edir və bu
şəxs onların
hamısının gücündən
və vəsaitindən
dinc yaşamaları və ümumi müdafiələri üçün
zəruri saydığı
kimi istifadə edə bilir.
Bu şəxsin daşıyıcısı Suveren
adlanır və onun barəsində deyirlər ki, o, ali hakimiyyət
sahibidir, başqa hər hansı şəxssə onun təbəəsidir...
Hobbsun “Sülh
qaydaları”
1. Sülhü axtarmaq və ona riayət
etmək gərəkdir.
Amma özünü də bütün mümkün vasitələrlə müdafiə
etməyə hazır
olmalısan.
2. Başqa adamların razılığı olarsa,
sülh və özünümüdafiənin maraqları üçün
zəruri ölçüdə
bütün şeylərə
olan hüquqdan imtina etmək, başqa adamlara münasibətdə adamların
özünə qarşı
münasibətdə yol
verdiyi qədər azadlığın dərəcəsi
ilə qənaətlənmək
lazımdır.
3. Adamlar bağladıqları
müqavilələri yerinə
yetirməlidir.
4. Hər bir adam başqalarına uyğunlaşmağı bacarmalıdır.
5. Gələcəyə münasibətdə
təminatın mövcudluğu
zamanı adam
peşmanlıq hissi keçirən və barışmağı arzulayan
şəxslərə keçmiş
incikliklərini bağışlamalıdır.
6. Qisas alarkən (yəni pisliyə pisliklə cavab verərkən) törədilmiş
pisliyin ölçüsü
yox, qisasdan sonra yaranacaq xeyirin ölçüsü
nəzərə alınmalıdır.
7. Heç bir adam başqasına
ədavət və nifrətini iş, söz, mimika və ya jestlə
bildirməməlidir.
8. Hər bir adam başqalarını
özünə əzəldən
bərabər hesab etməlidir.
9. Sülh müqaviləsinə
girən adam
başqasına verilməsinə
razı olmadığı
hüquqların ona verilməsini tələb etməməlidir...
10. Bölünməz əşyalardan,
mümkünsə, birgə
istifadə olunmalıdır. Həm də nəzərə
alınmalıdır ki,
əşyaların sayı
buna imkan verirsə, birgə istifadə məhdudiyyətsiz,
əks halda isə buna hüququ
olanların sayına mütənasib surətdə
olmalıdır.
11. Əşyaları bölmək,
yaxud onlardan birgə istifadə etmək mümkün deyilsə, onlardan növbəli istifadə etmək və ya sahiblik hüququ
püşklə müəyyənləşdirilməlidir.
12. Sülh məsələsində
vasitəçi olan bütün adamlara toxunulmazlıq təminatı
verilməlidir.
13. Mübahisə zamanı tərəflər öz hüquqlarını hakimin
qərarına tabe etməlidirlər.
14. Öz şəxsi işində başqalarının maraqlarına
toxunan kimsə ədalətli hakim ola bilməz.
15. Tərəflərdən hansınınsa
qələbəsindən açıq-aşkar
böyük fayda, şərəf, məmnunluq
əldə edə biləcək şəxs
hakim olmamalıdır.
16. Faktla bağlı mübahisədə hakim bir tərəfə başqasından, bir şahidə o biri şahiddən çox etibar edə bilməz və o vaxtacan yeni şahidlər dəvət etməlidir ki, onların verdiyi ifadə məsələnin həlli üçün kifayət olsun.
17. Ümumi qayda: Özünə rəva görmədiyini başqasına da görmə.
Bu “sülh qaydaları”na diqqətlə fikir verdikdə onları XVII əsrdə
yazıldığına adamın inanmağı gəlmir. Çünki, buradakı müddəalar bu gün də hər bir vətəndaş cəmiyyəti üçün aktualdır. Bu
müddəlar deyir
ki, özünü cəmiyyətin
digər üzvünün yerinə qoy və belə də yaşa.
Əgər belə yaşamağı bir norma halına gətirə bilirsənsə,
deməli, sən vətəndaş cəmiyyətinin layiqli üzvüsən.
Hobbsun “Leviafan və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti” əsərinin tərcüməsi Hikmət Hacızadənin “Demokratiya: gediləsi uzun yol” antalogiyasından götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Elvin Əliyev
Zaman. - 2014.-
11 sentyabr.- S. 13.