Teatr yeni mövsümə “Qoğalla başladı

 

Balaca tamaşaçıların sevimli ünvanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dünən yeni mövsümünü açdı. Kollektiv tamaşaçılar qarşısına yeni quruluşlarından olanQoğaltamaşası ilə çıxdı.

Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Səhnə əsərində əsas rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Tamilla Bünyatova, İqbal Əliyev, Sona Rəhimova, Cavid İbrahimov ifa edirdi. Rus xalq nağılı əsasında səhnələşdirilənQoğal”ı fərqli yozumda təqdim edən rejissor klassik formanı müasir detallarla zənginləşdirərək baxımlı bir nümunə ərsəyə gətirə bilib.

Teatrın balaca tamaşaçılarına daha bir hədiyyəsi sentyabrın 18-də - Üzeyir Musiqi Günündə nümayiş olunacaq marionet tamaşadır. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsunmusiqili komediyası əsasında hazırlanan tamaşada baş rolu teatrın aparıcı aktyoru, Əməkdar artist Rəhman Rəhmanov ifa edəcək.

Ötən mövsümü bir sıra sənət uğurları ilə başa vuran teatr yeni mövsümdə də balaca tamaşaçılarına maraqlı sürprizlər vəd edir. Bu sənət ocağının mətbuat xidmətindən verilən məlumata görə, ilin sonuna kimi kollkektiv dövlət sifarişi ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasını hazırlayacaq. Bundan başqa, Conatan Sviftin məşhur “Qulliverin səyahəti” romanı əsasında tamaşa üzərində də işlənəcək. 

 

Zaman. - 2014.- 13 sentyabr.- S. 2.